Məhkəmə qərarları › İş №1(101)-1388/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1388/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1388/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ukrayna Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Düz Qırıqlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri, xx xxxxx 1987-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aviaşəhərcik, yataqxana 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri və xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3-cü maddələri ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən bıçaq tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar planının həyata keçirilməsini asanlaşdırmaq, məsuliyyətdən kənarda qalmaq, eləcə də tanınmasının qarşısını almaq və zərərçəkənin müqavimətini qırmaqdan ötrü üzünə qara rəngli tibbi maska və başına qara rəngli papaq taxaraq 05 may 2021-ci il tarixdə saat 02 radələrində əlbir olduğu Təqsirləndirilən şəxs2 əvvəllər həyətində fəhlə kimi işlədiyi, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı evin qarşısına gələrək, aralarında olmuş vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 küçədə qalaraq ətrafa nəzarət etmiş, o, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə keçərək, həyətin giriş qapısını açıb, Təqsirləndirilən şəxs2 içəri buraxmaqla hər ikisi evin giriş qapısından evə qanunsuz daxil olub mətbəxdən yataq otağına keçmək istəyərkən, həmin zaman səsə duran Zərərçəkmiş şəxs yataq otağından çıxdığını görərək hücuma məruz qalmış şəxsin üzərinə basqın edib yerə yıxmaqla əlində olmuş qatlanan tipli cib bıçağından silah qismində istifadə edib sonuncunun boğaz nahiyəsinə dirəyərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib evdə pulun olduğu yerin öyrənilməsinə nail olmuş, Təqsirləndirilən şəxs2 isə həmin otaqda olan şkafın ikinci rəfindəki jurnalın arasından Zərərçəkmiş şəxs məxsus 1450 manat pulu və masanın üzərindən sonuncuya məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 250 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu ələ keçirməklə, hadisə yerindən qaçıb gedərkən Zərərçəkmiş şəxs onlara mane olmaması, eləcə də kömək çağıra bilməməsi üçün masanın üzərindən götürdüyü parça lentlə Zərərçəkmiş şəxs əllərini bağladıqdan sonra hadisə yerindən qaçıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1710 manat maddi ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Tovuz rayonunda Düz Qırıqlı kəndində yaşamış, tutulmamışdan təxminən ay yarım qabaq Bakı şəhərinə işləmək üçün gəlmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir düşmənçilik, söz-söhbət olmamışdır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Seymur Turalın yaşadığı evində usta kimi işləmişdir. 04 may 2021-ci il tarixdə Seymur və Kamillə Binə qəsəbəsində yerləşən “900” çay evində oturub çay içmişlər. Ordan gecə saat təxminən 00:10 radələrində çıxıb, birlikdə gəzişərək Binə qəsəbəsinin Aviaşəhərcik olan ərazisinə getmişlər. Həmin zaman Turalın yaşadığı evin qarşısından keçərkən həyətdə işığın yanmadığını görmüşlər və həmin evə girib oradan oğurluq etmək qərarına gəlmişlər. Başlarına qara papaq qoymuş, sifətlərini isə qara rəngli tibbi maska geyinməklə bağlamışlar. O an üçün evdə kiminsə olduğunu bilməmişlər. Lakin girməmişdən qabaq birdən evdə kimsə ola biləcəyini ehtimal edib küçədən evin işığını söndürmüşlər. Hasardan evin həyətinə keçmiş və evin həyətinə açılan dəmir qapını açmış, Seymur da həyətə daxil olmuşdur. Kamil isə küçədə qalıb onları gözləmişdir. Tibbi maska və papaqları Kamilin yanında geyinmişlər. Amma Kamilin özünün tibbi maska taxıb papaq geyinib-geyinmədiyini xatırlamır. Sonra o və Seymur evə daxil olmuşlar. Evin giriş qapısı açıq olmuş, evin mətbəxinə daxil olmuşlar. Sol tərəfdə yataq otağı olmuş, həmin otağa daxil olmaq istəyərkən Tural “nə istəyirsiz?” deyə soruşmuşdur. Bu zaman Turalla əlbəyaxa olmuş, Turalı yerə yıxmış və əlində olan bıçağın arxa hissəsini onun sinə nahiyəsinə tutmuşdur. O anda da hər ikisi papaq və maskada olmuşlar. O, Turalı yerə yıxdıqdan sonra qorxmamasını və sadəcə pulun harada olduğunu soruşmuş, Tural isə şkafda olduğunu demişdir. Sonra Seymur masanın üzərində olan telefonu götürüb şkafda pulu axtarmağa başlamış, lakin tapa bilməmişdir. Yenə pulun harada olduğunu soruşduqda Tural pulun şkafda olan dolabın ikinci rəfində jurnalın altında olduğunu bildirmişdir. Seymur gedib həmin yerdə olan pulu tapıb götürmüşdür. Özü də hiss etmədən həmin anda kövrəlmiş və Turala onu bağışlamasını demişdir. Sonra Seymur masanın üzərindəki vəsiqəni boyuna keçirmək üçün olan rezini götürüb Turalın əlini bağlamışdır ki, evdən çıxana kimi hər hansı bir kömək çağıra bilməsin. Sonradan orada Turalın vəziyyətinin pis olduğunu, ağzından hətta qorxudan köpük gəldiyini görmüşlər. Seymur masanın üzərində olan elektrik çaydanın içərisində olan su ilə Turalın üzünü və boynunu yumuş, Turalın titrədiyini hiss etmişlər. Sonra evdə masanın üzərində olan spirti götürüb halı pisləşməməsi üçün burun nahiyəsinə tutmuşlar. Tural əlini qaldırıb “olar sual verim” demiş, amma Seymur əl işarəsi ilə susmasını tələb etmiş və rahat uzana bilməsi üçün başının altına orada yerdə olan idman çantasını qoymuşdur. Evdən çıxıb gedərkən Seymur Turalın telefonunu da götürmüşdür ki, Tural harayasa zəng edib kömək çağıra bilməsin. Evdən çıxıb yaxınlıqda onları gözləyən Kamili də götürüb getmişlər. Yolda Seymurun evdən götürdüyü telefona zəng gəldiyi üçün küçələrin birində onu tullamışlar. Sonradan Seymur evdən götürdüyü 1450 manat puldan ona və Kamilə hərəyə 470 manat vermiş, özünə isə 510 manat pul götürmüşdür. Əldə etdiyi pula paltar almış, qalan pulları da xərcləmişdir. Törətdiyi əməldən çox peşmandır, maddi ziyanı ödəmək üçün də imkanı yoxdur. Ona görə də məhkəmədən bu halların nəzərə alınmasını və ona imkan qədər yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, onun yaşadığı evində usta işləmişdir. Əli ilə ailəvi gediş-gəlişləri olmuşdur. Kamillə isə əvvəllər “Mərdəkan Broyler”də birlikdə işləmişdir. 04 may 2021-ci il tarixdə tanışları Əli və Kamillə birlikdə Binə qəsəbəsində yerləşən “900” çay evində oturub çay içmiş, gecə saat təxminən 00:10 radələrində oradan çıxmış, Binə qəsəbəsində yerləşən Aviaşəhərcik adlı yerə getmişlər. Turalın yaşadığı evin qarşısından keçərkən evin həyətində və mətbəxində işıq olmadığını görüb evə girib oradan oğurluq etmək qərarına gəlmişlər. O anda evdə kiminsə olub-olmadığını bilməmişlər. Hər halda evdə adam ola biləcəyini də nəzərdən qaçırmamışlar. Bu səbəbdən də evdə kiminsə ola biləcəyi ehtimalı olduğundan küçədən evin işığını söndürmüşlər. Əvvəlcə küçədə başlarına qara paqa keçirmiş, sifətlərini isə qara rəngli tibbi maska ilə bağlamışlar. Əli hasardan evin həyətinə keçmiş və evin həyətinə açılan dəmir qapını açmışdır. Sonra o və Seymur evə daxil olmuşlar. Kamil isə onları küçədə gözləmişdir. Kamilin papaq geyinib-geyinməməsi və maska taxıbtaxmamasını dəqiq xatırlamır. Evin giriş qapısı açıq olmuş, evin mətbəxinə daxil olmuşlar. Sonra sol tərəfdə olan yataq otağına daxil olmaq istəyəndə evdə adam olduğunu bilmişlər və qabaqcadan tanıdığı Tural ona tanış olan səsi ilə “nə istəyirsiz?” deyə soruşmuşdur. Əli Turalla əlbəyaxa olmuş, Turalı yerə yıxmış və əlində olan bıçağın arxa hissəsini Turalın sinə nahiyəsinə tutmuşdur. Hər ikisi maskada və papaqda olduqlarından Tural onu tanıya bilməzdi. Əli Turalı yerə yıxdıqdan sonra qorxmamasını deyib pulun harada olduğunu soruşmuş, Tural isə pulun şkafda olduğunu demişdir. O, masanın üzərində olan Turalın telefonunu götürüb şkafda pulu axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonra Əli yenə Turaldan pulun harada olduğunu soruşmuş, Tural pulun şkafın dolabındakı ikinci rəfində jurnalın altında olduğunu demişdir. Yenidən gedib həmin yerə baxdıqda pulu tapmışdır. Sonra masanın üzərində vəsiqəni boyuna keçirmək üçün olan rezini götürüb Turalın əlini bağlamışdır ki, onlar evdən çıxıb qaçana qədər kömək çağıra bilməsin. Həmin anda Turalın vəziyyətinin pis olduğunu, ağzından hətta qorxudan köpük gəldiyini görmüş, buna görə də masanın üzərində olan elektrik çaydanın içərisində olan suyun sərin olduğunu görüb, həmin su ilə Turalın üzünü və boynunu yumuşdur. Turalın titrədiyini hiss etmiş, ona görə də masanın üzərində olan spirti və əskini götürüb burun nahiyəsinə tutmuşdur ki, onun halı pisləşməsin. Sonra Tural əlini qaldırıb “olar sual verim?” demişdir. Lakin əl işarəsi ilə susmasını tapşırmış və ona rahat olsun deyə yaxınlıqdakı idman çantasını başının altına qoymuşdur. Evdən çıxıb gedəndə telefonu götürmüşdür ki, Tural hər hansı bir şəxsə zəng edib kömək çağıra bilməsin. Evdən çıxıb Kamili də götürüb oradan uzaqlaşmışlar. Yolda gedərkən evdən götürdüyü telefona zəng gəlmiş, bunun onlar üçün problem yarada biləcəyini düşünərək telefonu küçədə olan borunun içinə atmışdır. Sonradan evdən götürdüyü 1450 manat pulu üç yerə bölmüş, bu puldan Əliyə və Kamilə hərəsinə 470 manat vermiş, özünə isə 510 manat pul götürmüşdür. Özünə götürdüyü pulları sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdikləri əməldən çox peşmandır, vicdan əzabı çəkir, ziyanı ödəmək üçün isə imkanı da yoxdur. Ona görə də bu halların, gənc olmasının, ailə vəziyyətinin nəzərə alınaraq məhkəmədən ona humanist cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Cəfərov Tural Rahil oğlunu qabaqcadan tanımamışdır. Seymurla isə əvvəllər “Mərdəkan Broyler”də birlikdə işləyərkən tanış olmuş, səmimi münasibətləri yaranmışdır. Əlini isə Seymurun vasitəsi ilə tanımışdır. 04 may 2021-ci il tarixdə Əli və Seymurla birlikdə Binə qəsəbəsində yerləşən “900” çay evində oturub çay içmişlər. Çayxanadan artıq gecə saat təxminən 00:10 radələrində çıxmışlar. Birlikdə Binə qəsəbəsindəki Aviaşəhərciyə getmişlər. Sonra Əli və Seymur ona demişlər ki, siqaret alıb qayıdacaqlar, onların gəlməyini gözləsin. Onlar 20-25 dəqiqə sonra qayıtmışlar. Onun oğurluq hadisəsindən xəbəri olmamışdır. Səhərisi gün Seymur gətirib ona 470 manat pul vermişdir. Həmin pulla isə borclarını ödəmişdir. Əli və Seymurun həmin gecə evə oğurluğa girdiklərini sonradan bilmişdir, amma o həmin işdə iştirak etməmiş, çöldə gəzişmişdir. Ona görə də onun quldurluğa aidiyyəti yoxdur. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi oğurluq cinayətinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs Rahil oğlunu əvvəllər tanımamış, aralarında hər hansı bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. 04 may 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Binə qəsəbəsində yerləşən “900” çay evində oturub çay içmişlər. Hər gün həmin çayxanaya gedib orada oturub çay içmişlər. Təqsirləndirilən şəxs2lə əvvəllər broylerdə birlikdə işləyən zaman tanış olmuş, oradan münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 isə Seymurun vasitəsi ilə tanımışdır. Hadisədən qabaq bir neçə gün idi ki, Əli Seymurgilin evində müvəqqəti qalmışdır. Çayxanadan artıq 05 may 2021-ci il tarixə keçən gecə saat təxminən 00:10 radələrində çıxmışlar. Birlikdə gəzişərək Binə qəsəbəsində Avia şəhərcik olan yerə getmişlər. Orada Əli və Seymur öz aralarında oğurluq barədə danışmışlar. Seymur evdə pul olduğunu bilmişdir. Tural adlı şəxsin həyətində işlədiyini, evi yaxşı tanıdığını, ev sahibinin evdə tək qaldığını və evdə də pulu olduğunu demişdir. Başqa da o cinayət etməyi təklif edən edən zaman tutulmayacaqlarını, heç kəsin satmayacağını demişdir. Ona görə o da birlikdə cinayətdə iştirak etməyə razılıq vermişdir. Orada Seymur ev sahibinin evə gec gəldiyini demişdir. Lakin Seymurgilin hərəkətlərindən onların ev sahibinin evdə olduğunu bilirdiklərini hiss etmişdir.Qabaqcadan da evin işığını söndürməyi planlaşdırmışlar. Gecəni də gözləmişlər ki, ev sahibi yatsın. Seymurgil ona hadisə yerinin yaxınlığında binanın qarşı tərəfində dayanmağı təklif etmişlər və hər hansı bir şəxs görən zaman onlara zəng edib məlumat verməyi tapşırmışlar. Sonra həmin yerdə dayanmışdır. Seymur və Əli isə dedikləri ev istiqamətində getmişlər. Lakin həmin evin hansı olduğunu bilməmişdir. Bir neçə dəqiqə sonra Seymur və Əli geri qayıtmışlar və bildirmişlər ki, evin işıqları yanmır və yenə tapşırmışlar ki, hər hansı bir şəxsin gəldiyini görsə onlara zəng edib məlumat versin. Həmin vaxt saat təxminən 02 radələri olmuşdur. Onlar təxminən 30 dəqiqədən sonra geri qayıtmışlar. Gəldikdən sonra evə daxil olduqlarını, ev sahibinin isə onların səsinə oyandığını və ev sahibi ilə əlbəyaxa olduqlrını bildirmişlər. Ona görə oradan tələsik qaçıb getmişlər. Sonra Seymur evdən əldə etdiyi pulları saymışdır. Onunla Əliyə 470 manat vermişdir, özünə isə 570 manat pul götürmüşdür. Həmin pulu isə “Əmrahbanka” və “Kotntakt home” olan borcunu ödəmişdir (cild 1, iş vərəqə 178-179). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən məzmunda ifadə versə də, son söz söyləyərkən tam fərqli mövqe nümayiş etdirərərək törətdiyi əməldən çox peşman olduğunu, gənc olmasının, əməlindən peşman olmasının nəzərə alınmasını, ona mərhəmət göstərilməsini, mümkün olan həddə ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı faktiki tam, Təqsirləndirilən şəxs3 isə qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2015-ci ildən Xəzər rayonu, Binə qəsəbəsi, Z.Mirzəyev küçəsi ev 5 ünvanında yaşayır. Evdə tək qalır. Arada valideynləri və ya qardaşı gəlib onunla birgə qalır. 04 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində evə gəlmişdir. Həmin gün evdə tək olmuşdur. Gecə saat 02 radələrində yatmaq üçün yerinə girmiş, bu zaman qəfildən işıqlar sönmüşdür. Qaldığı evin həyət qapısı açarla bağlansa da, evin giriş qapısı taxta qapıdır, kilidi yoxdur və həmin qapı daimi olaraq açıq qalır. Yerinə təzə girmişdir ki, evin giriş qapısının açıldığını eşitmiş və evə kiminsə daxil olduğunu bilmişdir. O, dərhal yerindən durmuş və yataq otağından çıxarkən iki nəfər şəxslə rastlaşmışdır. Onlardan öndə olanla əlbəyaxa olmuşdur. Hər iki şəxsin üzlərində qara rəngli tibbi maska və başlarında isə qara rəngli papaq olmuşdur. Əlbəyaxa olduğu şəxs onu yerə yıxmış və üstünə oturmuşdur. Bir qədər ona müqavimət göstərsə də, lakin ona gücünün çatmadığını görüb müqavimət göstərə bilməmişdir. Həmin şəxsdən nə səbəbə görə evə daxil olduğunu soruşmuşdur. Həmin şəxs isə “gecə vaxtı nə üçün evə daxil olarlar?” deyə demişdir. O isə pul üçün dedikdə, üzərində olan şəxs ondan “pulun var?” deyə soruşmuşdur. O isə pulun olduğunu demiş və təklif etmişdir ki, özü durub versin. Lakin həmin şəxs razı olmamış, ucu iti hansısa aləti onun boğazına dirəmiş və sonra o, pulun şkafda olduğunu bildirmişdir. O alətin bıçaq, yaxud başqa predmet olduğunu dəqiq görə bilməmişdir. Həm uzadıldığı vəziyyət, həm də ətrafın qaranlıq olması bu predmeti görməsinə imkan verməmişdir. O anda digər şəxs pulu götürüb onun tərəfə gəlmiş və masanın üzərində olan elektrik çaydandan onun üz və boğaz nahiyəsinə su tökmüşdür. Eləcə də masanın üzərindən spirt götürüb onun üz nahiyəsinə tökmüşdür. Sonra əllərini və ayaqlarını bağlamışlar. Üzərində olan şəxs həmin söhbəti uzatmamağı və heç kəsə bu barədə məlumat verməməyi demişdir. O, həmin şəxsə onun işə getmək üçün pul saxladıqlarını soruşmuş, o da saxladığını demişdir. Gedərkən açarının da olduğunu soruşmuş və tək bir açarının olduğunu dedikdə o, heç açar axtarmamış və çıxıb evdən getmişlər. Onlar getdikdən bir qədər sonra tam sakitçilik olduğuna əmin olmuş və əlini boş bağladıqları üçün açmış və durmuşdur. Bir qədər özünə gəldikdən sonra isə evdə mobil telefonu axtarsa da tapa bilməmişdir. Ona görə məcbur qalıb paltarını geyinib yaxınlıqda yaşayan ev sahibi Elçingilə getmiş və hadisə barədə ona məlumat vermişdir. Elçin onun evinə gəlmiş və oğurluq olması barədə 102 xidmətinə məlumat vermişdir. Lakin məlumat verərəkən oğurluq barədə məlumat vermişdir ki, evdə tək qalır, birdən həmin şəxslər yenidən evə qayıdar deyə həmin zaman qorxmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxslərin hər hansı qohumu və ya başqa yaxını da onunla maraqlanmamış, heç bir əlaqə saxlanılmamışdır. Ona görə də təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulmuş qaydada layiq olduqları cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Avia şəhərcik” adlanan ərazidə fərdi yaşayış evində tək yaşayır. Müəyyən vaxtlarda o da qardaşı ilə birlikdə gəlib qalmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs2 qardaşının yaşadığı evdə əvvəllər usta kimi işlədiyinə görə onu tanımışdır. Seymur həmin evdə işlədiyi üçün evin hər bir hissəsini də yaxşı tanıyır. 05 may 2021-ci il tarixdə qardaşı ona zəng edib bildirmişdir ki, evinə həmin gecə basqın olmuşdur. Qardaşının dediyinə görə gecə saat 02 radələrində işıqların söndüyünü görüb yerinə uzanıb və yatmaq istəmişdir. Həmin zaman evin giriş qapısının açıldığını eşidib dərhal yerindən durub otaqdan çıxan zaman bir nəfər şəxslə rastlaşmış, həmin şəxslə əlbəyaxa olmuşdur. Həmin şəxs qardaşını yerə yıxıb boğazına bıçaq dirəyərək pulun harda olduğunu demədiyi halda öldürəcəyini demişdir. Həmin şəxsin başında papaq üzündə isə qara rəngli tibbi maska olmuşdur. Qardaşı pulun şkafda olduğunu demiş, evə basqın edən digər şəxs isə şkafda olan pulu götürmüşdür. Daha sonra həmin şəxslər onun əlini bağlamış və çıxıb evdən getmişlər. Gedərkən Turalın telefonunu da aparmışlar. O, hadisədən sonra gedib ev sahibinə məlumat vermiş və ev sahibinin telefonu ilə polisə zəng edib məlumat vermişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən bina evindən artırma olunan bir otaqlı fərdi yaşayış evi də vardır. Lakin orada yaşamır. Həmin evi kirayə vermişdir. Həmin evdə kirayədə Zərərçəkmiş şəxs yaşamışdır. Zərərçəkmiş şəxs artıq uzun müddətdir ki, həmin evdə yaşayır. Əvvəllər orada hər hansı bir cinayət olmamışdır. 05 may 2021-ci il tarixinə keçən gecə saat 03 radələrində ev qapısının döyüldüyünü eşidib yuxudan durmuş və qapını döyən şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ona evinə baqsın olduğunu demişdir. O, dərhal durub onun qaldığı evinə getmişdir. Turalın köynəyi tam su olmuşdur. O, Turaldan nə baş verdiyini soruşduqda Tural ona demişdir ki, gecə saat 02 radələrində işıqlar söndüyünü görüb yerinə uzanıb və yatmaq istəmişdir. Həmin zaman evin giriş qapısının açıldığını eşidib dərhal yerindən durub otaqdan çıxan zaman bir nəfər şəxslə rastlaşmış, həmin şəxslə əlbəyaxa olmuşdur. Həmin şəxs Turalı yerə yıxıb boğazına bıçaq dirəyərək pulun harda olduğunu demədiyi halda öldürəcəyini demişdir. Həmin şəxsin başında papaq üzündə isə qara rəngli tibbi maska olmuşdur. Tural pulun şkafda olduğunu demiş, evə basqın edən digər şəxs isə şkafda olan pulu götürmüşdür. Daha sonra həmin şəxslər onun əlini bağlamış və çıxıb evdən getmişlər. Gedərkən Turalın telefonunu da aparmışlar. Tural onun istifadə etdiyi mobil telefon vasitəsi ilə zəng edib hadisə barədə “102” zəng xidmətinə müraciət etmişdir. Sonradan polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Həmin zaman Tural işıqların çöldən söndürüldüyünü bilmişdir. Sonradan eşitmişdir ki, basqın edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin həmin şəxsləri əvvəllər tanımamış və aralarında hər hansı bir münasibət, düşmənçilik və ədavət olmamışdır (cild 1, iş vərəqə 212-214). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı ünvan 4 ünvanındakı yaşayış evinə baxış keçirilməsi haqqında 05 may 2021-ci il tarixli protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət hadisəsinin baş verdiyi yeri və hallarını əyani olaraq ətraflı şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 5-12). İbtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzlərinə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 86-91). İbtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 110-113). Şəxsin tanınmaya təqdim edilməsi haqqında 11 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən şəxslər arasından onun evinə basqın etmiş Təqsirləndirilən şəxs1 tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 107-109). İfadənin yerində yoxlanılması haqqında 11 may 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələri yerində yoxlanılarkən onlar, ifadələrində göstərdiklərini əyani olaraq hadisə yerində göstərməklə ifadələrini bir daha təsdiq etmişlər, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 114-127). Məhkəmə tibbi ekspertizasının 20 may 2021-ci il tarixli 433 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsi zamanı bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir (cild 1, iş vərəqə 230- 232). Məhkəmə ballistik ekspertizasının 01 iyun 2021-ci il tarixli 3/886 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Həmin bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən əlavə və düzəlişlər edilməmişdir (cild 1, iş vərəqə 233-235). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 08 iyun 2021-ci il tarixli məktublarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 1, iş vərəqə 221-223). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 224, 227, 229). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3-cü maddələri ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 209-211). Xəzər rayon İcra şöbəsinin 11 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 700 manat cərimə cəzasını tam olaraq ödəmişdir (cild 1, iş vərəqə 252). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənildiyindən, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 11-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 15-ci bəndinə əsasən, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməyini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – digər təqsirləndirilən şəxslərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu, cinayət işinin materialları və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş faktiki etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Quldurluq cinayətinin icraçıları olmuş digər iki təqsirləndirilən şəxsin gecə saatlarında evə daxil olmazdan əvvəl bilavasitə onun yanında başlarına papaq keçirdərək üzlərini maskalarla bağlamaları, talanmış əmlakın – pul vəsaitinin sonradan hər üç şəxs arasında faktiki bərabər şəkildə bölünməsi halları mübahisələndirilmir və bu dəlillər də Təqsirləndirilən şəxs3 əməli ilə bağlı yekun qənəatə gəlmək üçün nəzərə alınan vacib detallardır. Həm də məhkəmənin yekununda son söz söyləyərkən törətdiyi əməldən səmimi peşman olması ilə bağlı sərgilədiyi mövqe də məhkəmənin gəldiyi qənaətin düzgün və əsaslı olmasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini qismən təqsirli bilərək səmimi peşman olmalarını, məhkumluqlarının olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənmələrini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır (cild 1, iş vərəqə 224, 227, 229). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 10 may 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 may 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 37, 57, 77, 185-194). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd bıçaq və parça lent məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 234,294). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadıqları üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5, X7 və X6 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına hər biri üçün 300 (üç yüz) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X5, X7 və X3 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 298-300). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd bıçaq və parça lent məhv edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hər biri üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. İbtidai istintaq göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil X5, X7 və X3 hər biri üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar