Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1369/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:15 də Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X5 və X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Burosunun vəkili X11 və Bakı şəhəri 2 saylı vəkil Burosunun Vəkili X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1995-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 168 ünvanında yerləşən “Qarabağ” adlı çay evində olarkən Zərərçəkmiş şəxs həmin çay evində masalardan birində əyləşib domino oynadığını görüb sonuncuya yaxınlaşaraq əvvəllər ailə üzvləri haqqında məhəllə sakinləri arasında xoşagəlməz sözlər işlətməsi səbəbindən bir daha qarşısına çıxmamasına dair xəbərdar etməsini, bu səbəbdən Zərərçəkmiş şəxs yenidən onun qarşısına çıxmamalı olduğunu bildirib heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozmaqla əvvəlcədən əldə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub ona başın təpə nahiyəsinin və sağ çiyinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları kimi, ayrı-ayrılıqda və ümümiliklə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, boyunun sağ yarısına nüfuz edən qalxanabənzər qığırdağın və traxeyanın zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Yasamal rayonunda yaxın ərazilərdə yaşadığı üçün əvvəlcədən birbirilərini tanımışlar. Zərərçəkmiş şəxsla aralarında əvvəllər, yəni son 1-2 ilə qədər heç bir ədavət olmamış, lakin son zamanlarda Zərərçəkmiş şəxs mütəmadi olaraq onun ailəsi, ailəsinin ona verdiyi tərbiyə, özü və anası haqqında kobud ifadələr işlətdiyinə görə aralarında münaqişə yaranmağa başlamış, Zərərçəkmiş şəxs belə ifadələr işlətməyə davam edərsə, onun olduğu yerə gəlməməsini bildirmişdir. Zərərçəkmiş şəxs həmin ifadələri nəyə görə işlətdiyini soruşsa da, sonuncu buna məhəl qoymayıb ortaq olduqları məkanlarda yenə də həmin kobud ifadələri, təhqirləri onun ünvanına işlətmişdir. O, Zərərçəkmiş şəxs həmin qanunsuz davranışları ilə bağlı heç bir yerə şikayət etməmiş, hara şikayət ediləcəyini də bilməmişdir. 15 noyabr 2022-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qarabağ” adlı kafedə olarkən Zərərçəkmiş şəxs da həmin yerə gəldikdə, o, sonuncudan oraya gəlməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs da əli ilə hərəkət edib ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra bu səbəbdən aralarında yaranmış mübahisə zəminində o, bıçaqla Zərərçəkmiş şəxs çiyin nahiyəsinə vurmuş, daha sonra gözü qaraldığı üçün nə olduğunu dərk edə bilməmiş, həmin vaxt yanlarında başqa şəxslər də olmuşdur. Zərərçəkmiş şəxs vurarkən məqsədi sadəcə qorxutmaq olmuş, sonuncunu öldürmək kimi niyyəti olmamışdır. Zərərçəkmiş şəxs çiyin və üz nahiyəsinə xəsarət yetirməsi xatirindədir. Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdən bəri tanımış, aralarındakı münasibət normal olmuşdur. 15 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qarabağ” adlı çay evində olarkən o, Təqsirləndirilən şəxsla kobud davranmasına, sonuncunun ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında mübahisə yaranmış, həmin mübahisənin gedişində Təqsirləndirilən şəxs bıçaqla onun bədən nahiyəsinə vurmuş, nəticədə boğaz və baş nayihəsindən xəsarət almışdır. O, Təqsirləndirilən şəxs ailəsinə qarşı heç vaxt nalayiq ifadə işlətməsə də, əvvəllər də sonuncunun ünvanına nalayiq sözlər demişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə zamanı asayiş pozulmamış, həmin vaxt yanında olan şəxsləri xatırlamır. Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisənin baş verdiyi gün, yəni 15 noyabr 2022-ci il tarixdə saat 16-17 radələrində oğlu Təqsirləndirilən şəxs yaşadığı evə gəlib dava etdiyi bir nəfəri vurduğunu söylədikdə inanmamış, daha sonra təfərrüatlarını danışdıqdan sonra ondan polisə zəng vurub bu barədə məlumat verməsini xahiş etdiyinə görə o da zəng edərək polis əməkdaşlarını hadisə barədə məlumatlandırmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dostu kimi tanımışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qarabağ” adlı çay evini idarə edir. İş vaxtı gündəlik saat 12-1 radələrində başlayıb saat 23 radələrində başa çatır. 15 noyabr 2022-ci il tarixdə hadisə baş vermiş, lakin o, həmin vaxt obyekt üçün ləvazimat almaq üçün getdiyinə görə hadisənin bilavasitə şahidi olmamış, 15-20 dəqiqə sonra ləvazimat alıb qayıtdıqda obyektdə heç kimi görməmiş, dağıntı müşahidə etməmişdir. Təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, aralarında olan ədavətdən məlumatsız olmuş, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanda yerləşən iş yerində olan zaman qardaşı oğlu Zərərçəkmiş şəxs əli ilə öz boğaz nahiyəsindən tutmuş vəziyyətdə qapını açıb içəri daxil olmadan köməklik istədikdə onun boğaz nahiyəsindən əlavə baş və sağ kürək nahiyəsindən də qan axmasının şahidi olub dərhal özünə məxsus olan “Hyundai Matrix” markalı avtomobilə əyləşdirib yaxınlıqda yerləşən M.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə yollanmış, xəstəxanaya çatdıqdan sonra isə qardaşı oğlu Ümid xeyli qan itirdiyindən dərhal əməliyyat blokuna aparılmış və əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilmişdir. Lakin, vəziyyəti həmin vaxt ağır olduğundan nə ona, nə də ki, həkimlərə heç bir məlumat verə bilməmişdir. Sonradan baş vermiş hadisə ilə bağlı polis əməkdaşları da yaxınlaşmış, qeyd etdiyi kimi qardaşı oğlu Zərərçəkmiş şəxs vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmamışdır. Bundan başqa hadisə barədə heç bir məlumatı olmamışdır. Qardaşı oğlu Zərərçəkmiş şəxs onun yanına yaxınlaşan zaman boğaz nahiyəsindən aldığı xəsarətə və qan axıntısına görə danışa bilməmiş, sadəcə xırıldayaraq köməklik istəmişdir. Onun kim tərəfindən və hansı səbəbdən vurulması barədə heç bir məlumatı olmamışdır. Hadisənin hansı səbəbdən baş verməsini isə bilmir. Zərərçəkmiş şəxs xəstəxanaya aparan zaman avtomobildə bəzi qan izləri qalmışdır. Həmçinin iş yerinin qarşısında qan izləri qalmışdır. Ümid üzəridə biçaq zərbəsi olan köynəyini boynuna sarımışdi, xəstəxanaya çatanda boynuna sarıdığı köynəyi lazımsız olduğundan zibil qutusuna atmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (1HK) görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 18:15 radələrində boyun, baş və kürək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları xəsarəti ilə xəstəxanaya müraciət etmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən obyekt ünvan 4 ünvanda yerləşən Şahid1 məxsus ofisin qarşısı və həmin ofisdir. Ofisin qarşısında olan yolda 4 yerdə qanabənzər ləkələr aşkarlanmışdır. Şahid1 həmin ləkələrin Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Həmin qanabənzər ləkələr qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 13-24) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən obyekt Şahid1 məxsus “Hyundai Matrix” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobilin salonunda 2 yerdə qanabənzər ləkələr aşkarlanmışdır. Şahid1 həmin ləkələrin Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Həmin qanabənzər ləkələr qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 25-33) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 47; 49-50) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 62-63) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-982/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(004)-210/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 91;161-164) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 105) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, iş vərəqə 114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2022-ci il tarixli, 754/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu: «İİ-PLUS»(şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqindən) vərəqədə olan bu qeydə əsasən onun qan qrupunun müasir təsnifata görə A(İİ)RH+ olmasını söyləmək olar. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Ə.Əhmədov küçəsi 26 ünvanında yerləşən Şahid1 məxsus iş yerinin qarşısından 04 (dörd) ədəd çöplərin pambıq ucluqlarına keçirilmiş ləkələrdə və ona məxsus avtomobildən 02 (iki) ədəd çöplərin pambıq ucluqlarına keçirilmiş ləkələrdə insan qanı aşkar olundu. Qanun qrupu AB0 sistemi üzrə təyin olunduqda bütün ləkələrdə antigen qismində «A»antigeni və Ə.Əhmədov küçəsi 26№-li ünvanda yerləşən iş yeri qarşısından götürülmüş ləkələrdə aqqlyutinin qismində həmçinin «beta» aqqlyutinini də alındı. «A» antigeni tək halda və «beta» aqqlyutinini ilə birlikdə AB0 sistemi üzrə A(İİ) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin həmin qruplu şəxsin( şəxslərin) qanı hesabına əmələ gəlməsini söyləmək olar. Beləliklə yuxarıda göstərilən qan ləkələri AB0 sistemi üzrə A(İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqə 132-138) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2023-cü il tarixli, 133 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-boyunun sağ yarısına nüfuz edən qalxanabənzər qığırdağın və traxeyanın zədələnməsi ilə müşayiət olunan 1(bir) ədəd, başın təpə nahiyəsini və sağ çiyinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə boyunun sağ yarısına nüfuz edən qalxanabənzər qığırdağın və traxeyanın zədələnməsi ilə müşayiət olunan 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, başın təpə nahiyəsinin və sağ çiyinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları isə ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (Cild 1, iş vərəqə 139-142) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qeydə almış videogörüntülərin, hadiəsinin şahidi olmuş şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. (Cild 1, iş vərəqə 167) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 385 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əvvəllərdə hər hansı psixi xəstəlik qeyd edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. (cild 1, iş vərəqə 168-169) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 629 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul etməsi nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 179-180) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “Qarabağ” çay evidir. Həmin çay evi zal, kompüter otağı, mətbəx və sanitar qovşağından ibarət olmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. (Cild 1, iş vərəqə 181-183) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya heç bir şikayəti və tələbi yoxdur. (Cild 1, iş vərəqə 194) xx.xx.2023-cü il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı hadisənin baş vermə yeri və şəraiti barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqə 197-199) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilməsi qərara alınmış, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş ünvan 6 ünvanda yerləşən Şahid1 işlədiyi ofisin qarşısından keçən hissəsində yerdən çöplərin pambıq ucluqlarına keçirilmiş 4 ədəd qana bənzər ləkələr, Şahid1 idarə etdiyi «Hyundai Matrix» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın ayaq altısından çöpün pambıq ucluqlarına keçirilmiş 01 ədəd, sol arxa qapının alt hissəsindən çöpün pambıq ucluğuna keçirilmiş 01 ədəd qana bənzər ləkələr maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, baxış və götürmə protokolları, əlavə olunmuş fotocədvəllər, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 200-212) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 214-215) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əməlinə görə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən 03 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs hadisə vaxtı davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirmiş, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara nünasibətdə laqeydliyini ifadə etmiş, neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq cinayət əməllərini törətməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməyə və birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmağa cəhd etməklə silah qismində istifadə etmiş olduğu bıçaqla Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti yetirmişdir.” Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikasının 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, mübahisənin başlanmasının səbəbi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi, həmin hərəkətləri mütəmadi edərək hüquqazidd hərəkətlərini davam etdirməsi nəticəsində Təqsirləndirilən şəxs qəzəblənərək Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Habelə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hadisə vaxtı davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməsi, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara nünasibətdə laqeydliyini ifadə etməsi, neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq cinayət əməllərini törətməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməyə və birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmağa cəhd etməsi müəyyən olunmamış, bu hallar məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı dəfələrlə nalayiq ifadələr işlətməsi, təqsirləndirilən şəxsi kənar şəxslərin yanında təhqir etməsi səbəbindən yaranması bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli səhvən xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən ağır dərəcəli xəsarət yetirməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ailə vəziyyətini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-982/2022 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş ünvan 6 ünvanında yerləşən Şahid1 işlədiyi ofisin qarşısından keçən hissəsində yerdən çöplərin pambıq ucluqlarına keçirilmiş 04 ədəd qana bənzər ləkələr, Şahid1 idarə etdiyi «Hyundai Matrix» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın ayaq altısından çöpün pambıq ucluqlarına keçirilmiş 01 ədəd, sol arxa qapının alt hissəsindən çöpün pambıq ucluğuna keçirilmiş 01 ədəd qana bənzər ləkələr məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq, Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş ünvan 6 ünvanında yerləşən Şahid1 işlədiyi ofisin qarşısından keçən hissəsində yerdən çöplərin pambıq ucluqlarına keçirilmiş 04 ədəd qana bənzər ləkələr, Şahid1 idarə etdiyi «Hyundai Matrix» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın ayaq altısından çöpün pambıq ucluqlarına keçirilmiş 01 ədəd, sol arxa qapının alt hissəsindən çöpün pambıq ucluğuna keçirilmiş 01 ədəd qanabənzər ləkələr məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1369/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1369/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver