Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1373/2023 22.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 6,001 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Yeni Sahil” idman-ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,001 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçəsinin sol ön döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə etmişdir. Onun təqsiri ətrafının yaxşı olmamasındadır. O, silaha görə tutulmuşdur, həmin silah isə taxtadan suvenir silah olmuşdur. Saxlanılandan sonra evinə aparılmış, həmin silahı atası çıxıb vermişdir. Onu bölməyə aparıb, saçını, üzünün tüklərini kəlbətinlə yolmağa başlamışlar. Ona sənədlərə qol çəkməli olması deyilmiş, o da məcbur qalıb qol çəkmışdır. Onun cibinə polislər 6 qram narkotik vasitə qoymuş və elə görüntü yaranmışdır ki, guya həmin narkotik vasitə onun cibindən çıxmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər narkotikə və oğurluğa görə məhkum olunduğunu, narkotiki ara-sıra istifadə etdiyini, heç kimə borca və hədiyyəyə narkotik vasitə vermədiyini, narkotik vasitəni özünün almadığını, düşdüyü məclislərdə istifadə etdiyini, ona ittiham kimi verilmiş 6 qram narkotikin ümumiyyətlə ona aid olmadığını, polis əməkdaşlarının onun saçını, üzünün tüklərini kəlbətinlə yolmağa başladıqlarını, onu döyənlərin 3 nəfər olduğunu, bədənində iz qalmadığını, istintaq təcridxanasında baxış keçirilib, bədənində xəsarət aşkarlanmadığını, bu barədə heç bir araşdırma aparılmadığını bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ay olar ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. O, 02 iyun 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu şəxsin bank hesabına 50 manat pul köçürməklə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin alıb üzərində gəzdirməyə başlamışdır. Həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Yeni Sahil” idman-ticarət kompleksinin yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, o, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkçənin sol ön döş cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 02 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, həmin şəxslə sosial şəbəkədə tanış olduğunu, 02 fevral 2023-cü il tarixdə həmin şəxslə əlaqə saxlayıb ona psixotrop maddə metamfetamin sifariş verdiyini, psixotrop maddənin 50 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra, psixotrop maddəni satan şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Ana” heykəlinin yaxınlığına gəlib aldığı psixotrop maddə metamfetamini orada gizlədildiyi yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddələri satmaq məqsədi ilə üzərində saxlamaqla daşımışdır. O, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub tanımadığı şəxslərə onları satmışdır. Ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini bildirmişdir (cild 1, iş vərəqi 159-161). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs imzaların ona məxsus olduğunu, təzyiq altında olduğu üçün belə ifadə verdiyini, ona ifadəni oxumağa imkan vermədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2023-cu ilin fevral aynda Qaradağ rayonu ərazisində tədbir keçirilmiş, Təqsirləndirilən şəxs “Yeni Sahil” idman kompleksi yaxınlığında saxlanılaraq Baş idarəyə dəvət olunmuşdur. Baş idarədə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən psixotrop maddə olan 1 büküm metamfetamin aşkar olunaraq götürülmüş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs narkotiki internet vasitəsilə 50 manata aldığını, ona deyilən yerdən götürdüyünü, həmçinin narkotik vasitəni istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 idarədə olarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilmədiyini, onu saxlamaqda səbəbin onda olan silahın həqiqi avtomat olub-olmamasını müəyyən etməklə bağlı olmadığını, ondan silah tələb etmədiklərini, Etibarın evinə baxış keçirilməsi ilə bağlı məlumatının olmadığını, orada iştirak etmədiyini, Etibarın üzərinə əlavə narkotik vasitə qoymadıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Yeni Sahil” idman-ticarət kompleksinin yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibində olan 01 ədəd "Redmi" markalı mobil telefonu və 13 manat pulu, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu və əynində olan qara rəngli gödəkçəsinin sol ön döş cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 02 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, həmin şəxslə sosial şəbəkədə tanış olduğunu, 02 fevral 2023-cü il tarixdə həmin şəxslə əlaqə saxlayıb ona psixotrop maddə metamfetamin sifariş verdiyini, psixotrop maddənin 50 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra, psixotrop maddəni satan şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Ana" heykəlinin yaxınlığına gəlib aldığı psixotrop maddə metamfetamini orada gizlədildiyi yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmışdir. Təqsirləndirilən şəxs təxminən 3-4 aya yaxın müddətdir ki, psixotrop maddə metamfetamin qəbul etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 13 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Redmi" və 01 ədəd "Samsung" markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 30-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/661 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,001 qram ağ rəngli, kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 72-73). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 101- 102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3132 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, mobil telefonun “Whatsapp” programında və “SMS” bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş, mobil telefonun “Whatsapp” programında və “SMS” bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli xx/xx- 3570 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirməsi üzrə əməliyyat məlumatları əldə edilmiş, məlumatların dəqiqləşdirilib yoxlanılmasından sonra gələcəkdə əlavə olaraq məlumat veriləcəkdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 113). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5166/23 saylı məktubla daxil olan məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələri istifadə etmiş, nömrələrə daxil olan və çıxan sms-lərdə özündə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların olduğu məlum olmuşdur. Belə ki, həmin smslərdən bir neçəsi kimi Təqsirləndirilən şəxs tərəfindən yazılmış “....Саn qardawim bildim özüm bir iki tusdu çəkmək isdirem kol varsa, lap azdisa nuw elə... ”, “....Zulu qaqam neynedun daw var gəlim pulu verim sene?... ”, “....Qardawim 1 qram lazımdı gəlim goturum.. ”, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə daxil olan “...bunun icin s**** acda ay qaqas sen mene niye bele is acirsan basma olan qalan dermani sene verdimki gedib nese getrirsen anasin ***** ders olsun mene usteliy gotrub bloka atirsan meni zeng elemiyim var in yoxun **** Etibar bu mene boyu dersdi bu gunun sabahida var... ” və sairlərini göstərmək olar (cild 1, iş vərəqi 134-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd bükümdə qablaşdırılan 5,951 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 92-93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 137-146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitələrin mənbə xüsusatına görə ayrıca material ayrılmışdır (cild 1, iş vərəqi 148). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Cəfərov X4 rayonu, Ümid qəsəbəsi 3-cü Ümid küçəsi ev 77 ünvanda atası və anası ilə birlikdə yaşayır, yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 105-107). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu suvenir avtomat silah saxlaması bəhanəsilə saxladıqları, saxlanılan zaman onun üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının onun cibinə narkotik qoymaları, ona işgəncə vermələri və nəticədə onun özünə məxsus olmayan narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, saxlanıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçəsinin sol ön döş cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 02 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən həmin şəxsin verdiyi bank hesabına 50 manat pul köçürdükdən sonra aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə eyni məzmunlu ifadələr vermiş, əlavə olaraq üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddələri satmaq məqsədi ilə üzərində saxlamaqla daşıdığını və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub tanımadığı şəxslərə satdığını, ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini bildirmişdir. Döyülməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə əsasən, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun bədəni üzərində hər hansı xəsarətin aşkar olunmadığı, onun xəsarət almamasını bildirdiyi barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə təqsirləndirilən şəxsdən istifadə etdiyi mobil nömrələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış sms yazışmalarını, ondan aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi psixotrop maddələri satması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 16 aprel 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 14 (on dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş 20 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq azad vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixə cəzasının 08 (səkkiz) ay hissəsini çəkmiş, 2 (iki) ay 14 (on dörd) gün hissəsi çəkilməmiş qalmışdır (cild 1, iş vərəqi 123-125, 126-129, 130-130c, 131-133). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkərkən yeni cinayət törətdiyinə görə qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 87-90). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 02 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 5,951 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldıldığı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2022-ci tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 14 (on dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 5,951 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1373/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1373/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver