Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1370/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və "PRO BONO" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 01 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 21 bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 12,275 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 7 ədəd bükümdə küllü miqdarda - ümumi təmiz çəkisi 2,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində həmin narkotik vasitə heroindən 1 ədəd bükümdə 0,403 qram və psixotrop maddə metamfetamindən 1 ədəd bükümdə 0,249 qram çəkidə olan hissəsini tanışı Şahid1 20 manata satmış, Bakı şəhəri, Xətai rayon Polis idarəsi, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saat 17:10 radələrində Xətai rayonu, ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4ləşən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 6 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,361 qram, 0,389 qram, 0,365 qram, 0,398 qram, 0,385 qram, 0,371 qram olmaqla, ümumi təmiz çəkisi 2,269 qram təşkil edən qəhvəyi rəngli xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 20 ədəd ağ şəffaf rəngli selofan bükümdə ayrıayrılıqda çəkiləri 0,374 qram, 0,481 qram, 0,430 qram, 0,424 qram, 0,417 qram, 0,454 qram, 0,429 qram, 0,424 qram, 0,385 qram, 0,409 qram, 0,423 qram, 0,390 qram, 0,891 qram, 0,378 qram, 0,404 qram, 0,395 qram, 0,423 qram, 0,384 qram, 0,420 qram, 3,691 qram olmaqla, ümumi təmiz çəkisi 12,026 qram təşkil edən ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə özünün istifadəsi üçün almışdır. O, bu yolla 2-3 dəfə narkotik vasitə almışdır. Sonra narkotik vasitəni aldığı şəxslərə pulunun olmadığını, narkotik vasitəni nisyə vermələrini, pulunu sonra verəcəyini bildirmişdir. Bundan sonra narkotiki satan şəxs narkotik vasitəni qoyduğu yerin şəklini çəkib ona göndərmiş və o da, həmin yerdən gedib götürmüşdür. O, metamfetaminin 1 qramı üçün 16-17 manat, heroinin 1 qramı üçün isə 15 manat pul ödəmişdir. Şahid1 onun iş yoldaşı olmuşdur. Lakin o, Toğrula narkotik vasitə satmamışdır. Sadəcə narkotiki Toğrula verib gələndə, sonuncu 20 manat pulu onun cibinə qoymuş, lakin o, Toğrulun pulu cibinə necə qoyduğunu görməmiş və bundan xəbəri olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs narkotik vasitəni Gülman adlı şəxsdən "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə aldığını, lakin həmin şəxslə telefonla danışmadığını, həmin şəxsin "WhatsApp" nömrələrinin Azərbaycan və İran nömrələri olduğunu, tutularkən onda 13 büküm metamfetamin və 3 büküm heroin olduğunu, hər iki narkotik vasitəni falqadan istifadə edərək çəkdiyini, Toğrulun ona pulu verərkən bilmədiyini, sonradan Toğrulun onun cibinə pul qoyduğunu bildiyini, ümumilikdə onda 26 büküm narkotik vasitə və psixotrop maddə olduğunu, o, narkotik vasitəni aprel ayının 29-da aldığını, polis bölməsinə saat 12-də gətirildiyini, şəxsi axtarışının isə günorta aparıldığını, həmin vaxt vəkilin də iştirak etdiyini, Toğrulla onun arasında üzləşmə keçirilmədiyini, gündə 4 büküm narkotik vasitə istifadə etdiyini, narkotikləri öz istifadəsi üçün üzərində gəzdirdiyini, özünün həmin şəxsə narkotik vasitələri bükümlərə qoyub hazırlamasını qabaqcadan dediyini, Toğrulla daim bir yerdə narkotikdən istifadə etdiyini və qarşılıqlı olaraq bir-birinə narkotik vasitə verdiklərini, Toğrulun ona 20 manat verərkən bunu hiss etmədiyini, valideynlərindən anasının vəfat etdiyini, atası ilə əlaqəsi olmadığını, özünün hazırda babasının himayəsində yaşadığını və törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 aydan çox olmuşdur ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitələri qəbul etməyə başlayanda “İnstogram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Gülman adlı şəxs ilə tanış olmuş və həmin şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Buna görə də, o, narkotik vasitə lazım olan zaman “Whatsapp” proqramı ilə Gülmanın ona vermiş mobil nömrə ilə əlaqə saxlayıb, sonuncudan narkotik vasitə və psixotrop maddə satmasını istəmişdir. Bundan sonra Gülmanın ona dediyi bank hesabına pul göndərmiş, narkotik vasitələri qoyulduğu yerdən götürmüşdür. 28 aprel 2022-ci il tarixdə o, yenidən narkotik vasitə və psixotrop maddə əldə etmək qərarına gəlmişdir. Buna görə də, Gülman ilə əlaqə saxlayıb, sonuncudan ona nisyə olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satmasını, həmin maddələri sataraq pulunu verəcəyini bildirmişdir. Gülmandan bir neçə dəfə nisyə narkotik vasitə götürüb pulunu ödədiyi üçün sonuncu ona inanmışdır. Buna görə də, həmin gün saat 14 radələrində Gülman ona «Q.Qarayev» metrostansiyasının yaxınlığında siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddə qoyulduğu yeri bildirmiş və o, həmin yerə gedərək Gülmanın bildirdiyi yerdə olan “Winston” markalı siqaret qutusunu götürmüşdür. Oradan bir qədər uzaqlaşdıqdan sonra o, siqaret qutusunun içərisinə baxan zaman qutunun içərisində 21 ədəd bükümdə psixotrop maddə metamfetamin və 7 ədəd bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. O, həmin maddələri öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etsin. Şahid1 onun tanışıdır. Toğrul onunla birlikdə dondurma sexində işləmiş və onların arasında yoldaşlıq münasibəti olmuşdur. Toğrul da onun kimi narkotik vasitə aludəçisidir və narkotik, psixotrop maddələrdən istifadə etmişdir. Toğrul ilə bir neçə dəfə birlikdə narkotik vasitə və psixotrop maddə qəbul etmişlər. 29 aprel 2022-ci il tarixdə Toğrul onunla əlaqə saxlayıb ondan narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da, Toğrula öz şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aldığını bildirmişdir. Toğrul da istifadə etmək üçün aldığı psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən ona verməsini xahiş etmişdir. O da, aralarında olan yoldaşlıq münasibətinə və narkotik vasitə istifadəçilərinin bədənində olan ağrıları bildiyinə görə təmənnasız olaraq Toğrula öz istifadəsi üçün aldığı metamfetamindən və heroindən istifadə etmək üçün verə biləcəyini bildirmişdir. Həmin gün saat 15 radələrində yaşadığı məhəllədə Toğrul ilə görüşmüş və orada bir qədər söhbət etdikdən sonra aralarında olan yoldaşlıq münasibətinə görə metamfetamin və heroindən hər birindən bir büküm Toğrula vermişdir. Toğrul həmin metamfetamin və heroinə görə ona 20 manat pul vermək istəyən zaman o, pulu götürmək istəməsə də, sonuncu məcbur pulu onun cibinə qoyaraq çıxıb getmişdir. 29 aprel 2022-ci il tarixdə saat 17:10 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O da, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməyini bildirmişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd “Winston” markalı siqaret qutusunda olan içərisində qəhvəyi rəngli maddə olan 6 ədəd şəffaf rəngli selofan bükümü və içərisində kristal şəkilli maddə olan 20 ədəd şəffaf rəngli bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin 6 ədəd bükümlərin içərisində narkotik vasitə heroin, 20 ədəd bükümdə maddələrin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin maddələri öz istifadəsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu Gülman adlı İran vətəndaşının vasitəsi ilə “Qara Qarayev” metrostansiyasının yaxınlığında qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və təzyiqlər göstərilməmişdir. Onunla Toğrulun arasında yoldaşlıq münasibəti olmuş, onlar bir neçə dəfə birlikdə narkotik vasitə və psixotrop maddə qəbul etmişlər. Toğrul ondan narkotik vasitə və psixotrop maddə istəyən zaman o, Toğrula təmənnasız olaraq 2 ədəd bükümdə heroin və metamfetamin vermişdir. Gülman ilə hər dəfə əlaqə saxlayıb narkotik vasitə ala bilmədiyi üçün sonuncudan narkotik vasitəni və psixotrop maddəni çox almışdır ki, lazım olduqca istifadə etsin (cild 1, iş vərəqi 77-80). Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitələri və psixotrop maddələri qəbul etməyə başlayanda Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alaraq bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Eyni zamanda Ramal adlı şəxs də onun kimi narkotik vasitə aludəçisidir və sonuncu da, narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Buna görə, Ramalla bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etmişlər. 29 aprel 2022-ci il tarixdə yenidən narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Lakin heç bir yerdən narkotik əldə edə bilməyəcəyini başa düşüb, Ramalla əlaqə saxlayıb, sonuncudan narkotik vasitə olub-olmaması ilə maraqlanmışdır. Ramal da ona öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin aldığını bildirmişdir. O, 29 aprel 2022-ci il tarixdə saat 15 radələrində Ramala 20 manat verərək, sonuncudan 1 büküm heroin və 1 büküm metamfetamin almışdır. Əldə etdiyi metamfetamini və heroini bədənində ağılar olan zaman münasib yer taparaq orada istifadə etmək məqsədilə üzərində saxlamışdır. 29 aprel 2022-ci il tarixdə saat 15 radələrində Babək prospektində yerləşən “Araz” hotelin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. O da, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli selofan torbanı və 1 ədəd siqaret falqasına bükülmüş metamfetamini çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 29 aprel 2022-ci il tarixdə tanışı Ramal adlı şəxsdən şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra protokol yazılmış, həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Xətai RPİnin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Onlar məlumat əsasında saat 17:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Ramalın əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ramala narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Ramal əynində olan cins şalvarın sağ yan cibindən çıxardığı “Winston” markalı siqaret qutusunun içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə olan 6 ədəd şəffaf rəngli selofan bükümü və içərisində ağ rəngli metamfetaminə bənzər maddə olan 20 ədəd selofan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 6 ədəd bükümdə olan maddələrin narkotik vasitə heroin, 20 bükümdə olan maddələrin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu Gülman adlı İran vətəndaşının vasitəsi ilə qoyulduğu “Qara Qarayev” metrostansiyasının yaxınlığından şəxsi istifadə məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra Ramalın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ramal tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 Hüseyin oğlu və həmin şöbənin kiçik inspektoru Şahid4 iş üzrə əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətiriməsi, şəxsi axtarışının aparılması, narkotik vasitələrin və psixotrop maddələrin götürülməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarı Şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 may 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilərkən, Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də Şahid1 dediklərini təsdiq etmiş, sonuncuya 2 ədəd bükümdə psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 20 manata satdığını bildirmişdir (cild 1, iş vərəqi 91-95). İş materiallarında olan 29 aprel 2022-ci i tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən, “Wİnston” siqaret qutusunun içərisindən aşkar edilmiş 6 ədəd şəffaf rəngli və 20 ədəd ağ şəffaf rəngli selofan bükümlər elektron tərəzidə çəkilən zaman 6 ədəd şəffaf rəngli selofan bükümdə olan qəhvəyi rəngli maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,67 qram, 20 ədəd ağ şəffaf rəngli selofan bükümlərdə olan ağ kristallik maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 13,20 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 33-36). Məhkəmə-kimyəvi ekspertizasının 30 aprel 2022-ci il tarixli 6/2493 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində": (imza) Şahid1“ yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,403 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd təmiz çəkisi 0,249 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in və metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 103-105). Məhkəmə-kimyəvi ekspertizasının 30 aprel 2022-ci il tarixli 6/2501 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində "... (İmza) Təqsirləndirilən şəxs “ yazısı və imzalar olan zərfdəki, üzərində “ Vinston” yazısi olan siqaret qutusunun içərisində 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qr, 0,389 qram,0, 398 qram, 0,385 qram, 0,371 qram olmaqla, ümumi təmiz çəkisi 2,269 qram təşkil edən qəhvəyi rəngli maddə tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 20 (iyirmi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qr, 0,481 qr, 0,430 qr, 0,424 qr, 0,417 qr, 0,454 qr, 0,429 qr, 0,424 qr, 0,385 qr, 0,409 qr, 0,423 qr, 0,390 qr, 0,891 qr, 0,378 qr, 0,404 qr, 0,395 qr, 0,423 qr, 0,384 qr, 0,420 qr, 3,691 qr olmaqla, ümumi təmiz çəkisi 12,026 qram təşkil edən ağ rəngli kristalardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 44-49). Məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2022-ci il tarixli 6/3064 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 2 (iki) paketdəki vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümdəki heroinlər, vət.Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; -vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 20 (iyirmi) ədəd bükümdəki metamfetaminlər, vət.Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin və metamfetaminin ayrıayrılıqda 30 aprel 2022-ci il tarixli 6/2501 saylı, Şahid1 aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkiləri 30 aprel 2022-ci il tarixli 6/2493 saylı rəylərində göstərilmişdir (cild 1, iş vərəqi 134- 143). Məhkəmə-narkoloji ekspertizasının 10 may 2022-ci il tarixli 2354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimilyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 133-134). İş materiallarında olan 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Winston” siqaret qutusunun içərisindən 6 ədəd şəffaf rəngli selofan bükümlərdə, ayrı ayrılıqda çəkiləri 0,361 qram, 0,389 qram, 0,365 qram, 0,398 qram, 0,385 qram, 0,371 qram olmaqla, ümumi təmiz çəkisi 2,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20 ədəd ağ şəffaf rəngli selofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,374 qram, 0,481 qram, 0, 430 qram, 0,424 qram, 0,417 qram, 0,454 qram, 0,429 qram, 0,424 qram, 0,385 qram, 0,409 qram, 0,423 qram, 0,390 qram, 0,891 qram, 0,378 qram, 0,404 qram, 0,395 qram, 0,423 qram, 0,384 qram, 0,420 qram, 3,691 qram olmaqla, ümumi təmiz çəkisi 12,026 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 63-64). İbtidai istintaq orqanının 07 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına və 11 iyun 2022-ci il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ilkin təmiz çəkisi 2,269 qram olan narkotik vasitə heroin və 20 ədəd bükümdə ilkin təmiz çəkisi 12,026 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,029 qram çəkidə narkotik vasitə heroin və 11,726 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 144-157, 169). Cinayət işində olan 06 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 131). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, narkotik vasitə aludəçisi olduğunu, lakin narkotikin satışı ilə məşğul olmadığını, Şahid1 ona 20 manat pul verdiyini hiss etmədiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla onun şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən qismən fərqlənən ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 may 2022-ci il tarixli 2354 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,029 qram çəkidə narkotik vasitə heroin və 11,726 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,029 qram çəkidə narkotik vasitə heroin və 11,726 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1370/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1370/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver