Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1394/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə 4 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmiş, 13 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,121 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq midarda təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarında 0,596 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən 4 mart 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmış və şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindəki “Argo” markalı siqaret qutusunun içərisindən iki ədəd siqaretin qırmızı kağızına bükülmüş və şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,997 qram və 1,124 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 2,121 qram psixotrop maddə metamfetamin, bir ədəd ağ sellofana bükülmüş təmiz çəkisi 0,271 qram narkotik vasitə heroin, iki ədəd siqaretin göy və qırmızı kağızına və bir ədəd folqaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0, 253 qram və 0,115 qram olmaqla ümumi təmiz çəkisi 0,596 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 3 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 110 manat verərək iki ədəd bükümdə psixotrop maddə metəmfetamin, bir ədəd bükümdə narkotik vasitə heroin və üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana alaraq cibinə qoymuşdur. 5 mart 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində piyada gəzərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmş, üzərində psixotrop maddə və narkotik vasitələr olduğundan polis əməkdaşlarından yayınmağa çalışaraq uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları şübhələnərək onu 12-ci PŞ-yə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə gəlmişdir. Polis Bölməsinə narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu bildirilərək şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra qara rəngli gödəkcənin sağ yan cibindəki “Argo” markalı siqaret qutusunun içərisindən iki ədəd siqaretin qırmızı kağızına bükülmüş və şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini, bir ədəd ağ sellofana bükülmüş narkotik vasitə heroini, iki ədəd siqaretin göy və qırmızı kağızına və bir ədəd falqaya bükülmüş narkotik vasitə qurudulmuş marixuananı, həmin gödəkcənin sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Polis əməkdaşı aşkar olunmuş maddələrin nə olduğunu, haradan və hansı qiymətə əldə etdiyini soruşduqda, aşkar edilmiş maddələrin psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana olduğunu və 3 mart 2021-ci il tarixdə Nərimanov rayonunda üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən 110 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilən narkotik maddələr qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib olunmuş protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun prosessual hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 04 mart 2022-ci il tarixində, saat 19:00 radələrində Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid2 və X2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində xidmət apardıqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonuncunu üzərində qanunla qadağan edilmiş maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirilmiş və gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Argo” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin göy, iki ədəd siqaretin qırmızı, bir ədəd gümüşü falqada, bir ədəd şəffaf sellofanda və bir ədəd ağ sellofanda olan bükümlərini, gödəkçənin sol cibindən isə bir ədəd “Samsung" markalı mobil telefon aparatını təqdim etmişdir. Bükümlərə baxış keçirilən zaman bir ədəd siqaretin göy, bir ədəd siqaretin qırmızı və bir ədəd gümüşü falqada olan bükümlərin içərisindən yaşıl rəngli ot kütləsi, bir ədəd siqaretin qırmızı və bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal maddə, bir ədəd ağ rəngli sellofan bükümdə isə qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman sonuncu bir ədəd siqaretin göy, bir ədəd siqaretin qırmızı və bir ədəd gümüşü falqada olan bükümlərin içərisindəki ot kütləsinin narkotik vasitə marixuana, bir ədəd siqaretin qırmızı və bir ədəd şəffaf sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli sellofan bükümdə olan maddənin isə narkotik vasitə heroin olduğunu, bir gün əvvəl Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkın yanından üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz istifadəsi üçün 110 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış və müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş X2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 05 mart 2022-ci il tarixli 6/1338 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,997 qram, 1,124 qram, ümumi təmiz çəkisi 2,121 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (1-ci cild iş vərəqi 37-41). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 05 mart 2022-ci il tarixli 7/216 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd göy rəngli kağız bükülüdə təmiz çəkisi 0,228 qram, bir ədəd qırmızı rəngli kağız bükülüdə təmiz çəkisi 0,253 qram və bir ədəd gümüşü kağız bükülüdə tütünlə qarışıqda olan təmiz çəkisi 0,115 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 0,596 qramdır (1-ci cild iş vərəqi 43-47). İşdə olan maddi sübut kimi tanıma haqqında 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,271 qram narkotik vasəti heroin, 2,121 qram psixotrop maddə metamfetamin və 0,596 narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,221 qram narkotik vasitə heroin, qalıq çəkisi 2,021 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,536 qram narkotik vasitə marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 83-85). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 18 may 2022-ci il tarixli 2583 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 158-159). İşdə olan şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə keçirilmiş baxış keçirilməsi haqqında 5 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Argo” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin göy, iki ədəd siqaretin qırmızı, bir ədəd gümüşü fafqada, bir ədəd şəffaf sellofanda və bir ədəd ağ sellofanda olan bükümləri, həmin gödəkçənin sol cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon aparatını təqdim etmişdir. Bükümlərə baxış keçirilən bir ədəd siqaretin göy, bir ədəd siqaretin qırmızı və bir ədəd gümüşü falqada olan bükümlərin içərisindən yaşıl rəngli ot kütləsi, bir ədəd siqaretin qırmızı və bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal maddə, bir ədəd ağ rəngli sellofan bükümdə isə qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 82). İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin texniki rabitə kanallarından məlumatın götürülməsi barədə 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, sms mətinləri "xxxx" MMC-dən götürülmüşdür (1-ci cild iş vərəqi 114-116). İşdə olan "xxxx" MMC-dən göndərilmiş CD diskə baxış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, “513783376 SMS.txt”, “**********76.txt”, “abuneciler.xlsx” və “antenna.xlsx” adlı faylların olduğu müəyyən edilmişdir, faylların içərisinə baxış zamanı aşağıdakılar müəyyən edildi: 01) “513783376 SMS.txt” - adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin olduğu müəyyən edilmişdir. Smslərin məzmununa baxış keçirildiyi zaman (077) ***-**-** mobil telefon nömrəsindən sms daxil olduğu, daxil olan smsdə isə iki nəfərlik bir az jımı elə, o gün Mahir verən az idi, elə olsa istəmirəm məzmunlu sms daxil olduğu müəyyən edildi. 02) “**********76.txt” - adlı fayta baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər olduğu, həmin məlumatlarda cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək məlumatların olmadığı müəyyən edilmişdir. 03) “abuneciler.xlsx” - adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinə zəng edən, eyni zamanda sms yazan və ya sms qəbul edən bəzi şəxslərin anket məlumatlarının əks olunduğu, həmin məlumatlarda cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək məlumatların olmadığı müəyyən edilmişdir. 04) “antenna.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatların əks olunduğu, həmin məlumatlarda cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək məlumatların olmadığı müəyyən edilmişdir (1-ci cild iş vərəqi 117-145). İşdə olan "xxxx" MMC-dən verilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış (051) ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin olduğu müəyyən edilmişdir. Smslərin məzmununa baxış keçirildiyi zaman (077) ***-**-** mobil telefon nömrəsindən sms daxil olduğu, daxil olan smsdə isə “iki nəfərlik bir az jımı elə, o gün Mahir verən az idi, elə olsa istəmirəm” məzmunlu sms daxil olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, sms mətinlərinə dair məlumatları özündə əks etdirən bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 117-145). İşdə olan Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirildiyi, lakin müsbət nəticə əldə edilmədiyi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Şöbədə məlumatın olduğu, hazırda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni satdığı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görüldüyü qeyd edilmişdir (1-ci cild iş vərəqi 157). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 iyul 2021-ci il tarixində Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş və 13 avqust 2021 -ci il tarixində cəza müddəti başa çatmışdır (1-ci cild iş vərəqi 102-104). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 07, 15-17). İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 57-59, 71-78). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrini işin fakitiki hallarına uyğun hesab edir və onun təqsirini etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatlardan sonra qalıq çəkisi 0,221 qram narkotik vasitə heroin, qalıq çəkisi 2,021 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,536 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 137 (yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,221 narkotik vasitə heroin, 2,021 qram psixotrop maddə metamfetamin və 0,536 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 137 (yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1394/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1394/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver