Məhkəmə qərarları › İş №1(101)-1366/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1366/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1366/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün narkotik vasitəyə olan tələbatını ödəmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 2,023 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və o, 17 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq, ünvan 4imanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətrilmiş, həmin tarixdə şöbənin xidməti otağında onun üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan paket bükümdə külli miqdarda - təmiz çəkisi 2,023 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə, saat səkkizdə saxlanılarkən evdə olmuş, qapının zəngi çalınarkən anas ilə evdə olmuş və qapını anası açmışdır. Onların rayonunun sahə rəisi gəlmiş, ona şəxsiyyət vəsiqəsini də götürüb birgə polis bölməsinə getməyini demiş, qolbağını orada təqdim etmişlər. O, sənədini də götürüb sahə rəisinin maşınında birgə polis bölməsinə getmişdir. Yolda olarkən nəyə görə polis bölməsinə aparıldığını soruşduqda onlar elektron qolbaqla bağlı qeydiyyatdan keçməli olduğunu demişlər. O, buna görə Nəsimi rayon Probasiya Şöbəsinə getdiyini, bununla bağlı polis bölməsinə getməli olduğunu ona heç kimin demədiyini bildirmişdir. Sonra ona həbs ediləcəyini demişdir. Polis bölməsinə daxil olduqdan sonra rəisin kabinetinə keçmişlər. Rəisin otağına daxil oduqda orada artıq bir neçə polis işçiləri olmuşdur. Onlar bildirmişlər ki, “sahə rəisi Rəvan müəllim dedi ki, narkotiki 234.1-lə üzərinə götür, narahat olma üzərinə götürsən məhkəmə səni buraxacaq, qorxulu heç nə olmayacaq, əgər onu üzərinə götürməsən, onda üzərinə satış qoyulacaq”. Kabinetdən çıxdıqdan sonra protokol tərtib edilən mayorun kabinetində olmuşdur. Cibinə narkotik qoyulmuş, bu küçədə baş vermiş, daha sonra otağa daxil olmuşlar, orada ona müdafiəçisini və tərcüməçini gözlədiklərini demişlər. Tərcüməçi və müdafiəçi gəldikdən sonra videoçəkiliş aparılmış, cibindən şəxsiyyət vəsiqəsi, sənədlər və sağ cibinə qoyduqları sellofan paketdə olan narkotik çıxarmışlar, lakin narkotiki çəkməmişlər, boş zərfə qoyaraq imzalayıb ekspertizaya göndərmişlər. Daha sonra onu MSY-ə aparmışlar, sonra da Nərimanov Rayon Məhkəməsində barəsində 4 ay sanksiya qərarı vermişlər. O, Ceyhun Hacıbəyli 24 ünvanında yaşayır, ittiham aktında onu küçədən götürdükləri qeyd olunmuş, lakin elə olmamış, onu evdən götürmüşlər. Onu evdən aparanda anası X3 evdə olmuşdur. Elektron qolbağında gecə saat 10-dan axşam saat 10a kimi o, adətən evdə olur, çox vaxt gecə heç yerə çıxmır. Onu apararkən qonşuları görməmiş, lakin orada çörək bişirilən yer var, onun açıq olub-olmadığını bilmir, həmin yerin bütün işçiləri onu tanıyırlar. O, bildiyinə görə görən olmamışdır. İkinci mərtəbədə qonşunun bloku çəkən kamerası olmuşdur. Qonşularının soyadını bilmir, hərbi prokurorluğun işçisi olduğunu bilir. Videoda narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, onu balaca qramla gedəcəyi ilə bağlı aldatdıqlarından üzərinə götürmüşdür. Müdafiəçiyə narkotikin ona məxsus olmaması barədə nəsə deməyinə imkan olmamış, çəkiliş olduqdan sonra hamısı getmişlər, onu MSY-də saxlayanda müdafiəçi ancaq bir dəfə işi bağlayarkən yanına gəlmişdir. Müstəntiq sadəcə olaraq işi oxumuş, o, Azərbaycan dilində yaxşı başa düşmədiyini bildirmiş, müstəntiq “bura qol çək” demişdir. Sanksiyaya apararkən Nərimanov Rayon Məhkəməsində faktları demişdir. İfadə verməkdən məhkəmədə imtina etmişdir. O, Narkotik vasitələrdən istifadə etmiş, sonuncu dəfə Nəsimi Rayon Məhkəməsində qolbaq veriləndən sonra evdə olmuş, narkotik vasitə istifadə etməmişdir. Bu işlə bağlı ekspertizadan keçirilmişdir. Ona fiziki təsir yox, psixoloji təsir olmuşdur. Ona “bu maddəni götürməsən səni satışla içəri salacayıq” demişlər. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 6 ünvandakı evdə ailəsi ilə birlikdə yaşamışdır. Heç bir yerdə işləmədiyini və təxminən 10 ilə yaxındır ki, narkotik maddə olan “kakos” - dan istifadə etdiyini bildirmişdir. Əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Adətən narkotik maddəni Kənan adlı şəxsdən aldığını, həmin şəxsin anket məlumatlarını və harada yaşadığını bilmədiyini, heç vaxt mobil telefonu olmadığı üçün də onun telefon nömrəsini bilmədiyini demişdir. Kənan özü mütəmadi olaraq yaşadığı ünvanına gəlib, orada ona narkotik maddəni satdığını bildirmişdir. Çox vaxt narkotikin bir bükümünü 15-20 manata ondan aldığını, anası evdə olmadığı vaxtlarda yaşadığı mənzildə istifadə etdiyini, evdə olanda isə yaşadığı binanın ümumi girişində istifadə etdiyini bildirmişdir. Sonuncu dəfə yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Kənan onlara gələrək ona 20 manata “kakos” adlanan narkotik vasitə bükümünü satdığını bildirmişdir. O, ondan həmin gecə bir hissəsini istifadə etdikdən sonra yerdə qalanını daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 saylı binanın ümumi girişində olarkən bir nəfər mülki geyimli şəxs və ərazinin sahə inspektoru Şahid1 onun halını, yəni narkotik sərxoşluğu vəziyyətində olduğunu görüb ona yaxınlaşdıqlarını, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdiklərini demişdir. Sonra o, onlardan aralaşmaq istədikdə onlar onu saxlayıb 18-ci Polis Şöbəsinə gətirdiklərini, polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələrini izah edildiyini, rus dilli olduğundan tərcüməçi ilə və hüquqlarının müdafiəsi ilə bağlı xahişinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunduğunu bildirmişdir. Bundan sonra ona tərcüməçinin və vəkilinin iştirakı ilə üzərinə şəxsi-axtarış keçiriləcəyi ilə bağlı qərarla tanış edildiyini, şəxsi axtarışın keçirilməsinə dair qərara etiraz etmədiyini bildirmişdir. Bundan sonra, xidməti otaqda təhqiqatçı tərəfindən ona şəxsi - axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud narkotik, psixotrop maddə varsa, onu təqdim etməsini təklif edildiyini, o, iştirakçılara üzərində narkotik vasitə olan "kakos" adlı maddənin olduğunu bildirdiyini və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə əynindəki boz rəngli cins şalvarın sağ cibində saxladığı 01 ədəd sellofan kəsiyinə bükülmüş maddəni təqdim etdiyini bildirmişdir. Səmimi olaraq etiraf edərək, təqdim etdiyi maddənin narkotik maddə olan "kakos" olduğunu bildirmişdir. Həmin büküm açılaraq baxıldığını, üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qablaşdırıldığını və möhürləndiyini, qablaşmanınn üzəri onun, şahidlər tərəfindən imzalandığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunduğunu və protokolun düzgünlüyü onun tərəfindən imzalandığını bildirmişdir. O, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təxminən bir gün həmin narkotik vasitəni üzərində saxladığını bildirmişdir. Kənan adlı şəxs təxminən tutulmazdan bir müddət əvvəl tanıdığını, onun anket məlumatlarını bilmədiyini, onun təxminən 30 yaşı olduğunu, orta boylu, qarayanız, arıq bədən qurluşlu şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir zor və təzyiq göstərilmədiyini, səmimi olaraq hər şeyi etiraf etdiyini, etdiyi əməldən peşman olmasını bildirmişdir (İ cild, səh. 143- 145). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə ona təhkim olunmuş xidməti ərazinin əməliyyatçısı Şahid2 ilə birgə ərazidə xidmət apararkən, təxminən saat 21 radələrində Ceyhun Hacıbəyli ünvanının qarşısından keçərkən, xidmətlərini həmin ərazidə təşkil edərkən Kiril kimi tanıdığı Təqsirləndirilən şəxs görmüşlər. Onlar mülki geyimdə olmuş, İlya da onları tanımışdır. Öz yaşadığı ünvanın qarşısında onları görən kimi qaçmaq istəmişdir. Onlar əvvəldən İlyanın narkotik istifadəçisi olduğunu bilmişlər. Qaçmaq istəyərkən sözlə təkid edib İlyanı saxlamışlar və özünə yaxınlaşaraq “doğurdan da üzərində narkotik yoxdursa biz səni sərbəst buraxacağıq” demişlər. Lakin hərəkətlərindən üzərində narkotik maddə olduğu hiss olunmuşdur. Onlar İlyanı 18-ci Polis Şöbəsinə aparmışlar, şöbədə təhqiqatçının otağında videoçəkiliş aparılmaqla, tərcüməçi və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman səhv etmirsə əynindəki şalvarın sağ cibindən bir büküm çıxmış, İlya özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda, Kənan adlı bir tanışı olmalı idi, Kənanı üzdən tanımasalar da həmin şəxslə bağlı onlarda məlumat olmuş, həmin adam mənzillərində və başqa gizli yerlərdə İlya ilə birlikdə narkotik maddə istifadə etmişdir. İlya özü də Kənandan aldığını etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs evində yox, ünvanın qarşısında saxlamışlar, həmin ərazidə kameralar da olmuşdur. Təqsirləndirilən şəxs gətirdikdən yarım saat sonra sənədləşdirmişlər, görüntülərdə ifadəsi olmuş, əgər yalan danışa idi istənilən halda video görüntüdə bu hiss edilərdi. Saxlanılan zaman Təqsirləndirilən şəxs hər-hansısa təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəldən tanımış, ona təhkim olunmuş ərazidə bacısının evində yaşamışdır. Təqsirləndirilən şəxs anasının onlarda şifahi müraciəti olmuş, anası bildirmişdir ki, “İlya dostları ilə evə gəlir, bizi evdən qovurlar”. Həmin məslələrlə bağlı onların gedib yoxlayaraq hansısa tədbirlər keçirməyə vaxtları olmamış, qapını döyəndə İlya qapını da açmamış, o, fikriləşirdi ki, bununla bağlı nəsə olsa kimsə məlumat verər, ancaq məlumat verən olmamışdır. Təqsirləndirilən şəxs narkotik istifadə etməsi ilə bağlı anası məlumat vermiş, 7-8 ay əvvəl anası ilə gələrək müalicə olunacağına söz vermişdir. 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, oktyabr ayının 27-si axşam saatlarında Salayevlə birlikdə xidməti ərazilərində olduqları zaman C.Hacıbəyli küçəsi ünvanındakı binanın ətrafında bir nəfərin yerdə küncə sıxılaraq özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən niyə özünü şübhəli apardığını soruşmuşlar, həmin şəxs onların suallarına cavab verməkdən yayınmışdır. Daha sonra şəxsi 18-ci Polis Şöbəsinə dəvət etmişlər, həmin şəxs özünü təqdim etmiş və daha sonra polis şöbəsində təhqiqatçıya təhvil verilmişdir. Videoçəkilişlə müdafiəçi və tərcüməçinin iştirakları ilə keçirilən baxış zamanı üzərindən bir bükümdə narkotik vasitə heroin çıxmış, deyəsən tanıdığı Kənan adlı şəxsdən aldığını bildirmişdir. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, özü Nərimanov RPİ-nin 18-ci PŞ-də CA-üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində həmin şöbənin sahə inspektoru vəzifəsində Şahid1 ilə birlikdə inzibati ərazidə xidməti gəzintidə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 24 saylı binanın qarşısından keçərkən əvvəllər tanımadığı bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxs onların diqqətini cəlb etdiyindən ona yaxınlaşaraq özlərini ona təqdim etdiklərini bildirmişdir. Onun kimliyi ilə bağlı maraqlandıqda, həmin şəxs ona verilən suallardan yayınmağa və onlardan aralaşıb qaçmaq istədiyini gördüklərini bildirmişdir. Sonra onlar onu saxlayaraq, həmin yerdə şərait və kənar şəxslərin olduğundan onun üzərinə baxış keçirilməsi mümkün olmadığını və bu səbəbdən onu polis şöbəsinə getməsini bildirdiklərini demişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş və sonra onunla birlikdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gəldiklərini demişdir. Polis şöbəsində həmin şəxsin şöbəyə gərilməsinə dair raportla rəhbərliyə məruzə etdiklərini və raportun araşdırılması şöbənin təhqiqatçı Zöhrab Salmanova həvalə edildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, onun rus dilli olması ilə bağlı tərcüməçi dəvət edildiyini bildirmişdir. Daha sonra onun hüquqları izah edildiyini və hüquqlarının müdafiəsi ilə bağlı vəkil təyin olunduöunu bildirmişdir. Daha sonra ona tərcüməçi və müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ cibindən bir ədəd selofan paket bükümündə bir ədəd büküm təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə “Kənan” adlı tanımadığı şəxsdən əldə edib üzərində saxladğını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirildiyini və üzərində boş pul kisəsi, ayağında bağlı vəziyyətdə GPS cihazı aşkar edildiyini, lakin içərisində spesifik iyli qəhvəyi rəngli narkotik vasitəyə bənzər büküm götürülsə də digər əşyalar əhəmiyyət kəsb etmədiyi üçün götürülmədiyini bildirmişdir. Bundan sonra ondan üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olubolmaması soruşulduğunu o, üzərində heç bir başqa əşya olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilsə də ondan başqa heç bir qanunsuz əşya aşkar edilmədiyini bildirmişdir. Bundan sonra İlya Sergeyeviçin üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürləndiyini və zərfin üzəri iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunduğunu və ucadan oxunduğunu və protokolun düzgünlüyünü o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və ya təzyiq göstərilmədiyini bildirmişdir (İ cild, səh. 110-113). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 3-16/2-6/5570 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №224” dairəvi möhür əksi və vət. Təqsirləndirilən şəxs- imza, iştirakçılar.iki-imza Z.Salmanov- imza“ yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi -2,023 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyasıhına (Siyahı İ) daxildir (İ cild, səh. 47-51). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 04 noyabr 2023-cü il tarixli, 7240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostmulyatorların birgə qəbulu nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (ı cild, səh. 138-139). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 3157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik psixi və ya fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 148-149). 11.«Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında» 17 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvann sağ cibindən bir ədəd sellofan paketdə içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmiş və təqdim etdiyi maddənin narkotik maddə hesab olunan "kakos" olduğunu və üzərindən aşkar edilmiş narkotik maddəni bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:30 radələrində “Kənan” adlı tanışından yaşadığı evdə 20 manata aldığını, bir hissəsini istifadə etsə də digər hissəsini istifadə edə bilmədiyini, daha sonra istifadə etmək üçün özündə saxladığını, 17 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 saylı binanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən boş pul kisəsi və ayağa bağlanan GPS cihazı aparatı ilə birlikdə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qablaşdırılaraq möhürlənmişdir (İ cild, səh. 35-36). 12.«Sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 2,023 qram narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 1,973 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün küçürüldüyü 01 ədəd DVD iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 151-160). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir. Zədə almadığını bildirmişdir. 14.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 28-29). 15.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(005)- 1499/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-89). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-402/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 oktyabr 2019-cu il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(006)-402/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətinin bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 118-119, 121-128). 17.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 23 may 2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-402/2022 saylı, 19 09.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarədə qeydiyyata götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2022-ci il tarix, cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 4(005)-1499/2023 saylı, xx.xx.2023-cu il tarixli qərarına əsasən 04 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi üçün cəza müddətinin axımı 04 ay müddətində dayandırılmışdır. Ona təyin edilmiş cəzanın 11 ay 16 gün hissəsini çəkmiş, 01 il 06 ay 10 gün hissəsi çəkilməmiş qalmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 22.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 23.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 24.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 28.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 29.Məhkəmə, təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 30.Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 31.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən ona psixoloji təsir tətbiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə psixoloji təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 32.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən də görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində çapıq və zədə aşkar edilməmişdir. 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 34.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 35.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 40.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 42.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 44.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 46.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 48.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 50.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 53.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-402/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 54.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 402/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 56.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-402/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 57.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 58.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 59.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 61.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 62.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 63.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 65.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. 66.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,973 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 67.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 69.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 70.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 71.Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 72.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 73.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-402/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,973 qram qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar