Məhkəmə qərarları › İş №1(101)-1391/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1391/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1391/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Bakı küçəsi, ev 24-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,392 qram çəkidə narkotik vasitə heroini 20 manat müqabilində əldə edib özündə saxlamaqla daşımış, 31 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da ünvan 1 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,392 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. 2009-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Barəsində olan hazırki cinayət işi üzrə MSY-dən azad edildikdən sonra da narkotik vasitə istifadə etmişdir. Narkomaniya xəstəliyindən müalicə almaq üçün ailəsi tərəfindən narkoloji dispanserə yerləşdirilmişdir. Həbs olunana qədər Bakı şəhərində kirayə yaşamşdır. Saxlanıldığı gün kirayə qaldığı mənzildə saat 09:00-10:00 radələrində yuxuda oyanarkən mülki geyimli polis əməkdaşlarını görmüşdür. Həmin polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, ona oğurluq cinayətində şübhəli şəxs olduğu üçün polis bölməsinə getməli olduğu deyilmişdir. Daha sonra evi mülki geyimli şəxslər tərəfindən yoxlanılmış, lakin heç nə tapılmamışdır. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə polislər ona narkotik vasitələrin qanunsuz istifadəsinə görə həbs edilməli olduğunu demiş, əks halda üzərinə külli miqdarda narkotik vasitə qoyulması ilə hədələnmişdir. Polis əməkdaşları tərəfindən döyüldükdən sonra narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Əvvəlki məhkumluğu ödənildiyindən ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsi ilə razılaşmış, həmin maddələr üzrə şübhəli şəxs qismində dindirildiyi bütün protokollara imza atmışdır. Lakin həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Daha sonra Nəsimi rayon prokurorunun yanına aparılmışdır. Xəsarətləri olduğu üçün prokuror tərəfindən buraxılmışdır. Müstəntiq tərəfindən Maştağaya aparılmışdır. Oradan da evində getmişdir. Daha sonra müstəntiq tərəfindən MSY-ə aparılmış, sonuncu tərəfindən təqdim edilmiş sənədlərə imza atdıqdan sonra buraxılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, uzun ilərdir narkotik vasitələr qəbul edir. 30 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin" adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin almışdır. 31 oktyabr 2023-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanının qarşısında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu demiş və nə üçün axsayaraq yeriməsinin səbəbini və səhhətində problem olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarından yayına bilməyəcəyini anlayıb səmimi olaraq narkotik vasitə qəbul etdiyini və narkotik vasitənin təsiri altında olduğu üçün müvazinətini tam saxlaya bilmədiyini demişdir. Üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulduqda polis əməkdaşlarına üzərində narkotik vasitə heroin daşıdığını demişdir. Ona üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu deyib saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə dəvət etmişlər. O, buna etirazının olmadığını bildirmişdir. Bölmədə vəkili X6 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq o, həmin kütlələrin narkotik vasitə “kakos” olduğunu, həmin kütlələri 30 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və öz şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmışdır. O, ifadəsində daha sonra qeyd etmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, 31 oktyabr 2023-cü il tarixdə saat 11:00da ünvan 1 ünvanının yaxınlığında saxlanılan zaman Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə gətirilən zaman və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təzyiq göstərilməmiş, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasında olan zaman vəkilnin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, arlarında düşmənçilik və ədavəti olmamışdır. 31 oktyabr 2023-cü il tarixində saat 10-11 radələrində polis kapitanı Əbdül Bünnətovla birlikdə Nəsimi rayonu Novruzov qardaşları 71 ünvanının qarşısında xidməti vəzifələrini icra edən zaman 1 nəfər şəxs özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitə qəbul edib-etməməsini soruşduqda sonuncu narkotik vasitənin təsiri altında olduğunu demişdir. Üzərində hər hansı bir narkotik vasitə olub-olmadığını soruşduqda isə üzərində heroin olduğunu bildirmişdir. Bu səbəbdən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi üçün Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərində olan şəffaf salafana bükülmüş bir ədəd büküm heroini təqdim edərək 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı o da iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir psixi fiziki təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçilik və ədavəti olmamışdır. 31 oktyabr 2023-cü il tarixdə polis kapitanı Şahid2lə birlikdə Nəsimi rayonu Novruzov qardaşları 71 ünvanının qarşısında xidmət aparan zaman 1 nəfər şəxsin şübhəli olmasına görə yaxınlaşmış və özlərini təqdim etmişlər. Özünü şübhəli apardığı üçün şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün Polis Şöbəsinə apararaq təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Kənanın üzərindən narkotik vasitə aşkar edilmişdir. Kənanı evində olarkən deyil, küçədə tutmuşlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və təsir göstərilməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anası onun tanışı, dostudur. Sonuncu da onun kimi Qafan rayonunda anadan olmuşdur. Kənan saxlanılan gün 30 oktyabrda gecə onun evində qalmışdır. Kənan axşam onlara gedərək anasının işə getdiyini, açarı olmadığına görə evinə daxil ola bilmədiyini demiş və onun evində qalmaq üçün icazə istəmişdir. O, razı olub Kənanın onun evində qalmasına razılıq vermişdir. O, yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsində, Kənan isə birinci mərtəbəsində qalmışdır. Kənanın anası isə eyni məhəllədə yaşamamışdır. Sonuncu 8-ci mikrorayonda yaşamışdır. Kənanın anası gecə növbəsində işə gedərkən açarı özü ilə işə apardıqda, Kənanda açar olmayanda hərdən gəlib onlarda qalmışdır. Kənanın narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmamışdır. Əgər məlumatı olsa idi, sonuncunu evinə daxil olmasına icazə verməzdi. Kənan heç yerdə işləməmiş, küçələrdən dəmir yığıb onların satışı ilə məşğul olmuşdur. Səhər yuxudan durduqdan həyətdə səs-küy olduğunu eşitmişdir. Aşağı düşəndə bir neçə nəfər polis əməkdaşının Kənanı yatdığı yerdə əllərini arxaya buraraq qandallayıb apardığını görmüşdür. Kənanı hara apardıqlarını soruşanda polislər “sonra bilərsən, anasından soruşarsan” demişlər. Kənanın onun evində qalması barədə anasına məlumat verməmişdir. 31 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğu üçün səndələdiyini və üzərində narkotik vasitə heroin olduğunu bildirdiyindən Nəsimi RPİ-nin 20-ci PB-ə aparılmışdır. (i.v. 6) 31 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 12:00da (faktiki tutulma 10:10-da) Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Məzahir Məmmədli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 22-23) 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənəfiyev Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir. (Cild 1 i.v. 102-103) 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 104-105) 31 oktyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (cild 1 i.v 50-52) Məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5818 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,392 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v 57-61) Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 7212 saylı rəyinindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 i.v. 88-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 3062 saylı rəyinindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. O, cinayət hadisəsi törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1 i.v. 135-137) 04 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 2,392 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 2,292 qram qalığı saxlanılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1 i.v. 109-110) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 01 ilə endirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild 1 i.v.115-116) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlarında iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd bükümü təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kokos” olduğunu, “Papanin” adlı yerdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən heroini çıxararaq təqdim etmiş və ona məxsus olmasını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində, narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən edilən psixi və fiziki təzyiqlər nəticəsində etiraf etməli olduğunu göstərmişdir. Odur ki, məhkəmə narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını, ona psixi və fiziki təzyiqlərin edilib-edilməməsini araşdırmalıdır. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar barədə sübut təqdim etmədiyindən, məhkəmə Təqsirləndirilən şəxs ifadəsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən heroin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutla videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu ilə də dəstəklənmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilənin hadisəni ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni psixotrop maddəni əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması bağlı qeyd edilməlidir ki, sonuncu müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı təhqiqatçının sualına cavab olaraq heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxış keçirilərkən də onun üzərində hər hansı xəsarət izi müəyyən edilməmiş, özü də xəsarətləri ilə bağlı sənəd təqdim etməmiş, xəstəxanaya müraciət etməmişdir. Həmçinin məhkəmə şahid X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, onun ifadəsi cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla - şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təkzib olunmuşdur. Bundan başqa şahid X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, onun Təqsirləndirilən şəxs anası ilə yaxın dostluq münasibəti olmuş və buna görə də, onun ifadəsinin yaxınlıq təsiri altında verməsi, daha çox Təqsirləndirilən şəxs ifadəsinin təsdiqinə yönəlməsi nəzərə çarpır. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 okyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli 21 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,292 qram heroin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 75 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun həbs edildiyi vaxtdan, yəni 21 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə saxlanılan maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,292 qram heroin məhv edilsin, 1 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar