Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1371/2023 28.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 499 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2023-cü il tarixdə saat 22:05-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq, 21-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı çiynindən asdığı əl çantasının içindən 1 bükümdə təmiz çəkisi 499 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, evdən çölə getmək üçün qapını açmış və 5-6 nəfərin evə doğru yaxınlaşdığını görmüşdür. Həmin şəxslər onu qırağa çəkmiş, evə girib evi axtarmışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşanda onlar polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları mətbəxdə stolun üstündən onun öz istifadəsi üçün aldığı “kakos”u götürüb, onu 21-ci Polis bölməsinə aparmışlar. Polis əməkdaşları narkotiki boynuna alması üçün onu hədələmiş, o da məcbur qalıb narkotiki boynuna almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, polislərin onun evinə, ailəsinə ziyan vura bilmələrindən qorxmuş və narkotiki etiraf etmişdir. Onun tərəzisi olmamış, evdəki tərəzi isə işlək vəziyyətdə olmamışdır. Məcid adlı şəxsi tanımır. Narkotiki tanımadığı şəxslərdən almışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə elan edilərək tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilib göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitə istifadəçisidir. 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində “Xətai” metrostansiyasının yaxınlığında yerləşən tanımadığı binanın qarşısından Məcid adlı İran İslam Respublikasının vətəndaşından 2800 (iki min səkkiz yüz) manat pul müqabilində təxminən 500 qram çəkidə narkotik vasitə heroin almış və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün daim üzərində gəzdirdiyi çantaya yerləşdirib yaşadığı əraziyə qayıtmışdır. 11 yanvar 2023-cü il tarixdə axşam saat 22:05 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək Nəsimi rayon Polis idarəsinin 21-ci Polis bölməsinin əməkdaşları olmalarını bildirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gətirən əməkdaşların iştirakı və videoçəkiliş ilə şəxsi axtarış keçirilməyə başlanmış və ilkin olaraq üzərində olan əşyaları təqdim etmək təklif olunduqda o, üzərində olan çiynindən asdığı çantanı çıxarıb onun içərisindən özünə məxsus “REDMİ” markalı mobil telefonu, elektron tərəzini və içərisində yuxarıda qeyd olunan narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxardaraq stolun üzərinə qoymuşdur. Bundan başqa həmin bükümün içərisində olan kütlənin “kakos" deyilən narkotik vasitə heroin olmasını, həmçinin Bakı şəhəri Xətai rayonu ərazisindən tanımadığı Məcid adlı İran vətəndaşından şəxsi istifadə üçün aldığını və üzərimdə saxladığını, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, narkotiki həm öz istifadəsi üçün, həm də ağrıları olan zaman tanıdığı şəxslərə pul müqabilində verdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar edilməmişdir. Ardınca qeyd olunan içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm müvafiq qaydada qablaşdırıldıqdan sonra elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir (cild 1, iş vərəqi 68-70). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixində Ceyhun adlı şəxsin narkotik vasitələri gəzdirməsi, saxlaması və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, onlar Mərdanov qardaşları adlanan ünvana yaxınlaşmış və saat 22:05 radələrində həmin şəxsi saxlamış, onu polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin üzərindən bir büküm narkotik vasitə, telefon və tərəzi aşkarlanaraq götürülmüşdür. Ceyhunun dediyinə görə, o, narkotiki “Xətai” metrosunun yanında şəxsiyyəti polislərə məlum olmayan Məcid adlı İran vətəndaşından 2800 manata almışdır. Aşkar edilmiş narkotik təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir olmamışdır. Əməliyyatda iştirak edən polis əməkdaşları təqsirləndirilən şəxsin evinə girməmişlər. Ceyhunu yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 və Şahid2 bildirdilər ki, təqsirləndidilən şəxs üzərindən aşkar edilmiş narkotiki həm öz istifadəsi üçün, həm də satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Ceyhun adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlayaraq daşıması, istifadə etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı əldə edildiyi bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ceyhun adlı şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 22:05 radələrində Ceyhun adlı şəxs Nəsimi rayonu, Mərdanov Qardaşları döngəsi, ev 3 ünvanının qarşısında saxlanılaraq bölməyə gətirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, ciblərində və ya bədənində olması ehtimal edilən əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi asma çantasının içindən bir ədəd sarı rəngli bükümü, bir ədəd elektron tərəzini, bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, o, bir ədəd sarı rəngli bükümün içərisindəki maddənin heroin olduğunu, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, qeyd edilən maddəni xx.xx.2023-cü il tarixdə “Xətai” metrosunun yaxınlığında yerləşən binanın kənarında İran vətəndaşı Məcid adlı şəxsdən mobil telefonla əlaqə saxlayaraq 2800 manata öz istifadəsi üçün aldığını, arada tanıdığı şəxslərə ağrıdan çıxması üçün pul müqabilində satdığını bildirmişdir. Qeyd edilən maddə müvafiq qaydada götürülərək zərfə qoyulmuş və zərf DİN-in 189 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 49-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi və “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” yazısı və imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 499 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 57-61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və diskin məzmunundan görünür ki, 21-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı təhqiqatçının, üzərində olan əşyaları təqdim etməsi təklifindən sonra Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantanı çıxarıb həmin çantanın içərisindən 01 ədəd qara rəngli mobil telefonu, sellofana sarılmış 01 (bir) ədəd bükümü və elektron tərəzinini təqdim edərək masanın üzərinə qoymuş və həmin bükümün içərisində “kakos” deyilən narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisində həqiqətən də narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə olması aşkar olunmuş və qeyd olunan kütlə ekspertiza tədqiqinə göndərilməsindən ötrü bükülüb aşkar olunmuş elektron tərəzi ilə birlikdə zərfə qoylumaqla qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarışla bağlı çəkilmiş videoçəkiliş iştirakçılara göstərildikdən sonra iştirakçılar tərəfindən hər hansı bir vəsatət, şikayət daxil olmadığına görə şəxsi axtarış yekunlaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ondan aşkar edilərək götürülmüş narkotik vasitəni saxlanıldığı gündən bir gün əvvəl “Xətai” metrostansiyasının yaxınlığından yaxından tanımadığı Məcid adlı İran vətəndaşından 2800 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, həmçinin əldə etdiyi narkotikərdən tanıdığı şəxsə pul müqabilində verdiyini əlavə etmişdir (cild 1, iş vərəqi 77-79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 80). İşdə olan əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 499 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 498,8 qram heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 116-117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4677 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1/1740 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya müalicə üçün müraciət etməmişdir (cild 1, iş vərəqi 137). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ibtidai istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli, 84xx/xx/2023 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cınayət işi üzrə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qızılın alveri ilə məşğul olması öz təsdiqini tapmamışdır (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə mənbə barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 162-163). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən polislərin onun evinə daxil olması, sonuncuların mətbəxdə stolun üstündə olan narkotiki götürüb onu polis bölməsinə aparmaları, bölmədə polis əməkdaşlarının narkotiki boynuna alması üçün onu hədələmələri və məcbur qalıb narkotiki boynuna alması, saxlanılarkən üstündə tərəzinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, üzərində gəzdirdiyi asma çantasının içindən bir bükümdə narkotik vasitəni və elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisindəki maddənin heroin olduğunu, qeyd edilən maddəni 10 yanvar 2023-cü il tarixdə “Xətai” metrosunun yaxınlığında Məcid adlı İran vətəndaşından 2800 manata öz istifadəsi üçün aldığını, arada tanıdığı şəxslərə ağrıdan çıxması üçün pul müqabilində satdığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla razılaşdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edildiyi və həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin iddiaları məhkəmə istintaqı zamanı yoxlanılmış, dindirilən şahidlərə müvafiq suallar verilmiş, qeyd edilən iddiaları təsdiq edən hər hansı sübut məhkəmədə əldə edilməmişdir, əksinə həmin iddialar şahidlər tərəfindən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan elektron tərəzinin aşkar edilməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, həmin narkotiki satış məqsədilə əldə etdiyi ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Suraxanı rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 ( bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 2 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəzası 24 noyabr 2022-ci ildə başa çatmışdır (cild 1, iş vərəqi 13-136, 143- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halı, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 yanvar 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24-25, 105-108). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 11 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 498,8 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 498,8 qram heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1371/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1371/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver