Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1372/2023 25.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyası, Saratov şəhərində anadan olan, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivi, yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə gecə saat 1 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Dostlar” marketin yaxınlığında olan kafenin qarşısında orta dərəcəli alkoqol vəziyyətində həmin kafeni işlədən tanışı Zərərçəkmiş şəxs kafedə müştəri qismində yeyib-içib hesab vermədiyinə görə hesabı istəməsi ilə bağlı haqlı tələbinə etiraz edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninə 2 bıçaq zərbəsi endirərək ona hemopnevmotoroksa səbəb olan döş qəfəsinin sol-yan divarının daxilə nüfuz edən 1 ədəd və qaraciyərin yaralanmasına səbəb olan qarnın sağ-yan divarının daxilə nüfuz edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivində 8-9 il ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Hadisə baş verən gün o, axşam 21 radələrində tanışıyla birlikdə Zərərçəkmiş şəxs kafesində spirtli içki qəbul etmək üçün əyləşmişlər. Hətta Vəfadar da onlarla birlikdə bir neçə qədəh araq içmişdir. Saat 00:30 radələrində o, tanışı Anarı yola salmaq üçün kafeni tərk etmiş, lakin pencəyi və mobil telefonunun yükləyicisi yemək yediyi masada qalmışdır. O, tanışını yola salıb kafeyə qayıdarkən Vəfadarın onun pencəyini və mobil telefonunun yükləyicisini əlində saxlayaraq ona doğru gəldiyini görmüşdür. Vəfadara məclisinin davam etdiyini bildirsə də, sonuncu, kafenin bağlandığını və onun hesabı ödəməli olduğunu bildirmişdir. Vəfadarla qonşuluqda yaşamış və həmişə normal münasibətləri olmuşdur. Vəfadar ona hesabı dedikdə o, Vəfadara hesabın şişirildiyini bildirmişdir. Vəfadar isə hesabın tam doğru olduğunu demişdir. Kənarda olan şəxslərdən bir nəfər ona şəhid qardaşı olduğunu bildirəndə Vəfadar nalayiq ifadələr işlədərək şəhid qardaşının onun üçün bir fərqi olmadığını demişdir. Bundan sonra o, Vəfadara ağır söyüşlər söymüşdür. Vəfadar da onun üstünə hücum edərək ona başı ilə zərbə endirməyə cəhd etmişdir. O da məcbur olub cibində olan darağı çıxarıb havaya yelləyərək Vəfadarı özündən uzaqlaşdırmağa çalışmışdır. Vəfadarın yıxıldığını görən kimi ətrafda olan şəxslərə ona kömək etmələrini bildirmişdir. O, hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Xəstəxanadan yeni çıxdığı üçün üzərində dərman preparatları olmuşdur. Tanışını yola salıb məclisi davam etdirərək hesabı ödəyəcəkdi. Dəfələrlə həmin kafedə yeyib içmiş, lakin hesabla bağlı heç vaxt problem olmamışdır. Hesab şişirildiyi üçün Vəfadarla aralarında mübahisə yaranmışdır. Həm o, həm də Vəfadar sərxoş vəziyyətdə olduqları üçün aralarında anlaşılmazlıq yaranmışdır. Restoranın qarşısında olan “Dostlar” marketin yaxınlığında Vəfadarla aralarında mübahisə yaranmışdır. Vəfadar ona yaxınlaşıb 49 və ya 50 manat hesabın onun tərəfindən ödənilməli olduğunu bildirmişdir. O, hesabın 36-37 manat olduğunu təxmin etmişdir. Restoranda olanda heç kim ondan hesab istəməmişdir. Vəfadarla mübahisə edərkən və cibində darağı havada yelləyərkən ətrafda olan şəxslər Vəfadarın tanışları olmuşdur. Həmin gün Vəfadarla birlikdə bir neçə qədəh spirtli içki içmişlər. Kənarda olan şəxslərdən bir nəfər onun şəhid qardaşının olduğunu bildirəndə Vəfadar ünvanına nalayiq ifadələr işlədərək şəhid qardaşının onun üçün bir fərqi olmadığını bildirdikdən sonra o, Vəfadarın ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında hesabla bağlı yaranmış mübahisə əlbəyaxa davaya çevrilmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Üzərində bıçaq olmamış, polis əməkdaşları gəlib evlərindən bıçaq götürərək guya həmin bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Aşbaz olduğu üçün evlərində müxtəlif ölçülərdə bıçaqları olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, evlidir, 2 övladı var, orta təhsillidir, məhkumluğu yoxdur, fərdi əməklə məşğul olur, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivində 8-9 ildir ki, ailəsi ilə kirayədə yaşayır. Zərərçəkmiş şəxs 5 ildir ki, yaşadığı məhəllədən tanıyır, aralarında münasibəti normal olub, heç zaman münaqişə etməmişlər, daima birlikdə yeyib içmişlər. 20 fevral 2023-cü il tarixdə axşam 21 radələrində tanışı Anar adlı şəxslə Vəfadarın kafesində yemək yemiş, təxminən 1 litr 200 qram yerli istehsal araq içmiş, saat 00-15 radələrində 21 fevral 2023-cü il tarixdə o, Anarı oradan yola salıb geri kafeyə qayıdanda küçədə Vəfadarla rastlaşmış, o, ondan ümumi hesabın 50 manat etdiyini və hesabı ödəməyini xahiş etmiş, o isə pulu verməyəcəyini deyib onun ünvanına küçə söyüşləri söymüş, Vəfadar da ona fikir verməyərək onun sərxoş olmağını nəzərə alıb heç nə deməmiş, sonra Vəfadar ona başqa yerə getməli olmağını, pulun lazım olmasını demiş, bu zaman o, heç bir səbəb olmadan Vəfadarın üzərinə təhqir edə-edə gedib cibindən üzərində gəzdirdiyi bıçağı qəflətən çıxararaq sol döş nahiyəsinə və qarın nahiyəsinə ani anda 2 bıçaq zərbəsi vurmuş, zərbə nəticəsində Vəfadar yerə yıxılmış, sonra o, Vəfadarı təhqir edib oradan çıxıb getmiş, həmçinin gedərkən hadisə barədə polisə məlumat verməməyini Vəfadardan xahiş etmişdir. Hadisə 3-4 dəqiqə aralığında 21 fevral 2023 tarixdə gecə saat 1 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Dostlar” marketin yaxınlığında baş vermişdir. Həmin bıçaq mətbəx bıçağıdır, bəzən üzərində, bəzən isə evinin mətbəxində olur (cild 1, iş vərəqə 146-148). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində işdə olarkən qonşusu Eldar dostu ilə birlikdə kafeyə gəlib kabinetdə oturaraq araq sifariş etmiş, sonra da yeyib içmişlər. Gecə saat 00:40 radələrində onlar masadan qalxıb kafedən küçəyə çıxan zaman Eldar ondan hesabı soruşduqda hesabın 46 manat olduğunu bildirmişdir. Bundan sonra o, masanı yığışdırmış, daha sonra küçəyə çıxdıqda Eldarla rastlaşmış, həmin vaxt onun dostu artıq çıxıb getmişdir. Orada Eldardan hesabı ödəməyini xahiş etdikdə o, bir neçə dəfə adekvat olmayan cavablar vermişdir. O isə Eldara başqa yerə gedəcəyini və hesabın ödənilməli olduğunu deyəndə Eldar ona qarşı nalayiq ifadələr işlətmiş, onu pis hala salacağını bildirmişdir. O da Eldara “kimin kimi pis hala salacağını görərik” demişdir. Bu vaxt Eldar onun üstünə gəlib ona 2 bıçaq zərbəsi vurmuşdur. O da qaçaraq evə doğru getməyə başlamışdır. O, həyətində stolda yaralı halda olarkən Eldar onlara gələrək hadisə barədə polisə məlumat verməməyini xahiş etmiş, o isə Eldara getməsini bildirmişdir. Daha sonra yoldaşı TTY-a məlumat vermişdir. Şəhidin ünvanına nalayiq sözlər demək alçaqlıq olardı. Eldarla birlikdə 2 qədəh spirtli içki içmişdir. Eldardan hesabı dəfələrlə ödəməsini istəmiş, lakin Eldar ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o da Eldara eyni tərzdə qarşılıq vermişdir. Eldardan hesabı restoranda istəmişdir. Eldarın əlində bıçaq olmuş və o, bıçaqla ona zərbə vurmuşdur. Adətən kafeni gecə saat 1-2 radələrində bağlayırmış, lakin hadisə baş verən gün saat 00:15 radələrində kafeni bağlamışdır. Eldardan 4-5 dəfə hesabı ödəməsini tələb etsə də o, ödəməyəcəyini bildirmişdir. Eldarı təxminən 2 ildir ki, tanıyır, işlətdiyi kafelərə bir neçə dəfə gəlmişdir. Eldarla restoranının hesabını ödəməməsi ilə bağlı əvvəllər aralarında mübahisə olmamışdır. Eldar ona bıçaqla zərbə vurduqdan sonra o, yerə yıxılmış, lakin hadisəni heç kim görməmişdir. Eldar ona zərbə vurduqdan sonra ətrafda olan şəxslər Eldarı həmin ərazidən kənarlaşdırmış, həmin şəxslərin adlarını xatırlamamışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bütün xərcləri Eldar tərəfindən ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Sabunçu RPİ-nin PPXB-də polis nəfəridir. 21 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində xidmətdə olarkən gecə saat 1:20 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin növbətçi hissəsindən məlumat alaraq Ramana qəsəbəsi, yeni yaşayış massivinə yollanmışlar. Həmin yerdə “Dostlar” marketin yaxınlığında bıçaqlanma hadisəsinin olduğunu və Eldar adlı şəxs tərəfindən yaxınlıqda olan kafe sahibinin bıçaqlandığını və xəsarət alan Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıldığını bildirmişlər. Orada olarkən əməliyyat qrupu Təqsirləndirilən şəxs adlı şəxsi müəyyən edib 12-ci Polis Şöbəsinə gətirmişlər. Hadisə yerinin müayinəsi zamanı təhqiqatçı tərəfindən 1 ədəd sübut əhəmiyyətli bıçaq da götürülüb qablaşdırılmışdır. Onlar xidməti avtomobil ilə hadisə yerinə çatdıqda artıq hadisə baş vermişdi. Ətrafda olan şəxslər Eldar adlı şəxsin Vəfadar adlı şəxsi bıçaqladığını demişlər. Eldar adlı şəxs əməliyyat qrupu tərəfindən saxlanılmış, o, həmin şəxsin saxlanılmasında iştirak etməmişdir. Hadisə yerinə gəldikdə Eldar adlı şəxs artıq saxlanılmışdır. Polis bölməsinə gətirilərkən Eldar adlı şəxsin sərxoş olması müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 112-115). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 151-152). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, hadisənin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmişdir. Bundan sonra fotocədvəl tərtib edilmiş, hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivi, “Dostlar” marketin yaxınlığındakı ünvanda baş verməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 9 mart 2023-cü il tarixli 669 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, o, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır (cild 1, iş vərəqə 124-126). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 21 fevral 2023-cü il tarixli 1/610 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, iş vərəqə 16). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” X7 16 mart 2023-cü il tarixli 3/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış 1 tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab olunmamışdır (cild 1, iş vərəqə 119-122). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınması haqqında” və “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 127 və 153-157). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 100). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 74-77). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 “Vətən Müharibəsi” zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X1 “Vətən Müharibəsi” zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmasını və təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - ilk dəfə cinayət törətməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və qardaşı X1 “Vətən Müharibəsi” iştirakçısı olmasını müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 83-86). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 74 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 74 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1372/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1372/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver