Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1379/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi- Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək əvvəllər birlikdə müxtəlif markalı minik avtomobillərinin alınıb satılmasında birgə qazanc əldə edib özünə inam yaratdıqdan sonra, yenidən bu fəaliyyətlə məşğul olub qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldatmaqla Bakı şəhərinin müxtəlif rayonlarında istintaqla müəyyən edilməyən ünvanlarda bu məqsədlə 04 aprel 2022-ci il tarixdə 6.000 manat alıb 4.750 manat qaytarmaqla 1.250 manat, 01 may 2022-ci il tarixdə 10.000 manat alıb 2.800 manat qaytarmaqla 7.200 manat, 07 iyun 2023-cü il tarixdə 8.000 manat alıb 7.020 manat qaytarmaqla 980 manat, 01 iyul 2023-cü il tarixdə 7.000 manat alıb 6000 manat qaytarmaqla 1.000 manat, 07 avqust 2023-cü il tarixdə 7.000 manat alıb 5.500 manat qaytarmaqla 1.500 manat, 04 sentyabr 2023-cü il tarixdə 7.500 manat pul alıb 5.400 manat qaytarmaqla 2.100 manat, 26 sentyabr 2023-cü il tarixdə 7.500 manat alıb 5.400 manat qaytarmaqla 2.100 manat, 27 sentyabr 2023-cü il tarixdə 4.700 manat alıb 3.500 manat qaytarmaqla 1.200 manat, 10 may 2023-cü il tarixdə 7.500 manat alıb 4.860 manat qaytarmaqla 2.640 manat, 06 noyabr 2023-cü il tarixdə 8.000 manat alıb 4.670 manat qaytarmaqla 3.330 manat 29 noyabr 2023-cü il tarixdə 8.500 manat alıb 4.375 manat qaytarmaqla 4.125 manat, 13 dekabr 2023-cü il tarixdə 8.000 manat alıb 4.060 manat qaytarmaqla 3.940 manat, 26 dekabr 2023-cü il tarixdə 7.000 manat alıb 3.500 manat qaytarmaqla 3.500 manat, 16 yanvar 2024-cü il tarixdə 7.000 manat alıb 3.000 manat qaytarmaqla 4.000 manat, 12 fevral 2024-cü il tarixdə 7.000 manat alıb 2.500 manat qaytarmaqla 4.500 manat, 02 mart 2024-cü il tarixdə 7,000 manat alıb 3.000 manat qaytarmaqla 4.000 manat, 16 mart 2024-cü il tarixdə 8.000 manat alıb 1.755 manat qaytarmaqla 6.245 manat, 29 aprel 2024-cü il tarixdə 8.000 manat alıb 1.800 manat qaytarmaqla 6.200 manat, 11 may 2024-cü il tarixdə 8.000 manat alıb 1.160 manat qaytarmaqla 6.840 manat, 21 iyun 2024-cü il tarixdə 7.000 manat alıb 500 manat qaytarmaqla 6.500 manat, 04 iyul 2024-cü il tarixdə 15.000 manat, 01 avqust 2024-cü il tarixdə 7.500 manat, həmçinin 16 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən «Xəzər» Universitetin qarşısında 35.500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 60.350 manat, 24 may 2024-cü il tarixdə həmin ünvanda 30.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 51.000 manat, 05 iyun 2024-cü il tarixdə həmin ünvanda 10.000 manat, 09 iyul 2024-cü il tarixdə həmin ünvanda 20.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 34.000 manat, 26 iyul 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «X1»nin binasının yaxınlığında 16.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 27.200 manat, cəmi 105.650 manat və 101.500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 172.550 manat, ümumilikdə 278.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 278.200 (iki yüz yetmiş səkkiz min iki yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin cinayət işində olan maddi sübutlar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi 2017-ci ildən tanıyır, 2020-ci ildən zərərçəkmiş şəxslə birgə avtomobil alğı-satqısı işi ilə məşğul olmuşlar. Belə ki, Zərərçəkmiş şəxs ona pul vermiş, o da maşın alıb-satmış, bu fəaliyyətindən onun özünə də qazanc qalmış, zərər çəkmiş şəxsə də qazanc vermişdir. Sonradan işdə bir qədər problemlər yaranmış, belə ki, kreditə verdikləri maşınlarda nasazlıqlar və müəyyən xərclər yaranmış, beləliklə də bir neçə il ərzində borcu yığılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, konkret olaraq hər bir maşından 500 manat ona qazanc qalmış, pulun alınıb-verilməsində heç bir rəsmi qayda olmamış, pulun alınıb-verilməsində zərərçəkmişlə ikisindən başqa heç kim iştirak etməmişdir. Zərərçəkmiş şəxslə avtomobillərlə bağlı bütün ziyanların onun hesabına olması ilə bağlı əvvəlcədən danışıqları olmuş, ona görə də yaranan ziyanla bağlı Şaiqə bir söz deməmiş, borc məbləği yığılaraq böyümüşdür. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxın dostları vasitəsilə tanımış, özü Bəhruza yaxınlaşıb ona pul verməyi, onun da həmin pulla maşın alıb-satmasını, bununla da hər ikisinin qazanc əldə etməsini təklif etmişdir. Aralarında olan razılığa əsasən o, pul vermiş, Bəhruz maşın alıb-satmış, əldə olunan qazancdan həm ona, həm də Bəhruza pul qalmışdır. Bir müddətdən sonra Bəhruz ona zəng vurub ayağının yandığını, Türkiyə Respublikasında olduğunu demiş, lakin o, araşdırıb Bəhruzun ona yalan dediyini müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxsin oğlu ona atasının pulu oğurlatdığını, qalan məbləği isə qumarda uduzduğunu, buna görə də ölkədən qaçıb getdiyini demişdir. O, təqsirləndirilən şəxsin onun pulunu vermək fikri olmadığını görmüş, buna görə də ondan şikayət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, onun tərəfindən Bəhruza pulun verilməsi, ona verdiyi mayanın qaytarılması məsələlərinin hamısını öz dəftərinə qeyd etmiş, həmin dəftəri istintaqa təqdim etmişdir. Bəhruzun maşınından 50.000 manat pulun oğurlanması barədə məlumatı Bəhruz özü ona vermişdir. O, bir dəfə Turkiyə Respublikada olanda, Şahid zəng vurub Bəhruza 16.000 ABŞ dolları pul verməsini xahiş etmişdir. Alınan avtomobillərin pulunu o vermiş, maşınları Bəhruz tapmış, o, maşınların alqı-satqısında iştirak etməmişdir. O, pulunu tələb etmək üçün birinci dəfə Bəhruzun evinə və yaşadığı məhəlləyə getmiş, həmin vaxt Bəhruz maşınla onun qarşısına çıxmış, lakin ondan qaçmış, daha sonra telefonunu bağlamış, təxminən bir həftə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra Bəhruzun oğlu ona zəng vurub atasını tapa bilmədiyini demiş, onun yerini bilib-bilmədiyini soruşmuşdur, o da Bəhruzun yerini bilmədiyini demişdir. Daha sonra Bəhruzun oğlu zəng vurub atasının Moskva şəhərində olduğunu və onun pulunu qaytaracağı ilə bağlı söz verdiyini bildirmişdir. Təxminən 50 maşın alınıb-satılmış, o, Bəhruzu 2014-2015-ci ildən tanımış, 2020-ci ildən iş əməkdaşlıqları olmuş, aralarındakı razılaşma Bəhruzun maşını alıb-satması, onun da maşınların pulunu verməsi olmuşdur. Onun maşınların icarəyə verilməsindən məlumatı olmuş, Bəhruz ona maşını alıb verəcəklərini, maşında yaranmış nasazlıqla bağlı alıcının məsuliyyət daşıyacağını bildirmişdir. Ona ümumilikdə 278.200 manat ziyan dəymişdir. , hazırda ona dəymiş ziyan tam həcmdə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Məhkəmə istintaqının irəliləyən mərhələsində Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını, həmçinin ona dəymiş ziyan tam ödənildiyindən məhkəməyə verdiyi mülki iddia ərizəsindən də imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2008-ci ildən tanıyır, 26 iyul 2024-cü il tarixdə Şaiq ona zəng edərək Türkiyə Respublikasında olduğunu, Bəhruz adlı şəxslə əlaqə saxlayaraq ona 16.000 ABŞ dolları verməsini bildirmiş, o da Bəhruzu «Azəriqaz» İstehsalat Birliyinin inzibati binasının yaxınlığına çağırmış və orada ona 16.000 ABŞ dolları pulu vermişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, Təqsirləndirilən şəxs cəmi bir dəfə ona pul verəndə görmüş, pulu ona «Azəriqaz» İstehsalat Birliyinin inzibati binasının yaxınlığında vermiş, pulu Bəhruzla Şaiqin birlikdə avtomobil alqı-satqısı ilə məşğul ilə əlaqədar vermişdir. O, ***-***-**-** mobil nömrəsini işlətmiş, Bəhruza hansı nömrə ilə zəng etdiyi xatırlamır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - Cinayət işinin başlanması haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, i/v: 1) - Üzləşdirmədə dindirmə haqqında 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı tərəflər bir-birlərinin üzünə qarşı istintaq zamanı verdikləri ifadələri bir daha təsdiq etmişlər. (cild İ, i/v: 87-89) - Üzləşdirmə haqqında 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid istintaq zamanı verdiyini ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etsə də, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı Şahid tanımadığını və onu ilk dəfə gördüyünü bildirmişdir (cild İİİ, i/v: 49-51) - Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş və maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş qeyd dəftərçəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs tarixləri göstərilməklə Təqsirləndirilən şəxs verdiyi və Təqsirləndirilən şəxs ona qaytardığı məbləğlərin hər birini ardıcıl şəkildə qeyd etmişdir. (cild İİ, i/v: 242- 250; cild İİİ, i/v: 1-14, 64-72) Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı bir neçə dəfə ifadə vermiş, onun hər bir ifadəsi digərindən fərqli məzmunda olmuşdur. O, öz ifadələrinin bir neçəsində zərərçəkmiş şəxsə məxsus olan pulun onun avtomobilindən oğurlandığını, qumar oynayıb pulları qumarda uduzduğunu, sonrakı ifadələrində həmin qeyd olunanları təkzib edərək belə faktların heç birinin yaşanmadığını, həmin ifadəni vermək üçün ona təzyiq edildiyini, ümumiyyətlə zərərçəkmiş şəxsə heç bir məbləğdə pul verəcəyinin olmadığını, ilkin məhkəmə iclaslarında zərərçəkmiş şəxsə 170.000 manat pul borclu olduğunu, məhkəmə istintaqının sonlarına yaxın isə ittihamda qeyd olunan məbləği tam qəbul edərək avtomobillərin nasazlığı ilə bağlı çəkilən xərclərlə əlaqədar zərərçəkmiş şəxsə zərər vurduğunu bildirmiş və ziyanı tam həcmdə ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin uzun müddət zərərçəkmiş şəxsdən qaçmasını, müxtəlif bəhanələr gətirməklə onunla əlaqə yaratmamasını, pulu ödəməkdən yayınmasını, ifadələrinin hər birində müxtəlif hallar qeyd etməsini təqsirləndirilən şəxsin qeyd olunan məbləği məhz dələduzluq niyyəti ilə, zərərçəkmiş şəxsin pulunu mənimsəmək məqsədi ilə əldə etməsinin göstəricisi kimi qəbul edir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, bundan əlavə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq göstərməsini, habelə onun sağlamlıq vəziyyətini, bir neçə ağır xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 119) Dəymiş maddi ziyanın ödənilməsi barədə mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 278.200 (iki yüz yetmiş səkkiz min iki yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını xahiş etmişdir. (cild İV, i/v: 48-49) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş ərizələrdən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona qarşı irəli sürdüyü iddia tələbindən imtina edir və təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş 24 oktyabr 2025-ci il tarixli, 3-16-20-04/2-1523 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hər iki aşağı ətrafın obiliterasiyaedici, aterosklerozu. Sol pəncənin 5-ci daraq sümüyü səviyyəsində diabetik qanqrenası. Şəkərli diabet 2-ci tip insulin tələbli forma. Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, 2-ci funksional sinif ARTERİAL hipertoniya 2-ci mərhələ. Qaraciyərin 1-ci dərəcəli hepatostetozu, sağ payda hemangioma” diaqnozu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici halların məcmusunu, xüsusilə də onun bir neçə ağır xəstəlikdən əziyyət çəkməsini, o cümlədən sol ayağının 5-ci daraq sümüyü səviyyəsində diabetik qanqrenasının həyati təhlükə kəsb etməklə kritik həddə olmasını, həmçinin cinayət əməli nəticəsində vurulmuş zərərin tam aradan qaldırılmasını, ona qarşı hər hansı şikayət və tələbin olmamasını, habelə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların mövcud olmadığını nəzərə almaqla, həmçinin qanunun ədalət və humanizm prinsiplərini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ i/v 79-80), Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-719/2024 saylı 29 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş (cild İ i/v 116-118), Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-55/2025 saylı 05 fevral 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş (cild İİ i/v 213-217), qətimkan tədbirinin seçilməsi barədə 17 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş (cild İİİ i/v 42-44), Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1379/2025 saylı 20 avqust 2025-ci il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışdır (cild İV, i/v: 64-66). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş dəftərçənin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə vurulmuş maddi ziyanın ödənilməsini və iddiaçının mülki iddiadan imtina etməsini nəzərə alaraq hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 4 saat hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclasından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş dəftərçənin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 44 (qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Eldar İsmayılov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1379/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1379/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver