Məhkəmə qərarları › İş №1(101)-1393/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1393/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1393/2025 09.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X6 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, İ.Abbasov küçəsi, ev 7, mənzil 8-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 5,720 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 15:21-də ünvan 1 ünvanda saxlanılaraq idarəyə gətirilmiş və orada üzərində keçirilən şəxsi axtarış zaman əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham sübuta yetirilməsə də, onun tərəfindən külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması cinayətinin törədilməsi təsdiq olunur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, saxlanılmamışdan bir neçə gün əvvəl şəxsi istifadəsi üçün İran vətəndaşı olan Mahir kimi özünü təqdim edən şəxsin telefon nömrəsi ilə “WhatsApp” proqramı üzərindən yazışaraq ona 80 manat pul göndərməklə 1 qram çəkidə metamfetamini bu şəxsin qoyduğu yerdən – “Asiman” şadlıq sarayının yaxınlığından götürərək bir hissəsini istifadə etmiş, qalan 0,3 qramını isə cibində saxlamışdır. 14 fevral 2025-ci il tarixdə günorta saat 03 radələrində yaşadığı ünvan 1 binanın həyətində olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. Orada onun cibindən həmin maddə götürülmüş, eyni zamanda polis əməkdaşından biri ona ya onlara silah verməsini, əks halda təqdim olunacaq artıq çəkidə metamfetamini boynuna götürməli olduğunu bildirmişdir. O da onda silahın olmadığını bildirib döyülməsindən və təzyiqlərə məruz qalacağından qorxaraq verilən 5,720 qram çəkidə psixotrop maddə metamfetaminin guya ona məxsus olmasını ilkin izahatında söyləmişdir. Lakin, sonradan müstəntiqə verdiyi ifadəsində məsələni olduğu kimi bildirmişdir. O, heç vaxt narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. İstintaq orqanının təqdim etdiyi onun mobil telefonundan götürülmüş “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmalarda da buna dəlalət edən dəlil yoxdur. Həmin yazışmalarda İran mobil nömrəsinin istifadəçisi olan “Mahir Goran” adlı şəxsdən o metamfetamin almış, “Nicat Şəmkir” adlı şəxs isə onun dostudur, onunla olan pul söhbəti də onlayn kazino oyunu ilə bağlıdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə ondan, iş yoldaşları X9 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra bu şəxsin ola biləcək yer müəyyən edilmiş və həmin günü saat 15 radələrində onlar ünvan 1 ünvana gəlmişlər. Saat 15:21-də Təqsirləndirilən şəxs oxşar bir nəfəri müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra məsələ haqqında məlumat verib onu idarəyə dəvət etmişlər. Orada onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın ciblərindən 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu və 01 ədəd bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan metamfetamini sosial şəbəkədə tanış olduğu, lakin adını bilmədiyi şəxsdən aldığını və şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunub nəyisə boynuna alınması tələb edilməmiş, ümumiyyətlə zorun tətbiq olunacağı ilə o, hədələnməmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdəki video görüntüyə görə Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən 01 ədəd mobil telefonu və 01 ədəd bank kartını çıxarıb masanın üzərinə qoyur. Bükümün içərisində ağ rəngli, kristallik formada maddələr müəyyən edilir, həmin maddənin nədən ibarət olduğu soruşulduqda o, bunun metamfetamin olduğunu, onu sosial şəbəkə vasitəsilə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsdən alıb şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini və bu maddəni heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonun ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrlə istifadə olunması, bank kartının üzərində “4169 7388 8709 3742” rəqəmlərinin yazılması müəyyən edilir. Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i.v.27-30); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/690 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,720 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 5,670 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.43-45); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X2 haqqında xx.xx.2025-ci il tarixli, 880 saylı rəyinə görə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.168-169); • “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,670 qram çəkidə psixotrop maddə metamfetamin və “Samsung Galaxy A05s” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v.98-99, 164); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrlə bağlı müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollara əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İ cild, i.v.130-135); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A05s” markalı mobil telefona baxış keçirilən zaman “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikası mobil operatoruna məxsus +98-930-174-8100 mobil nömrəsinin “Mahir Goran” adlı istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə “ruslam”, “salam qardaşim necesen salamatclixde” kimi mesajlar, xx.xx.2025-ci il tarixə isə “salam qardaşim pati 2 qram yuxari neşyi 20 qram yuxari m40/ bir list yuxari lazim olsa gulgondayam pulo vur cix envan” məzmununda fotoşəkil göndərmişdir. Mobil telefonun “WA Business” tətbiqinin “Söhbətlər” bölməsində adı “Nicat Samkir” kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxsla yazışmaları olsa da, orada birbaşa narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı hər-hansı hallara rast gəlinmir (İ cild, i.v.137-163); • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsi müavini tərəfindən həmin idarənin İstintaq idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri, o cümlədən üzərindən aşkar edilmiş psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin, həmin psixotrop maddəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir (İ cild, i.v.136); • “Bank məlumatları barədə disk və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sənədlər və diskdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung Galaxy A05s” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun “WA Business” tətbiqinin “Söhbətlər” bölməsində adı “Nicat Samkir” kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:03-də 100 manat, xx.xx.2025-ci il tarixdə saat 00:36-da 20 manat, xx.xx.2025-ci il tarixdə saat 21:45-də 50 manat və həmin tarixdə saat 22:03-də 5 manat, xx.xx.2025-ci il tarixdə saat 18:01-də 50 manat və xx.xx.2025-ci il tarixdə saat 17:30-da 100 manat pul göndərdiyini bildirməsi qeyd edilmiş, qeyd olunan sənədlərdə həmin tarixli köçürmələrin rekvizitləri ilə (göndərilən pulun məbləği, tarixi və saatı) eynilik təşkil edən X4 tərəfindən həyata keçirilmiş köçürmələrin olduğu müəyyən edilmişdr. Bundan başqa CD diskdə olan şəkillərə baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan kartla müxtəlif ATM-lərdə keçirilmiş əməliyyatlar zamanı çəkilmiş şəkillər əks olunmuşdur. Həmin şəkillərdən bank kartının Təqsirləndirilən şəxs istifadəsində olması təsdiq edilmişdir (İ cild, i.v.170- 180); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-186/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.93-97); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkum olunsa da (Cinayət Məcəlləsinin 228.4, 181.2.1, 181.2.5 və 29,120.1-ci maddələri üzrə), onun hazırda ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.113-115). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi məsələsi həll edilərkən sübutların düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); • Cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir (139-cu maddə); • Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə). Məhkəmə təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd etsə də, ittiham tərəfinin bu maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə olunmasına dair gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda qeyd edildiyi kimi, ibtidai araşdırma zamanı toplanmaqla məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 15:21-də polis əməkdaşları tərəfindən saxlanılmış və onun üzərində bir bükümdə 5,720 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmçinin, narkoloji müayinənin nəticəsinə görə o, belə maddələrin istifadəçisidir, narkomaniyadan əziyyət çəkir. Eyni zamanda, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda yox, yalnız şəxsi istifadəsi üçün 0,3 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu bildirirsə də, o, tutulduqdan sonra ona psixoloji, fiziki təsirin göstərilməsi barədə etirazlar etməmiş, bu barədə aidiyyəti orqanlara müraciətlər göndərməmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətini mübahisələndirməmişdir. Habelə, həmin istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə cibindən psixotrop maddəni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuş və şəxs bu rəylə tanış olmuşdur. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü bu dəlil heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq edildiyindən, təqsirləndirilən şəxsin bu barədə söylədikləri əsassız hesab edilməlidir. Bununla belə, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs bildirmişdir ki, o, öz istifadəsi üçün psixotrop maddəni İran vətəndaşı olan Mahir kimi özünü təqdim edən şəxsin telefon nömrəsi ilə “WhatsApp” proqramı üzərindən yazışaraq ona pul göndərmiş və onu sonuncunun dediyi yerdən götürmüş, heç zaman belə maddələrin satışı ilə məşğul olmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə olan metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində o, 14 fevral 2025-ci il tarixdə yaşadığı ünvanın həyətində saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı da onun üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 5,720 qram çəkidə psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının istinad etdiyi əsas sübutlar onun istifadəsində olmuş mobil telefonunun “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikası mobil operatoruna məxsus +98-930-174-8100 mobil nömrəsinin “Mahir Goran” adlı istifadəçisi və “WA Business” tətbiqinin “Söhbətlər” bölməsində adı “Nicat Samkir” kimi qeyd edilmiş şəxslə aşkar edilmiş yazışmalar olmuşdur. Ancaq, məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin yazışmalarda “Mahir Goran” adlı istifadəçi Təqsirləndirilən şəxs xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə “ruslam”, “salam qardaşim necesen salamatclixde” kimi mesajlar, xx.xx.2025-ci il tarixə isə “salam qardaşim pati 2 qram yuxari neşyi 20 qram yuxari m40/ bir list yuxari lazim olsa gulgondayam pulo vur cix envan” məzmununda fotoşəkil göndərmişdir. Bu yazışmalarda Təqsirləndirilən şəxs həmin şəxsə hansısa maddələrin satışında iştirak edəcəyinin təsdiqinə dair hər hansı hala rast gəlinmir, yalnız Mahir adlı şəxsin ona ehtiyac olduğu təqdirdə “patı” və sair maddələrin təklif etməsi müşahidə olunur. O da nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs artıq 14 fevraldan həbs olunub telefonu götürüldükdən sonra ona 24 fevral tarixdə sonuncu məzmunda mesaj göndərilib. Bundan əlavə, həmin mobil telefonun “WA Business” tətbiqinin “Söhbətlər” bölməsində adı “Nicat Samkir” kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxsla yazışmaları olsa da, orada birbaşa narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı hər-hansı hallara rast gəlinmir (xüsusilə göstərilməlidir ki, ibtidai araşdırma orqanına “Nicat” adlı şəxsin X4 olduğu məlum olmuşdur). Təqsirləndirilən şəxs isə məhkəmədə metamfetamini Mahir adlı şəxsdən aldığını, Nicatın isə onun dostu olduğunu və aralarında olan pul söhbətinin də onlayn kazino oyunu ilə bağlı aparıldığını bildirmişdir. Məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən edilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Həmçinin, ibtidai araşdırma orqanı tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsi müavini tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunun müəyyən edilməsi göstərilsə də, buna dair heç bir dəlil təqdim olunmamış, sadəcə olaraq əməliyyat tədbirlərinin davam etdirildiyi göstərilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi təqsirləndirilən şəxsin mobil telefonunda aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olubolmamasını müəyyən etmək məqsədi ilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunmuş mesajlarla bağlı nəinki onları göndərmiş şəxslər müəyyən edilib dindirilməmiş, həmin mesajlarla əlaqədar təqsirləndirilən şəxsin özünə də heç bir sual verilməmiş və mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının təqsirləndirilən şəxsin mobil telefonunda olan, ona ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərindən aşkar edilmiş bir bükümdə olan 5,720 qram çəkidə psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etməsi əsassız olmuş və ibtidai istintaq orqanının qənaəti subyektiv xarakterli mülahizədir. Cinayət-Prosessual Məcəlləsinə görə: • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2-ci maddə); • Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (145.1-ci maddə); • Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə); • Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında qeyd edir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq bir bükümün içərisində 5,720 qram çəkidə psixotrop maddə metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması öz təsdiqini tapır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni metamfetamini əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən bu maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 14 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 5,670 qram psixotrop maddə metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd “Samsung Galaxy A05s” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 65 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 5,670 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Samsung Galaxy A05s” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar