Məhkəmə qərarları › İş №1(101)-1371/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1371/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1371/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 mart 1994-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, H.Z.Tağıyev küçəsində yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98 914 *** **** saylı nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə WhatsApp ani mesajlaşma proqramı vasiətsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd torbada külli miqdarda ümumi çəkisi 3279,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda ümumi çəkisi 1825,8 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) 755 bitkisinin hissələri və külli miqdarda 3 ədəd üzərlərində “Tymol-X 225 12 27” göstəricisi olan blisterdə 30 ədəd tabletin (hər blisterdə 10 ədəd tablet olmaqla) əsas təsiredici maddəsi tramadol, üzərindəki göstəriciyə əsasən həmin tabletlərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 6,75 qram güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımış, 1 fevral 2025-ci il tarixdə saat 21:30-da Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə 0,40 qram, əlindəki ağ rəngli torbanın içərisində külli miqdarda 3 ədəd qara rəngli sellofan bağlamalarda ümümi çəkisi 3279,2 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda ümumi çəkisi 1825,8 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) 755 bitkisinin hissələri, külli miqdarda 3 ədəd üzərlərində “Tymol-X 225 12 27” göstəricisi olan blisterdə 30 ədəd tabletin (hər blisterdə 10 ədəd tablet olmaqla) əsas təsiredici maddəsi tramadol, üzərindəki göstəriciyə əsasən həmin tabletlərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 6,75 qram güclü təsir edən maddələr, 1 ədəd elektron tərəzi və “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1 fevral 2025-ci il tarixdə özü istifadə etməsi üçün 5 qram marixuana götürmək üçün Köhnə Günəşli qəsəbəsinə əvvəlcədən ona göndərilmiş məkana gəldim. Ancaq həmin yerdə 5 qram yox, bir torba marixuana olduğunu görüb onu götürməmişdir. Getmək üçün maşına oturanda 15ə yaxın polis əməkdaşı onu saxlamışlar. Polis əməkdaşları onu döyüb, həmin narkotik vasitəni üzərinə götürməyini istəmişlər. O isə etiraz edən zaman polislər onu təhdid etmişlər. Bundan sonra polislərin dedikləri ilə razılaşmışdır. Həmin vaxt yerində çəkiliş həyata keçirilmiş və çəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Çəkiliş zamanı polislər tərəfindən təqdim olunmuş elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onu 35-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Bakıda əmisi oğlu ilə kirayədə yaşamışdır. Polislər onu ailəsi ilə hədələmişdilər. O, ailəlidir. Həmin vaxt getdiyi yerdə bir torba narkotik vasitə olmuşdur. Həmin ərəfələrdə atası əməliyyat olunmalı idi. Saxlanılan zaman polislər tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilmişdir. Mən narkotik vasitə ilə bağlı İran vətəndaşı Azər adlı şəxslə danışmışdır. Azərdən öz istifadəsi üçün 5 qram marixuana istəmişdir. Azər ilə yazışmaları olmuşdur. O, narkotik vasitələrin satışı və daşınması ilə məşğul olmamışdır. Narkotik vasitəni Azərin atdığı konumdan götürməli idi. O, həmin konuma öz istifadəsi üçün 5 qram narkotik vasitə marixuanaya görə getmişdir. Həmin narkotik vasitənin pulunu sonra ödəməli idi. Əvvəllər də Azər adlı şəxsdən narkotik vasitə almışdır. Həmin vaxt da maksimum olaraq Azərdən 5 qram narkotik vasitə marixuana almışdır. Əvvəllər narkotik vasitə alan zaman getdiyi yerdə heç vaxt bu qədər narkotik olmamışdır. Polislər onun üz nahiyyəsinə vurmuşlar. Həmin vaxt xəsarət almamışdır. O, həmin vaxt həmin yerə 5 qram narkotik vasitə marixuana üçün getmişdir. Polislərin onun həmin yerə gələcəyini haradan bildiklərini bilmir. O, həmin torbada olan narkotik vasitəni götürməmişdir. Azər adlı iranlının danışığından və hərəkətlərindən şübhələnməmişdir. Polis əməkdaşı Şahid2 onun saxlanılmağında iştirak etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman sonuncular ona qarşı fiziki güc tətbiq etmişlər. Videoçəkilişdə görüntülənən sellofan paket sonradan həmin əraziyə gətirilmişdir. Şahid3 videoçəkilişdə iştirak etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır, həmin ifadə ona məxsus deyil. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir ildən artıqdır ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Bir ildən çoxdur ki, özünü ona Azər kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı olan şəxslə sosial şəbəkədə tanış olmuş və ondan öz istifadəsi üçün hər dəfə 1 qram artıq olmayan miqdarda narkotik vasitəni Azərin ona göndərdiyi ünvanlardan götürərək istifadə etmişdir. Sonuncu dəfə Azərlə danışdığı zaman maddi çətinliklərinin olmasını, atasını xəstəxanaya aparmalı olduğunu və atasının əməliyyat olunması üçün 700 manat pula ehtiyacı olduğunu bildirmişdir. Azər isə ona köməklik edəcəyinə söz vermişdir. 01 fevral 2025-ci il tarixdə Azər ona vatsap proqramı vasitəsi ilə zəng edərək məkan göndərməklə həmin ünvanda torba gizlətdiyini və həmin torbanı götürəndən sonra Azərə zəng etməyini tapşırmışdır. O həmin tarixdə axşam saat 21 radələrində ünvan 2 ünvandan ağ rəngli torbanı götürdükdən sonra hərəkətdə olduğu zaman arxadan 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq saxladıqdan sonra özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat daxil olmasını bildirmişdirlər. Ona hüquq və vəzifələri həmçinin müdafiəçiyə malik olmaq hüququm izah edildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, qara rəngli dəri gödəkcəsinin sol iç cibindən 01 ədəd elektron tərəzini, içərisində ***-***-**-** saylı nömrə olan “Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sağ yan cibindən öz istifadəsi üçün cibində hadisə yerinə gəldiyi içərisində 1 qramdan az miqdarda marixuana olan kağız bükümü və bir az öncə gizlədilmiş yerdən götürdüyü ağ rəngli torbanı təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən götürülmüşdür. O cibindən çıxarıb təqdim etdiyi kağızda marixuana olmasım və torbanı gətirmək üçün gələrkən həmin maddəni özü istifadə etmək üçün cibində saxladığını, əlində olan ağ torbanı isə İran İslam Respublikasının vətəndaşı olan Azər adlı şəxsin göstərdiyi ünvandan onun tapşırığı ilə götürdüyünü bildirmişdir. Üzərindən aşkar edilmiş və həmçinin əlində olan torbada olan maddələr elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, üzərində olan marixuananın çəkisi 1,11 qram, torbada olan 3 ədəd şəffaf sellofanda marixuananın çəkisi 11|35 qram, 1045 qram və 3140 qram olmuşdur. Bundan başqa həmin torbadan 3 list “Tymol X” tableti, 4 list “Preqabalin” tableti, 7 list “Royal” markalı dərman həbləri aşkar edilmişdir (cild 1, iş vərəqi 169-172). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Onlar Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs bənzər bir şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun şəxsiyyətini müəyyənləşdirmişlər. Ona narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra üzərində olan qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd tərəzini, 1 ədəd mobil telefonu, cibində olan 1 ədəd kağız parçasını və əlində olan 1 ədəd sellofan paketi təqdim etmişdir. Sonra tərəfimizdən Təqsirləndirilən şəxs əlində olan sellofan paketə baxış keçirilmiş və içərisindən narkotik maddə olan marixuanaya bənzər maddə və dərman həbləri aşkar edilmişdir. Daha sonra həmin maddələr qablaşdırılmış və Xətai RPİ-nin 35-ci PB-nə təhvil verilmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə yerində tərəflərindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs yolda hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Videoçəkiliş onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman başlanılmışdır. Videoçəkilişdən qabaq tərəflərindən hər hansı senari planlaşdırılmamışdır. Səhv etmirəmsə, tərəflərindən aparılmış videoçəkilişdə Təqsirləndirilən şəxs sellofan paketi götürməsi öz əksini tapır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2025ci ilin fevral ayında, təxminən axşam saatlarında əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı, o, Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs bənzər bir şəxsə yaxınlaşmış və həmin şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman videoçəkilişi o, aparmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, vəkil ilə təmin olunma hüququ izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs tərəflərindən polis bölməsinə aparılmışdır. Bölmədə şəxsin üzərinə baxış keçirilən zaman onun gödəkçəsindən 1 ədəd elektron tərəzi, cibindən və əlində olan sellofan paketdən isə narkotik maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə tərəflərindən qablaşdırılaraq təhqiqatçıya təhvil verilmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman səhv etmirsə narkotik vasitələrdən başqa dərman həbləri aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə və dərman həbləri videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahidlər Şahid2 və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 129-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 2 fevral 2025-ci il tarixli 7/216 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,40 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik bağlamada üç ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkisi 3279,2 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin üç ədəd qara rəngli sellofan bağlamaların içərsində ümumi çəkisi 1825,8 qram ümumi sayı 755 (yeddi yüz əlli beş) bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Marixuananın ümumi təmiz çəkisi 3279,6 qramdır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur (cild 1, iş vərəqi 42-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 2 fevral 2025-ci il tarixli 7/448 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №154” plan kağız yapışdırılmış yarı açıq vəziyyətdə olan bir ədəd zərfdəki 3 ədəd üzərilərində “Tymol-X 225 12 27”göstəricisi olan blisterdə 30 ədəd tabletin (hər blisterdə 10 ədəd tablet olmaqla) əsas təsiredici maddəsi tramadoldur və üzərilərindəki göstəriciyə əsasən həmin tabletlərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 6,75 qramdır. 4 ədəd üzərilərində “Pregabalin 150 11 2021’’ göstəricisi olan blisterdə 60 ədəd kapsulun tərkibində əsas təsiredici maddə pregabalin və 7 ədəd üzərilərində “Royal-225 tramadol hydrochloride 03.2023” göstəricisi olan blisterdə 70 ədəd tabletin tərkibində əsas təsiredici maddə tramadol təşkil edilsə də yararlılıq 4 müddətləri bitdiyi üçün (yararlılıq müddətləri müvafiq olaraq 11.2021-ci və 03.2023-cü il tarixinə qədər) həmin tablet və kapsullar istifadəyə yararsız hesab olunur və onların tərkibində təsiredici maddənin miqdarını üzərilərindəki göstəricilərə əsasən müəyyən etmək mümkün deyildir. Preqabalin və tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 47-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli, 1436 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 138-139). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd Redmi markalı mobil telefon aparatına baxış zamanı mobil telefon aparatının Çin Respublikası istehsalı olmaqla 2 sim kartlı Redmi markalı mobil telefonu olması, üzərində ***-***-**-** saylı sim nömrənin olması müəyyən edilmişdir. Telefona daxil olduqda telefon zəngləri və sms mətnləri aşkar olunur. SMS mətnlərində Təqsirləndirilən şəxs ona zəng edilməsi və kontur göndərilməsi xahiş olunur, istintaq əhəmiyyətli sms müəyyən edilmir. Vatsap və Vatsap business proqramlarına baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonda “Azər” adı ilə qeyd etdiyi +98 914 *** **** saylı nömrəyə bağlı Vatsap proqramı vasitəsi ilə yazışmaları və həmin yazışmalarda “Azər” adlı şəxsin Təqsirləndirilən şəxs məkan fotoşəkilləri və məkan göndərməklə müxtəlif ərazilərdə gizlədilmiş narkotik vasitə və psixotrop maddələrin yerləri barədə məlumat verilir və həmçinin həmin ərazilərdə qoyulmuş maddələrin sayı və çəkisi göstərilir. Təqsirləndirilən şəxs isə həmin maddələri götürdükdən sonra bu barədə “Azər” adlı şəxsə məlumat verir. Həmçinin vatsap yazışmalarında Təqsirləndirilən şəxs bir neçə şəxslə yazışması, həmin şəxslərin ondan narkotik vasitə istəməsi, həmin narkotik vasitələri gətirməsi və həmin narkotik vasitələrin satışı ilə bağlı pulun göndərilməsi, yəni satışının həyata keçirilməsi müəyyən edilir (cild 1, iş vərəqi 78-103). Cinayət işinin materiallarında olan 3 fevral 2025-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanında Xətai RPİnin NMB-nin əməkdaşları tərəfindən saxlanılıb videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən əynindəki qara rəngli dəri gödəkcəsinin sol iç cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefon, əynindəki göy rəngli cins şalvarın sağ yan 5 cibindən 1 ədəd ağ kağız bükümdə 1,11 qram narkotik vasitə marixuanaya bənzər maddəni və və əlində olan ağ rəngli sellofan torbam təqdim edir. Həmin ağ rəngli sellofan torba açıldıqda 1 ədəd sellofanda olan qara rəngli sellofan bükümdə 1 kq 135 qram, 1 ədəd şəffaf sellofanda olan qara rəngli sellofan bükümdə 1 kq 0,45 qram, 1 ədəd şəffaf sellofanda olan qara rəngli bükümdə 3 kq 140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 3 list hər birinin içərisində 10 ədəd olmaqla 30 ədəd “Tymol225”, 4 list hər birinin içərisində 15 ədəd olmaqla 60 ədəd “Preqabalin” və 7 list hər birinin içərisində 10 ədəd olmaqla 70 ədəd “Royal” dərman həblərini təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləirin içərisindəki, narkotik vasitə olan marixuananı və həbləri xx.xx.2025-ci il tarixdə saat 21 radəlbrində ünvan 5 ünvanın qarşısına gəlməsi üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “vatsap” ani mesajlaşma sisteminə məkan xidmətindən istifadə etməklə “Azər” adlı İran vətəndaşının sifarişi ilə həmin ünvandan götürməsini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi nakotik vasitələr elektron tərəzidə ölçülür və ümümi çəkisinin 5 kq 321,11 qram olması və psixotrop həblərin sayının 160 ədəd olması müəyyən edilərək qablaşdırılmaqla möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Həmçinin Xətai RPİ-nin 35ci PB-nin inzibati binasında təhqiqatçı polis polkovnik-leytenantı X1 xidməti otağında Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Abdlulla oğlu və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakları ilə təqdim olunmuş 01 ədəd ağ rəngli torbada 03 ədəd şəffaf sellofanda olan qara rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr, 01 ədəd zərfdə 01 ədəd elektron tərəzi, 01 ədəd ağ kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə, 3 list hər birinin içərisində 10 ədəd olmaqla Tymorl-X225 mq, 4 list hər birinin içərisində 15 ədəd olmaqla 60 ədəd Pregabalin 150 mq və 7 list hər birinin içərsində 10 ədəd olmaqla 70 ədəd Royal-225 mq dərman həblərinin olması müəyyən edilir, sonra yenidən qablaşdırılıb möhürlənir. Həmçinin 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefona da baxış keçirilir, daha sonra 1 ədəd DVD formatlı diskə kompüterdə baxış keçirilir (cild 1, iş vərəqi 77). Cinayət işinin materiallarında olan 1 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, 1 ədəd ağ rəngli torbada 3 ədəd şəffaf sellofanda olan qara rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr, 1 ədəd zərfdə 1 ədəd elektron tərəzi, 1 ədəd ağ kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə, 3 list hər birinin içərisində 10 ədəd olmaqla Tymorl-X225 mq, 4 list hər birinin içərisində 15 ədəd olmaqla 60 ədəd Pregabalin 150 mq və 7 list hər birinin içərsində 10 ədəd olmaqla 70 ədəd Royal-225 mq dərman həblərinin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 15-16). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 3279,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, tramadolun təsir maddəsinin ümumi miqdarı 6,75 qram olan “Tymol-X 225 12 27” göstəricili blisterdə 30 ədəd tablet, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 3279,4 qram olan narkotik vasitə qurudulmuş marixuana, 59 ədəd preqabalin kapsulu, 98 ədəd tramadol həbi və bir ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş üzrə baxış aparılmasına dair videogörüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqi 144-151, 178). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 26-27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 fevral 2025-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 110-112). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmiş və xx.xx.2016-cı il tarixdə cərimə cəzası icra edilmişdir (cild 1, iş vərəqi 121-122). 1 may 2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edilmişdir. Cinayət işinin materiallarında olan Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Fərrux Gülməmmədli və xx.xx.2019-cu il təvəllüdlü Yağmur Gülməmmədli adlı iki azyaşlı uşağı vardır (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasından nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 3279,4 qram olan narkotik vasitə qurudulmuş marixuana, 59 ədəd preqabalin kapsulu, 98 ədəd tramadol həbi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd üzərində ***-***-**- ** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon aparatı onun qohumlarına qaytarılmalı, -1 fevral 2025-ci il tarixli baxış və götürmə protokoluna əlavə edilmiş 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 3279,4 qram olan narkotik vasitə qurudulmuş marixuana, 59 ədəd preqabalin kapsulu, 98 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd üzərində ***-***-**- ** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon aparatı onun qohumlarına qaytarılsın, -1 fevral 2025-ci il tarixli baxış və götürmə protokoluna əlavə edilmiş 2 ədəd DVD diskcinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar