Məhkəmə qərarları › İş №1(101)-1363/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1363/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1363/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2 İlham oğlunun, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 və Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Nümayəndə iştirakı ilə xx xxxx 1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləmyən, məhkum olunmamış, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi ev 41-də pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi məhəllə 6, ev 19C-də pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun ailə üzvləri haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onlar, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 12 aprel 2021-ci il tarixdən etibarən 21 aprel 2021-ci il tarixədək olan müddət ərzində ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 340.000 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu hədə-qorxu ilə telefonun “WhatsApp” proqramı vasitəsilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 21 aprel 2021-cu il tarixdə saat 18:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi və sonuncunun qohumu olmaqla əməliyyat-axtarış tədbirinə cəlb edilmiş Şahid1 DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ələ keçirərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanın yaxınlığında, cinayətin digər üzvü Təqsirləndirilən şəxs2 isə 22 aprel 2021-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi nömrəsiz evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun ailə üzvləri haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onlar, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 12 aprel 2021-ci il tarixdən etibarən 21 aprel 2021-ci il tarixədək olan müddət ərzində ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 340.000 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu hədə-qorxu ilə telefonun “WhatsApp” proqramı vasitəsilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 21 aprel 2021-cu il tarixdə saat 18:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi və sonuncunun qohumu olmaqla əməliyyat-axtarış tədbirinə cəlb edilmiş Şahid1 DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ələ keçirərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanın yaxınlığında, cinayətin digər üzvü Təqsirləndirilən şəxs2 isə 22 aprel 2021-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi nömrəsiz evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hərdən iş olanda Bakı şəhərində yerləşən restoranlarda kababçı kimi də işləmişdir. Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmuşdur. O, onu uzun illərdir tanımışdır. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində İntiqam maddi vəziyyəti yaxşılaşdırmaq üçün yaxşı imkan olduğunu ona demişdir. O, nə imkan olduğunu dedikdə ona demişdir ki, tanınmış iş adamı və müğənni Ruhi xanımın sürücüsü Xanmirzə onun dostudur və sonuncunun özündən xəbərsiz Ruhi xanımın nömrəsini dedikdə eşidib yadında saxlamışdır. X3 yanında Ruhi xanımın özü və ailəsi barədə bir sıra məlumatları danışmışdır. O, İntiqamdan bunun onlara nə aidiyyəti olduğunu soruşmuş, İntiqam Ruhi xanımın imkanlı adam və həyat yoldaşının isə tanınmış iş adamı olduğunu demişdir. Əgər həmin xanmın telefon nömrəsinə zəng edib mesaj yazıb hədə-qorxu gəlsələr o, istədikləri məbləği verəcəkdir, onun üçün bu məbləğ heç nədir. O, hansı formada hədə-qorxu gələ biləcəklərini soruşduqda, İntiqam xarici mobil operatora aid nömrə alıb Ruhi xanımla özü danışacağını demişdir. Onlar İntiqamla belə qərara gəlmişlər ki, Ruhi xanıma mesajlar yazıb guya ona aid rüsvayedici foto və videoları olduğunu deyib ondan 200.000 ABŞ dolları pul tələb etsinlər. Təxminən 12 aprel 2021-ci il tarixdən başlayaraq əsasən İntiqam olmaqla onlar müxtəlif formada Ruhi xanıma hədə-qorxu dolu Whatsapp vasitəsi ilə zənglər etməyə və smslər yazmağa başlamışlar. Onlar sosial şəbəkə vasitəsi ilə bu iş üçün +1(650) ***-**** telefon nömrəsi almış və Ruhi xanıma məxsus ***-***-**-** saylı telefon nömrəsinə mütəmadi olaraq Whatsapp vasitəsi smslər yazmışlar. Onlar qərara gəlmişlər ki, nə pul ala bilsələr bərabər bölüşsünlər. 21 aprel 2021-ci il tarixdə İntiqam bu iş üçün aldığı Huavei markalı mobil telefonu içində yuxarıda qeyd etdiyi nömrə ilə birlikdə ona vermiş və artıq Ruhi xanıma gəldikləri hədə-qorxuların nəticə verdiyini, onun 100.000 ABŞ dolları pul verməyə hazır olduğunu bildirmişdir. O, səhər saat 08 radələrindən başlayaraq telefonla Ruhi xanımla, daha sonra pulu gətirib verəcək onun qohumu Müşfiq adlı şəxslə danışmışdır. Müşfiqlə danışıb görüşü saat 18:55 dəqiqədə Bakı şəhəri Binəqədi şosesinə təyin etmişlər. Onlar İntiqamla hədə-qorxu gələrkən yalandan Ruhi xanıma demişlər ki, guya Ruhi xanımın onlarda olan rüsvayedici materiallarını bir ədəd yaddaş kartında saxlayırlar və pul verilən zaman həmin kartı da özlərinə təhvil verəcəklər. Danışılan saatda o, orada olmuşdur. İntiqam onunla getməmişdir. İntiqam onu şəhərdə gözləməli və iş bitdikdən sonra, yəni o, pulu aldıqdan sonra İntiqama zəng etməli idi. Ona Müşfiq adlı şəxs telefonla zəng etdikdə onlar bir-birini görüb tanımışdır. Müşfiqin əlində qəhvəyi rəngli çanta olmuşdur. O, Müşfiqə əlindəki yaddaş kartını vermiş, sonuncu da ona əlindəki çantanı vermişdir. O, açıb içinə baxan zaman içində ABŞ dolları pulun olduğunu görmüş, lakin pulun sayını bilməmişdir. O, bir qədər aralandıqdan sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etdməsini istəmiş, o, öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişdilər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O, vəkillə söhbət etmiş ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ardınca ona və iştirakçılara Zərərçəkmiş şəxs şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilmişdir. Bundan sonra ona seriya nömrələri onlara məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs qohumu Şahid1 tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. O, pulların ona verildiyini bildirib, əlində olan qəhvəyi rəngli kağız materiallı çantanı masanın üzərinə qoymuş və içindəki pul vəsaitini bir-bir çıxararaq təqdim etmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Honor” markalı mobil telefonunu və iki ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən “Huawei” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Şəxsiyyət vəsiqələrinə baxış zamanı onlardan birinin özünə, digərinin isə Təqsirləndirilən şəxs2 aid olduğu müəyyən olunmuşdur. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi barədə sual olunduqda bildirmişdir ki, “Huawei” markalı mobil telefonu şəxsiyyət vəsiqəsini təqdim etdiyi Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə səhər saatlarında ona vermişdir. Həmin telefonda Zərərçəkmiş şəxs hədə-qorxu məzmunlu mesajların yazıldığı +1(650) ***- **** mobil telefon nömrəsi olmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Ona əynində olan gödəkçəni çıxarıb ciblərini açmaq, həmçinin gödəkçənin və şalvarının ciblərini tam olaraq göstərmək, ayaqqabılarını çıxarmaq təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından heç nə aşkar edilməmişdir. Təqdim etdiyi mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Sonra təqdim etdiyi pul vəsaiti barədə sual olunmuşdur. O, danışığa əsasən ona 100.000 ABŞ dolları pul verilməli olduğunu, lakin Şahid1 tərəfindən ona verilən pulun dəqiq sayını bilmədiyini bildirmişdir. Təqdim etdiyi pul əskinasları əvəllcədən üzərinə “BMCMİ” yazıldığından süni işıq şüaları altında yoxlanılmış və əskinasların üzərindəki yazılar görünmüşdür. Təqdim olunan müxtəlif bağlamalardan bir neçə pul əskinası süni işıq altında yoxlanılmış və məlum olmuşdur ki, həmin pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış pul əskinaslarıdır. Sonra Şahid1 bir ədəd yaddaş kartını təqdim edərək bildirmişdir ki, ona içində pul vəsaiti olan çantanı verdikdən sonra o, yaddaş kartını ona (Müşfiqə) vermişdir. O, Şahid1 dediklərini təsdiq etmiş və yaddaş kartının boş olduğunu, içində heç bir məlumatın olmadığını, sadəcə hədə-qorxu yolu ilə pul əldə etmək üçün kartdan bir üsul kimi istifadə etdiklərini bildirmişdir. Bundan sonra protokolun tərtib olunmuş və o da protokola imza etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, heç bir yerdə işləməmişdir. Ona görə də maddi çətinlik çəkmişdir. Şahid2 uzun müddətdir tanımış, onunla dostluq münasibəti olmuşdur. Xanzadə Azərbaycanda tanınmış iş adamı Zərərçəkmiş şəxs şəxsi sürücüsü olmuşdur. Xanzadə ilə söhbət edərkən Ruhiyyənin şəxsi həyatı və əlaqələri barədə ona danışmışdır. Həmçinin Xanzadə çatdırmayanda Ruhiyyənin tapşırdığı işlərə onu da cəlb etmişdir. Məsələn, hava limanında qarşılayarkən əşyalarının daşınması, gül buketlərinin çatdırılması və sair işlər. Bu səbəbdən də Ruhiyyənin şəxsi həyatından məlumatlı olmuşdur. Belə ki, onun Rusiya Federasiyasında yaşayan məşhur iş adamı ilə yaxın münasibətlərindən xəbərdar olmuşdur. Maddi çətinlik çəkdiyi üçün qərara almışdır ki, hədə-qorxu və şantaj yolu ilə Ruhiyyədən pul tələb etsin. Bu işdə ona köməkçi lazım olmuş və dostu Təqsirləndirilən şəxs1la görüşüb Ruhiyyə adlı qadına qarşı hədə-qorxu ilə pul tələb etməklə bağlı planı barədə məlumat vermiş, bu işdən 100.000 manat əldə edə biləcəklərini, pulu yarı böləcəklərini bildirmişdir. Xudaverdi də razılaşmışdır. Plana uyğun olaraq İnstaqram vasitəsi ilə ABŞ-ın mobil operatorlarına aid +1(650) ***-**** mobil nömrə alıb “Vatsap” ani mesajlaşma proqramında qeydiyyatdan keçmişdir. Bundan sonra 12 aprel 2021-ci il tarixdə “Vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə həmin nömrəmdən Ruhiyyənin ***- ***-**-** nömrəsinə mesaj yazaraq, onun Rusiyadakı iş adamı ilə intim münasibətlərindən xəbəri olduğunu, əgər ona pul verməsə müəyyən adamların vasitəsi ilə həmin informasiyanı bütün Azərbaycana yaydıracağını bildirmişdir. O da yazmışdır ki, heç kimə heç bir məlumat verməsin, tələb olunan 100.000 manatı verəcək. Hətta balalarının ölmüşünə də and içmişdir. 21 aprel 2021-ci il tarixdə Ruhiyyə yazmışdır ki pul hazırdır, hara desələr gətirə bilər. Bundan sonra məsələnin hazır olduğunu görüb dostu Xudaverdiyə tapşırmışdır ki, özü Ruhiyyə ilə yazışıb pulu götürsün. Xudaverdi də yazışıb Binəqədi rayonu ərazisinə görüş təyin etmişdir. Bundan sonra o, öz evinə getmiş, Xudaverdi isə axşam vaxtlarında Ruhiyyə ilə görüşüb pulu götürməli olmuşdur. Həmçinin Xudaverdiyə boş istifadə olunmamış flaş kart vermişdir ki, Ruhiyyəyə göstərsin, guya orada rüsvayedici məlumatlar olmuşdur. Beləliklə də o, evə gedib gözləməyə başlamışdır, lakin Xudaverdidən xəbər gəlməmişdir. Təxminən Xudaverdinin tutulduğunu başa düşmüşdür. 22 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsindəki nömrəsiz evdən çıxıb piyada gedərkən, mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlırla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkili dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bu zaman ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra ona Zərərçəkmiş şəxs şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilərək üzərindəki əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən qanunsuz heç nə aşkar edilməmişdir. Sorğu-sual zamanı Zərərçəkmiş şəxs sürücüsü “Xanımirzə” adlı şəxslə dost olduğunu, yanında olarkən təsadüfən Zərərçəkmiş şəxs telefon nömrəsini və bəzi şəxsi məlumatlarını öyrəndiyini, digər dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə maddi vəziyyətlərinin yaxşılaşdırmaqdan ötrü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul əldə etməyi planlaşdırdıqlarını bildirmişdir. Məhkəmə iclasına üzürlü səbəblərdən gələ bilməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tdqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 12 aprel 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonuna “whatsapp” vasitəsi ilə ona ABŞ mobil telefon operatoruna məxsus +1(650)-649-15-02 saylı mobil telefon nömrəsindən hədə-qorxu məzmunlu yazılar gəlmişdir. Belə ki, həmin yazılarda onun və ailə üzvləri barədə rusvayedici məlumatların olması bildirilməklə yayılacağı ilə bağlı hədələr məzmunlu mətnlər olmuşdur. O, əvvəl buna əhəmiyyət verməmiş, lakin həmin şəxs yenidən yazmağa başlamış, sonradan həmin şəxs özünü Xudaverdi kimi təqdim edərək ondan əl çəkməmiş və hədə-qorxu məzmunlu yazıları davam etdirmişdir. Onun ailəsinə aid məlumatları verdikdə o, həmin şəxsdə həqiqətən də onu rusvay edə bilən məlumatların olmasına inanmışdır. Həmin yazılarda onun və ailə üzvlərinin haqqında rüsvayedici foto-video görüntülərin onda olmasını və ona 200.000 ABŞ dolları verməyəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrə verərək işgüzar nüfuzuna, şərəf və ləyaqətini alçaltmaqla bir daha cəmiyyət arasına çıxa bilməyəcəyi ilə hədələmişdir. O, həmin şəxsdən hansı məlumatların, foto-video görüntülərin olması barədə soruşduqda həmin görüntülərin yalnız 200.000 ABŞ dollarının ona verdikdən sonra təqdim edəcəyini yazmışdır. O, həmin şəxsə 200.000 ABŞ dolları pulunun olmamasını yazdıqda həmin şəxs 100.000 ABŞ dollarına verilməsinə razılıq vermişdir. 21.04.2021-ci il tarixdə onun hədə-qorxularının real olduğunu və cəmiyyətdə həqiqətən də qazandığı hörməti, işgüzar nüfuzunu itirməkdən qorxaraq vəkili ilə birlikdə polisə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla aralarında olan yazışmaları polisə təqdim etmişdir. Polis əməkdaşları ona həmin şəxsin tutulması ilə bağlı keçiriləcək tədbirdə iştirak etməyi təklif etdikdə o, onun əvəzinə tədbirdə bacısının əri Müşfiqin iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. Müşfiqin razılığına əsasən sonuncu tədbirdə iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, Müşfiq həmin şəxslə görüşüb polislərin ona verdiyi 70.000 ABŞ dolları pulu onu hədələyən şəxsə verdikdə polis əməkdaşları həmin şəxsi tutmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşının bacısıdır. Təxminən 12-13 aprel 2021-ci il tarixdə Ruhiyyə onunla görüşən zaman demişdir ki, ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə +1(650) ***-**** nömrəsindən naməlum şəxs zənglər və smslər yazaraq, Ruhiyyə və ailə üzvləri barəsində guya onlarda hansısa fotoşəkillər, videogörüntülər olduğunu, həmin görüntülər cəmiyyətdə yayılsa bu, Ruhi xanımın biyabır olmasına və ailəsində problemlərin yaranmasına gətirib çıxaracağını bildirmişlər. O, Ruhiyyənin telefonuna baxmış və həqiqətən də dediyi formada yazılmış smslərin olduğunu görmüşdür. Onlar belə qərar gəlmişlər ki, hədə-qorxu gələn şəxsi bəlkə onunla danışıqları davam etdirsələr müəyyən edə bilərilər. Ona görə ki, həmin şəxs Ruhi xanıma və ailəsinə aid bir çox şeyləri bilmişdir. Onlar ilk gündən fikirləşmişlər ki, bu adam ailəni yaxından tanıyan adamdır. Həmin telefon nömrəsindən sms yazan şəxs Ruhi xanımdan 200.000 ABŞ dolları pul tələb etmişdir. Odur ki, Ruhi xanım polisə ərizə ilə mürcaiət etmiş və ondan xahiş etmişdir ki, polisə keçirilən tədbirlər zamanı köməklik göstərsin. O da heç bir etiraz etməmiş, BMCMİ-də ərizə yazıb keçirilən tədbirlər zamanı Zərərçəkmiş şəxs qohumu kimi iştirakına icazə verilməsini xahiş etmişdir. Beləliklə, 21 aprel 2021-ci il tarixdə ona BMCMİdə nömrələnmiş və işarələnmiş 70.000 ABŞ dolları pul vəsaiti verilmiş və o, nömrənin sahibi, sonradan adını Xudaverdi kimi təqdim etmiş şəxslə danışıb ona 100.000 ABŞ dolları verəcəyi ilə bağlı razılaşdırmışdır. Belə ki, Ruhi xanım özü hədə-qorxu gələn şəxsə demişdir ki, pulu ona verəcək, o da guya heç nədən xəbərsiz adam kimi pulu Xudaverdi ilə görüşüb verəcəkdir. Həmin şəxs də ona guya Ruhi xanım barədə olan rüsvayedici materialların olduğu yaddaş kartını verməli idi. 21 aprel 2021-ci il tarixdə saat təxminən 18:55 radələrində o, polis əməkdaşları ilə birlikdə üzərində polisdən verilən 70.000 ABŞ dolları pulu götürüb görüş təyin edilən yerə, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanına getmişdir. Orada o, +1(650) ***-**** nömrəsinə zəng etmiş və xarici görünüşcə arıq bədən quruluşlu bir şəxsin telefona cavab verdiyini görmüşdür. Həmin şəxs onun zəng etdiyini görüb ona yaxınlaşmışdır. O, üzərində olan qəhvəyi rəngli çantadakı 70.000 ABŞ dolları pulu həmin şəxsə vermişdir. Həmin şəxs də ona 01 ədəd şəffaf sellofanın içində bir ədəd yaddaş kartını vermişdir. Sonra həmin şəxs çantanın içini açıb baxıb pulun olduğunu görüb bir qədər uzaqlaşmağa çalışmışdır. Bu zaman polis əməkdaşları onu saxlamışdır. Onlar birlikdə BMCMİ-yə gəlmişlər. Bundan sonra idarədə həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Dəvət olunan müdafiəçinin iştirakı ilə Xudaverdinin üzərinə keçirilən şəxsi axtarış zamanı ona verdiyi pul vəsaitini Xudaverdi masanın üzərinə qoymaqla təqdim etmişdir. O da yaddaş kartını təqdim etmişdir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı bildirmişdir ki, bu işdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuşdur. İstifadə olunan telefon nömrəsi və nömrənin olduğu mobil telefon da Təqsirləndirilən şəxs2 aid olmuşdur. Bundan sonra digər prossesual hərəkətlər aparılmış, videoçəkliş dayandırılmış və tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2009-cu ildən 2015-cı ilədək özünə məxsus olan “Mercedes C clas” markalı **-GR-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2010-cu ildə o, 28 May metrostansiyasının keçidində yerləşən qeyim əşyaları dükanında satıcı işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. İntiqam münasib qiymətə keyfiyyətli geyim əşyalarının satışı ilə məşğul olduğu üçün, tez-tez onun yanına gəlib lazım olduğu geyim əşyalarını almışdır. Bu əsnada o, İntiqamla dostlaşmış və tez-tez asudə vaxtlarında görüşüb çay evlərində birgə vaxt keçirmişdir. Təxminən 2017-ci ildə müştəri olaraq onun taksi xidmətlərindən “Ruhi” adı ilə tanınmış məşhur iş adamı Zərərçəkmiş şəxs istifadə etmiş və xidmətlərindən razı qaldığı üçün daimi müştərisi olmuşdur. Təxminən 2018-ci ildə Ruhiyyə xanım ona aylıq 1.000 manata sürücü vəzifəsini təklif etmiş və o, razılaşıb həmin vaxtdan bu günə kimi ona məxsus “Rolls Royce” markalı avtmobillə Ruhiyyə xanımın yanında sürücü işləmişdir. Ruhiyyə xanımın tapşırıqlarını etməyə çatdıqmadıqda hərdən İntiqamdan ona köməklik etməsini xahiş etmişdir. Məsələn, hava limanından Ruhiyyə xanımın əşyalarını gətirmək, gül dükanından gül bağlamalını götürmək və s. Bu səbəbdən də İntiqam Ruhiyyə xanım barədə müəyyən məlumat toplamışdır. Bundan başqa, asudə vaxtlarında onlar birlikdə istirahət edən zaman o, söhbət əsnasında Ruhiyyə xanımın xeyriyyəçiliklə məşğul olmalarından danışmışdır. İntiqam və Xudaverdinin bu cür qanunsuz əməl törədicəkləri barədə onun xəbəri və məlumatı olmamışdır. O, bu barədə Ruhiyyə xanımın sözlərindən bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 21 aprel 2021ci il tarixdə Zərərçəkmiş şəxs Baş İdarəyə ərizə ilə müraciət edərək +1(650) ***-**-** mobil telefon nömrəsinin «Whatsapp» ani mesajlaşma tətbiqinin istifadəçisi olan adını «Xudaverdi» kimi təqdim edən şəxsin hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirmişdir. Daxil olan ərizə ilə bağlı göstərilən «Xudaverdi» adlı şəxsin müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Qərar əsasında tədbirdə istifadə edilməsi məqsədi ilə DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 700 ədəd 100 ABŞ dolları pul əskinaslarının kserosurətləri çıxarılıb Zərərçəkmiş şəxs qohumu Şahid1 verilmişdir. Bundan sonra təlimata uyğun olaraq həmin gün yəni, 21 aprel 2021-ci il tarixdə saat 18:55-də Şahid1la Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanının yaxınlığında görüşüb pulu qəbul edən şəxs saxlanılaraq onun xx.xx.1993-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilərək BMCMİ-yə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 dəvət olunaraq ona təqdim olunmuş və o, şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və o, bütün bunlara etiraz etmədiyini, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və iştirakçılara Zərərçəkmiş şəxs baş idarəyə ünvanladığı şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 seriya nömrələri məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs qohumu Şahid1 tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs1 pulların ona verildiyini bildirib əlində olan qəhvəyi rəngli kağız materiallı çantanı masanın üzərinə qoymuş və içindəki pul vəsaitini bir-bir çıxararaq təqdim etmişdir. Bundan sonra şübhəli şəxsə üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Honor” markalı mobil telefonu və iki ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən “Huawei” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsiyyət vəsiqələrinə baxış zamanı onlardan birinin şübhəli şəxsin özünə, digərinin isə Təqsirləndirilən şəxs2 adlı şəxsə aid olduğu müəyyən olunmuşdur. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi barədə sual olunduqda şübhəli şəxs bildirmişdir ki, “Huawei” markalı mobil telefonu şəxsiyyət vəsiqəsini təqdim etdiyi Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə səhər saatlarında ona vermişdir. Həmin telefonda Zərərçəkmiş şəxs hədə-qorxu məzmunlu mesajların yazıldığı +1(650) ***-**** mobil telefon nömrəsi işləyir. Şübhəli şəxsin deməsinə görə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməyi planlaşdırmışlar. Əvvəlki bütün danışıqları Təqsirləndirilən şəxs2, saxlanılan zaman olan danışıqları isə şübhəli şəxs özü aparmışdır. Həmçinin pul vəsaitinin götürülməsini də şübhəli şəxs öz öhdəsinə götürmüşdür. Qeyd olunanlardan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, lakin üzərindən və paltarından sübut əhəmiyyətli heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanmışdır. Sorğu zamanı şübhəli şəxs danışığa əsasən ona 100.000 ABŞ dolları pul verilməli olduğunu, lakin Şahid1 tərəfindən ona verilən pulun dəqiq sayını bilmədiyini bildirmişdir. Təqdim olunan pul əskinasları əvəllcədən üzərinə “BMCMİ” yazıldığından eyniləşmə keçirilməsi üçün süni işıq şüaları altında yoxlanılmış və əskinasların üzərindəki “BMCMİ” yazıları görünmüşdür. Təqdim olunan vəsait böyük həcmli olduğundan müxtəlif bağlamalardan bir neçə pul əskinası süni işıq altında yoxlanılmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi ümumilikdə 70.000 ABŞ dolları məbləğindən ibarət pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürürlmüş və Şahid1 verilmiş pul əskinaslarıdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la birlikdə hədə-qorxu yolu ilə pul tələb etməsini etiraf etmişdir. Sonra baxışda iştirak üçün dəvət olunmuş Şahid1 bir ədəd şəffaf sellofan bükümdə olan bir ədəd yaddaş kartını təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 içində pul vəsaiti olan çantanı verdikdən sonra sonuncu çantanı açıb içinə baxıb həqiqətən də pul olduğunu gördükdən sonra həmin təqdim etdiyi yaddaş kartını Müşfiqə vermişdir. Guya ki, həmin yaddaş kartında Zərərçəkmiş şəxs aid rüsvayedici materiallar vardır. Şübhəli şəxs Şahid1 dediklərini təsdiq etmiş və yaddaş kartının boş olduğunu, içində heç bir məlumatın olmadığını, sadəcə hədə-qorxu yolu ilə pul əldə etmələri üçün kartdan bir üsul kimi istifadə etdiklərini bildirmişdir. Təqdim olunan pul vəsaiti və yaddaş kartı sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmayaraq protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 22 aprel 2021-ci il tarixdə saat 10:00-da xx.xx.1990-cı il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 yaşayan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində saxlanılaraq BMCMİ-yə gətirilmiş, hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X2 dəvət olunaraq Təqsirləndirilən şəxs2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 hədə-qorxu ilə tələb etmə cinayətini törətməsində şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildikdə sonuncu etiraz etmədiyini, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 və iştirakçılara Zərərçəkmiş şəxs baş idarəyə ünvanladığı şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verildikdən sonra Təqsirləndirilən şəxs2 üzərindəki əşyaları masanın üzərinə qoyması bildirilmişdir. Təqsirləndirilən şəxs2 masaya yaxınlaşıb əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sübut əhəmiyyətli heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi mobil telefonun “Samsung” markalı mobil telefon olduğu məlum olmuşdur. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Sonra şübhəli şəxsdən Təqsirləndirilən şəxs1 barəsində göstərdikləri və Zərərçəkmiş şəxs şikayət ərizəsində qeyd olunan xüsusatlar barədə sual olunduqda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sürücüsü “Xanımirzə” adlı şəxslə dost olduğunu, yanında olarkən təsadüfən Zərərçəkmiş şəxs telefon nömrəsini və bəzi şəxsi məlumatlarını öyrəndiyini, digər dostu Təqsirləndirilən şəxs1la birlikdə maddi vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul əldə etməyi planlaşdırdıqlarını bildirərək Təqsirləndirilən şəxs1 dedikləri bir daha təsdiq etmişdir. Bundan sonra axtarış və götürmə keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinim baş əməliyyat müvəkkili Şahid4 şahid Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 5/427 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xarici yaddaş qurğusunun yaddaşında məlumat olmamış, lakin həmin quğunun yaddaşında pozulmuş faylların olması müəyyən edilərək həmin fayllar (MP4, MP3, JPG və s.) iki ədəd DVD-R dikinə köçürülüb rəyə əlavə edilmişdir. Cinayət işinin 01-ci cildinin, 12-25-ci vərəqləridə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatına əlavə edilmiş A4 formatlı 14 ədəd vərəqdə olan məlumatlara baxış keçirilən müəyyən edilmişdir ki, +1(650)649-1502 saylı mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə daxil olmuş və həmin telefon nömrəsinə göndərilən mətn mesajları əks olunur. Mətn yazışmalarında rusvayedici məlumatların yayılması hədəsi ilə 200.000 ABŞ dolları pulun tələb edilməsi təsdiqini tapmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Huawei” və bir ədəd “Samsung” markarlı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Honor” markalı mobil telefon cihazlarına baxış keçirilən zaman digər iki mobil telefon cihazılarından fərqli olaraq “Huawei” markalı mobil telefon cihazının qabaq və arxa kameraları qala rəngli yapışqan lentlə bağlanmış vəziyyətdədir. Baxış keçirilən mobil telefon cihazlarında, menyu və daxil yaddaşlarlarında müxtəlif proqram, kontakt, foto və video faylları və digər məlumatlar olmuşdur. “Samsung” və “Honor” markalı mobil telefon cihazılarında cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməsə də, video kameraları bağlanmış vəziyyətdə olan “Huawei” markalı mobil telefonun “Foto qalereya” proqramının “ekran şəkilləri” papkasında “+994 50 807 7...” və “+994 50 807 77 77” abonenti ilə whatsapp proqramı vasitəsi ilə sms mətn yazışmalarının 78 ədəd fotoşəkillərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda şəxsi məlumatların yayması ilə bağlı hədə-qorxu məzmulu yazıların olması müəyyən edilmişdir. Həmin fotoşəkillər 20 ədəd A4 formatlı vərəqdə protokola əlavə edilmişdir. Cinayət işi üzrə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda hədə-qorxu gələrək 200.000 ABŞ dolları pul tələb etməsi faktı təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər analoji cinayətlər törədib-törətməmələri, bu növ cinayətlər törətmiş şəxslərlə əlaqələrinin olub-olmaması, onlarla əlbir olan və cinayət əməlləri ilə məşğul olması barədə xəbəri olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 5(001)-544 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.04.2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 5(005)-469 və 5(005)-470 nömrəli qərarları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.04.2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarları qanuni hesab edilmişdir. DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 21 aprel 2021-ci il tarixdə saxlanılaraq Baş İdarəyə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən əməliyyat-axtarış tədbirində iştirak edən Şahid1 seriya və nömrələri götürülmüş 700 ədəd 100 ABŞ dollarılıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasnı onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Xudaverdi Mütəllimoun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərər çəkmiş şəxslə barışmasnı onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət əlavə olunmuş əməliyyat-axtarış tədbirində istifadə edilən 700 ədəd 100 ABŞ dollarlıq pul əskinaslarının kserosurətləri, bir ədəd xarici yaddaş kartı və iki ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat pul məhkəmə məsrəfi kimi onlardan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət əlavə olunmuş əməliyyat-axtarış tədbirində istifadə edilən 700 ədəd 100 ABŞ dollarlıq pul əskinaslarının kserosurətləri, bir ədəd xarici yaddaş kartı və iki ədəd CD disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat pul məhkəmə məsrəfi kimi onlardan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar