Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1387/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2016-cı il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, 18 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, yenidən qəsdən şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanında yerləşən metronun “28 May’’ stansiyasının əsas çıxışının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da ünvan 4 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla qeyd olunan Baş idarəyə gətirilmiş və orada saat 12:02-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda 2,793 qram və 2,815 qram olmaqla, ümumilikdə 5,608 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu gün Masallı rayonundan dostları ilə Bakı şəhərinə gəlmişdir. Şəhərə gəlməkdə məqsədi sosial şəbəkə vasitəsi ilə tanış olduğu qızla görüşmək olmuşdur. O, özü Bakı şəhərini yaxşı tanımamışdır. Dostları ilə əvvəlcə Zərifə Əliyeva adına xəstəxanaya getmişlər və xəstəxana açılana qədər orada gözləmişlər. Sonra isə dostu Mirsadiq onu maşınla gətirib «28 May» metrostansiyasına yaxın bir yerdə düşürmüşdür. Həmin vaxt o, qızla yazışaraq onun harada olduğunu soruşmuşdur. Bu zaman «28 May» metrosuna çatan vaxt tanımadığı şəxslər onu tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Onun özü narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün Masallı rayonundan olmaqla əvvəllər CƏ-nin 126.2-ci maddəsi ilə məhkum olunduğunu, həmçinin narkotiklərdən istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmadığını, istintaq zamanı təzyiqlər altında olduğu üçün nə deyiblərsə, onu da yazıb imzaladığını, polis işçilərinin ona narkotik vasitəni guya yerdən tapması barədə ifadə verməyi təklif etdiklərini, onun da bu cür dediyini və onu aldadıb sənədlərə imza etdirdiklərini, polis işçiləri tərəfindən tutulanda tək olduğunu, dostlarının yanından ayrılandan 20 dəqiqə sonra polis əməkdaşlarının onu saxladıqlarını, «28 May» metrostansiyasının yanına dostu Mirsadiqlə gəldiyini, ona edilən təziqlərlə bağlı heç yerə şikayət etmədiyini, ekspertizadan keçirilərkən ekspertə narkotik vasitədən istifadə etdiyini dediyini, ona təzyiq göstərən polis işçilərinin adları yadında qalmadığnı, təcridxanaya qəbul edilərkən həkim müayinəsindən keçdiyini, lakin həmin vaxt üzərində hər hansı zədə və xəsarət izi aşkar edilmədiyini, məhkəmədə ona sanksiya verilərkən işi polis orqanında olduğuna görə hakimə təzyiqlər barədə heç nə demədiyini, sonuncu dəfə Bakıya gəlməmişdən iki gün əvvəl narkotikdən istifadə etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən təxminən 5-6 aydır ki, istifadə edir. Belə ki, narkotik vasitə marixuananı siqaretə doldurub, heroini və psixotrop maddə metamfetamini isə gümüşü rəngli kağıza doldurub çəkməklə istifadə edir. Həmin narkotik vasitələri yaşadığı Masallı şəhəri ərazisində tanımadığı şəxslərdən almışdır. 18 fevral 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq səhər saatlarında Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 9 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının ətrafında piyada hərəkət edən zaman yerdə iki ədəd selofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüşdür. Bükümün içərisinə baxdıqda içərisindəki maddələrin “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu bilib cibinə qoymuşdur. Narkotik vasitələrdən istifadə etdiyindən onları tanımışdır. Həmin bükümləri özündə saxlamaqda məqsədi daha sonra istifadə etmək olmuşdur. 18 fevral 2022-ci il tarixdə saat 11 radələrində şəxsi işləri ilə əlaqədar olaraq ünvan 4 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında piyada hərəkət edən zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini və anket məlumatı barədə məlumat verməsini tələb etdikdə, öz anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin gün tapdığı narkotik vasitə heroini cibində saxlamışdır. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət edib ona etirazının olmadığını dedikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkiüşlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung A52” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd beş manatlıq pul əskinasını və iki ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoyub təqdim etməklə, üzərindən aşkar olunan iki ədəd şəffaf selofan bükümün içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olmasını etiraf etmişdir. Əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan iki ədəd şəffaf selofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı o, təxminən 6 aydır narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan iki ədəd bükümü tutulan gün, yəni xx.xx.2022-ci İl tarixdə saat 9 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan 5 manat pulun şəxsi tələbatları üçün nəzərdə tutulan pul vəsaiti olduğunu, 1 ədəd “Samsung” markalı mobil telefonun isə özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul vəsaiti isə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində, həmçinin saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmadığını, polis əməkdaşlarının bütün göstərişlərinə tabe olduğunu, onlara heç bir müqavimət göstərmədiyini, bükümləri özündə saxlamaqda məqsədinin daha sonra onları istifadə etmək olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən hər hansı bir şəxsə vermədiyini, yaşadığı mənzildə və yaxud da hər hansı bir yerdə narkotik vasitə və ya cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya olmadığını, həmçinin başqa bir yerdə də narkotik vasitə saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 36-38, 51-54, 71-74). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin narkotikləri polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu bildirdiklərini, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini, qeyd olunan ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, 18 fevral 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, o, əməliyyat qrupunun rəhbəri təyin edilmiş, Şahid2 və Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs “28 May” metrostansiyasının yaxınlığında olması qeyd edilmiş və bununla əlaqədar 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 11-də “28 may” metrostansiyasının qarşısında saxlanılmış, özlərini təqdim edərək onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs həqiqətən də üzərində narkotik vasitə heroin olmasını bildirmiş və onu Baş idarəyə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, o, üzərində narkotik vasitə heroin olmasını etiraf edərək əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung A52” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinasını və iki ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümlərin içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan iki ədəd şəffaf selofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bümüklərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan iki ədəd bükümü həmin gün saat 9 radələrində “28 may” metrostansiyasının yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün götürdüyünü, özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr bir ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd mobil telefon da maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunmuş 5 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən olunaraq saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi, bu zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi keçirilmiş əməliyyat tədbirində iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Qeyd edilən şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İbtidai istintaq orqanının qərarı ilə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 26-29). Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 6/1013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6” dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,793 qram, 2,815 qram, ümumi təmiz çəkisi 5,608 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild 1, iş vərəqi 40- 44). Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 6 aydır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib, əvvəllər arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan metadon həblərindən daxilə qəbul etmə yolu ilə istifadə edib və ondan aşkar olunmuş narkotik vasitə olan heroini satış və özü istifadə etmək məqsədi ilə saxlayıb. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 86-87). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 X4 məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 706/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibindəki fenilalkilamin qrupuna aid olan amfetamin, metamfetamin və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 1, iş vərəqi 137-139). İbtidai istintaq orqanının 04 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,508 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin müvafiq hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 140-149). Cinayət işinin ibtidai istintaqı zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli 007-2934-1222 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 94-95, 99). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 5(005)-265/2022 nömrəli qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 fevral 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 97). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən, əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 101, 110- 123). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik istifadəçisi olduğunu və saxlanılarkən onda narkotik vasitə olmadığını, həmin narkotiki polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu dediklərini, istintaqa etirafedici ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitənin iki ədəd ayrı-ayrı bükümlərdə olması, həmçinin öz çəkisinə görə külli miqdar tərkibi yaradan çəkidən dəfələrlə çox olması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edərək daşıması cinayətini törətməsini təsdiq edən hallardandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdarın hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən, əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 101, 110-123). Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinin tələbinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli residiv hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 802 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,508 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş ekspertiza tədqiqatı 91 (doxsan bir) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,508 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi videogörüntülərini əks etdirən bir ədəd DVD disk disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1387/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1387/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver