Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1367/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 1, korpus 37 ev 10-da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Kaktus restoranının yaxınlığında küllü miqdarda 9,335 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:00-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-də yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib, həmin gün saat 20:55 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan çibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 9,335 qram qəhvəyi rəngli maddə küllü miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “posket scale” yazılar olan elektron tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, 16 yanvar 2023-cü il tarixdə saat 04:00 radələrində narkotik vasitə çəkmək üçün həmişə getdiyi Yasamal rayonunda, köhnə binada daşın arasında narkotik vasitə və tərəzi tapmış, özü ilə apardığı narkotik vasitəni istifadə etmiş, tapdığı narkotik vasitə və tərəzini evə apararaq dolabın içərisinə yerləşdirmişdir. Elə həmin gün polis əməkdaşları tərəfindən tutularkən üzərində nə tərəzi, nə də narkotik vasitə olmamış,həmin əşyalar polis bölməsində şəxsi axtarış zamanı onun üzərindən deyil, mənzilə baxış zamanı aşkar edilərək götürülmüşdür. Narkotik vasitənin çəkisi 9,3 təşkil etmişdir. Həmin narkotik vasitəni tərəziyə qoyub çəkməmişdir. Aşkar edilmiş miqdarda narkotik vasitəni təxmini 2 ay müddətinə istifadə edir. Üzərində olan narkotik vasitə yalnız istifadə məqsədi ilə olmuş, satış məqsədi daşımamışdır. Məhkəmə iclasında elan edilərək tədqiqi edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, təxminən 2-3 ildir ki, narkotik maddə aludəçisidir. El arasında kakos kimi tanınan narkotik maddə heroini falqanın üzərində yandırmaqla istifadə edir. 07 yavar 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində “KAKTUS” restoranının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 (yüz) manata narkotik vasitə heroin almışdır. 16 yanvar 2023-ci il tarixdə axşam saat 19:00 radələrində həmin narkotik vasitəni üzərinə geyindiyi şalvarın sol yan cibinə, elektron tərəzini isə həmin şalvarın sağ yan cibinə qoyaraq evdən çıxmışdır ki, sakit bir yerdə istifadə etsin. Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşadığı evin yaxınlığında iki nəfər tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edərək bildirmişlər ki, 43-cü Polis Bölməsinin əməkdaşlarıdırlar. Polis işçiləri ona narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bildiklərini bildirmiş və onu Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişdirlər. Onlar birlikdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirmişdirlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuşdur. Ona vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilən zaman üzərinə geydiyi göy rəngli cins şalvarın sol yan cibində olan bir ədəd qara rəngli sellafon bükümü və şalvarın sağ yan cibində olan elektron tərəzini çəkiliş orqanına və polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Ondan aşkar edilmiş narkotik maddə heroin zərfə qoyularaq qablaşdırılmış, o, və digər polis əməkdaşları həmin zərfi imzalamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərindən aşkar edilmiş tərəzini narkotik maddəni alanda onu aldatmamaları həmçinin istifadə edən zaman narkotik maddənin miqdarını bilmək üçün istifadə etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Qaqaş ləqəbi ilə tanınan şəxs barəsində narkotik vasitə üçün onun yanına müxtəlif şəxslərin gəlib-getməsi səbəbindən qonşuları tərəfindən rəsmi və şifahi şəkildə çoxsaylı anonim şikayətlər daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə olunmuş, əməliyyat axtarış tədbirləri keçirilmiş, 16 yanvar 2023-cü il tarixində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 43-cü polis bölməsinə dəvət edilmişdir. Üzərinə baxış zamanı heroin adlı narkotik vasitə və tərəzi aşkar olunmuş, mənzilə baxış zamanı tədqiqatçı tərəfindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Daxil olmuş əməliyyat məlumatının məzmunu narkotik vasitənin istifadəsi, daşınması və satışı ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, 16 yanvar tarixində yaşadığı ünvan yaxınlığında saxlanılaraq bölməyə gətirilmiş, çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə və tərəzi aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 16 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlama, daşımasına dair əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 3). Şəxsi axtarış və götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan qara rəngli sellofan bükümü və həmin şalvarın sağ yan cibində üzərində “pocket scale” yazısı olan elektron tərəzini təqdim etmiş, sorğu zamanı həmin bir ədəd sellofan bükümün içində olan maddənin narkotik vasitə kimi tanınan kakos olduğunu bildirmişdir (cild 1, iş vərəqə 33-35; 72). 16 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsinə icazə vermişdir (cild 1, iş vərəqə 40). Mənzilə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baxış keçirilən zaman qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 42-48). Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin zərflər üçün 243 dairəvi möhürü əksi, Təqsirləndirilən şəxs (İmza) sözləri və imzalar olan bir ədəd zərfdə içərisində bir ədəd bükümdə təmiz çəkisi 9,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 9,285 qram təşkil etmişdir (cild 1 iş vərəqə 49-53). Məhkəmə-psixiatrik ekspertizanın 07 aprel 2023-cü il tarixli, rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1,i.ş vərəqə134-135). 18 yanvar 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,335 qram olan həmin narkotik vasitə, heroin sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 9,285 qram təşkil edən narkotik vasitə olan heroin saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 87). 20 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk və üzərində “posket scale” sözləri yazılmış tərəzi iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuş, tərəzi isə saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 139-145). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 122). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəni dəyişdirərək üzərində tutulan zaman nə narkotik vasitə, nə də elektron tərəzi olmaması, ittiham aktında göstərilən narkotik vasitənin və elektron tərəzinin evindən aşkar edilməsini, tərəzidən narkotik vasitə alarkən aldadılmaması məqsədilə istifadə etdiyini bildirərək yerdən tapdığını göstərmişdir. Məhkəmə iclasında həm təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinin videgörüntülərinin qeydə alındığı disk, habelə tədqiq edilərək elan edilən ifadələrindən isə görünür ki, İnlilab Nuruyev üzərindən aşkar edilən narkotik vasitənin 7 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kaktus restoranının yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində əldə etdiyini, elektron tərəzini isə narkotik vasitə alan zaman aldadılmaması üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi barədə qərar təqdim edilərkən onun müdafiəçisi tərəfindən müdafiə etdiyi şəxsin verilmiş ittihamla razı olmaması, həmin məbləğdə və çəkidə narkotik vasitənin öz şəxsi istehlakı üçün əldə etməsi, elektron tərəziyə isə narkotik satan şəxslərin onu aldatmaması üçün sahib olması məzmunda qeyd verilmişdir. (Cild 1, iş vərəqə 148-149) Göründüyü kimi hətta həmin qeyddə də təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə məsələ mübahisələndirilməmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni və elektron tərəzini tapması bildirilməmiş, məhkəmə iclasında isə təqsirləndirilən şəxs ifadələrini dəyişməsi səbəblərini izah edə bilməmişdir. Bundan başqa məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs narkotik vasitənin miqdarını mübahisələndirməsə də ona tapdığı narkotik vasitəni tərəzidə çəkibçəkməməsi aydınlaşdırılarkən sonuncu həmin narkotik vasitəni elektron tərəzidə çəkməməsini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yerdən tapdığını iddia etdiyi narkotik vasitənin tərəzi vasitəsilə çəkisini müəyyən etmədiyi halda ittiham aktında göstərilən miqdarda olmasınıı dəqiqliklə bildirməsini, habelə işin yuxarıda saxlanılan faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə qədər verilmiş ifadələrinin, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitəsini 06 yanvar 2023-cü il tarixdə əldə etməsinə baxmayaraq, 16 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək üzərində daşımasını, habelə üzərindən elektron tərəzinin aşkar edilməsini nəzərə alaraq tutularkən üzərində narkotik vasitə olmaması, habelə əməlində satış məqsədinin olmaması barədə ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə onu da qeyd edir ki, 20 dekabr 2023-cü il tarixli “əməlin tövsif edilməsi haqıqnda qərarda Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin əlamətləri sadalanmaqla həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qeyd olunsa da nəticə hissəsində heç bir əsas olmadan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham elan edilməli olması qənaətinə gəlinmişdir. Habelə ittiham aktında da təqsirləndirilən şəxsin satış məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən narkotik vasitə əldə etməsi, saxlaması göstərilsə də belə bir şəxsin mövcudluğu təqsirləndirilən şəxsin məhkəməyə qədər icraat dövründə verdiyi etiraf edici ifadələrdə rast gəlinməməklə iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilmir. Sadalanan səbəblərdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İnqliab oğluna Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddələsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl İnqilanb Nuruyev tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, məhkəmə iclasında qismən etirafedici ifadələr verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, əvvəllər məhkum edilməməsi, məhkəmə iclasında qismən etiraf edici ifadələr verməsi kimi barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 22), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 100-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. 13 fevral 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyinə görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 131-132). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 9,285 qram təşkil edən narkotik vasitə olan heroin və üzərində “pocket scale” sözləri yazılmış tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 50). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı 11 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə zamanı 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İnqliab oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 9,285 qram təşkil edən narkotik vasitə olan heroin və üzərində “posket scale” sözləri yazılmış tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1367/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1367/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver