Məhkəmə qərarları › İş №1(101)-1373/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1373/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1373/2025 27.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X15 oğlunun sədrliyi ilə, Hakimlər: X12 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, X4, Hüseynov Elvin Məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (cinayətlərin residivi), fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 09 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 3,873 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 10 fevral 2025-ci il tarixdə, saat 19:10-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə, saat 20:57-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 3,873 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü saat 7 radələrində anasının xahişi ilə cücələri yerləşdirmək üçün onlara getmiş, çıxdıqdan sonra iki polis əməkdaşı yaxınlaşmış, onlardan birini tanıdığı üçün özü yaxınlaşıb salam vermiş, polis əməkdaşları onu Şöbəyə apardıqdan sonra onların dedikləri ilə razılaşmağı tələb olunmuşdur. Əvvəlcə razılaşmasa da, ona verilən işgəncədən sonra 1 qram narkotik vasitəni boynuna almağa razı olmuş, buna səbəb 234.1-ci maddə ilə məsuliyyətə cəlb olunacağını düşünməsi olmuşdur. Videoçəkiliş zamanı üzərindən 1 qram narkotik vasitə aşkar olunmuşdur. Daha sonra müstəntiq yazan zaman 1 büküm yazmış, onda başa düşmüşdür ki, düşündüyü kimi deyil. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq şəxsi axtarış zamanı üzərində sadəcə telefon və kart olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, metodondan istifadə etdiyini, həm dərman qəbul etdiyini, həm də çəkdiyini, müstəntiq tərəfindən təzyiq olmadığını, sadəcə imza çəkdirdiyini, yazıb-oxumağı az bacardığını, əvvəlcə 1 bükümü 1 qram olaraq anladığını, məcbur edildiyi üçün ittihamı qəbul etdiyini, hadisənin şahidin danışdığı kimi olmadığını, özünün onlara yaxınlaşdığını, salamlaşdığını, üstündə heç nə olmadığını, onların dedikləri ilə razılaşması üçün onu üçüncü mərtəbədən birinci mərtəbəyə sürüyüb apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, o da həmin qrupun üzvü təyin edilmiş, əməliyyat qrupu ilə birgə xx.xx.2025-ci il tarixdə məlumatda qeyd edilən Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsinə getmiş və müşahidə aparmağa başlamışlar. Müşahidə nəticəsində xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər şəxsi görmüş, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, özlərini təqdim etmişlər. Bundan sonra ona da özünü təqdim etməsini demişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, bundan sonra onu baş idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçının otağında onun üzərinə baxış keçirilmiş, üzərindən bir ədəd bükümdə metamfetamin aşkar edərək götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid daxil olmuş əməliyyat məlumatının məzmununda satışla bağlı məlumat göstərildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, satış niyyətinin müəyyənləşdirilməsi üçün tapşırıq verildiyini, lakin satış niyyətini müəyyən etmək mümkün olmadığını, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən telefon aşkar olunduğunu, Təqsirləndirilən şəxs psixi və fiziki təsir göstərilmədiyini, onlar təqsirləndirilən şəxsə yaxınlaşanda əlində heç nə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 11 fevral 2025-ci il tarixli 3-16-16/2-6/602/2025 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,873 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 3,873 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 3,773 qr. (cild 1, iş vərəqi 52-56). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X13 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 03 mart 2025-ci il tarixli 1241 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. (cild 1, iş vərəqi 176-177). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2025-ci il tarixli 633/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metadon aşkar edildi. (cild 1, iş vərəqi 178-181). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X19 canlı şəxsin ekspertizadına dair 78/MEŞ saylı 10 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının, sol alt göz qapağının, sol gözaltı nahiyənin, sağ mil-bilək oynağı nahiyəsinin qançırları, döş qəfəsinin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənə bilmələri inkar edilmir, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. (cild 1, iş vərəqi 186-188). “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 fevral 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:10-da ünvan 4 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan maddə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı götürülmüş, 1 manat pul ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 10 fevral 2025-ci il tarixdə saat 20:57-də başlamış və həmin tarixdə saat 21:11-də bitmişdir. (cild 1, iş vərəqi 38-39). “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X6, Baş İdarənin kiçik inspektoru X1, müdafiəçi X3 və tərcüməçi X2 iştirak edir və videoçəkiliş həyata keçirilir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 1 manat pulu və bir ədəd hank kartını təadim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Həmin büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 10 fevral 2025-ci il tarixdə yaşadığı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 20 manat pul müqabilində aldığını və həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxladığını, üstündən aşkar olunmuş psixotrop maddə metamfetamindən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı götürülür, 1 manat pul isə Təqsirləndirilən şəxs Özünə qaytarılır. (cild 1, iş vərəqi 171). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqi 168-169). Mobil telefona baxış keçirilməsi barədə və telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən aparılmış telefon danışıqları və sms yazışmalardan iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqi 175,183). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cəza təyini zamanı nəzərə alınmalı olan hallar: “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 20:25-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01; i.v.25). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 4(005)- 160/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.124-128). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqi 148- 149). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-24/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqi 150-152). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkməçəkmə müəssisələri müəyyən olunmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: İlk növbədə xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması ilə öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özüözlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni əldə edərək saxlaması mümkündür. Belə ki, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 3.03.2025-cü il tarixli, 1241 nömrəli rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş danışıqlar və SMS yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahid də (polis əməkdaşı) Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişdir. Şahid müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişdir. Həmin şahid ifadəsinə münasibətdə məhkəmə həmin şahidin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladığını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiyini, sadəcə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiyini nəzərə alaraq həmin şahid ifadəsinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində narkotik vasitənin olmadığını, işgəncəyə məruz qaldığı üçün verilən ittihamı boynuna aldığını bildirsədə də, məhkəmə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə narkotik vasitənin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan “şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq-aşkar görünməkdədir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X19 canlı şəxsin ekspertizadına dair 78/MEŞ saylı 10 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişlər, yəni həmin xəsarətlər Təqsirləndirilən şəxs tutulmasından bir neçə gün əvvəl əmələ gəlmişlər. Bundan başqa “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan da göründüyü kimi Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını (CM- 61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın və cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 36 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X7 396 (üç yüz doxsan altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 3,773 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X7 396 manat (üç yüz doxsan altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar