Məhkəmə qərarları › İş №1(101)-1381/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1381/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1381/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X1 və X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X3 və Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı ildə Masallı rayonu, Bədalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2-ci maddələrinə əsasən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,427 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,302 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsinə qədər daşımış, 18 mart 2022-ci il tarixində, saat 18:00 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün həmin ünvanda saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd, şəffaf sellofan kəsiyi bükümünün içərisindəki, 13 ədəd şəffaf sellofan kəsiyi bükümlərində yerləşən, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 0,364 qram, 0,898 qram, 0,799 qram, 0,388 qram, 0,079 qram, 0,398 qram, 0,534 qram, 0,811 qram, 0,413 qram, 0,090 qram, 0,785 qram, 0,014 qram, 0,854 qram, beləliklə ümumi təmiz çəkisi 6,427 qram olan külli miqdarda narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə yerləşən, təmiz çəkisi 0,302 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə Sabunçu bazarında polislər onu saxlamışlar. Onun üzərində 0,1 qram patı, 0,7 qram heroin olmuşdur. O, narkotik vasitə istifadəçisidir, narkotik vasitəni tanımadığı şəxsdən almış, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polislər onu döymüş, Habil adlı polis onun 150 manat pulunu götürmüşdür. Polis əməkdaşlarının təzyiqi altında həmin ifadəyə qol çəkmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 mart 2021-ci il tarixdə müdafiəçi İlqar Qədirovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir narkotik vasitə heroini inyeksiya yolu ilə, psixotrop maddə metamfetamini isə tüstüsünü nəfəslə çəkməklə qəbul etmişdir. 17 mart 2022-ci il tarixdə “Səid" adlı iranlı olmasını ehtimal etdiyi şəxslə Whatsappda danışaraq öz istifadəsi üçun narkotik vasitə almaq istədiyini demişdir. Səidin dediyi yerdən yəni “Azadlıq prospekti” metrosunun yaxınlığından bir ədəd siqaret qutusunun içərisində yerləşən 13 ədəd bükümdəki “kakos" yəni narkotik vasitə heroin və bir ədəd bükümdə “Şüşəni" yəni psixotrop maddə metamfetamini götürmüş, bunun müqabilində o, Səid adlı şəxsin bank kartına 120 manat məbləğində terminal vasitəsi ilə pulu köçürtmüşdür. Növbəti gün 18 mart 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, “Sabunçu bazarı” adlanan yerin yaxınlığında olarkən ona 2 nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədin onlara təqdim etməsini xahiş edəndə, o üzərində narkotik vasitənin olduğuna görə həyəcanlanıb tutulmaqdan qorxduğuna görə polis əməkdaşlarından yayınmağa çalışanda, polis əməkdaşları onu yaxalayıb ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu bildirib 12-ci polis şöbəsinə gətirmişlər. Şöbənin xidməti otağında olarkən ona dövlət tərəfindən vəkil təqdim edilmiş, şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah olunandan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zamanı o, əynində olan qara rəngli dəridən olan gödəkçəsinin sağ yan cibindən bir bükümdə içərisində 14 ədəd xırda bükümlərə bağlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan əlavə də, o, həmin gödəkçəsinin sol yan cibindən iki ədəd Samsung markalı mobil telefon aparatlarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bir ədəd selofan bükümünün içərisinə baxış keçirilən zaman həmin bükümün içərisində 13 ədəd xırda bükümlərdə olan narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olmuşdur. Həmin narkotik vasitəni və psixotrop maddəni o, iranlı olmasını ehtimal etdiyi şəxsdən whatsapp şəbəkəsində əlaqə saxlayaraq göndərdiyi koordinatlar əsasında 17 mart 2022-ci il tarixdə “Azadlıq” metrosunun yaxınlığında yerdən götürmüş, bunun müqabilində isə həmin şəxsin bank kartına ödəmə terminalı vasitəsi ilə 120 manat məbləğində pul göndərmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 13 ədəd bükümdə olan narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 mart 2022-ci il tarixdə müdafiəçi İlqar Qədirovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün üzərində gəzdirməsi, onda saxlanılarkən az miqdarda narkotik vasitə və psixotrop maddə olması və polis işçiləri tərəfindən ona qarşı təzyiq göstərilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə o, 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə saat 18:00 radələrində Sabunçu Rayon Polis İdarəsinin inzibati ərazisində xidmət aparan zaman Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində yerləşən adsız mağazanın qarşısında bir nəfər şəxsi görmüşdür. Mülki geyimdə olduqları üçün həmin şəxsə yaxınlaşıb özlərini ona polis əməkdaşları kimi təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədi həmin şəxsdən istəyən zaman şəxsin onlardan nəsə gizlətdiyini hiss etmişlər. Həmin şəxs qaçmağa cəhd etmiş, lakin onlar şəxsi yaxalayıb 12-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, saxlanılan şəxs xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. 12-ci polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət etmiş, axtarış keçirilən zaman vəkilinin iştirak etməməsini xahiş etmişdir. Vəkili Təqsirləndirilən şəxs ərizəsi ilə tanış olduqdan sonra bölmənin xidməti otağını tərk etmiş və Ələddinin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəridən olan gödəkçəsinin sağ yan cibindən bir 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuş, həmin bükümün içərisində cəmi 14 ədəd ayrı-ayrılıqda sellofana bükülmüş xırda bükümlər, 13 bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər olan maddə, 1 bükümdə isə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bundan əlavə, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli «Samsung Galaxy J3» markalı və bir ədəd qara rəngli «Samsung Galaxy J3» markalı mobil telefon aparatları aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş iki ədəd Samsung markalı mobil telefon aparatları özünə məxsusdur və öz istifadəsindədir, aşkar olunaraq götürülmüş 14 ədəd xırda bükümdən 13 ədədi narkotik vasitə heroin, 1 ədədi isə psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitəni və psixotrop maddəni o İran İslam Respublikasının tanımadığı vətəndaşından 120 manata almışdır. 120 manatı həmin şəxsin kartına göndərəndən sonra Azadlıq prospektinə gedib həmin bükümləri yerdən götürmüşdür. Təqsirləndirilən şəxs həmin bükümləri öz istifadəsi üçün əldə edib saxladığını, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini başqa bir şəxsə satmaq fikrində olmadığını, bədənində ağrıları olduğuna görə heroin qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar olan maddə və psixotrop maddə metamfetaminə oxşar olan maddə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nİn 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 6/1577 nömrəli 19 mart 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...» yazısı və imzalar olan kağız zərfdəki 13 (on üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,364 qr, 0,898 qr, 0,799 qr, 0,388 qr, 0,079 qr, 0,398 qr, 0,534 qr, 0,811 qr, 0,413 qr, 0,090 qr, 0,785 qr, 0,014 qr, 0,854 qr, ümumi təmiz çəkisi 6,427 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,302 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq olunmuş siyahısına əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Ekspertizanın tədqiqatından sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin qalan xalis çəkisi 6,167 qrama bərabərdir, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin qalan xalis çəkisi 0,252 qrama bərabərdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın 2371 nömrəli 11 may 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 may 2022-ci il tarixli 1228 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb . Həmin dövrdə o, öz hərəkətlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd 19 mart 2022-ci il tarixli «CD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, diskdə olan «Təqsirləndirilən şəxs» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 11 dəqiqə 19 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin PŞ-nin təhqiqatçısı polsi baş leytenantı Rauf Allahverdiyev tərəfindən 12-ci PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 12-ci PŞ-nin xidməti otağında baxış keçirilir və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofanın içərisində 13 ədəd selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə və bir ədəd selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə (cəmin 14 büküm), həmin gödəkçəsinin sol yan cibindən isə iki ədəd «Samsung» markalı mobil telefon aparatları aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs vildeoçəkiliş zamanı bildirmişdir ki, həmin maddələr (13 ədəd bükümdə olan qəhvəyi rəngli maddə) narkotik vasitə heroindir və bir ədəd bükümdə olan ağ rəngli maddə psixotrop maddə metamfetamindir. Həmin maddələri o öz istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından 120 manata pul köçürmə yolu ilə almışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr qablaşdırılaraq möhürlənir. Cinayət işinə əlavə olunmuş Bakı şəhər Sabunçu rayon prokurorunun böyük köməkçisi Elçin Mahmudovun 23 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ərizə ilə Sabunçu rayon prokurorluğuna müraciət edərək xx.xx.2022ci il tarixdə saat 16:00 radələrində Sabunçu bazarında olan zaman 8 nəfər mülki formada olan, sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslərin onun üzərinə hücum edərək əl-qolunu bağlayıb özləri ilə gətirdikləri bıçaqla gödəkçəsinin ciblərini kəsərək onun özünə məxsus olan 0,7 qram heroin və 0,1 qram metamfetamini kibrit qutusunun içərisində aşkar etdiklərini, bundan başqa özləri ilə gətirdikləri siqaret qutusunun içərisində olan 7 qram heroini də onun gödəkçəsinin cibinə qoyub cibində olan 150 manat pulu götürüb ona təzyiq göstərərək Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparıb orada onu döydüklərini qeyd etmişdir. Bununla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs məlumatı əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, narkotik vasitə olan heroinin külli miqdarda olması, üzərindən aşkar olunan narkotik vasitə heroinin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməyə və məhkəmə hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və müvafiq qaydada məhkumluqları ödənilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2-ci maddələrinə əsasən 09 il müddətinə azadlıqdan məhrum edilmiş, 08 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,167 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 0,252 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 216 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,167 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 0,252 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar