Məhkəmə qərarları › İş №1(101)-1386/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1386/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1386/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 25 iyun 2021-ci il tarixdə tamamlanaraq, ittiham aktı ilə 05 iyul 2021-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, 13 mart 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 13 mart 2021-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 196 saylı məktəbin yaxınlığında saxlanılarkən üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd göy rəngli pencəyinin sağ cibindən bir ədəd siqaretin gümüşü kağız bükümündən təmiz çəkisi 3,084 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatət verərək göstərmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Müdafiəçi öz vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istntaq zamanı Təqsirləndirilən şəxs 9 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, lakin, şübhəli şəxs kimi tanınan Təqsirləndirilən şəxs həmin siyahıdan müdafiəçi seçməmiş, təhqiqatçı öz seçimi ilə şübhəli şəxsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun müdafiəçisi Fərhad Kərimovu təyin etmiş, lakin 04 iyun 2021-ci il tarixdə təqirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək, yeni ittiham elan edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin əvəzinə müdafiəçi kimi işə buraxılmamış Azad Kərimov imza etmişdir. Həmçinin, müdafiəçi göstərmişdir ki, ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəxs rayon prokuroru Rəşid Mahmudov olmuş və cinayət işi üzrə məhz etiraz hüququ ona izah edilmiş, lakin, cinayət işi üzrə ittiham aktını təsdiq edən rayon prokuroru vəzifəsini icra edən Vüqar Hüseynova sonuncu şəxsə etiraz hüququ təqsirləndirilən şəxsə izah edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması barədə protokolda təqsirləndirilən şəxsə 131 vərəq materiallar təqdim edilsə də, həmin protokola qədər cinayət işi 137 vərəq olmuşdur. Həmçinin, cinayət işində bəzi vərəqələr 40, 40 A, 71, 71 A, 124,124 A kimi nömrələnmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır Cinayət işinin materialları üzrə olan sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Belə ki, cinayət işi 14 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnin təhtqiqatçısı, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə Təqsirləndirilən şəxs barəsində başlanılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs 13 mart 2021-ci ildə saat 19:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 196 saylı məktəbin yaxınlığında üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən saxlanılaraq 30-cu PŞ-nə üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd siqaretin gümüşü kağız bükümündən təmiz çəkisi 3,084 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış heroinin aşkar edilərək götürülməsinə dair toplanılmış materiallar olmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan 13 mart 2021-ci il tarixli “Şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokoldan görünür ki, ibtidai istintaqın ilkin mərhələsində şübhəli şəxs qismində tanınmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkillərinin növbətçilik siyahısı təqdim olunmuş, lakin tərtib edilmiş protokolun məzmunundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90.7.5 və 90.7.7-ci maddələrinin müddəalarına zidd olaraq öz istəyilə konkret hansısa vəkil seçməmiş, əvəzində Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 13 mart 2021-ci il tarixli qərarı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri 9 saylı vəkil bürosunun 000684 nömrəli orderi ilə müdafiəçi Fərhad Kərimov təyin edilmişdir. İş materiallarında Azad Kərimov adlı müdafiəçinin Təqsirləndirilən şəxs təqdim olunması və ona müdafiəçi qismində təyin edilməsi öz əksini tapmamışdır. Həmçinin, cinayət işinin materiallarında olan və 102 və 104-cü nömrə ilə nömrələnmiş 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərarla təqsirləndirilən şəxs və müdafiəçi tanış olmuş, həmin qərarı təqsirləndirilən şəxs imza etməkdən imtina etsə də,həmin qərara vəkil Fərhad Kərimov yox, müdafiəçi kimi işə buraxılmamış Azad Kərimov qərarı imzalayaraq, qərarla tanış olmuşdur. Bundan başqa, cinayət işinin 110-cu vərəqəsində olan 04 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, ittiham elan etmə barədə qərarın surətinin və bildirişin təqdim edilməsi haqqında” protokolda da Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmiş, və müdafiəçi qismində qeyd edilmiş Azad Kərimov protokolu imzalamışdır. Belə olan təqdirdə, istintaq dövründə bir daha təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi kimi təqdim edilməyən şəxsin cinayət işi materiallarında olan sənədləri imza etməsi ona dəlalət etməyə əsas verir ki, həmin imzalar təqsirləndirilən şəxsin öz müdafiəçisi tərəfindən icra edilməməklə, əksinə digər hər hansı bir şəxs tərəfindən icra edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu da İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: - hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinə əsasən isə şübhəli şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edilməsini cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmçinin, cinayət işinin materiallarında olan bəzi vərəqələr 40, 40A, 71, 71A, 124, 124A kimi nömrələnmişdir. Cinayət işi materialları 127-ci vərəqədən 131-ci vərəqəyə qədər ümumiyyətlə nömrələnməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı siyahıya salınmayaraq nömrələr qeyd edilməmişdir. 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərarda 102-ci vərəqədən sonra 104-cü vərəq qeyd edilmişdir. Daha sonra isə 11 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə və müdafiəçiyə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokol 131 sıra nömrəsindən başlayaraq nömrələnmişdir. Halbuki, 127-ci vərəqədən sonra nömrələnməyən vərəqələr sayıldıqda müəyyən edilir ki, 4 vərəqə nömrələnməmiş və sonrakı vərəqə 132-ci vərəqədən başlayaraq nömrələnməli idi. Beləliklə, ortada qalan 128, 129, 130, 131 sıra sayları qeyd edilməmişdir. Bununla yanaşı cinayət işinin 132-ci vərəqəsi ilə nömrələnmiş 12 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 131 vərəqədən ibarət cinayət işinin materialları ilə tanış olmuşdur. Lakin, cinayət işinin yanlış sıra sayları ilə nömrələnməsini, həmçinin, cinayət işi materiallarında olan bir sıra vərəqələrin nömrələnməməsini nəzərə aldıqda müəyyən olunur ki, əslində cinayət işi materialları 131 vərəqədən yox, 137 vərqədən ibarət olmuşdur. Tanış etmə protokolunda tarix və vərəqələrin sayında silinmələr və ağardıcı vasitə ilə düzəlişlər aparılması müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Cinayət işinin 102 və 104-cü nömrə ilə nömrələnmiş 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərar və 117-ci vərəqədə olan 04 iyun 2021-ci il tarixli protokol ciddi hesabat sənədləri olduğu halda Azərbaycan Respublikası CPM-nin 52.3-ci maddəsinə əsasən müvafiq qaydada qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 52.3-ci maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 286.3-ci maddəsində qeyd edilmişdir ki, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Bundan başqa, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru Rəşid Mahmudova etiraz hüququ izah edildiyi halda, təqsirləndirilən şəxsə həmin cinayət işi üzrə ittiham aktını təsdiq edən rayon prokuroru vəzifəsini icra edən Vüqar Hüseynova etiraz etmək hüququnun izah edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.13-cü maddəsinə görə təqsirləndirilən şəxsin etirazlar etmək və vəsatətlər vermək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 112-ci maddəsinə görə, prokurora etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir. Məhkəmə qeyd olunan halların məcmusunu da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması olaraq qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 303.3 və 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kimi kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, işin bu halları ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq buna müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.3 və 303.3.8-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.3.1 və 303.3.8-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilməsin.

3. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar