Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1383/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5, müdafiəçi, Bakı şəhəri 27 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, məhkəmənin hazırlıq iclasında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs X8 cinayət əməlini Abşeron rayonu ərazisində törətmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 12,974 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu Masazır qəsəbəsi “Park Soleros” yaşayış kompleksinin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1İN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,949 qram və 7,025 qram olmaqla ümumilikdə külli miqdarda - 12,974 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından da görünür ki, X8 qanunsuz əldə etdiyi narkotik vasitə ilə polis əməkdaşları tərəfindən məhz Abşeron rayonu Masazır qəsəbəsi ərazisində saxlanılaraq onun iradəsi əleyhinə Bakı şəhərinə gətirilmişdir. X2 Bakı şəhəri ərazisində cinayət törətmək niyyəti olmamışdır, törətdiyi cinayət Abşeron rayonu ərazisində başa çatmışdır. Beləliklə, X3 məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,949 qram və 7,025 qram olmaqla ümumilikdə külli miqdarda - 12,974 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayıb Abşeron rayonu Masazır qəsəbəsi “Park Soleros” yaşayış kompleksinin yaxınlığına daşımaqla cinayəti Abşeron rayonu ərazisində başa çatdırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yursisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətlərin törədildiyi yer olan Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki, X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1383/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1383/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver