Məhkəmə qərarları › İş №1(101)-1360/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1360/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1360/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızını və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1988-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, Şuşa rayonunun Şirlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının 6 saylı otağında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanıl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur; belə ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının dəhlizində olduğu zaman, qonşusu Zərərçəkmiş şəxs bir müddət əvvəl anasının ünvanına nalayiq sözlərin deməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə üç dəfə vuraraq, sonuncuya döş qəfəsinin sağ yan divarının döş boşluğuna nüfuz edən 1 (bir) və qarının ön divarının göbək səviyyəsindən və sol yan divarı proyeksiyasından qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd sağ tərəfli pnevmotoraksla (sağ döş boşluğunda havanın toplanması), böyük piyliyin, mədənin zədələnməsi və kəskin daxili qanaxma (qarın boşluğunda bir litr qan) ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, qonşusu olan Zərərçəkmiş şəxs ilə Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərində Slavyan Universitetinin yataqxanasında məskunlamışlar, əvvəllər münasibətləri normal olmuş, lakin sonradan yataqxanada heç kimə aid olmayan qapalı bir otaq onun ailəsi tərəfindən istifadə olunmağa başlanıldıqdan sonra Zərərçəkmiş şəxs onlarla yola getməmiş, onu və ailə üzvlərini hər dəfə görərəkən söyərək təhqir etmişdir; 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxslə yataqxanada rastlaşdıqları vaxt sonuncu yenə də səbəbsiz olaraq onun söyməyə və ailə üzvlərinin üvanına nalayiq ifadələr işlətməyə başlamış, o, Şöhlətin onun ailə üzvlərinin, əsasən də bacısının ünvanna işlətdiyi sözlərə dözməyib Şöhlətin üzərinə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs birinci olaraq onun üz nahiyəsinə şillə ilə vurmuş, bu zaman səs-küyə çıxan qonşular onları ayırmışlar, o və Zərərçəkmiş şəxs hər biri öz mənzillərinə tərəf getmişlər, o, dəhlizdə dayanıb siqaret çəkərkən Zərərçəkmiş şəxs pillkənlə qalxaraq yenə də onun ünvanına nalayiq ifadələr işlətməsini, ailə üzvlərini söyməsini eşitmiş, o, artıq buna dözməyib, yaşadığı otağın qarşısındakı ümumi mətbəxdə masanın üzərinə qoyulmuş bıçağı götürərək Zərərçəkmiş şəxs qarın nahiyyəsinə 3 bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Şöhlətin müalicə olunmasına köməklik göstərmiş, bütün xərcləri ödəmiş və Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bəyəmməd oğlu onunla eyni yataqxananın ikinci mərtəbəsində 4 saylı otaqda yaşayır. Sonuncunu və ailəsini uzun müddətdir tanıyır, əvvəllər qonşu kimi münasibətləri yaxşı olmuşdur. Lakin, son zamanlar Zərərçəkmiş şəxs spirtli içki qəbul etməyə başladığından, yataqxanada nalayiq sözlər işlədirmiş. Hadisə baş verməmişdən bir müddət öncə, anası Şahid1 yaşadıqları otaqların qarşısında olan ümumi dəhlizdə yun çırpdığı zaman, Zərərçəkmiş şəxs oradan keçərkən toz olmuş və bu səbəbdən anasının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu barədə anası ona sonradan dedikdə o, Şöhlətin arvadı Şahid3 öz iradını bildirmiş, Sima isə onun dediklərimi ərinə demişdir. xx.xx.2023-cü il tarixdə o, işdən çıxıb evə gedirmiş və təxminən saat 20 radələrində yaşadığı otağa daxil olmaq istəyərkən, Zərərçəkmiş şəxs öz mənzilindən dəhlizə çıxmış və onu gördükdə ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Zərərçəkmiş şəxs bu barədə öz iradını bildirdikdə, sonuncu onu təhqir etməyə davam etmişdir. Bundan sonra Şöhlət onun üzərinə gələrək, sifət nahiyəsinə yumruqla zərbə endirmişdir. O, Şöhləti özündən kənara itələmiş və sonuncu pilləkənlərlə düşərək oradan çıxıb getmişdir. Bundan sonra dəhlizdə dayanıb siqaret çəkdiyi zaman, Zərərçəkmiş şəxs pilləkənləri qalxaraq, yenidən onun ünvanına nalayiq ifadələr işlətdiyni eşitmişdir. Şöhlət dəhlizə çatdıqda o, artıq buna dözə bilməyib yaşadığı otağın qapısının yanındakı masanın üzərindən kiçik ölçülü mətbəx bıçağını götürüb, Şöhlətin üzərinə getmiş və həmin bıçaqla 3 dəfə Şöhlətin qarın nahiyəsinə zərbələr endirmişdir. Onların səsinə qardaşı Tural və anası İradə dəhlizə çıxmış, Şöhlət yaşadığı mənzilə getmiş, o da oradan çıxıb müxtəlif yerlərdə günü 2 manatlıq yataqxanalarda qalmağa başlamışdır ki, zərərçəkmiş şəxslə barışıq əldə edə bilsin. (1-ci cild iş vərəqi 153- 154). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla 30 ildən çoxdur ki, qonşu olmuşlar, hadisə baş verən gün o, Röyalın yanından keçdikdə sonuncu dodağının altında mızıldamağa başlamış, o da buna dözməmiş, Röyalla dalaşmağa başlamış, ilk olaraq Röyalı şillə ilə vurmuş, bundan sonra Röyal gedib qayıdaraq onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının 4 saylı otağında ailəsi ilə birlikdə yaşayır. Həmin yataqxananın 6 saylı otağında isə qonşusu Təqsirləndirilən şəxs öz ailəsi və valideynləri ilə birlikdə yaşayır. Sonuncu ilə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 22 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində yataqxananın ikinci mərtəbəsində yerləşən dəhlizində o, Təqsirləndirilən şəxsla rastlaşmış və sonuncu heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Royaldan onu söyməyinin səbəbini soruşduqda, sonuncu onun üzərinə hücum çəkmiş və o, Royalı özündən kənara itələyib yataqxanadan çıxıb mağazaya yollanmışdır. Mağazadan çörək alıb evə qayıtdığı zaman, yataqxananın ikinci mərtəbəsinin dəhlizində yenidən Royalı sağ əlində mətbəx bıçağı ilə dayandığını görmüşdür. Həmin zaman Röyalın onu bıçaqla vuracağını düşünüb geriyə qaytmaq istədikdə, Röyal onun üzərimə hücum çəkərək, sağ əlində olan mətbəx bıçağı ilə qarın nahiyəsinə üç dəfə zərbə endirmiş və daha sonra yataqxanadan həyətə çıxaraq, həmin yeri tərk etmişdir. Onun qışqırığına həyat yoldaşı Şahid3 otaqdan çıxmış və qarın nahiyəsindən qan axdığını görüb, dərhal onu markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərində yerləşən X2 aparmış, orada isə onu dərhal əməliyyata götürmüşlər (1-ci cild iş vərəqi 85-86). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o və ailəsi Şuşa şəhərindən məcburi köçkün olmaqla qonşuları Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhərində Slavyan Universitetinin yataqxanasında məskunlaşmışlar, Zərərçəkmiş şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, lakin onların ailəsi yataqxanada sahibsiz bir otağı özlərinə götürərək istifadə etməyə başladıqdan sonra Zərərçəkmiş şəxs onun oğlu Təqsirləndirilən şəxsla tez-tez mübahisə etməyə başlamış, Röyalın və ailə üzvlərini ünvanına nalayiq sözlər işlətmiş, hər dəfə o, Şöhlətə oğlu Röyalın və ailələrinin ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı dəfələrlə iradını bildirmiş, oğlu Röyala isə Şöhlətə fikir verməməsini demişdir; 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində, evdə olarkən, səs-küy eşitmiş, dəhlizə çıxarkən olğlu Röyalla qonşuları Şöhlətin əlbəyaxa olduqlarını görmüş, qonşular sonuncuları ayırdıqdan sonra oğlu Röyalın Şöhləti bıçaqla vurmasını bilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının 6 saylı otağında o, ailəsi və oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun illərdir tanıyır, belə ki, sonuncu qonşuluqda 4 saylı otaqda yaşayır, Şöhlətlə əvvəllər aralarında heç bır ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində oğlu Tural ilə evdə olduğu zaman, yataqxananın dəhlizində səs-küy gəldiyini eşidib dərhal bayıra çıxmışlar. Bayıra çıxdıqda isə yataqxananın blokunda oğlu Röyal ilə qonşusu Şöhlətin mübahisə etdiklərini görmüşdür. Oğlu Tural bunu gördükdə, Royalı həmin yerdən kənarlaşdırmışdır. Həmin zaman o, Röyalm sifət nahiyəsində qan izlərinin olduğunu görmüşdür. O, Şöhlətdən oğlu Röyal ilə mübahisə etmələrinin səbəbini soruşduqda, sonuncu ona bildirmiş ki, mübahisəyə səbəb Röyalın onu görən kimi fit çalması olmuşdur. Bundan sonra Şöhlət öz otağına tərəf getmiş və Şöhlətin həyat yoldaşı Sima qışqıraraq, Şöhlətin bıçaqla xəsarət aldığını bildirmişdir. Oğlu Röyalın qonşuları Şöhləti bıçaqla nə zaman vurmasını, həmçinin də Röyalın əlində bıçaq olmasını görməmişdir. Daha sonra Şöhləti sonuncunun həyat yoldaşı Sima xəstəxanaya aparmış, Royal isə törətdiyi əməli dərk edib, yaşadıqları ünvanı tərk edərək, bir neçə gün evə gəlməmişdir. Sonradan ona məlum olmuş ki, Röyal özü könüllü olaraq polis orqanına gedərək, təslim olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun fiadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 25 fevral 2023-cü il tarixli 314 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ yan divarının döş boşluğuna nüfuz edən 1 (bir) və qarının ön divarının göbək səviyyəsindən və sol yan divarı proyeksiyasından qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd sağ tərəfli pnevmotoraksla (sağ döş boşluğunda havanın toplanması), böyük piyliyin, mədənin zədələnməsi və kəskin daxili qanaxma (qarın boşluğunda bir litr qan) ilə müşiyət olunan deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici alətlə, ola bilsin bıçaqla yetirilmiş 3 (üç) zərbə nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər (1-ci cild iş vərəqi 100-104) İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 479 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər haıısı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktəlrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 105-108). İşdə olan məhkəmə-tibb kriminalistik ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 152- MTKŞ/2023-cü il nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthində 03 (üç) ədəd, köynəyin ön səthində 03 (üç) ədəd, alt köynəyin ön səthində 03 (üç) ədəd, maykanın ön səthində 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (ələtlərin), ola bilsin, bıçağın təsirindən törənmşdirlər. Eskpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin, alt köynəyin və maykanın ön səthində olan üç ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş döş qəfəsinin sağ yan divarının döş boşluğuna nüfuz edən 1 (bir) və qarnın ön divarının göbək səviyyəsindən və sol yan divarı proyeksiyasından qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd sağ tərəfli pnevmotoraksla, böyük piyliyin, mədənin zədələnməsi və kəskin qanaxma ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, finka, alt tumanı və bir cüt corab üzərində zədə və zədə izləri aşkar edilmədi (1-ci cild iş vərəqi 120-124). İşdə olan məhkəmə-tibbi bioloji ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 224/2023- MTBŞ nömrəli eksper rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, finka, mayka, sviter və alt köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Eskpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar olunmadı (1-ci cild iş vərəqi 125-130). İşdə olan 25 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara gödəkçə, 01 ədəd şalvar, 01 ədəd qara finka, 01 ədəd ağ mayka, 01 ədəd sviter və 01 ədəd boz rəngli istilik cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılmasından ötrü Biııəqədi RPİ-nin saxlanc ambarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 137-143). İşdə olan 06 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 96). İşdə olan AA seriyalı 279984 №li məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün olmuşdur (1-ci cild iş vərəqi 115). İşdə olan AZ-İ seriyalı 771675 №-li nigah haqqında şəhadətnamənin, AA seriyalı 0503145№-li və AZE seriyalı 12835726 №-li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2014 və xx.xx.2018-ci təvəllüdlü iki azyaşlı uşaqları vardır (1-ci cild iş vərəqi 11-119). İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur (2-ci cild). İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 35). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində, yəni 16 iyun 2023-cü il tarixədək, həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 97-100). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-ci il tarixli qərarından və 02 iyun 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının dəhlizində olduğu zaman, qonşusu Zərərçəkmiş şəxs onun anasının və digər ailə üzvlərinin ünvanına nalayiq sözlər deməsi, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu şillə ilə vurması səbəbindən bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə üç dəfə vuraraq, sonuncuya döş qəfəsinin sağ yan divarının döş boşluğuna nüfuz edən 1 (bir) və qarının ön divarının göbək səviyyəsindən və sol yan divarı proyeksiyasından qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd sağ tərəfli pnevmotoraksla (sağ döş boşluğunda havanın toplanması), böyük piyliyin, mədənin zədələnməsi və kəskin daxili qanaxma (qarın boşluğunda bir litr qan) ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaralan kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşır, lakin mübahisənin Zərərçəkmiş şəxs tərəfindən başlanması, sonuncunun təqsirləndirilən şəxsin ünvanına nalayiq sözlər işlətməsi, Təqsirləndirilən şəxs anasını söyüşlə təhqir etməsi və yumruqla ilk olaraq məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasından sonra cinayət hadisəsi baş verdiyindən həmin əməlin xuliqanlıq niyyəti ilə, yəni cüzi səbəbdən törədilməsi barədə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ciil tarixli qərarının 6-cı maddəsinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Qeyd edilən Ali Məhkəmənin Plenum qərarının göstərilən müddəalarının qəsdən sağlamlığa ağır zərərvurma işləri üzrə məhkəmə təcrübəsində (CM-in 126-cı maddəsi) istifadə oluna biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanının ittihamda irəli sürdüyü kimi cüzi səbəbdən vurması məhkəmə baxışı zamanı öz təsdiqini tapmır və tədqiq edilmiş sübutlərla tam təkzib olunur. Belə ki, cinayət işinin materiallarından, o cümlədən məhkəmə zamanı dindirilmiş Təqsirləndirilən şəxs, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hələ hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və ailəsinin (ana-bacısının) ünvanına nalayiq sözlər və söyüşlər işlətməsi səbəbindən münaqişə başlamış və uzun müddət davam etmiş, son münaqişə zamanı ilk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şillə ilə sifət nahiyəsindən vurmuş və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söydüyü söyüşlərə görə və onun vurmasına görə qisas almaq məqsədi ilə sonunucunun qarın nahiyəsinə üç dəfə bıçaqla vuraraq sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə birmənalı hesab edir ki, cinayətin səbəbi kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və ailəsinin ünvanına nalayiq sözlər işlətməsi, və Təqsirləndirilən şəxs şillə ilə vurması cüzi səbəb və ya heç bir əsaslı səbəbin olmaması kimi hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusunu analiz edib qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən Bakı Slavyan Universitetinin 4 saylı yataqxanasının dəhlizində olduğu zaman, qonşusu Zərərçəkmiş şəxs bir müddət əvvəl anasının və ailə üzvlərin ünvanına nalayiq sözlərin deməsi, sonuncun onu şillə ilə vuması səbəbindən qisas almaq məqsədilə bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə üç dəfə vuraraq, sonuncuya döş qəfəsinin sağ yan divarının döş boşluğuna nüfuz edən 1 (bir) və qarının ön divarının göbək səviyyəsindən və sol yan divarı proyeksiyasından qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və 59.1.12-ci maddəsinə əsasən zərərəçəkmiş şəxslə barışıq əldə etməsini təqirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəyə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını (himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin saxlac ambarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd şalvar, 1 ədəd qara gəngli finka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd sviter, 1 ədəd boz rəngli istilik məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc ambarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd şalvar, 1 ədəd qara gəngli finka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd sviter, 1 ədəd boz rəngli istilik məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar