Məhkəmə qərarları › İş №1(101)-1380/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1380/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1380/2023 29.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul şəhəri, H.Aslanov küçəsi, ev 6-da qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşamış, Nəsimi rayon məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 100,928 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 01 fevral 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:05-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə 100,928 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, anası, qardaşı və sonuncunun yoldaşı bir evdə yaşayırlar. Qardaşı da özü kimi narkotik vasitə istifadəçisidir. 1 fevral 2023-cü il tarixində yaşadığı evdə qardaşı ilə birgə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Polis Bölməsinə aparılmışdır. Tutularkən üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmamışdır. Polis Bölməsində narkotik vasitəni ikisindən birinin öz üzərinə götürməsi tələb edilmişdir. Qardaşı Elçin özündən balaca olduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Evdən aparılmalarına qardaşının yoldaşı şahidlik etmişdir. 21-ci X7 Rəsulovdan başqa digər polis əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq edilmişdir. Döyülməsi ilə bağlı xəsarətləri olmamış və bu barədə heç kimə məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılmasının görüntüləri qonşuya məxsus, həyət yanı sahələrin müşahidəsini aparan videokamerada qeydə alınmasına baxmayaraq həmin görüntülərin ona verilməsindən imtina edilmişdir. Hazırkı iş üzrə tutulmamışdan əvvəl Nəsimi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi ilə əlaqədar 15 gün idi ki, evdə müalicə olunurmuş. Əvvəllər də məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 1 fevral 2023-cü il tarixində Tural adlı şəxsin narkotik vasitə gəzdirməsi barəsində əməliyyat məlumatı daxil olmuş, həmin şəxsi müəyyən edərək, Əfəndiyev döngəsi 1 ünvanında saxlayıb polis bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxsin evi hadisə yerinə yaxın olsa da o, evdən aparılmamış, təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerində tək olmuşdur. Bölmədə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar olunmuş, şəxs narkotik vasitəni bir gün əvvəldən “Sovetski” adlanan ərazidən aldığını bildirmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni satması ilə bağlı məlumat olmamışdır. İlkin olaraq şəxsin üzərində 100 qramdan artıq narkotik vasitə aşkar olunaraq götürülmüş, şəxs özü narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi və onun ailə üzvlərini əvvəllər tanımamışdır. Şəxs narkotik vasitəni istifadə edəcəyini bildirsə də, onu satmaq üçün almış, narkotik vasitəni “Sovetskidə” harada alması isə onlara məlum olmamışdır. Narkotik vasitənin qiyməti onun keyfiyyətindən asılı olaraq müəyyən olunduğundan narkotik vasitəni 250 manata alması onları təəccübləndirməmişdir. Əməliyyat tədbiri keçirilərkən onlar iki nəfər olmuşdurlar. Təqsirləndirilən şəxsi öz xidməti avtomobili ilə aparmışdırlar. Şəxs maşında arxada onun yanında oturmuşdur. Əvvəlcədən şəxsin narkotik vasitəni satış məqsədilə alması barəsində məlumat olmamış, daha sonra bu hadisə ilə bağlı əməliyyat tədbirinin keçirilməsində iştirak etməmişdir. Sonradan narkotik vasitənin mənbəyi ilə bağlı əməliyyat tapşırığı gəlsə də həmin narkotik vasitənin mənbəyini müəyyən edə bilməmişdirlər. Narkotik vasitə onun iştirakı ilə tərəzidə çəkilməmiş, 100 qram olması isə ekspertiza rəyindən ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 1 fevral 2023-cü il tarixində təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəsi, satışı, gəzdirməsi barəsində əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs Əfəndiyev küçəsində tutularaq bölməyə dəvət edilmiş, bütün hallar polis bölmə rəhbərinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxsin tutulmasından sonra, şəxsin narkotik vasitəni satması barəsində məlumat almaq üçün tərəfindən əməliyyat axtarış tədbirləri keçirilməmişdir. Onlara şəxsin elə həmin küçədə narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Video çəkiliş zamanı təqsirləndirilən şəxsin əynindəki şalvarın sağ cibində, bir bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni 250 manata “Sovetski” ərazisindən, bir gün qabaqcadan əldə etdiyini bildirmişdir. Onlar şəxsin dediyi əraziyə gedə bilməmişdirlər. Şəxsin üzərindən 1 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Təcrübəyə əsasən 100 qram narkotik vasitənin 250 manata alınması məntiqə uyğundur. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Şəxsin yaşadığı evin ünvanını tanımır və o evdə olmamışdır. Təqsirləndirilən şəxsin ailə üzvlərini tanımır. Əməliyyat tədbirinin həyata keçirilməsində iki nəfər olmuşlar. Təqsirləndirilən şəxs saxladıqları maşının arxa oturacağında oturmuşdur. Maşını xatırladığı qədəri ilə o sürmüşdür. Şəxsi –axtarış istintaq hərəkətinin keçirilməsində Şahid2 və o iştirak etmişdir. Təqsirləndirilən şəxsin yaşayış yerində hər hansı əməliyyat – axtarış tədbiri və ya istintaq hərəkəti keçirilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 01 fevral 2023-cü il tarixli raportdan görünür ki, “Tural” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi, gəzdirməsi və satması barədə əməliyyat yolu ilə məlumat əldə edilmişdir (cild 1, iş vərəqə 3). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, “Tural” adlı şəxsin yaşadığı ünvanı və şəxsiyyətini müəyyənləşdirmək məqsədilə “X4 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 4). “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 1 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim edərək 01 ədəd şəffaf rəngli bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmiş, 31 yanvar 2023-cü il tarixində təqribən saat 23:00 radələrində Yasamal rayonu, “Sovetski” deyilən ərazidə 250 (iki yüz əlli) manata öz istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 49-52). Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün N189» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 100,928 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 100,828 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-59). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 24 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (cild 1, iş vərəqə 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 02 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 126). 22 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 08 fevral 2023-cü il tarixli əməliyyat tapşırığı əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, xx.xx.2023-cü il tarixdə ondan aşkar edilərək götürülmüş narkotik vasitəni də satış məqsədilə əldə etməsi barədə məlumatlar daxil olmuş, lakin həmin narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır(cild 1, iş vərəqə 100-102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Rəhimov X5 rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2 fevral 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur(cild 1, iş vərəqə 117-118). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 06 may 2023-cü il tarixli qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,828 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 133-137). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayər Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində 01 fevral 2023- cü il tarixdə video-çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən spesifik iyə malik narkotik maddə aşkar edilmiş, o həmin maddənin “heroin” olduğunu, 31 yanvar 2023-cü il tarixində təqribən saat 23:00 radələrində Yasamal rayonu, “Sovetski” deyilən ərazidə 250 (iki yüz əlli) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən həmin ifadələri bir daha təsdiq etmiş, barəsində hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir. Yalnız ibtidai istintaqın sonunda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən döyülməkdən qorxduğu üçün əvvəllər həmin narkotik vasitənin ona aid olmasını etiraf etməsi barədə ifadə versə də müvafiq dindirmə protokolunu imza etməkdən imtina etmiş, cinayət işi materialları ilə tanış olarkən isə həmin narkotik vasitənin ona aid olmadığını, verilmiş ittihamla razı olmadığını bildirmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyət araşdırılarkən isə o döyüldüyünü bildirsə də xəsarət almadığını və bu barədə heç kimə heç nə demədiyini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif ediləcəyini düşündüyü üçün ibtidai istintaqın əvvəlində verilmiş ittihamla razılaşdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman keçirilmiş tibbi müayinəsi zamanı üzərində xəsarətlərin olub olmaması barədə verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi müayinə sənədləri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən onda xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək verilmiş suallara cavab verərkən göstərmişdir ki, şübhəli şəxs qismində 01 fevral 2023-cü tarixdən, saat 10:05-də polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən hüquq və vəzifələri izah edilmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, iş materialları ilə tanış olmuş, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına məlumat vermək hüququ təmin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin mötəbərliliyinin şübhə altına alınması üçün Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülən narkotik vasitənin şəxsi istehlakı miqdarının son həddindən 666 dəfə artıq olmasını, iki gün əvvəl əldə etdiyi 100, 928 qram narkotik vasitələri üzərində gəzdirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 91-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 ay 28 gün müddətinə azadlıqdan mərumetmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəlinin 17 fevral 2023-cü il tarixindən hesablanması müəyyən edilmişdir (cild 1, iş vərəqə 117-118; 120-124). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cari iş üzrə 03 fevral 2023-cü il tarixində həbs qətimkan tədbirinin seçilməsi və hazırki hökmlə cəzaçəkmə müddətinin başlanılmasının 03 fervral 2023-cü il tarixdən hesablanmasının qərara alınması nəzərə alınmaqla Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 ay 28 gün müddətinə azadlıqdan mərumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 115-116). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,828 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 187). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə mərhələsində göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 Vəkil Bürosunun hesabına ödənilməsi üçün 168 (yüz altmış şəkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 ay 28 gün müddətinə azadlıqdan mərumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 6 (altı) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,828 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 168 (yüz altmış şəkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar