Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1376/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəbrayıl rayonu, Balyand ərazi dairəsi, Balyand kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,523 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə saat 19:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 20:58-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin iç sol cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 2,710 qram və 2,813 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 5,523 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər heç bir narkotik vasitədən istifadə etməsə də, “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamin haqqında eşitmişdir. 23 aprel 2021-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 1 ünvanında yerləşən evə gedən zaman yolun kənarında iki büküm sellofan paket görmüş və diqqətini çəkmişdir. Həmin paketləri götürən zaman onların içərisində “şüşə” olduğunu müəyyən etmiş və əynində olan gödəkcənin sol iç cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. Həmin günü, yəni, 23 aprel 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü onlara təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. O, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan gödəkcəsinin cibində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, gödəkcəsinin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 16 manat 50 qəpik pulu çıxardıb təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə aşkar olunmuş, lakin polis əməkdaşları həmin maddələrin psixotrop maddə metamfetaminə oxşar maddələr olduğunu bildirmişlər. Sorğu zamanı üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini 23 aprel 2021-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 1 ünvanında yerləşən evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Üzərindən aşkar edilmiş 16 manat 50 qəpik pul özünə qaytarılmış, “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, yerdən taparaq üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini gələcəkdə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. O, əvvəllər heç bir psixotrop maddə istifadə etməmiş, üzərində psixotrop maddə metamfetamin olmasından heç kimin məlumatı olmamışdır. "xxxx" MMC-ə məxsus ***-***-**-** nömrəsindən istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri satış məqsədi ilə saxlamamışdır. Himayəsində iki azyaşlı uşaq vardır, atası vəfat etmiş, anası isə 2-ci qrup əlildir, ailənin yeganə qazanc mənbəyi odur. Bütün bunları nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil edilmişdir. 23 aprel 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 19:00-da qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, o da etiraz etmədən onlarla Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin iç sol cibində olan iki ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının sol yan cibində olan pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, lakin həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda aşkar edilmiş pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, “İphone” markalı mobil telefon isə götürülmüş, Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələrin satışı ilə də məşğul olması öz təsdiqini tapmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamış, Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan, cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24 aprel 2021-ci il tarixli 6/1623 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,710 qram; 2,813 qram; ümumi təmiz çəkiləri 5,523 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 5,523 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq – 5,443 qram. (iş vərəqə 40-45) Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1665 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 136-137) İş materiallarında olan, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkcəsinin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 16 manat 50 qəpik pulu təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd şəffaf sellofan büküm və “İphone” markalı mobil telefon götürülmüş, 16 manat 50 qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 23 aprel 2021-ci il tarixdə saat 20:58-də başlamış və həmin tarixdə saat 21:19-da bitmişdir. (iş vərəqə 27-28) İş materiallarında olan, şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 29, 170) İş materiallarında olmuş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,443 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə 98-100) İş materiallarında olan, cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 26.04.2021-ci il tarixli 007- 5548-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 21.05.2021-ci il tarixli 007-6652-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsini müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 126) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarında olan, cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 26.04.2021-ci il tarixli 007- 5548-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 21.05.2021-ci il tarixli 007-6652-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 126) İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun psixotrop maddənin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat –axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən psixotrop maddənin başqa istehlakçısı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə metamfetamini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Göründüyü kimi ibtidai istintaq ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. İş üzrə polis əməkdaşları olan şahidlərin ifadələri ilə müəyyən olunur ki, daxil olmuş məlumatda təqsirləndirilən şəxsin psixotrop maddənin dövriyyəsi ilə məşğul olması göstərilmiş, sonradan bu məlumat tərəflərindən araşdırılmış, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş 5,523 qram olan psixotrop maddə metamfetaminin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəni qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işi materiallarına Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olması barədə heç bir sübut irəli sürülməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf psixotrop maddənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə istinad etmişdir. Halbuki iş materialları ilə, eləcə də ittiham tərəfinin irəli sürdüyü şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixotrop maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. İş materiallarında olan, 17 may 2021-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 22 yanvar 2021-ci il tarixdən 22 aprel 2021-ci tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirmişlər. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (iş vərəqə 125) İş materiallarında olan, 02 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone 7” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefon işlək vəziyyətdə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (iş vərəqə 132) Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPMnin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 113) İş materiallarında olan Cəbrayıl rayon İHB-nın Balyand KİƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 130) İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 17 dekabr 1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü iki azyaşlı qız övladı vardır. İş materiallarında olan AR əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X1 müddətsiz olaraq İİ dərəcəli əlillik dərəcəsi verilmişdir və o, əmək qabiliyyətsizdir. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını, atasının vəfat etməsi və anasının 2-ci dərəcəli əlil olmaqla əmək qabiliyyətinin olmaması səbəbindən ailənin yeganə qazanc gətirəni olmasını, ailə vəziyyətlərinin çətin olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,443 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 manat, 90 qəpik(yüz doqquz manat doxsan qəpik) pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli, 4(005)-407/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 87-91) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,443 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat, 90 qəpik (yüz doqquz manat doxsan qəpik) pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1376/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1376/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver