Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1392/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 36A olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o 2021 -ci ilin mart ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin hesabına elektron ödəmə terminalı vasitəsilə göndərdiyi 150 manat pul müqabilində İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs tərəfindən Bakı şəhəri Babək prospekti 85 K ünvanında yerləşən “Modern” hospitalın yaxınlığında ağacın yanına qoyulmuş 11 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,128 qram, 0,103 qram, 0,117 qram, 0,437 qram, 0,431 qram, 0,460 qram, 0,447 qram, 0,458 qram, 0,429 qram, 0,439 qram olmaqla ümumi təmiz çəkisi 3,570 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,454 qram, 1,336 qram, 1,588 qram və 1,502 qram olmaqla ümumi təmiz çəkisi 5,192 qram təşkil edən külli miqdarda psixotrop maddə metəmfetamini qanunsuz olaraq əldə edib narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,128 qram, 0,103 qram və 0,117 qram olan 04 bükümünü özünə məxsus “İphone” markalı mobil telefonun telefon qabı ilə arasında olan hissəsində, narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,431 qram, 0,460 qram, 0,447 qram, 0,458 qram, 0,429 qram, 0,439 qram olan 07 bükümdə və 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,454 qram, 1,336 qram, 1,588 qram və 1,502 qram olan psixotrop maddə metamfetamini “Sobranie" markalı siqaret qutusunun içərisində idarə etdiyi avtomobilin salonunda saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17mart 2021-ci il tarixdə saat 12:30-da ünvan 2 ünvanının qarşısında idarə etdiyi “Kia Cerato” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq avtomobiliilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonun telefon qabı ilə arasında olan hissəsindən 04 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,128 qram, 0,103 qram və 0,117 qram olmaqla ümumi təmiz çəkisi 0,469 qram təşkil edən narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün idarə etdiyi “Kia Cerato” markalı, 99-KK-78 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salon hissəsində olan birədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 07 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437qram,0,431 qram, 0,460 qram, 0,447 qram, 0,458 qram, 0,429 qram,0,439 qram olmaqla ümumi təmiz çəkisi 3,101 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,454 qram, 1,336 qram, 1,588 qram və 1,502 qram olmaqla ümumi çəkisi 5,192 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o tutulmadan öncə ailə sürücüsü kimi fəaliyyət göstərirdi. 6-7 ay olardı ki, narkotik vasitə heroin və psixoptrop maddə metamfetamin istifadə etməyə başlamışdı. Narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən əldə edirdi. Narkotik aldığı şəxslərdən biri də sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən Əli adlı şəxs idi. Əli ilə tanış olduqdan sonra o ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdi. O da öz şəxsi istifadəsi üçün həmin Əli adlı şəxsdən narkotik vasitə əldə edirdi və göndərdiyi bank kartına ödəniş edirdi. Axırıncı dəfə isə, yəni tutulmadan qabaq Əli adlı şəxslə Whatsapp proqramı ilə danışaraq ondan 150 manat dəyərində heroin və metamfetamin istədi. Əli də əvvəlcə bank hesabına 150 manat ödəniş etməyini istədi. O həmin məbləği ödədi. Narkotik vasitəni haradan əldə edəcəyi barədə soruşduqda isə iranlı bildirdi ki, həmin narkotik vasitələr Babək prospektində yerləşən "Modern” hospitalın yaxınlığında ağacın yanına qoyulacaq, o da oradan gedib götürə bilər. Həmin ünvana getdi və narkotik vasitəni oradan götürdü. 150 manat müqabilində 2 qram heroin və 0,5 qram metamfetamin əldə etmişdi. Həmin narkotik vasitə heroinin çox cüzi, təxminən 0,5 qramını qızıl kağızda istifadəsində olan “İphone” markalı telefonumun arxasına qoymuşdu, qalan hissəsini isə idarə etdiyi “Kia Cerato” markalı avtomobildə saxlamışdı. Narkotik vasitəni əldə etdikdən 3-4 gün sonra, yəni 17 mart 2021-ci il tarixdə saat təxminən 12 radələrində o Nəsimi rayonu ərazisində poçtdan çıxarkən, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşdı. Özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdilər, ondan də özünü təqdim etməyini istədilər. O özünü təqdim etdikdən sonra həmin mülki geyimli polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu polis idarəsinə dəvət etdilər, onlarla birlikdə həmin idarəyə getdi, orada ona hüquq və vəzifələri izah olundu və müdafiəçi dəvət edildi. Daha sonra isə videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirildi. Videoçəkiliş zamanı o “İphone” markalı telefonunun arxasında gizlətdiyi narkotik vasitəni, avtomobilin açarlarını çıxarıb təqdim etmişdir. Həmin heroin 1 büküm idi və təxminən 0,5 qram olardı. O polis əməkdaşlarına həmin heroini iranlı Əli adlı şəxsdən şəxsi istifadə üçün aldığını bildirdi. O avtomobilində də heroin və metamfetamin olduğunu bildirdi. Daha sonra “Kia Cerato” markalı avtomobilə baxış keçirildi. Avtomobildə də "Sobranie” markalı siqaret qutusunun içərisində 3 büküm heroin və 1 büküm metamfetamin aşkar edildi. O polis əməkdaşlarına həmin heroini və metamfetamini də iranlıdan aldığını dedi. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona dəfələrlə zor tətbiq olunub, ona görə də onların dediyi kimi ifadə verib sənədlərə imza etmişdir, üzərindən 4 büküm aşkar olunmayıb, sadəcə telefonunun arxasında 01 büküm olub və satmaq fikiri olmayıb. O da təxminən 0,5 qram. Maşınında isə 12 ədəd yox cəmi 4 büküm olub. Onlardan 1 bükümü metamfetamin, 3 bükümü isə heroin idi. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 mart 2021-ci il tarixində baş idarəyə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumat onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə idi. Məlumatın yoxlanılması üçün idarə rəisinə raportla məruzə edildi və qərar qəbul olundu. Qərar əsasında rəhbərliyi ilə və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs ünvan 3 ünvana getdilər. Təxminən saat 12 radələrində həmin ünvanın qarşısında Kia Cerato markalı avtomobilin yanında Təqsirləndirilən şəxs bənzər şəxs görüb ona yaxınlaşdılar. Özlərini təqdim etdikdən sonra həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar həmin şəxsi Baş İdarəyə dəvət etdilər. İdarədə müdafiəçi dəvət olundu və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlandı. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet könüllü surətdə təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs “İphone” markalı telefonun qoruyucusunun içində heroin olduğunu bildirdi və mobil telefonunu çıxardıb təqdim etdi. Təqdim olunan İphone markalı mobil telefona baxış keçirdi və qoruyucu qabla telefon arasında 04 ədəd gümüşü rəngli büküm aşkar olundu. Həmin bükümdə nə olduğu soruşulduqda isə Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirdi. Gümüşü bükümlər açıldıqda həqiqətən də içərisində heroinə oxşar maddə müşahidə olundu. Təqsirləndirilən şəxs həmin bükümlərdəki heroini İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və sadəcə adının “Əli” olduğunu bildiyi şəxsdən aldığını dedi. Daha sonra bildirdi ki, həmin şəxslə internetdə tanış olub və "Əli" adlı şəxs “Whatsapp” vasitəsi ilə ona heroin və metamfetamin sifariş verə biləcəyini deyib. Bunun müqabilində isə o iranlının dediyi hesaba 150 manat pul ödəməli imiş. Pulu ödədikdən sonra isə “Əli” adlı iranlı şəxs ona zəng edib və narkotik vasitələri Babək prospektində "Modern” hospitalın yaxınlığında ağacın yanına qoyduğunu deyib. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato" markalı avtomobilin salonunda da narkotik vasitə saxladığını və onları təqdim etmək istədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd gümüşü bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün onun idarə etdiyi «Kia Cerato» markalı avtomobilə baxış keçirilməyə başlandı. Baxışda Təqsirləndirilən şəxs özü də iştirak etdi. Təqsirləndirilən şəxs avtomobilin salon hissəsində olan bir ədəd “Sobrani” markalı, ağ rəngli siqaret qutusunu könüllü olaraq təqdim etdi və iranlı “Əli”-nin göndərdiyi heroin və metamfetaminin həmin siqaret qutusunun içində olduğunu bildirdi. Qutu açıldı və içərisindən 12 ədəd sellofan bükümlər aşkar edildi. Bükümlərdən 07 ədədində heroinə oxşar maddə, 05 ədədində metamfetaminə oxşar maddə müşahidə etdik. Şifahi sorğu zamanı maşının salonundan aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini də “Əli” adlı iranlının ona göndərdiyini və “Modern” hospitalın yaxınlığında ağacın yanından götürdüyünü bildirdi. Bundan sonra aşkar olunan maddələr zərfdə qablaşdırıldı və möhürləndi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyev tərəfindən tərtib edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aparatının qabına baxış keçirilərkən 04 ədəd gümüşü rəngli kağız kəsiklərinin içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, sonra isə zərfə qoyularaq möhürlənmişdir eyni zamanda Təqsirləndirilən şəxs İdarə etdiyi “Kia Cerato” markalı 99- KK-078 dövlət qeydiyyat nişanlı avtomobilin salon yerindəki “Sobrani" markalı ağ rəngli siqaret qutusundan 12 ədəd sellofan büküm, 07 bükümün içərisində narkotik vasitə heroin, 05 bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, sonra isə zərfə qoyularaq möhürlənmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli 6/1103 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N 6 dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan;"Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə dörd ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,121 qram, 0,128 qram, 0,103 qram, 0,117 qram ümumi təmiz çəkisi 0,469 qram olan tünd qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi ’’ sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,312 qram, 0,454 qram, 1,336 qram, 1,588 qram, 1,502 qram ümumi təmiz 5,192 olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ağ rəngli kristallik formada olan maddə metamfetamindir. Digər 7 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,437 qram, 0,431 qram, 0,460 qram, 0,447 qram, 0,458 qram, 0,429 qram, 0,439 qram ümumi təmiz çəkisi 3,101 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Heroinin təmiz çəkisi 3,570 qram, tədqiqata sərf edildi 0,44 qram, qalıq 3,130 qram, metamfetaminin təmiz çəkisi 5,192 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,992 qram. "xxxx" MMC-dən götürülmüş 18.03.2020-ci il tarixdən 18.03.2021- ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərin olması öz əksini tapmışdır. Həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrəsindən ***-***-**-** saylı GSM nömrəsinə “Aydın patı var, 1 qram” sms yazması, ***-***-**-** saylı GSM nömrədən ***-***-**-** saylı nömrəyə “ qaqa kişmiş var?”, “təmiz çəki 8-di qaqa”, “kim istiyir 15-dən”, sms yazması, ***-***-**-** saylı nömrədən 055-699- 00-09 saylı nömrəyə " qaqa danışmışam 1 dənə götürməy olar, sayı prablem deyil, 22 manata qane eliyir?”, sms yazması, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “salam yarı kola var?”, “OZUMCUN İSDEYİREM PİS GUNDEYEM 15 VAR GELİM DEYİM”, “7 DENE DUZELT GELEM, 5 AYİRİ 1 AYİRİ ELEDE “ SALAM MOSU KOLA VAR PİS GUNDEYEM AXMAYANDAN VERİM SENDE Bİ RAZ AXANDAN VER”, sms yazışması, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “3 X3 “, kimi smslər müəyyən olunmuşdur. Lakin istintaq əhəmiyyətli məlumatlar əldə etmək üçün ***-***-**-**, 055-600- 20-09, ***-***-**-** saylı GSM nömrələri ilə əlaqə saxlayaraq həmin nömrənin istifadəçisinin İŞ-nə gələrək ifadə verməsi məqsədi ilə zəng vurulsa da, həmin nömrə şəbəkə xarici xidmətində olduğundan həmçinin həmin nömrəyə zəng çatmadığından digər məlumatları əldə etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 05.05.2021-ci il tarixli 1366 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 966 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini dərk edə və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli intelektual imkanları normaya uyğundur, fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı. A.M.'Vəliyev cinayət əməlini törədən zaman və törətdikdən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 17 mart 2021-ci tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 mart 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 3,130 qram heroin və 4,992 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan-17 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 3,130 qram heroin və 4,992 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1392/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1392/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver