Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1375/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X9 (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 3,033 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 fevral 2023-cü il tarixdə, saat 00:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Komsomol dairəsi” yaxınlığında özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən doqquz ədəd sellofana bükülmüş, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,315 qram, 0,347 qram, 0,301 qram, 0,348 qram, 0,361 qram, 0,324 qram, 0,343 qram və 0,308 qram olmaqla ümumi təmiz çəkisi 3,033 qram olan qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 65 Ö/T 109-da qeydiyyatda olmaqla yaşayır. Evlidir, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı var, fərdi əməklə məşğul olur. Təxminən 3-4 il ildir ki, o, “kakos” adı ilə tanıdığı narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 09 fevral 2023-cü il tarixdə, axşam saatlarında əvvəllər də bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə olan “kakos” aldığı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış və onunla görüşmək üçün oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, “Komsomol dairəsi” yaxınlığına gəlmişdir. Təxminən saat 23 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, “Komsomol dairəsi” yaxınlığında olan zaman həmin şəxslə görüşmüşdür. Həmin şəxs ona üzərində ümumilikdə doqquz ədəd bükümdə narkotik vasitə olan “kakos” olduğunu dediyindən həmin şəxsə 200 manat pul verərək 9 bükümdə olan narkotik vasitəni almış, aldığı narkotik vasitəni əynində olan qolsuz gödəkçənin sağ yan cibinə qoymuşdur. Daha sonra oğlu ilə birlikdə sifariş etdiyi taksiyə əyləşərək olduğu yerdən hərəkət etməyə başlamışlar. Taksi yenicə hərəkətə başlayarkən bir avtomobil onların qarşısını kəsmiş, taksinin hərəkətini saxlamışdır. Onu taksi sürücüsünün yanından, oğlunu isə arxa oturacaqdan əyləşdiklərini yerdən kobudcasına qaldıraraq həmin avtomobilə əyləşdirmiş, polis bölməsinə aparmışlar. Bölməyə çatdıqdan sonra arvadına məlumat verərək gəlib oğlunu bölmədən evə aparmasını bildirmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, o, şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü könüllü olaraq üzərində olan, saxlanılmamışdan əvvəl öz istifadəsi üçün aldığı ümumilikdə doqquz ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan “kakos”ları əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Eyni zamanda o, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Onun üzərindən aşkar edilən narkotik maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak etmiş digər şəxslər həmin protokolu imzalamışlar. Şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş doqquz ədəd bükümün içərisindəki narkotik vasitəni şəxsi istifadəsi üçün əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən 200 manat pulun müqabilində almışdır. Aldığı narkotik vasitəni özünün istifadəsi üçün alımışdır. Satış məqsədi olmamışdır. Ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmur. Aldığı 9 bükümdə olan 3 qram narkotik vasitəni 10 gün müddətində özü istifadə edəcəkdir. Ona görə də onun əməlinin düzgün tövsif olunmasını, satış məqsədi olmadan narkotik vasitəni əldə etməsinə görə təqsirli bilinməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, bir sıra xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamışdır, onunla heç bir qohumluğu və ədavəti yoxdur. 10 fevral 2023cü il tarixdə, saat təxminən 00:30 radələrində iş yoldaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazi olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsində xidmət aparmışdır. Xidmət zamanı əsas məqsədiləri narkotik vasitələrin qanunsuz dövrüiyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi olmuşdur. Həmin vaxt onlar küçədə bir nəfər şəxsin olduğunu və həmin şəxsin özünü şübhəli apardığını, gizlənməyə çalışdığını görmüşlər. O, Seymurla birlikdə həmin şəxsə yaxınlaşıb harada yaşadığını və kim olduğunu soruşmuşdur. Həmin şəxs suala düzgün cavab verməyərək həyəcanlı şəkildə tez bir zamanda onlardan aralaşmaq istəmişdir. O və Seymur həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, üzərində belə maddələrdən saxlamasını, gecə vaxtı satışını həyata keçirmək üçün başqa yerdən əraziyə gəlib hansısa şəxsi gözlədiyini təxmin etmişlər. Bundan sonra o, Seymurla birlikdə həmin şəxsi saxlayıb ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. Şəxsiyyətini yoxlayarkən şübhəli şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. O, Seymurla birlikdə Təqsirləndirilən şəxs gətirməkləri barədə raport yazmışlar. X2 və Seymurun iştirakı ilə şübhəli şəxs Anarın üzərində video çəkiliş tətbiqi ilə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qanunsuz maddə və əşyalar olduğu halda çıxarıb təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir neçə ədəd büküm çıxarıb masanın üzərində qoymaqla təqdim etmişdir. Həmin bükümlərin cəmi doqquz ədəd olduğu, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Anar təqdim etdiyi maddənin "kakos” adı ilə tanıdığı heroin olduğunu, heroini üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 200 manat pulun müqabilində alıb üzərində saxladığını, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı içərisində heroinə bənzər maddənin olduğu doqquz ədəd bükümü bir ədəd zərfdə qablaşdırmış, bağlayıb möhürləmiş, zərfin üzəri imzalanmışdır. X6 Təqsirləndirilən şəxs üzərində aparılmış axtarışa dair protokol tərtib etmiş, protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuş, yanında uşaq olmamışdır. Eyni zamanda keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 10 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən doqquz ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddələri həmin gödəkçənin sol yan cibindən bir ədəd “Xiaomi” markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Ramana qəsəbəsi, Komsomol dairəsinin yaxınlığından üzdən tanıdığı adını bilmədiyi şəxsdən 200 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə sualara cavab olaraq 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr və telefon qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya sənədlər aşkar edilməmişdir. Şəxsi axtraış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, saat 02.10-da başlamış və 02.30-da başa çatdırılmışdır (cild 1, i/v 28-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamanı 10 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/824 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 09 (doqquz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,386 qram, 0,315 qram, 0,347 qram, 0,301 qram, 0,348 qram, 0,361 qram, 0,324 qram, 0,343 qram, 0,308 qram, ümumi təmiz çəkisi 3,033 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 3,033 qram, cəmi tədqitata sərf edildi 0,27 qram, 2,763 qram qalıq qalmışdır (cild 1, i/v 39-40). - “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus ayrı-ayrılıqda 0,386 qram, 0,315 qram, 0,347 qram, 0,301 qram, 0,348 qram, 0,361 qram, 0,324 qram, 0,343 qram, 0,308 qram, ümumi təmiz çəkisi 3,033 qram olan narkotik vasitə - heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və 0,27 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,763 qram miqdarında narkotik vasitə - heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i/v 114-122). - "xxxx" MMC tərəfindən BKC/LGL-5321/23 nömrəli, xx.xx.202023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə bağlı 01 sentyabr 2022-ci il tarixindən 10 fevral 2023-cü il tarixinədək olan müddət ərzində həmin nömrədən çıxan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 17:42, ***-***-**-** nömrəsindən ***-***-**-** (Təranə Rəsulova, İD nömrəsi ********) nömrəsinə: “Xati etibar bizdedi, nese var götürmeye Mene cavab yaz”. xx.xx.2022-ci il, saat 16:30, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Ağrıdan diyana bilmirem Gözlüyüdemde”. xx.xx.2022-ci il, saat 17:13, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Noldu senden Bir ses cixmadi pulu duzeltmisem”. xx.xx.2022-ci il, saat 18:07, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Gelim xatire xala”. xx.xx.2022-ci il, saat 15:07, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “gelmir dalanda gozduyurem”. xx.xx.2022-ci il, saat 00:37, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Xatire mal lazımdır tez mene zenk vur”. xx.xx.2022-ci il, saat 19:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Ana dili defteri Riyaziyyat defteri 3 eded albom 3 eded karandas 3”. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 00:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “menim skori pomoşum”. xx.xx.2022-ci il, saat 18:13, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sebr edin biraz hell eliyim getsinler sora men pis ourame ozumde sebr elesin bir balaca”. xx.xx.2022-ci il, saat 21:14, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sebrli ol”. xx.xx.2022-ci il, saat 16:16, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Narahat olmaye ustundedi getirib sadece bor balaca döz”. xx.xx.2022-ci il, saat 16:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Linnen 2 dene”. xx.xx.2022-ci il, saat 16:18, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Yazacam hara gel heleki goze gorsenme”. xx.xx.2022-ci il, saat 01:29, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “1 dene corek al dogranmiş seri corey”. xx.xx.2022-ci il, saat 01:30, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “1 kilo mandarin al balacalardan ceksin”. xx.xx.2022-ci il, saat 01:33, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “1 salxim qara üzüm götür”. xx.xx.2022-ci il, saat 01:42, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “kapital 41.69.73.88 yig gozde”. xx.xx.2022-ci il, saat 15:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “yene yigdim diyir yerimnen durmusam gelirem dala”. xx.xx.2022-ci il, saat 02:39, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “bayag sor sohbet oldu burda sebr ele 10 deqiqeye yıgacam seni”. xx.xx.2022-ci il, saat 21:07, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “indi hell olunur darıxma”. xx.xx.2022-ci il, saat 16:29, ***-***-**-** (İlkin Əliyev, İD nömrəsi AA2064977) nömrəsindən ***-***-**-** nömrəsinə: “Smakin arxasda kanputerde gozleyrem tez gel agrdayam cv tel ver”. xx.xx.2023-cü il, saat 00:33, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Anar qardasimsan eve gd bılmırem senı gozleyremde brat smak terefde agrda soyuqda oldurur gelende xeber ele qardasımsan”. xx.xx.2023-cü il, saat 01:02, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqamsan alındır sehere qeder coldeyem agrıda soyuqda qalmayım. Hec olmasa canım agrımasın parkda, colde hereket edim halım olsun”. xx.xx.2023-cü il, saat 15:09, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Anar emi mama yatıb duranda danışarsız birazdan oyanacaö”. xx.xx.2023-cü il, saat 15:06, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Tema alınar 2side tel ıslmır zeng eleyim alnırsa de gelım mehleye ko pa 05 yıgıram sene de ses getmirmende gelim alınırsa de”. xx.xx.2023-cü il, saat 22:12, ***-***-**-** (Sərdar Bayramov, İD nömrəsi ********) nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqas 13 duzeldi”. - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 7/3-220 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və digər növ narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olur. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs 3,033 qram miqdarında heroini haradan və kimdən aldığını, kimlərə narkotik vasitə satdığını, narkotik vasitəni kimlə birlikdə istifadə etdiyini müəyyən etmək mümkün olmamışdır. Hazırda tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa bu barədə əlavə olaraq məlumat veriləcəkdir. - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-118/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 4(008)-353/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 25 may 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 17, 64-65, 69-74). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1056 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 109-110). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 94-95). - Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu ildə doğulmuş X5, 26 iyun 2011-ci ildə doğulmuş X8 atası hesab edilmişdir. - 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin yanvar ayının 14 günündə 99 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. - Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X3 olan X13 22 may 2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini satış məqsədi ilə külli miqdarda əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış sms yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxsə məxsus olan telefon nömrəsi ilə aparılmış mesajların mətnlərində narkotik vasitələrin ondan ödənişlə alınması aşkar görünür. Bundan əlavə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 23 dəfə, külli miqdarından təxminən 2 dəfə artıq olması, 9 ədəd bükümdə, bükümlərin təxminən eyni miqdarda olması narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, istifadəsində olan mobil nömrə ilə aparılan SMS mesajlarının kiminlə aparılmasını xatırlamaması, narkotik vasitəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1- 59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1- 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşağının olmasını, sağlamlıq vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxsi qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan ümumi qalıq çəkisi 2,763 qram miqdarında narkotik vasitə - heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1375/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ümumilikdə qalıq çəkisi 2,763 qram miqdarında narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1375/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1375/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver