Məhkəmə qərarları › İş №1(101)-1380/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1380/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1380/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 03 noyabr 2021 -ci il tarixdə barəsində ünvan 3i rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş məcburi gətirilmə haqqında qərarın icrası ilə bağlı ünvan 3i rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:25-də ünvan 2 ünvanın qarşısında saxlanılmış və polis əməkdaşları tərəfindən sorğu-sual edilən zaman üzərində narkotik vasitə olmasını etiraf etdiyindən Bakı şəhəri ünvan 3i rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən satış məqsədilə əldə etdiyi külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroinin 1 bükümdə 12,789 qram hissəsi və əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroinin 2 bükümdə ayrı-ayrılıqda 0,496 və 0,370 qram təşkil edən qalıq hissəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun maddi imkanı yaxşı olmuş, özünə məxsus təsərrüfatı, avtoyuma məntəqəsi və şəxsi nəqliyyat vasitəsi olmuş, yəni onun narkotik vasitələrin satışı ilə məşğul olmasına heç bir ehtiyyacı olmamışdıir, istifadə etdiyi narkotik vasitəni isə almaq üçün maddi imkanı kifayət qədər olmuşdur. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə səmimi peşmançılıq çəkir. Onun heç bir günahı olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 3 ildir narkotik vasitələrdən istifadə edir və hal-hazırda bununla bağlı onda fiziki asılılıq yaranmışdır. İstifadə etdiyi narkotik vasitələri mütamadi olaraq müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Papanin kimi tanınan ərazidə, tanımadığı şəxdən 170 manat qarşılığında narkotik vasitə olan heroini alaraq həmin heroini şəxsi istifadəsi üçün hissələrə ayırmışdır. Həmin tarixdə, saat 12 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman, 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirərək onunla şifahi sorğu apardılar. Sorğu zamanı o, narkotik vasitə aludəçisi olmasını etiraf etdikdən sonra həmin polis əməkdaşları onu Bakı şəhəri ünvan 3i RPİ-nin 20-ci PB-nə apardılar. PB-də olan zaman təhqiqatçı tərəfindən videoçəkilişlə sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulduqda o, həmin suala cavab olaraq üzərində narkotik maddə olmasım könüllü olaraq etiraf edib əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofan büküm, tünd boz rəngli cins şalvarının sağ yan cibindən isə iki ədəd siqaretin gümüşü rəngli iç kağız bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən bir ədəd Nokia markalı **********82439 İMEİ kodlu mobil telefon, 3 ədəd 100 manatlıq, 22 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 26 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq pul əskinazlan aşkar olunsada həmin telefonu və pul əskinazları ona geri qaytarılmışdır. O, X3 tanımır və ona heç bir narkotik maddə heroin satmamışdır. Narkorik maddələrdən öz şəxsi istifadəsi üçün istifadə etdiyi üçün heç kimə narkotik maddələr satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və Bakı şəhəri ünvan 3i RPİ- nin 20-ci PB-nin inzibati binasında olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Elburus oğlu ifadəsində göstərdi ki, ünvan 3i RPİ-nin 20-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı xüsusi rütbəsi daşıyır. Bakı şəhəri, ünvan 3i rayonu, N.Məlikov küçəsi 13 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3i RPİ-nin İŞ-nə məcburi gətirilməsi barədə ünvan 3i RPİ-nin İŞ-nin müstəntiqi, Ruhid Tağıyevin qərarı əsasında xx.xx.2021-ci il tarixdə 20-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2la birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin gün saat 12:25-də Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanıldıqdan sonra ona xidməti vəsiqələrini təqdim edib onunla şifahi söhbət etmişlər. Həmin zaman şüfahi söhbət zamanı Təqsirləndirilən şəxs onlara narkotik vasitə aludəçisi olduğunu bildirdiyi üçün onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcədə narkotik vasitə olması şübhəsi yarandığı üçün onu ünvan 3i RPİ-nin 20-ci PB-nə gətirmişlər. ünvan 3i RPİ-nin 20-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Elşən Rəsulov tərəfindən müdafiəçi təyin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun ünvan 3i RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanıldıqdan sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən qara rəngli selofana bükülmüş, üzəri şəffav lentlə sarılmış 01 ədəd bükümü, tünd boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş 2 ədəd bükümü, qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən Nokia markalı mobil telefonu, tünd boz rəngli cins şalvarının sol yan cibindən isə 3 ədəd 100 manatlıq, 22 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 26 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq ümumilikdə 907 manat olan pul əskinazlarını çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu sual edilən zaman sonuncu bükülülərin içərisində “kakaos” kimi adlanan yəni narkotik maddə heroin olmasını, həmin narkotik maddə heroini tanımadığı İran vətəndaşından 170 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cibindəki pulların hardasn əldə edildiyi sual edilən zaman sonuncu dükanı olduğu və həmin pulların dükanın pulları olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı və sonuncunun üzərindən, paltarlarından və corablarında digər hər hansısa bir əşya aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 3 ədəd büküm təhqiqatçı Elşən Rəsulov tərəfindən qablaşdırıldı, zərfə qoyuldu və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs ünvan 3i RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirilən zaman və inzibati binada olduğu zaman sonuncuya hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 Elburus oğlu ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 47-52-cı vərəqlərində olan 03 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli selofan büküm, tünd boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 58-63-cü vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 6/4883 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «...şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı olan zərfdəki – 03 (üç) ədəd bükümdə hər birini ayrı-ayrılıqda təmiz çəkisi 12,789 qr, 0,496 qr və 0,370 qr olmaqla ümumi təmiz çəkisi 13,655 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 117-118-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 4501 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-116-cı vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2698 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd ediln əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 217-223-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 13,655 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 13,565 qram qalığı zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri ünvan 3i RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı şəxsin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 217-223-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs X4 narkotik vasitə satması faktı sübuta yetirilmədiyindən bu süsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi ilə" daşıyıb-daşımaması ilə bağlıdır. Cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə baxışla bağlı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən 13,655 qram heroini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut öz əksini tapmamışdır. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif olunmamışdır, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 4501 saylı rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin CM-nin 234.1-ci maddəsinə uyğunluğunu təsdiq edən mötəbər haldır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu səbəbdən təqsirləndirilən şəxsin heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-22 və 89-93-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2021-ci il tarixdə Bakı şəhəri ünvan 3i RPİ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 169-170-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir cinayət işi və ittiham hökmü olmamışdır. Cinayət işinin 202-ci vərəqində olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var. Himayəsində azyaşlı uşağının və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 88.70 (səksən səkkiz) manat (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 13,655 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 13,565 qram qalığı zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri ünvan 3i RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı şəxsin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Maddi sübutlar- Bakı şəhəri ünvan 3i RPİ-nin maddi sübutların saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 13,655 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 13,565 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 88.70 (səksən səkkiz) manat (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri ünvan 3i RPİ-nin maddi sübutların saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 13,655 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 13,565 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar