Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1376/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq 30 oktyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şəhriyar” parkında “Yusif” adlı şəxsdən 25 manat müqabilində 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,504 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 30 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanının qarşısında özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 18-ci PŞnin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,504 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində yaşadığı Xətai prospekti 29 ünvanına sahə müvəkkili və əmaliyyatçılar gəlmişdilər. O, həmin vaxt evdə olmamışdır. Telefon işlətmədiyindən onlar onun yaxınına zəng etmişlər. Harada olduğunu bildirmiş və onlar olduğu yerə gəlmişlər. Onlarla birlikdə 18-ci polis şöbəsinə getmiş, Polis Şöbəsində ona narkotik vasitə göstərib həmin narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni üzərinə götürməsə, onu daha çox narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. O da məcbur qalıb polislərlə razılaşmışdır. Onu iki nəfər polis əməkdaşı saxlamış, saxlanılan zaman polislərə müqavimət göstərməmişdir. Bina evində yaşayırdı. Polislərə binanın girişində yaxınlaşmışdır. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Hadisədən əvvəl heç kimdən narkotik vasitə istəməmişdir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Saxlanılmamışdan 3-4 gün əvvəl narkotik vasitə istifadə etmiş, həmin narkotik vasitəni Kubinkadan üzdən tanıdığı şəxsdən almış və tək istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Polislər ona psixoloji təsir göstərmişlər. Polislər təzyiq göstərdikləri üçün onların dediklərini etmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, cinayət hadisəsini törədənə kimi ailə üzvləri ilə birlikdə yaşamışdır. Əvvəllər məhkum olunmamışdır. Halhazırda işləmir. Ali təhsillidir. Təxminən bir ildir ki, "kakos" adlı narkotik vasitə istifadə edir. İşin mahiyyəti üzrə bildirib ki, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Yusif adlı şəxsdən "Çapayev" adlanan ərazidə bir neçə dəfə "kakos" almışdır. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində narkotik vasitə almaq üçün Yusif adlı həmin şəxsi Təbriz küçəsində yerləşən "Şəhriyar" adına parkda gözləmişdir. Qısa müddət sonra həmin şəxsi görmüş, ona yaxınlaşmış və ondan 25 manata 1 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan “kakos” almışdır. Həmin bükümü üzərində saxlamış ki, ağrıları olduqca istifadə etsin. Saat 18:00 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 61 ünvanında dayanarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb 18-ci PŞ-nə gətiriblər. Polis şöbəsində onun üzərində narkotik vasitə olan "kakos" adlı maddənin olduğunu bildirmiş və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd sellofan kəsiyində bükümü təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə olan “kakos”-dur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri onun və hal şahidləri tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 72-74). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində inzibati ərazidə Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, Şahid1 ilə gəzinti apararkən ünvan 8 ünvanın qarşısında bir şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən ona yaxınlaşıb vəsiqələrini təqdim etməklə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu təqdim edən zaman rabitəsiz danışmağa, suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından hiss etmişdirlər ki, o, narkotik vasitənin təsiri altındadır. Həmin şəxsdən spirtli içki qoxusu da gəlmirdi. Ona görə də, onun narkotik vasitənin təsiri altında olmasına tam əmin olub onu Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına dəvət edərək özləri ilə birlikdə oraya aparmışlar. Polis şöbəsində məlum olmuş ki, həmin şəxs xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Ona görə də bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və onun tərəfindən raport tərtib olunmuşdur. Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində sonuncuya təyinat üzrə təyin edilmiş müdafiəçinin və onların iştirakı ilə axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik bükümü təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümin içərisində narkotik maddə hesab olunan kakos olduğunu, həmin narkotik maddə kakosu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şəhriyar” adına parkda adını Yusif kimi bildiyi, lakin yaxından tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Aşkar olunmuş büküm iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, möhürlə möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 61 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos”dur. Üzərindən aşkar edilmiş maddəni Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Şəhriyar" adına parkda Yusif adlı şəxsdən 25 manata almışdır. 30 oktyabr 2023cü il tarixdə saat 18:00 radələrində isə Nərimanov rayonu, Təbriz küçəsi 61 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Vüqar Rəşidovun xidməti otağında çəkilmişdir, videofayl 4 dəqiqə 29 saniyə davam edir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Vüqar Rəşidovun qarşı sağ tərəfində ayaq üstdə durmuş şəxs Təqsirləndirilən şəxs, qarşı sol tərəfində masanın arxasında oturmuş şəxs isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 25 saylı Vəkil Bürosunun vəkili X8, təhqiqatçı Vüqar Rəşidovun qarşı sağ tərəfində divanda oturmuş şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, təhqiqatçı Vüqar Rəşidovun qarşı sağ tərəfində oturmuş şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid1dur. Təhqiqatçı V.Rəşidov çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçılar barədə məlumat verir. Bundan sonra təhqiqatçı V.Rəşidov şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyinin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik madə olan bükümü təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan “kokos” olduğunu bildirir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şəhriyar” adına parkda adını “Yusif” kimi bildiyi şəxsdən 25 manata almışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 61 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir (cild 1, iş vərəqə 101-102). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü tarixli 3-16-16/2- 6/5811 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd selofan bükümdə təmiz çəkisi 2,504 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkisi 2,504 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 2,454 qram, cild 1, iş vərəqə 42-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 noyabr 2023-cü il tarixli 7542 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 113-114). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 25 noyabr 2023-cü il tarixli 3280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir (cild 1, iş vərəqə 116-117). Cinayət işinin materiallarında olan 16 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,454 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 124-134). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 100). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı vardır (cild 2) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18-19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 81-85). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,454 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin Növbətçi Hissəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,454 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1376/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1376/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver