Məhkəmə qərarları › İş №1(101)-1389/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1389/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1389/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi, ev 23B-də qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlbəyaxa olub dalaşarkən üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə sonuncunu 2 (iki) dəfə vurub hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən həyat üçün təhlükəli olan 1 (bir) ədəd ağır və boyun nahiyəsinin deşilmiş-kəsilmiş 1 (bir) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Əvvəllər onlar eyni məhəllədə yaşamışlar. Sonradan onların münasibətləri pozulmuşdur. Buna səbəb 2014-cü ildə onun böyük qardaşı Pərvizin Seymuru bıçaqlaması olmuşdur. Buna görə də onlar ailəlikcə 2017-ci ildə yaşadıqları məhəllədən Ramana qəsəbəsinə köçmüşlər. Lakin onun əmisi oğlu Məhəmməd həmin məhəllədə yaşadığından o, tez-tez əvvəllər yaşadığı məhəlləyə gedərək əmisi oğlu ilə görüşmüşdür. xx.xx.2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində o, əmisi oğlu ilə görüşmək üçün həmin məhəlləyə gedərkən Musabəyov küçəsində fəaliyyət göstərən “Səbirənin mağazası” kimi tanınan mağazanın qarşısından keçdikdə Zərərçəkmiş şəxs onunla üz-üzə gəlmiş və bu vaxt Seymur qışqıraraq ona “sizin axırınıza çıxacam” demişdir. O da Seymura yaxınlaşaraq demişdir ki, “sən bizə heç nə edə bilməzsən”. Bu vaxt Seymur yerdən taxta parçası götürüb onun üstünə cummuş və 1 (bir) dəfə ona zərbə endirmişdir. O isə Seymurun zərbəsindən yayınmışdır. Bundan sonra onlar bir-birlərindən yapışaraq tutaşmışlar. Həmin vaxt o, Seymurun onu vuracağından qorxaraq cibində olan bıçağı çıxarıb 1 (bir) dəfə Seymurun kürəyindən, 1 (bir) dəfə də boyun nahiyəsindən vurmuşdur. Bundan sonra Seymur ondan əl çəkərək oradan qaçmışdır. O bunu görüb özü də oradan uzaqlaşmışdır. Sonra polis əməkdaşları ona zəng edərək 12-ci Polis bölməsinə dəvət etmişlər. O da 12-ci Polis bölməsinə gedərək təslim olmuşdur. Sonra onu Polis bölməsindən Sabunçu rayon Polis İdarəsinə aparmışlar və o, orada müstəntiq tərəfindən tutulmuşdur. O, həmin gecəni Polis İdarəsində qalmış, növbəti gün isə müstəntiq onu azad etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınması və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məhkum olunmuş və cəzasını çəkdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Günəşli küçəsində yerləşən evə qayıtmışdır. O, cəzadan azad olunduqdan sonra bıçaqla bağlı tövbə etmiş və fərdi əməklə məşğul olmaqla dolanmışdır. O, əvvəllər Kamrangillə eyni məhəllədə yaşamış və onlar qonşu olmuşlar. Onların arasında münasibətlər normal olmuşdur. Lakin bir neçə il əvvəl Şahid böyük oğlu Pərviz məhəllədəki narkoman şəxslərin sözlərinə qulaq asaraq onunla dalaşmış və həmin vaxt Pərviz onu bıçaqlamışdır. Lakin həmin vaxt o, Pərvizdən şikayətçi olmamışdır. O, Pərvizdən şikayət etməsə də, Pərvizin ailəsi və Pərvizin özü ondan üzr istəməmişdir. Ona görə də o, Pərvizgildən narazı qalmışdır. Sonra Pərviz həbs olunmuş və Şahid ailəsi ilə birlikdə həmin məhəllədən Ramana qəsəbəsinə köçmüşdür. Buna baxmayaraq, o, Pərvizgilin ailəsinə kin saxlamışdır. Onun Pərvizi bağışladığı halda, Pərvizin və sonuncunun ailəsinin ondan üzr istəməməsi ona çox pis təsir etmişdir. Bu hadisədən sonra o, hər dəfə Qeysin kiçik oğlu Kamranla rastlaşanda kinli-kinli Kamrana baxmış, Kamran da ona baxmışdır. O, Pərvizgilin ondan üzrə istəməməsini həzm edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdən çıxıb “Sabunçu bazarı” istiqamətində gedərkən “Səbirənin dükanı” deyilən mağazanın qarşısından keçmişdir. Həmin vaxt o, orada Kamranın mağazanın qarşısında dayandığını görmüşdür. O, Kamranın yanından keçdikdə, özünü saxlaya bilməyərək Kamranın üstünə qışqırıb demişdir ki, “vaxt gələcək sizin hamınızın axırınıza çıxacağam”. Bu vaxt Kamran ona demişdir ki, “sən bizi bezdirmisən, bizdən nə istəyirsən? O, çevrilib arxaya baxdıqda Kamranın ona tərəf gəldiyini görmüşdür. Bu vaxt o, yerdə taxta parçası görmüş və həmin taxta parçasını yerdən götürərək Kamranın üstünə getmişdir. O, Kamrandan yaşca xeyli böyük olsa da, həmin vaxt hisslərini cilovlaya bilməmiş və Kamranı döymək istəmişdir. Sonra onlar üzü-üzə gəlmişlər və həmin vaxt o, Kamrana taxta ilə zərbə endirmişdir. Lakin Kamran onun zərbəsindən yayınmışdır. Bundan sonra onlar bir-birini tutmuşlar. Bu vaxt Kamran bıçaqla 1 (bir) dəfə onun kürəyinə zərbə vurmuşdur. O, bundan qorxmuş və ona görə də Kamranı daha çox özünə sıxmışdır. Bu vaxt Kamran onun boyun nahiyəsinin arxa tərəfinə də 1 (bir) dəfə bıçaq zərbəsi vurmuşdur. Bütün bunlardan sonra o, qorxudan Kamranı buraxaraq oradan qaçıb xəstəxanaya getmişdir. Həmin vaxt Kamranın onun arxasınca gəlməmişdir. Onun boynundan qan sürətlə axmağa başlamışdır. Ona görə də taksiyə minərək 3 saylı xəstəxanaya getmişdir. Bir gündən sonra Kamranın ailə üzvləri onun müalicə olunduğu 3 saylı xəstəxanasına gələrək ziyanı ödəmək istədiklərini bildirib barışıq təklif etmişlər. O darazılaşmışdır. Bundan sonra Kamrangili 200 manat xəstəxana xərcini ödəmişlər və sonra o, könüllü olaraq Kamranla barışmışdır. Hazırda o, Kamranla barışmış, tez-tez sonuncuya ilə görüşərək çay içirlər. Onların arasında hazırda heç bir ədavət yoxdur. Hadisəyə səbəb isə onun həmin vaxt hissələrini cilovlaya bilməməsidir. O, uzun müddətdir ki, Pərvizin söhbətinə görə narazı olduğundan harada Kamranı görürdürsə kobudluq edirdi. O, hesab edir ki, baş vermiş hadisədə onun da kifayət qədər təqsiri var. Əgər o, Kamrana həmin vaxt qışqıraraq vaxt gələcək sizin hamınızın axırınıza çıxacağam” deməsəydi bu hadisə baş verməzdi. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxəs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar əvvəllər Zərərçəkmiş şəxs ilə eyni məhəllədə yaşamışlar. Bir neçə il bundan əvvəl onun böyük oğlu Pərviz ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Pərviz Seymuru bıçaqlamışdır. Bu hadisədən sonra Seymur Pərvizlə barışmışdır. Lakin onlar yaşadıqları məhəllədən köçərək Ramanı qəsəbəsində yaşamağa başlamışlar. O, evdə olarkən oğlu Pərviz ona zəng edərək digər oğlu Kamranın Zərərçəkmiş şəxsla dalaşdığını və nəticədə Seymuru bıçaqladığını bildirmişdir. Bundan sonra onlar Seymur müalicə aldığı xəstəxanaya gedərək ona müalicə xərclərini ödəmişlər və Seymurla barışmışlar. Bundan sonra Zərərçəkmiş şəxs onun oğlu Kamranla barışmış və bu barədə ərizə də vermişdir. Hazırda oğlu Kamranla Zərərçəkmiş şəxs arasında yaxşı münasibətlər var. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 1062 nömərli raportundan görünür ki, həmin gün 3 saylı xəstəxanadan 12-ci Polis şöbəsinə zəng edərək Zərərçəkmiş şəxs 68 nömrəli məktəbin yaxınlığında boyun və kürək nahiyəsindən bıçaqlanması barədə məlumat vermişlər (iş vərəqi 03). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman aralarında baş vermiş mübahisə nəticəsində Zərərçəkmiş şəxs boyun və kürək nahiyələrindən daxilə nüfuz edən 2 (iki) dəfə zərbə vuraraq xəsarət yetirdiyi boz rəngli qatlanan bıçağı təhqiqata təqdim etmişdir (iş vərəqi 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, həmin gün hadisə baş verən ünvan 2 ünvanının qarşısına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək əşya və ya predmet, qan izləri, hər hansısa ləkələr aşkar olunmamışdır (iş vərəqi 10-13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, habelə hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (iş vərəqi 42-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və ondan bu barədə iltizam alınmışdır (iş vərəqi 56-58). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X6 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair 406 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən (bir ədəd) və boyun nahiyyəsinin (bir ədəd) deşilmiş-kəsilmiş (cəmi 2 (iki) ədəd) yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, boyun nahiyyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müəddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir (iş vərəqi 95-97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli, qısa qol, uzunluğu 63 sm olan, çiyin nahiyəsindən eni 41 sm ölçüdə, üzərində qanabənzər maddənin ləkələri olan köynək, təqsirləndirilən şəxsdən isə «Reebok», «UFC», «Road to the», «Dotagon» yazıları olan, arxa tərəfində isə heç bir yazısı olmayan köynək iş üçün əhəmiyyət kəsb etdiyindən X5 götürülərək qablaşdırılmışıdır (iş vərəqi 60). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödəmiş, bundna sonra o, təqsirləndirilən şəxslə barışdığından onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqi 64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün həmin şöbənin baş müstəntiqinin icraatına qəbul edilmişdir (iş vərəqi 68). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/500; 3/523 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı bıçağdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir, qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə var, zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilmişkəsilmiş zədəsidir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qısaqol köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş qısaqol köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Qısaqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı, aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir (iş vərəqi 99-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı və 1 (bir) ədəd qara rəngli, qısaqol, uzunluğu 630 mm, çiyin hissəsinin eni 410 mm təşkil edən, üzərində zədə olan köynək iş üzrə maddi sübut kimi tanınmışdır (iş vərəqi 104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, onun əməlində Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 130.1, 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından bu maddlər üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır (iş vərəqi 105-108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (iş vərəqi 110-111). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 77 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqi 128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqi 164). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı, habelə ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında əvvəlcədən tanıdığı, lakin aralarında ədəvət olan tanışı Zərərçəkmiş şəxs görmüş, bu vaxt Zərərçəkmiş şəxs ona kobudluq etmişdir. Eyni zamanda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs həmin gün təsadüf nəticəsində görüşmüşlər. Həmin vaxt zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə sözlə müraciət edərək kobudluq etməsi cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bunun nəticəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəlcə sözlü mübahisə, daha sonra isə əlbəyaxa dava olmuşdur. Sözlü mübahisəyə və dava-dalaşa səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sərgiləmiş olduğu aqressiv davranış və əxlaqsız hərəkətlər olmuşdur. Sözlü mübahisə davam edən zaman onlar bir-birilərini tutaraq zorakılıq etmişlər. Zərərçəkmiş şəxs həmin vaxt yaxınlıqda olan taxta parçasını götürərək təqsirləndirilən şəxsi həmin taxta parçası ilə vurmuş, həmin vaxt isə təqsirləndirilən şəxs üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə zərərçəkmiş şəxsə 2 (iki) dəfə vuraraq dərəcəsinə görə ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşki edir. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranışı və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu aqressiv davranışın və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun qeyd edilən cinayət əməlini törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki əmələ tənqidi yanaşaraq bu kimi halları qınayır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu aqressiv davranışın və qanunsuz hərəkətlərin təsiri altında törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayət əməlinin zoraki cinayət kateqoriyasına aid olmasını, ələlxüsus cinayət hadisəsi baş verənədək onunla, habelə onun ailə üzvləri ilə zərərçəkmiş şəxsin arasında ədavətin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə onun xx.xx.2022-ci il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilib ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd turist bıçağı, cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd qara rəngli, qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun həbs edildiyi gündən, yəni 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd turist bıçağı, zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd qara rəngli, qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar