Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1385/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: 19 may 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1385/2023 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirləndirilir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 20,317 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:35-də Göyçay rayonunun Bığır kəndi ərazisində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 20,317 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 10,568 qram və 9,749 qram olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və azçox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istinad edilən ictimai təhlükəli əməlin törədilməsi - 20,317 qram çəkidə psixotrop maddə olan metamfetamini «istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə etməsi, üzərində saxlamaqla daşıması» ilə başlanmışdır. Onun cinayət tərkibini yaradan əməli uzanan cinayət kimi fasiləsiz olaraq törətməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 17:35-də Göyçay rayonunun Bığır kəndi ərazisində saxlanılması ilə başa çatmışdır. Yəni, Təqsirləndirilən şəxs fasiləsiz olaraq kriminogenlik mənbəyi kimi mövcudluğu məhz Göyçay rayonunun Bığır kəndi ərazisində göstərilən vaxtda bitmiş, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Təqsirləndirilən şəxs saxlanaraq faktiki tutulduğu andan polis əməkdaşlarının bilavasitə nəzarətində olmuş, azadlığı məhdudlaşdırılmışdır. Ona görə də sərbəst hərəkət etmək imkanından tam məhrum edildiyindən, saxlandığı andan sonrakı bütün hərəkətlər, o cümlədən Bakı şəhərinə aparılması onun iradəsi xaricində olmuşdur. Bu səbəbdən də saxlandığı andan sonrakı müddətdə, yəni Göyçay rayonundan Bakı şəhərinə aparılarkən yola sərf olunmuş vaxt ərzində polis əməkdaşlarının tabeliyində və nəzarətində olduğundan şəxsin cinayət törətməkdə davam etməsinin israrı istisna olunur. Bununla da məhkəmə qeyd edir ki, istintaq hərəkətinin aparıldığı yer cinayətin törədildiyi yer kimi qəbul edilə bilməz. Həmin istintaq hərəkətinə qədər cinayət artıq törədilmiş, istintaq hərəkəti ilə isə cinayət ifşa edilmişdir. Buna görə də şəxsin polis əməkdaşları tərəfindən narkotik vasitə ilə birlikdə saxlanıldığı yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin törədildiyi yer aşkar müəyyəndir, yəni Göyçay rayonunun ərazisidir. Məhkəmə gəldiyi bu qənaəti qanuni, əsaslı və mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Göyçay rayonu Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1385/2023 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 iyun 2023-cü il tarixdə bitdiyindən, iş ərazi adiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi üçün həmin məhkəmədə işə baxılanadək həbsin müddəti bitəcəkdir. Buna görə də həmin məhkəmədə iclas keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1385/2023 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmənin iclası keçirilib müvafiq qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(101)-1385/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1385/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver