Məhkəmə qərarları › İş №1(101)-1363/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1363/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1363/2023 16.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi– Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2nvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə 10 dekabr 2022-ci il tarixədək məhdudlaşdırılmasına baxmayaraq, 29 iyul 2022-ci il tarixdə saat 22:25-də texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti 323 ünvanında yerləşən «Olimpiya Stadionu»nun qarşısındakı avtomobil yolu ilə Sabunçudakı «X13»ı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə - 70 km/saat sürətlə avtomobili idarə edib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək, həmin yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vuraraq ona baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, ağciyərlərə və köklərinə qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızması nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç yerdə işləməsə də «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi kimi işləmişdir. 2021-ci ildə narkotik istifadəçisi kimi məhkum olunmuşdur. Məlum qəza hadisəsinə qədər ümumilikdə təxminən beş ildən artıq müddətdə avtomobil idarə etmişdir. «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Nəqliyyat vasitələrini idarə etmək hüququ 10 mart 2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən 10 dekabr 2022-ci il tarixədək məhdudlaşdırılsa da o, sürücülük vəsiqəsini təhvil verməmişdir. 29 iyul 2022-ci ildə saat 22:25-də etibarnamə ilə idarə etdiyi «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Böyükşor gölünün kənarında olan yeni salınmış yolla Sabunçu X13ı istiqamətində saatda 60-70 kilometr sürətlə hərəkətdə olarkən həmin yolun sağ tərəfində yerləşən «Olimpiya Stadionu»nun qarşı hissəsinə çatdıqda təxminən 20-30 metr məsafədən bir nəfər piyada kişinin yolun sol tərəfində olan sarı xəttin üzərindən yolun sağ tərəfinə doğru iti yerişlə hərəkət etdiyini görmüşdür. Həmin piyadanı vurmamaq üçün avtomobilin əyləcini basıb sükanı sağa döndərmiş, amma piyada ilə avtomobili arasındakı məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və piyadanı avtomobilinin qabaq sol qanad hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən piyada ön alın şüşəsinə çırpılaraq yerə yıxılmış, bundan sonra dərhal avtomobili saxlayaraq yerə düşmüşdür. Vurduğu piyadanın təxminən 25-30 yaşlarında cavan oğlan olduğunu və zərbədən xəsarətlər alaraq yerdə uzanıb qaldığını görüb ətrafa yığışan tanımadığı şəxslərin köməkliyi ilə idarə etdiyi avtomobilə əyləşdirib Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə tanımadığı bir nəfər sərnişin qarşı oturacaqda oturmuş, ətrafa tanımadığı bir neçə şəxs toplaşmış, baş vermiş qəza zamanı özü və sərnişini xəsarət almamışdır. Əməlindən çox peşmandır. Mərhumun ailəsi ilə barışıq əldə etmək istəsə də bir nəticə olmamışdır. Məhkəmədən ona cəza təyin edərkən bu qəzanı ehtiyatsızlıqdan törətməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X8 göstərdi ki, övladı Zərərçəkmiş şəxs onunla birlikdə yaşamış, rəsmi iş yeri olmasa da əsasən tikintilərdə fəhlələlik etmişdir. 30 iyul 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman tanımadığı mobil nömrədən ona zəng gəlmiş, onunla danışan şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş, 29 iyul 2022-ci il tarixdə saat 23 radələrində oğlu Zərərçəkmiş şəxs «Böyük Şor» gölünün yaxınlığındakı təzə salınmış avtomobil yolunda, “Olimpiya Stadionu”nun qarşısında yol-nəqliyyat qəzasına uğradığını və xəsarət alaraq Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına aparıldığını bildirmişdir. Həmin zəngdən sonra dərhal xəstəxanaya getmiş, oğlunun qəza zamanı başından ağır xəsarətlər aldığını, bir neçə saat sonra isə dünyasını dəyişdiyi üçün morqa təhvil verildiyini bilmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlunu Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş və hadisədən sonra xəstəxanaya aparmışdır. Bütün xəstəxana xərclərini və digər xərcləri özü çəkmiş, Təqsirləndirilən şəxs nə özü, nə də ailəsi, hər hansı qohum əqrabası heç bir köməklik etməmiş, oğlunun yas mərasimində belə iştirak etməmişlər. Oğlunun yas məclislərinin təşkili, baş daşının qoyulması və sair məsələlərə böyük miqdarda vəsait xərcləmişdir. Ən azında el adətinə görə oğlunun həlak olmasına səbəb olmuş Elminin özü və yaxınları bir üzrxahlıq xarakterli davranış göstərməli, barışıq üçün hamı tərəfindən qəbul edilən adətə uyğun addımlar atmalı idilər. Amma bu hərəkətlərin heç biri edilməmiş, tam laqeyd münasibət göstərilmiş, qarşı tərəf sanki heç nə olmayıbmış kimi davranmış, cinayət işinin ibtidai istintaqı uzun müddət davam etdirilmiş, günahkar şəxs həbsə alınmamışdır. Ona görə də məhkəmədən qaldırdığı mülki iddianın təmin olunmasını və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılaraq həbsə məhkum edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Füzuli oğlu göstərdi ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 29 iyul 2022-ci il tarixdə saat 22:25-də Böyükşor gölünün kənarında olan yeni salınmış yolda xidmətdə olan zaman dayandığı yerin yaxınlığında «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Böyükşor gölünün kənarında olan yeni salınmış yolla Sabunçu X13ı istiqamətində hərəkət etdiyini, ani vaxt ərzində yolun sol tərəfindən sağ tərəfinə keçən bir kişini avtomobilin qabaq sol qanad hissəsi ilə vurduğunu, zərbənin təsirindən piyadanın ön alın şüşəsinə çırpılaraq yerə yıxıldığını görmüşdür. Dərhal hadisə olan yerə yaxınlaşmış və sürücünün şok vəziyyətində olduğunu müşahidə etmişdir. Şəxsi saxlamaq istəsə də sürücü ondan dərhal vurduğu şəxsi avtomobilinə əyləşdirib həkimə aparmaq istədiyini demiş, o da buna şərait yaratmışdır. Hadisə barədə Polis İdarəsinə məlumat vermiş və bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonradan hadisəni törətmiş təksi sürücüsünün adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Böyükşor gölünə gedən yeni yolda baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 4-12). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 24-27). Məhkəmə-tibbi ekspertizasının 30 iyul 2022-ci il tarixli 184 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində müayinə zamanı baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, ağciyərlərə və köklərinə qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən Zərərçəkmiş şəxs ölümündən az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 iyul 2022-ci il tarixdə və avtomaşın vurması nəticəsində törənmişdir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 29-36). Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 8/2901 saylı rəyindən görünür ki, «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 74-76). Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarından müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AC 756074 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixədək məhdudlaşdırmış, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir (cild 1, iş vərəqə 73). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, 29 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 77-78). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanın qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 76-81). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. X8 mülki iddia ərizəsində maddi ziyana görə 20760 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 30760 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. X8 iddia tələbini onunla əsaslandırmışdır ki, dəfn üçün torpaq sahəsinin alınmasına 2000 manat, yas mərasimlərinə ümumilikdə 12200 manat, məzar daşına 5200 manat, həkimə 300 manat, təcili yardıma 60 manat xərc çəkdiyi üçün ona ümumilikdə 20760 manat maddi ziyan dəymişdir. Hmçinin ödənilmiş dövlət rüsumunun da ödənilməsini tələb edir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 mülki iddia tələbi qismən təmin edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Natiq Quliyevin oğlunun dəfn mərasiminə çəkdiyi 20760 manat xərcin Təqsirləndirilən şəxs tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin dəfninə çəkilən xərc şəklində özünü göstərən maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Natiq Quliyevin məhkəməyə təqdim etdiyi ÇZZ seriyalı 884746 nömrəli qaimə-fakturadan görünür ki, Natiq Quliyev oğlunun məzar daşı ilə bağlı ümumilikdə 4900 manat xərc çəkmişdir. Məhkəmə hesab edir ki, yas mərasimlərinin keçirilməsi ilə bağlı hissədə iddia tələbi qismən, yəni ağlabatan (real) məbləğdə - 2100 manat məbləgində təmin olunmalıdır. Bununla da məzar daşı və yas mərasiminə görə çəkilmiş xərclərlə əlaqədar ümumilikdə 7000 manat həcmində mülki iddia tələbinin təmin olunmasını məhkəmə ədalətli hesab edir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbində dəymiş mənəvi zərərin məbləği çox göstərildiyindən real qiymətləndirilmir, bu səbəbdən Natiq Quliyevin iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Qeyd olunan Qərarda göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, baş vermiş hadisə nəticəsində oğlunu itirmiş hüquqi varis X1, məyusluq, narahatlıq, əsəb gərginliyi keçirməsi təbiidir. Məhkəmə, təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsin (mülki iddiaçının) həm də mənəvi sarsıntı keçirdiyini müəyyən edilmiş hal kimi qəbul edərək iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. Buna görə də məhkəmə, vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını ağlabatan və ədalətli məbləğ hesab etməklə iddiaçının mənəvi ziyanla bağlı tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda, məhkəmə hesab edir ki, mülki iddia ilə bağlı ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X6 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 182, 277). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı - məzar daşı hazırlanması ilə əlaqədar 4900 (dörd min doqquz yüz) manat, yas mərasimlərinin keçirilməsi ilə bağlı 2100 (iki min yüz) manat olmaqla ümumilikdə 7000 (yeddi min) manat, mənəvi zərərlə bağlı 2000 (iki min) manat - cəmi 9000 (doqquz min) manat və ödənilmiş 195 manat dövlət rüsumu tutularaq X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar