Məhkəmə qərarları › İş №1(101)-1385/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1385/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1385/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1986-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evlı, iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Şəfəq küçəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Miki” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Miki” adlı şəxs və qeyrilərinin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddəni əldə etmək qərarına gəldikdən sonra 24 noyabr 2023-cü il tarixdə Yardımlı rayonu, Şəfəqli kəndi ərazisindən naməlum vaxtda və şaraitdə İran İslam Respublikası vətəndaşı “Miki” adlı şəxs və qeyrilərinin göndərdiyi külli miqdarda 16435,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 2855 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4412,422 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşıyaraq satış məqsədilə hissələrə ayırmaqla 20,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 37,422 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, narkotik vasitə və psixotrop maddənin digər hissəsini idarə etdiyi “Mercedes V220” markalı **-MB- *** qeydiyyat nişanlı avtomobildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 noyabr 2023-cü il tarixdə saat 12:10-da ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək həmin gün saat 13:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 20,05 (iyirmi tam yüzdə beş) qram olan narkotik vasitə qurudlmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 37,422 (otuz yeddi tam mində dörd yüz iyirmi iki) qram olan psixotrop maddə metamfetamin, həmin gün saat 14:55- dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes V220” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman isə avtomobilin arxa saxlanc hissəsindən 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram, 980 qram, 980 qram, 470 qram və 01 ədəd plastik butulkada təmiz çəkisi 965 qram olmaqla ümumi təmiz çəkisi 4375 (dörd min üç yüz yetmiş beş) qram olan psixotrop maddə metamfetamin, 03 ədəd plastik butulkada ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 950 qram və 955 qram olmaqla ümumi təmiz çəkisi 2855 qram (iki min səkkiz yüz əlli beş) qram olan narkotik vasitə heroin, birinci torbada 07 ədəd bağlamada 1020 qram, 1070 qram, 1075 qram, 1005 qram, 905 qram, 1030 qram və 985 qram, ikinci torbada 10 ədəd bağlamada 990 qram, 1020 qram, 990 qram, 1015 qram, 850 qram, 825 qram, 480 qram, 1075 qram, 1125 qram və 955 qram olmaqla ümumilikdə 02 ədəd torbada yerləşdirilmiş 17 ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdarda 16415 (on altı min dörd yüz on beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, 24 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır, Polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitələr aşkar edlmişdir, daha sonra darə etdiyi “Mercedes V220” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və avtomobildən də külli miqdarda narkotik vasitlər və psixotrop maddələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir, əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 01 ay bundan əvvəl “İnstagram" sosial şəbəkəsində özünü “Miki” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, anket məlumatları ona məlum olmayan, adını “Miki” kimi bildiyi şəxs ona narkotik vasitələri və psixotrop maddələri ölkə ərazisinə keçirəcəyini, onu dediyi ünvandan götürərək Bakı şəhəri ərazisində yönləndirdiyi ünvana aparmalı imiş və bunun müqabilində iranlı ona 4.000 manat pul verməli imiş. O da maddi sıxıntılarına görə iranlının təklifi ilə razılaşmış və bu yolla Mikinin Azərbaycan Respublikası ərazisinə keçirdiyi narkotik vasitləri dediyi ünvanlara aparmış və bunun müqabilində “Miki” ona 8000 manat pul vermiş, həmin maddələri Yardımlı rayonu, Şəfəq kəndi ərazisində yerləşən körpünün altından əldə etmişdir. Lakin həmin narkotik vasitələrin hansı yolla ölkə ərazisinə keçirilməsindən isə heç bir məlumatı olmamışdır. Sonuncu dəfə isə saxlanılan gün iranlı ona bir daha eyni təklifi etmiş və bunun müqabilində 4000 manat pul verməliymiş. O da onun vədinə aldanmış və Yardımlı rayonu, Şəfəq kəndi ərazisində yerləşən körpünün altından narkotik vasitələri götürərək “Mercedes V220” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuş və Bakı şəhəri ərazisinə gətirmişdir. O, Mikidən narkotik maddələri hansı ünvana aparacağı barədə xəbər gözləyirmiş. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmamışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, 24 noyabr 2023-cü il tarixdə təxminən saat 12:10 radələrində o, ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi Mercedes V220 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hər şeyi bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə baş polis idarəsinə gəlmiş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində marixuana olduğunu bildirib əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə marixuanani və 01 ədəd bükümdə “metamfetamin”ni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Nokia" markalı mobil telefon, 02 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 02 ədəd plastik bank kartı, 01 ədəd ona məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və 85 manat pul aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, spesifik iyə malik olmayan, kristal şəkilli, metamfetamin aşkarlanmışdır. Daha sonra təqdim etdiyi digər 01 ədəd bükümə baxış keçirilmiş və yaşıl rəngli spesifik iyə malik olan marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra 02 ədəd bükümdə metamfetamin və marixuana polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 02 ədəd “Samsung”, 01 ədəd “Nokia” markalı mobil telefonlar, 02 ədəd bank kartı, ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi polis əməkdaşı tərəfindən götürülmüş, 85 manat və avtomobilimin açarı geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, daha sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra ona məxsus olan “Mercedes V220” markalı **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilimə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış, daha sonra polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən qabaq ona avtomobildə narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü surətdə təqdim etməyi təklif edilmiş, bundan sonra avtomobildə narkotik maddələr olduğunu bildirdikdən sonra videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o, avtomobilin yük hissəsindən 02 ədəd qara rəngli polietilen torbanın içərisindən 17 ədəd bağlamada “marixuana” bağlamaları, 04 ədəd bağlamada və 01 ədəd plastik qabda “metamfetamin”, 03 ədəd bağlamada və 01 ədəd plastik qabda “heroin”u təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 87-90). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. 24 noyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs idarəyə gətirilmiş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində “marixuana" olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin cibindən 01 ədəd bükümdə marixuanani və 01 ədəd bükümdə “metamfetamin"ni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin cibindən 01 ədəd avtomobil açarı, əynində olan boz rəngli şalvarın cibindən 03 ədəd mobil telefon, 02 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və müəyyən məbləğdə pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, spesifik iyə malik olmayan, kristal şəkilli metamfetamin aşkarlanmışdır. Daha sonra təqdim etdiyi digər 01 ədəd bükümə baxış keçirilmiş və yaşıl rəngli spesifik iyə malik olan marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük hissəsindən 02 ədəd qara rəngli polietilen torbanın içərisindən 17 ədəd bağlamada marixuana bağlamaları, 04 ədəd bağlamada və 01 ədəd plastik qabda metamfetamin, 03 ədəd bağlamada və 01 ədəd plastik qabda heroin aşkarlanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1 iş vərəqi 18). Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 103-108). Şəxsi axtarış və götürmə aparılması haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan Miki adlı şəxsin vasitəsi ilə saxlanılan gün səhər saatlarında Yardımlı rayonu, Şəfəqli kəndi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Miki” adlı şəxsin ona 4000 (dörd min) manat pul verəcəyini, “Miki” adlı şəxsdən əvvəllər də deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqi 28-29). Baxış və götürülmə aparılması barədə 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes V200” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc hissəsindən 17 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd plastik butulkada narkotik vasitə heroinə bənzər kütlə, 04 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan Miki adlı şəxsin vasitəsi ilə saxlanılan gün səhər saatlarında Yardımlı rayonu, Şəfəqli kəndi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Miki” adlı şəxsin ona 4000 (dörd min) manat pul verəcəyini, “Miki” adlı şəxsdən əvvəllər də deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 34-35) Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 25 noyabr 2023-cü il tarixli 6/6158 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7NQ”-İİ dairəvi möhür əksi, üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr şübhəli şəx: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 37,422 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7N°”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə təqdim etdiyi kütlələr şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalardan bağlamadakı, - 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 980qram, 980 qram, 980 qram, 470 qram və 1 (bir) ədəd plastik butulkada təmiz çəkisi 965 qram, ümumi təmiz çəkisi 4375 qram (4kq 375qr) ağ rəngli kristal şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 3 (üç) ədəd plastik butulkada ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 950 qram, 955 qram, ümumi təmiz çəkisi 2855 qram (2kq 855qr) qəhvəyi rəngli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə və görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd dördkünc formalı şəffaf plastik qabdaki təmiz çəkisi 945 qram ağımtıl rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddələrin komponentlər yoxdur və həmin kütlə narkotik vasitələrə, psixotrop, güclü təsiredən və zəhərli maddələrə aid deyildir; - metamfetaminin ümumi təmiz çəkisi 4412,422 qram (4 kq 412,422 qr) təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər (cild 1, iş vərəqi 46-52). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 25 noyabr 2023-cü il tarixli 7/1610 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür: - tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 20,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; - tədqiqata təqdim edilmiş qara rəngli sintetik torbadakı 07 (yeddi) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1020 qram; 1070 qram; 1075 qram; 1005 qram; 905 qram; 1030 qram; 985 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; - tədqiqata təqdim edilmiş qara rəngli sintetik torbadakı 10 (on) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri: 990 qram; 1020 qram; 990 qram; 1015 qram; 850 qram; 825 qram; 480 qram; 1075 qram; 1125 qram; 955 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1, iş vərəqi 53-57) Məhkəmə-narkoloji ekspertizası üzrə 09 dekabr 2023-cü il tarixli 8084 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 165-166) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 147). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, o cümlədən məhkəmə zamanı verdiyi bütün ifadələrində 24 noyabr 2023-cü il tarixdə üzərinə və avtomobilinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin və psixotrpo maddələrin özünə məxsus olmasını, həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması, CM-in 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə səmimi peşman olması cəzasını yüngülləşdirlən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 24 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 24 noyabr 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının müvafiq rəylərinə əsasən Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 16433,25 qram marixuana, 4412,072 qram metamfetamin, 2854,7 qram heroin məhv edilməli, 01 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 16433,25 qram marixuana, 4412,072 qram metamfetamin, 2854,7 qram heroin məhv edilsin, 01 ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası üzrə tədqiqatlarının dəyəri ümumilikdə 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar