Məhkəmə qərarları › İş №1(101)-1393/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1393/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1393/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində qeyrisinə məxsus külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlmiş, 27 sentyabr 2023-cü il tarixdə sonuncunun tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan qrup üzvü tərəfindən Bakı şəhəri, Nizami rayonu ərazisində istintaqa məlum olmayan yerdə qoyulmuş külli miqdarda - 499,611 qram narkotik vasitə olan heroini və külli miqdarda - 513,459 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi «Opel» markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 27 sentyabr 2023-cü il tarixdə saat 20:50 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi «Opel» markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılmış, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 7,911 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda - 6,059 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə 23-cü Polis Bölməsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi «Opel» markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd bağlamada külli miqdarda - 491,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda - 507,4 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 20:50 radələrində Nizami rayonu, Mətləb Ağayev küçəsi 4/73 ünvanının yaxınlığında idarə etdiyi “Opel” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında tanışı X4 ilə birlikdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparmışlar. Avtomobili isə Polis Bölməsinin həyətində saxlanılmışdır. Bölmədə vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və şalvarının sol yan cibindən bir ədəd avtomobil açarı, bir ədəd içərisində “Redmi” markalı mobil telefon və 38 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri o, vəkil və təhqiqatçı tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Vəli adlı iranlının vasitəsilə Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 600 manat pul verəcəyini, idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra ona “Opel” markalı avtomobilində saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, avtomobilin yük hissəsindən bir ədəd bağlamada heroini və bir ədəd bağlamada metamfetamini təqdim etmişdir. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Xərçəng xəstəsi olan anasının müalicəsi xərclərini, iki azyaşlı uşağının, ailəsinin maddi ehtiyaclarını ödəməklə bağlı düşdüyü ağır maddi sıxıntı ucbatından bu əməli törətmiş və dərhal da tutulmuşdur. Əməlindən çox peşmandır. Saxlanarkən və sonradan ona qarşı heç bir qanunazidd davranış göstərilməmişdir. Məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. 27 sentyabr 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Nizami rayonu, K.Əfkari küçəsi, ev 41 ünvanının yaxınlığına yollanmışlar. Saat 20:50 radələrində Nizami rayonu, Mətləb Ağayev küçəsi 4/73 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir şəxsin «Opel» markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığı müəyyən olunmuşdur. Həmin şəxs özünü təqdim etikdən sonra sonuncu əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və idarə etdiyi avtomobillə birlikdə 23-cü Polis Bölməsinə aparılmışdır. Bölmədə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davaç etdirilmiş və şalvarının sol yan cibindən bir ədəd avtomobil açarı, bir ədəd iş açarı, bir ədəd “Redmi” markalı mobil telefon və otuz səkkiz manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Redmi” markalı mobil telefon götürülmüş, bir ədəd avtomobil açarı, bir ədəd iş açarı və otuz səkkiz manat pul isə özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı Vəli adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə saxlandığı gün sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 600 manat pul verəcəyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Opel» markalı 77- XK-158 dövlət qeydiyyat nişanlı avtomobildə videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən bir ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı Vəli adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə saxlandığı gün sonuncunun göstərişi ilə Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Vəli adlı şəxsin 600 manat pul verəcəyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 117-119). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələlərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Vəli adlı şəxsin vasitəsilə Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 600 manat pul verəcəyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-29,124-125). Avtomobilə baxış və götürmə aparılması aqqında 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən bir ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Vəli adlı şəxsin vasitəsilə saxlanıldığı gün Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 600 manat pul verəcəyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32- 33,126). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5104 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs» və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə və «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs» və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd polietilen bağlamada: - üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 7,911 qram olan və idarə etdiyi “Opel” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomaşınından aşkar edilmiş 01 ədəd bağlamada 491,7 qram olan, ümumi təmiz çəkisi 499,611 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bükümdə və bağlamada olan heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 6,059 qram olan və idarə etdiyi “Opel” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomaşınından aşkar edilmiş 01 ədəd bağlamada 507,4 qram olan, ümumi təmiz çəkisi 513,459 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bükümdə və bağlamada olan metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 499,511 qram, metamfetaminin qalıq çəkisi 513,359 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 oktyabr 2023-cü il tarixli 7057 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 133-134). Baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsdan götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olan “Redmi” markalı telefona baxış zamanı, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq dəfələrlə “WhatsApp” proqramından istifadə etməklə telefonunda «Pablo» kimi qeyd olunmuş, Vəli adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşının istifadə etdiyi +98***-***-**-** mobil nömrə ilə əlaqə saxladığı, «Pablo»nun ona şəklini göndərdiyi işarələnmiş yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb sonuncunun bildirdiyi yerlərə qoyaraq həmin yerlərin işarələnmiş fotoşəklini «Pablo»ya göndərdiyi müəyyən edilmişdir. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı nömrələr ilə istifadə olunan «Redmi» markalı mobil telefonun ona məxsus olduğunu, «Pablo» kimi qeyd olunmuş qiyabi olaraq İran İslam Respublikasının vətəndaşını Vəli adlı şəxs kimi tanıdığını, telefonda olan yazışmaların və danışıqların onun tərəfindən aparıldığını bildirmişdir (cild 1, iş vərəqə 139-144). İbtidai istintaq orqanının 13 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 157-158). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 101- 102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 20 oktyabr 2023-cü il tarixli 13808 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 123). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Milli Onkologiya Mərkəzi tərəfindən tərtib olunmuş epikrizdən müəyyən olunur ki, 1969-cu il təvəllüdlü X3 «Sağ süd vəzisinin axardaxili papilloması D24” diaqnozu qoyulmuş, onda “Sağ süd vəzin sektoral rezeksiyası» cərrahi əməliyyatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli xx/xx-12245 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü madəsinə əsasən, məhkumluğunun olmamasını, anasının xəstəliyini, əməlindən tam səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 76-81). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 499,511 qram təşkil edən heroin və qalıq çəkisi 513,359 qram təşkil edən metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 499,511 qram təşkil edən heroin və qalıq çəkisi 513,359 qram təşkil edən metamfetamin məhv edilsin; - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar