Məhkəmə qərarları › İş №1(101)-1364/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1364/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1364/2023 16.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 3 noyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 avqust 2023-cü il tarixdə, saat 10:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 3 yanvar 2023-cü il tarixdə, gecə saat 1 radələrində yaşadığı ünvan 2 ünvanındakı evində olarkən onunla eyni həyətyanı sahədə yerləşən evdə yaşayan, cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən X2nun arvadının yanında kənar şəxsin olmasından şübhələnib həmin evin pəncərəsinə yaxınlaşmış, evin içərisində yad kişi cinsli şəxsin olmasını görüb pəncərəni sındırıb nə baş verdiyini aydınlaşdırmaq üçün hər ikisinin çölə çıxmalarını tələb edərək evin giriş qapısına tərəf getmiş, qapını açan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qardaşının həbsdə olduğunu, gecə vaxtı sonuncunun evdə tək olan arvadının evinə gəlməyinin düzgün olmadığını deyərək ona irad bildirdikdən sonra Zərərçəkmiş şəxsla mübahisə edərək qısqanclıq zəminində deşici-kəsici əşya ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq yetirilmə anında insan həyatı və sağlamlığı üçün təhlükəli olan zərər nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 129.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən əvvəl müxtəlif restoranlarda kababçı işləmişdir. X2 2021-ci ildə narkotik vasitələrin istifadəsi və dövriyyəsində təqsirli bilinərək həbs olunmuşdur. Qardaşının övladı azyaşlı olduğu üçün onun ailəsinə də özü baxmışdır. Belə ki, qardaşı İlham Rəhimovla eyni həyətyanı sahədə, lakin ayrı-ayrı evlərdə yaşamışlar. Eyni zamanda həyətə giriş qapıları da eyni olmuşdur. 2 yanvar 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş, evin həyətində manqalı və kabab bişirmək üçün nəzərdə tutulmuş şişləri yerbəyer etməyə başlamışdır. Bu zaman qardaşı İlhamın arvadı Şahid həyətdə görərək şişləri yumağa və evin qarşısına aparmağa kömək etməsi üçün qardaşı oğlu Vaqifi yanına çağırmasını demişdir. Fərqanə isə Vaqifin evdə olmadığını və Buzovna qəsəbəsində yaşayan ana babasının yanına getdiyini demişdir. Buna görə də şişləri özü yumuş, Fərqanə isə evə keçmişdir. Yaşadığı evdə olarkən təxminən saat 00:45 radələrində pəncərədən həyətin işığının yandığını görüb çölə çıxaraq həyətin işığını söndürmüş və evə keçən zaman həyətin dəmir qapısının içəridən açıldığını eşitmişdir. Qapının səsini eşitdikdən sonra həyətin qapısına tərəf getmiş və qapının içəridə olan cəftəsinin açıq olduğunu görüb qardaşı oğlu Vaqifin Buzovnada yaşayan ana babasıgildən qayıdıb gəldiyini düşünmüşdür. Qapının cəftəsini çəkib qardaşının evinin qarşısından keçərək yaşadığı evə tərəf gedərkən qardaşı İlhamın evinin pəncərəsindən işığın yandığını və evdən yad kişi cinsli şəxsin səsinin gəldiyini eşitmişdir. Əvvəlcə evdəki televizorun səsinin olduğunu düşünmüş, bir müddət dayanıb dinlədikdən sonra evdən gələn səsin gəlinləri Fərqanə ilə yad kişi cinsli şəxsin danışıq səsləri olduğunu eşitmişdir. Əsəblərinə hakim ola bilməyib həyətdə olan kabab bişirmək üçün nəzərdə tutulan şişlərdən birini götürərək Fərqanəgilin yaşadığı evin pəncərəsindən içəri baxmışdır. Şişi götürməkdə məqsədi tanımadığı həmin yad kişi cinsli şəxsi qorxutmaq olmuşdur. Bu zaman Fərqanənin yanında tanımadığı kişi cinsli şəxsi görmüşdür. Onların da dərhal evin əsas giriş qapısına tərəf qaçdıqlarını görüb qapıya tərəf getmiş və evin giriş qapısını içəridən tanımadığı bir nəfər kişi cinsli şəxsin açdığını görmüşdür. Həmin şəxslə qarşılaşaraq ondan kim olduğunu soruşmuş, həmin şəxs isə onunla bir neçə saniyə göz-gözə dayanıb Fərqanənin yaşadığı insan olduğunu bildirmişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. O, Bəxtiyardan bayıra çıxmasını tələb edərək, Fərqanənin qardaşı arvadı olduğunu və hazırda qardaşı İlhamın həbsdə olduğuna görə onun Fərqanə ilə münasibət saxlamasının düzgün olmadığını demişdir. Bəxtiyar isə onun sözlərinə məhəl qoymayaraq sinəsindən itələyib “Fərqanə ilə özümüz bilərik. Bu münasibətin heç kimə aidiyyəti yoxdur” demişdir. Bəxtiyar onun sinəsindən itələyən zaman müvazinətini itirərək yerə yıxılmış və Bəxtiyar isə qaçan zaman əlində olan şiş Bəxtiyarın paltarına ilişmişdir. Bəxtiyar isə qaçaraq oradan uzaqlaşmışdır. Bəxtiyarın arxası ilə getmək istəsə də hava qaranlıq olduğu üçün onu gözdən itirmişdir. Daha sonra geri qayıdıb gəlinləri Fərqanədən baş verənlərin səbəbini soruşmaq istədikdə, Fərqanənin evdə olmadığını müəyyən etmişdir. Daha sonra qardaşı oğlu Vaqiflə telefonla danışaraq evə çağırmış və hadisə barədə ona məlumat vermiş, Vaqif isə ona anası Fərqanənin başqa şəxslə münasibəti olmasından bir neçə müddətdir şübhələndiyini bildirmişdir.

3. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, hadisədən sonra şişi həyətə tullamışdır. Onun şişi əlinə götürməkdə məqsədi isə Bəxtiyarı qorxutmaq olmuşdur. Bəxtiyarın əlində heç nə olmamışdır. Əvvəllər Bəxtiyarı görməmiş və belə bir hadisənin şahidi olmamışdır. Bəxtiyar qaçmaq istəyərkən əsəbiləşərək həyəcanlandığından ona şişlə xəsarət yetirmişdir. Qardaşının evində yad kişinin olmasını qəbul edə bilmədiyindən belə bir hadisə olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və ya tələbinin olmamasını, onunla barışıq əldə etməsini, ailə vəziyyətini, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını və ailədə ondan başqa qazanc gətirən şəxs olmamasını nəzərə alaraq məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.

6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vaqif oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən təxminən 4-5 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində əvvəllər tanımadığı Şahid ilə tanış olmuş və onunla tanışlığı sevgi münasibətinə çevrilmişdir. Fərqanə ilə aralarında olan münasibət daha da dərinləşdiyi üçün onun yaşadığı evə arasıra gedib-gəlmişdir. Sonradan Fərqanəni ailə üzvlərinin də, yəni anası və bacısının da tanıdığını öyrənmişdir. Hər dəfə Fərqanəgilə gedəndə sonuncunun oğlu Vaqif evdə olmamışdır. Belə ki, Fərqanənin uşağının olmasını bilsə də, onun evli olmasını və ərinin həbsdə olmasını bilməmişdir. Fərqanə qaynı Təqsirləndirilən şəxsla eyni həyətyanı sahədə, lakin ayrı-ayrı evlərdə yaşamışdır. Lakin həyətə giriş qapısı eyni olmuşdur. 3 yanvar 2023-cü il tarixdə təxminən saat 1 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş, Fərqanə ilə votsap mobil tətbiqi vasitəsi ilə danışaraq onunla görüşmək istədiyini demişdir. Fərqanə isə ona etiraz etməmişdir. Həmin gün təxminən gecə saat 01:16 radələrində Fərqanə votsap mobil tətbiqi ilə ona zəng edərək qaynı Əkbərin yaşadıqları evin həyətində olduğunu deyərək ona gəlməməsini demişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Fərqanənin yaşadığı evin həyətindəki giriş qapısının açıq olduğunu görüb həyətə keçib oradan sonuncunun yaşadığı evin qapısını döyüb içəriyə keçmişdir. Fərqanə ilə aralarında hər hansı intim münasibət olmamışdır. Sadəcə olaraq Fərqanəyə pul verməli olduğundan həmin gün evlərinə getmişdir. Fərqanə ilə qonaq otağında 2-3 dəqiqə söhbət etmiş, qəfildən evin yataq otağının pəncərəsinin şüşəsinin sınmasının səsini eşitmişdir. Fərqanənin qaynı Əkbər qışqıraraq onların bayıra çıxmalarını tələb etmişdir. Əkbər Fərqanə ilə onun qonaq otağında olduğunu görüb qonaq otağının da pəncərəsinin şüşəsini sındıraraq onlardan bir daha bayıra çıxmalarını tələb etmişdir. Daha sonra Əkbər evin giriş qapısını açmalarını tələb etmişdir. Artıq hər şeyin Əkbərə aydın olduğunu başa düşdükləri üçün Fərqanə evin giriş qapısını açaraq dərhal qaynı Əkbərin ayaqlarından tutub yalvarmağa başlamışdır. Bu zaman Fərqanə ona qaçmasını demiş, o isə qaçaraq oradan uzaqlaşmağa çalışmışdır. Həyəcanlı olduğundan Əkbərin hansı şəraitdə ona xəsarət yetirməsini hiss etməmişdir. Qaçaraq yaşadığı evə tərəf getmişdir. Sonradan Fərqanə onunla əlaqə saxlayıb özünün də evdən çıxdığını və getməyə başqa yeri olmadığını demişdir. O isə evlərinin yerini izah edərək bacısı Amalyanın onu qarşılayacağını demişdir. Təxminən iyirmi dəqiqədən sonra Fərqanə yaşadığı evə gəlmişdir. O isə evə gəldikdən bir müddət sonra paltarlarında qan olduğunu görərək qarnının ağrıdığını hiss etmişdir. Ağrıya dözə bilmədiyindən ailə üzvləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Daha sonra baş verənləri isə xatırlamır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2005-ci ilin fevral ayında X10 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir oğlu vardır. X4 2021-ci ildə narkotik vasitələrin istifadəsi və dövriyyəsində təqsirli bilinərək ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hazırda o, cəzaçəkmə müəssisəsindədir. Maştağa qəsəbəsində yerləşən “Grand” marketdə satıcı işləmişdir. Hadisədən təxminən 4-5 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxslə tanış olmuş, daha sonra Bəxtiyarla aralarında olan münasibət daha da dərinləşdiyi üçün Bəxtiyar sonradan yaşadığı evə də dost kimi gəlmişdir. Qaynı Təqsirləndirilən şəxsla eyni həyətyanı sahədə ayrı-ayrı evlərdə yaşamasına baxmayaraq, həyətə giriş qapıları eyni olmuşdur. 2 yanvar 2023-cü il tarixdə təxminən saat 18 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. Ev işləri ilə məşğul olmuş, daha sonra Bəxtiyarla votsap mobil tətbiqi ilə danışmağa başlamışdır. Bəxtiyara oğlu Vaqifi anasının yanına göndərdiyini deyərək işdən çıxanda onlara gəlməsini demişdir. Bəxtiyar ona gələcəyini bildirmişdir. Bəxtiyara təxminən saat 01:16 radələrində votsapda yazaraq qaynı Əkbərin yaşadıqları evin həyətində olduğunu deyərək ona hələ evlərinə gəlməməyini demişdir. Bir neçə dəqiqə sonra qaynı Əkbər yaşadığı evə keçdikdən sonra Bəxtiyarın həyətdən rahat keçib evə daxil olması üçün həyətə çıxıb evin küçə qapısının cəftəsini içəridən açmışdır. Bir neçə dəqiqə sonra isə Bəxtiyar yaşadığı evin qapısını döymüş və evə keçərək onunla qonaq otağında 2-3 dəqiqə söhbət etmişdir. Bu zaman evin yataq otağının pəncərəsinin şüşəsinin sınmasının səsini eşitmişdir. Qaynı Əkbər qışqıraraq onlardan çölə çıxmalarını tələb etmişdir. Əkbər daha sonra onların qonaq otağında olduğunu görüb qonaq otağının da pəncərəsinin şüşəsini sındırıb bir daha çölə çıxmalarını tələb etmişdir. Qaynı Əkbərə hər şeyin aydın olmasını başa düşərək evin giriş qapısını açaraq dərhal Əkbərin ayaqlarından tutub yalvarmağa başlamış və Bəxtiyarın qaçması üçün şərait yaratmışdır. Bəxtiyar isə qaçaraq oradan uzaqlaşmışdır. Səs-küyə Əkbərin arvadı Turunc da oraya gəlmişdir. Bəxtiyar qaçmaq istəyərkən Əkbər onu itələyib arxasınca həyətdən bayıra çıxmış və Əkbərin əlində qara dəstəkli bıçaq olduğunu görmüşdür. Lakin Əkbərin hansı şəraitdə Bəxtiyara xəsarət yetirməsini görməmişdir. Qaynı arvadı Turunc əri Əkbərin onu öldürməməsi üçün ona evdən çıxıb canını qurtarmasını demişdir. Əkbər də sonradan geri qayıdaraq ona evi dərhal tərk etməsini tələb etmişdir. O isə dərhal yaşadığı evdən çıxıb qaçmışdır. Lakin getməyə yeri olmadığına görə Bəxtiyarın bacısı ilə əlaqə saxlayaraq evdən çıxdığını, lakin getməyə yerinin olmadığını bildirmişdir. Bəxtiyarın bacısı Amalya isə ona evlərinin istiqamətini izah etmiş və onu qarşılamışdır. Bəxtiyar Əkbərin onu bıçaqla vurmasını bildirərək həkim çağrılmadan ona evdə tibbi yardım göstərilməsini istəmişdir. Lakin Bəxtiyarın vəziyyəti daha da ağırlaşdığı və şüuru özündə olmadığı üçün Bəxtiyarın ailə üzvləri sonuncunu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar.

8. Şahid ifadəsində əlavə olaraq göstərdi ki, əri İlham Rəhimov sonradan hadisə barədə öyrənib onunla əlaqə saxlayaraq ona kəskin irad bildirmişdir. Ərinin qohumlarının da hazırkı vaxtadək ona münasibəti həddən artıq aqressivdir. Qaynı Əkbərin arvadı Turunc bir neçə dəfə ona ərinin həbsdən çıxaraq onu öldürəcəyi barədə xəbər göndərmişdir. Hazırda oğlu ilə atasının evində yaşayır.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 3 yanvar 2023-cü il tarixdə saat 1 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istintaqa məlum olmayan əşya ilə qəsdən bir dəfə vuraraq sonuncunun sağlamlığına ağır zərər vurması faktına görə həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, iş vərəqi 1).

11. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 3 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs hadisə yerini dəqiqliklə göstərərək sözügedən hadisənin həmin ünvanda baş verdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri (bundan sonra-i.v) 5-7)

12. “X13” X15 direktorunun 3 yanvar 2023-cü il tarixli 23 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs cərrahiyyə şöbəsinə həmin tarixdə saat 3:35-də “Qarnın ön divarının daxilə nüfüz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, nazik bağırsağın yaralanması ilə müşayiət olunan yarası” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. (Cild 1, i.v. 20)

13. Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polsi Bölməsinin rəisi, polis kapitanı Süleyman Abbasovun 1 aprel 2023-cü il tarixli 2300-1223/073 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı baş vermiş hadisəyə səbəbin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisəsinin olması müəyyən edilmiş, həmin mübahisəni görmüş şəxslərin (şahidlərin) əhatə dairəsini və Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyyəsindən vurduğu istintaqa məlum olmayan aləti (deşici-kəsici) əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Baş vermiş mübahisəni görmüş şəxsləri müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. (Cild 1, i.v. 87)

14. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizası”nın 4 aprel 2023-cü il tarixli 867 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (Cild 1, i.v.102-103)

15. “Məhkəmə-tibbi ekspertizasının” 28 yanvar 2023-cü il tarixli 191 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti müəyyən edilmişdir. Həmin xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi 3 yanvar 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, i.v. 106-108)

16. Zərərçəkmiş şəxs ərizəsi əsasında müstəntiq Murad Soltanov tərəfindən Zərərçəkmiş şəxs 14 yanvar 2023-cü il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v.74-76)

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v. 110-111)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM-in) 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

19. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.

20. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

21. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

22. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

23. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

24. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.

25. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qardaşı İlham Rəhimovun arvadı Şahid ilə əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin gecə saatlarında birlikdə evdə olduğunu görərək onların aralarında intim münasibətlərinin olmasını düşünərək qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs deşici-kəsici əşya ilə qəsdən bir dəfə zərbə vuraraq nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.

26. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxs B.A.Bəxtiyarovun və şahid F.A.Təqsirləndirilən şəxsnın ifadələri, habelə hadisə yerinə baxış, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

27. Təqsirləndirilən şəxs hadisə zamanı özünü idarə edə bilməyərək və Zərərçəkmiş şəxs onu itələməsinə görə əlindəki kabab bişirmək üçün istifadə edilən şişin Zərərçəkmiş şəxs bataraq xəsarət yetirməsi barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından, habelə iş materialları öz təsdiqini tapmadığından rədd edilməlidir.

28. Belə ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma CM-in 129.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

29. Güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Pxisologiyada belə hala fizioloji affekt vəziyyəti deyilir. Fizioloji affekt vəziyyətində şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir, onun şüurunun dərketmə əhatəsi daralır, o, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Lakin fizioloji affekt vəziyyəti şəxsi anlaqsız vəziyyətə gətirmir, yalnız onu məhddud anlıqlılıq vəziyyətinə salır. Belə psixoloji vəziyyətdə olan şəxs öz davranışı üzərində nəzarəti tam itirmir və qismən şüurla hərəkət edir. Başqa sözlə, şəxs öz əməlinin faktiki xarakterini və onun ictimai təhlükəlili nəticələrini görür və dərk edir. Təqsirkarın əməlinin CM-in 129.1-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda ona qarşı xəsarət yetirmək hissəsinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsə xəsarətin yetirilməsi, bir qayda olaraq, əməlin qisas motivi ilə əməlin törədilməsi ilə tövsif edilməsinə əsas verir. Eyni zamanda təqsirləndirilən şəxsdə güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-in 129.1-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Həmin səbəblərdən biri kimi qəbul edilən zərərçəkmiş şəxs tərəfindən edilmiş əxlaqsız hərəkətlərin hazırkı iş üzrə zərərçəkmiş şəxs tərəfindən edilməsi müəyyən edilsə də, lakin işin faktiki halları ilə cinayət qanununun xüsusi hissəsinin qeyd edilən maddəsində (CM-in 129.1-ci maddəsi) göstərilən obyektiv cəhətin bütün əlamətlərinin hazırkı cinayət əməlində olmadığı müəyyən edilir.

30. Halbuki, işin faktiki halları ilə birmənalı olaraq təsdiq edilir ki, Təqsirləndirilən şəxs qardaşı arvadının başqa kişi cinsli şəxslə münasibətinin olmasını düşünərək qısqanclıq zəminində əvvəlcə evin yataq otağının, daha sonra isə qonaq otağının pəncərələrini sındırmış, daha sonra onun qardaşı arvadı Şahid və Zərərçəkmiş şəxs təkidlə evin giriş qapısını açaraq çölə çıxmalarını tələb etməsinə görə, sonuncular evin giriş qapısını açaraq çölə çıxmış, bu zaman Şahid qaynı Təqsirləndirilən şəxs ayaqlarından tutaraq ona Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməməsi üçün yalvarmış, Zərərçəkmiş şəxs isə bu zaman qaçmağa çalışarkən Təqsirləndirilən şəxs əvvəlcədən götürərək əlində saxladığı deşici-kəsici xassəyə malik predmetlə ona xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bu isə Təqsirləndirilən şəxs qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmasını tamamilə inkar etməklə onun tam şuurlu şəkildə hazırkı cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas verir.

31. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

33. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

34. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

35. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.

36. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

37. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemindən” sorğulanmaqla əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X8, uşaqları 23 may 2005-ci il təvəllüdlü Gülpərvaz Rəhimova və 30 iyun 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ibarətdir.

38. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 19 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını və Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət, tələb və iddiası olmadığını, onun azadlığa buraxılmasını istədiyini bildirmişdir.

39. Məhkəmə CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

40. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır.

41. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

42. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 3 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023 və 2 may 2023-cü il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri 23 may 2023-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 16-19, 61-65; 96-101)

43. CM-in 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

44. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən və cinayət hadisəsinin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi müəyyən edildiyindən CM-in 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

45. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

46. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

47. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

48. Qanunverici tərəfindən təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması qeyd edilməklə, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı yalnız real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilər.

49. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CMin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir.

50. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.

51. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.

52. İş üzrə mülki iddia verilməmişdir.

53. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.

54. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

55. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

56. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 3 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul ediləcəyi nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar