Məhkəmə qərarları › İş №1(101)-1361/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1361/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1361/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməlini Sumqayıt şəhəri ərazisində törətmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4150 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlayıb Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, Sumqayıt-Pirşağa dəmir yolu mənzilinin 49-cu km 10-cu piketinə daşımış, 14 mart 2022ci il tarixdə saat 13:35 radələrində Sumqayıt dəmir yolu ərazisində Sabunçu st.XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, Sumqayıt-Pirşağa dəmir yolu mənzilinin 49cu km 10-cu piketində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Sabunçu st.XPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 14:45-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisində külli miqdarda təmiz çəkisi 4150 qram (4kq 150qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə ilə polis əməkdaşları tərəfindən məhz Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi ərazisində saxlanılaraq onun iradəsi əleyhinə Sabunçi st.XPŞ-yə gətirilmişdir. Yəni Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində cinayət törətmək niyyəti olmamışdır, törətdiyi cinayət Sumqayıt şəhəri ərazisində başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4150 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlayıb Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, Sumqayıt-Pirşağa dəmir yolu mənzilinin 49-cu km 10-cu piketinə daşımaqla cinayəti Sumqayıt şəhəri ərazisində başa çatdırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yursisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətlərin törədildiyi yer olan Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar