Məhkəmə qərarları › İş №1(101)-1365/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1365/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1365/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 avqust 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,140 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 31 yanvar 2023-cü il tarixdə saat 17:00da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ, 30-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,240 qram, 2,630 qram, 1,870 qram və 2,400 qram olmaqla, ümumi təmiz çəkisi 9,140 qram çəkidə qəhvəyi rəngli maddə, xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu gün evdə olmuş və polis işçiləri onu yaşadığı evdən aparmışlar. Belə ki, atası öləndən sonra onu evə buraxmamışlar. Onu yaşadığı evdən qovmuşlar və o, küçədə qalmışdır. O, yenə də həmin gün evə getmiş, qapını döyərək yalvarmışdır. Bundan sonra anası onu evə buraxmışdır. O, evə girəndən təxminən bir saat sonra polis əməkdaşları içəri girib onu tutmuşlar və Polis bölməsinə gətirmişlər. Bölmədə ona narkotik verəcəklərini bildirərək onu boynuna götürməyi təklif etmişlər. Əslində isə, tutulan zaman onun üstündə narkotik vasitə olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, müstəntiqə ifadə verərkən narkotik vasitənin özünə məxsus olmadığını demiş, həmçinin məhkəmədə ona sanksiya veriləndə də bu cür bildirmişdir. Saxlanılarkən onda heç nə olmamış, heç bir çet də narkotik olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təqribən bir neçə ildir heroin kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 50 manat müqabilində 4 bükümdə narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır. Həmin tarixdə təxminən saat 17 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 21 «A» ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan Polis şöbəsinə gətirərək təhvil vermişlər. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər.O da, buna etiraz etməmiş və hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da, əynində olan mavi rəngli cins şalvarının sol cibində saxladığı içərisində narkotik vasitə hesab edilən heroin bükümünü çıxararaq təqdim etmişdir. Sorğıı zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş və qablaşdırılmışdır. Həmin zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, saxlanılan zaman, nə də 30-ci Polis şöbəsində olarkən hər hansı təzyiq və təsirə məruz qalmamışdır. Heç bir mobil operatorlardan istifadə etməmişdir (cild 1, iş vərəqi 54-55). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs özünün yazıb oxuya bilmədiyini və ifadəni oxumayıb imzaladığını, protokolun birinci səhifəsindəki imzanın ona məxsus olmadığını, qalan səhifələrdəki imzaların onun tərəfindən çəkildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və saxlaması barədə 30-cu Polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 31 yanvar 2023-cü il tarixdə o, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin sahə inispektoru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 17:00 radələrində onlar Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 21 «A» ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncunu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə dəvət elmişlər. Şöbədə xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan cins şalvarın sol cibindən 4 ədəd şəffaf rəngli selofana bükülünü təqdim edərək, onların içərisində «kokos» kimi tanınan narkotik vasitə heroin olduğunu, 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlərin içərisinə baxış zamanı toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümdəki kütlələr təhqiqalçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmış və götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı ünvana da baxış keçirilmiş, bu zaman iş üzrə əhəmiyyət kəsb edən əşyalar aşkar olunmamışdır. Məhkəmə iclasında Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 98-100). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol cibindən 4 ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 30-31). Cinayət işində olan 1 ədəd DVD diskə 31 yanvar 2023-cü il tarixli baxış protokolundan görünür ki, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin inzibati binasında baş təhqiqatçı Fərid İbrahimovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxan RPİ, 30-cu Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, sahə inispektoru, polis baş leytenantı Şahid1 iştirakı ilə şəxsi axtarış keçirilir, bu zaman Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol cibindən 4 ədəd şəffaf rəngli selofana bükülmüş kütlələri təqdim edir və bükümlərin içərisindəki maddənin «kokos» kimi tanınan narkotik vasitə heroin olduğunu, 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 60 manat pul müqabilində özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış zamanı içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümdəki küllə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəifndən bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir (cild 1, iş vərəqi 56). Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 6/610 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 (dörd) büküm...» yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,240 qram, 2,630 qram, 1,870 qram və 2,400 qram olmaqla, ümumi təmiz çəkisi 9,140 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponetlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 42-46). Məhkəmə-narkoloji ekspertizasının 08 may 2022-ci il tarixli 2746 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 107-108). İbtidai istintaq orqanının 08 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 9,140 qram kustar üsulla hazırlanmış narkotik vasilə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,940 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk sübut növu kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 114-123). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 87-93). Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/32/2-5870 saylı məktubundan görünür ki, həmin cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 17 saylı CÇM-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə cəzanın sonunun başa çatması səbəbindən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, tutulduğu gün evdə olduğunu və polis işçilərinin onu yaşadığı evdən apardıqlarını, bölmədə ona narkotik verəcəklərini və boynuna götürməyi təklif etdiklərini, əslində isə, tutulan zaman onun üstündə narkotik vasitə olmadığını qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 50 manat müqabilində 4 bükümdə alaraq üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, narkotik vasitələrin özünə məxsus olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində cinayəti etiraf etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərə bükülmüş vəziyyətdə və ekspertin rəyinə əsasən, ayrı-ayrı bükümlərdə olan həmin narkotik vasitələrin tərkib komponentlərinə görə eynilik təşkil etməsini, həmçinin narkotik vasitələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs münasibətdə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə örə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinin tələbinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 fevral 2023cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 may 2022-ci il tarixli 2746 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,940 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 88 (səksən səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 75 saat vaxt sərf etmişdir. Lakin həmin hesabatda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt və iş materialları ilə tanış olma vaxtı da nəzərə alınmaqla vəkil Anar Əsədovun təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı sərf etdiyi vaxt ümumlikdə 40 saat müəyyən edilməli və ona ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,940 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar