Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1395/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin 10 saylı istilik sistemləri istismar sahəsində əməliyyatçı işləmiş, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona qarşı xüsusi amansızlıqla Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlanlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini və xüsusi amansızlıqla qəsdən sağlamlığa ağı zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park 1” yaşayış kompleksi, ev 3, mənzil 50-də aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərüfat-məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istəyərkən, Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs saxlamaq istəyən zaman Təqsirləndirilən şəxs xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 gözü qarışısında anası Zərərçəkmiş şəxs2 qəsdən sol qolundan tutaraq onu kənara itələyərək, yerə yıxmış, daha sonra isə əlində olan həmin bıçaqla xüsusi amansızlıqa anası Zərərçəkmiş şəxs2 gözü qarşısında Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir dəfə qəsdən vurub, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə qəsdən təpiklə vuraraq Zərərçəkmiş şəxs1 daxili və xarici qanaxma, 3-4-cü dərəcli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn qənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ gözaltı nahiyənin qançırı və boyunun sol yan səthinin sıyrığından ibarət ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və Zərərçəkmiş şəxs2 sol mil sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, qarın nahiyəsinin, sağ budun və sağ baldırın qançırlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2012-ci il tarixdə ailə həyatı qurmuş və rəsmi nikahdan 3 azyaşlı övladları vardır. Yaşadıqları müddət ərzində arvadı Minayə ilə ümumiyyətlə münasibətləri yaxşı olmuş, arabir xırda səbəblərə görə ailədə sözlə mübahisələri olmuşdur. Lakin son zamanlar qayınanası Zərərçəkmiş şəxs2 onun ailə işlərinə qarışdığı üçün onunla və Minayə ilə münasibətləri pozulmuşdur. Belə ki, Minayə evdə aralarında baş verən bütün hadisələri anasına danışmış, anası Zülfiyyə də sonradan onların ailə işlərinə müdaxilələr etmişdir. X3 maaş kartını özündə saxlamışdır. Bu hal onun tərəfindən yaxşı qarşılanmadığı üçün Minayəyə iradlarını bildirmiş, həmçinin qayınanası Zülfiyədən onun ailə işinə qarşımamağını tələb etmişdir. 02 mart 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman Minayənin telefonuna bir neçə dəfə sms səsləri gəlmiş, o, Minayənin əlindən telefonu almış və kim tərəfindən sms göndərildiyinə baxmışdır. Telefonun "whatsapp" bölməsinə baxdıqda Minayənin anasının səs yazıları göndərdiyini aşkar etmiş və qulaq asmışdır. Minayənin anası Zülfiyyə onun ünvanına xoşagəlməz səslər göndərmişdir. Zülfiyyə Minayəyə “ərin kişi deyil, sənin diş həkimin pulunu niyə ərin vermir və sair” xoşagəlməz sözləri ünvanına demişdir. Ondan bir neçə gün əvvəl o, Minayəni diş həkiminə aparmış, 180 manat dəyərində olan həkim işinə görə 100 manat verib 80 manat borclu qalmış, qalan pulu Minayə öz pulundan ödəmişdir. Anası isə buna görə onun ünvanına təhqiredici sözlər deyərək nəyə görə həkimin pulunu qızının ödədiyini Minayəyə bildirmişdir. O, bunları eşitdikdən sonra Minayəyə bir daha anasının onların evlərinə gəlməməsini tapşırmışdır. Həmin gün Minayə ilə anasının üstündə yalnız sözlə mübahisələri olmuş, başqa bir hadisə baş verməmişdir. Səhərisi gün, 03 mart 2022-ci il tarixdə əməliyyatçı vəzifəsində işlədiyi, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-də 10 saylı istilik sistemləri İstismar sahəsinə getmiş və həmin gün işdə növbədə gecələmişdir. Növbəti gün, 04 mart 2022-ci il tarixdə səhər saatlarında iş yerindən çıxıb 8-ci kilometr bazarına yollanmış, orada fərdi qaydada məşğul olduğu məişət avadanlıqlarının təmiri işini görüb həmin gün saat 18:30 radələrində yaşadığı evə gəlmişdir. Evə gəlməmişdən əvvəl qayınanası telefonuna “whatsapp” vasitəsi ilə səs ataraq onların evdə olduğunu və gəlməyini bildirmişdir. Evə daxil olduqda həmin vaxt orada Minayə, qayınanası Zülfiyyə, azyaşlı uşaqları Ləman və Elgün olmuşlar. Atası Zakir həmin vaxt iş yerində, böyük oğlu Elgiz isə müəllim yanında hazırlıqda olmuşdur. Uşaqları öz yataq otaqlarına aparıb qapılarını bağlamış və sonradan qonaq otağında qayınanası Zülfiyyə ilə söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Zülfiyyəydən nəyə görə evlərinə gəldiyini soruşmuşdur. Zülfiyyə isə ona kobud şəkildə “gəlmişəm yaxşı etmişəm! Öz evimdi, özüm bilərəm nə vaxt istəyərəm gəlib gedərəm!” sözlərini demişdir. Yenə aralarında sözlə mübahisə baş vermişdir. Zülfiyyə konkret olaraq onunla Minayənin aralarını vurmağa çalışmış, qızını ondan boşandıracağı ilə hədələməyə başlamışdır. Minayə özü də anasının tərəfini tutmuşdur. Daha sonra Zülfiyyə polis bölməsinə ondan şikayət edəcəyini bildirib evdən çıxmaq istəmiş, o isə Zülfiyyənin çıxmağına imkan verməmiş, şikayət edəcəyi halda sonuncunu və qızını bıçaqla vuracağını bildirmişdir. Zülfiyyə isə “bıçaqla vura bilirsən, gəl vur!” sözlərini dedikdən sonra o, mətbəxə keçib oradakı siyirmədən mətbəx bıçağını götürüb qonaq otağına qayıtmışdır. Bu anda Zülfiyyə onun üstünə gələrək əlindən tutub bıçağı öz qarnına dirəmiş və onu vurmağını tələb etmişdir. O isə bıçağın Zülfiyyənin qarnına girəcəyindən narahat olub Zülfiyyəni divana itǝləmiş, bu zaman Minayə gəldikdə əli ilə Minayənin boyun və qol nahiyələrindən sillə ilə vuraraq kənara itələmişdir. O anda Zülfiyyə və Minayə birlikdə üstünə gələrək ona əl-qol atmış və qonaq otağının qapısını açıb getmək istədikdə o, əlindəki bıçaqla Minayənin sol qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra qayınanası Zülfiyə Minayənin xəsarət aldığını görüb evdə səs-küy salmış və onlar X9 zəng vurmuşlar. Bir qədər sonra X10 ekipaji gələrək X6 Mərkəzə aparmışlar. Oğlu Elgiz də evə gəldikdən sonra hər üç uşağını taksi ilə qardaşı Teyyubun Əhmədli qəsəbəsində yaşadığı evinə yola salmış, özü isə aşağıda 10-cu Polis bölməsinin əməkdaşlarını görüb onlara yaxınlaşmış və arvadını bıçaqla vurduğunu etiraf etmişdir. Minayəni vurduğu bıçağı da evdən götürüb polis bölməsində təhvil vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, o, 2012-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından 2013-cü il təvəllüdlü oğlu Elgiz Ağayev, 2014cü il təvəllüdlü qızı Ləman Ağayeva və 2016-cı il təvəllüdlü Elgün Ağayev adlı 3 azyaşlı övladları vardır. Ailə həyatı qurduqdan 6 ay sonra Elzaminlə aralarında olan münasibətlər pozulmuşdur. Elzamin səbəbsiz olaraq onu təhqir edərək hədələmiş, evdən bayıra çıxmağına, işləməyinə icazə verməmişdir. Həmin vaxtlar onlar ünvan 2 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yaşamışlar. 2017-ci ildə kiçik oğlu Elgünün yaş yarımlıq dövründə Elzamin yaşadıqları evdən çıxmış və geri qayıtmamış, hara getməyi barədə ona heç nə deməmişdir. Elzamin körpə uşaqlara baxmamış, maraqlanmamış, maddi tələbatlarını təmin etməmişdir. Elzaminin bu cür hərəkətlərinə görə o, Elzamindən boşanmadan alimentlə əlaqədar iddia qaldırmışdır. Elzamin heç alimenti də ödəməmişdir. Həmin ərəfədə anası Zülfiyyənin köməyi ilə qayınatası Zakirin adına "Qobu Park 1" yaşayış kompleksində 4 otaqlı mənzil almaq üçün müraciət etmiş və 2018-ci il tarixdən oraya köçmüşlər. Ev qayınatası Zakirin adına alınmış, özü, Elzamin və 3 azyaşlı uşaqları həmin mənzilə qeydiyyata düşmüşlər. Həmin mənzilə köçdükdən sonra Elzamin evə qayıtmışdır. Bundan sonra dəfələrlə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə o, maaş kartını anasına verdiyi üçün mübahisələri yaranmış, Elzamin anası Zülfiyyə evə gələcəyi təqdirdə evdən qovacağını bildirmişdir. Elzaminin onu hədələdiyini o, anasına demişdir. 04 mart 2022ci il tarixdə anası Zülfiyyə yaşadıqları evə gəlmiş və "whatsapp" vasitəsi ilə Elzaminə səs ataraq evə gəlməsini bildirmişdir. Bir gün əvvəl Elzamin anasının gəlməyini və maaş kartını gətirməyini tələb etmişdir. Anası da buna aydınlıq gətirmək üçün Elzaminə demişdir ki, gəl danışaq. Həmin günü saat 18:30 radələrində Elzamin evə gəlmiş və anası Zülfiyyəni evdən qovmaq istəmişdir. Aralarında mübahisə baş vermiş və Elzamin mətbəxdən bıçağı götürərək qonaq otağına keçmişdir. Həmin vaxtı Elzamin onu itələmiş və bıçaqla onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Zərbədən o, yerə yıxılmış, buna baxmayaraq o, yerdə olarkən Elzamin bıçağı onun boğazına dayamış, yalvarmağını, üzr istəməyini tələb etmişdir. Bu zaman anası müdaxilə etmiş və Elzamini ondan aralamağa çalışmışdır. Daha sonra o, huşunu itirmiş və sonradan nə baş verdiyini xatırlamamışdır. Yalnız X10 avtomobilinin gələrək onu xəstəxanaya apardıqlarını xatırlayır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun böyük qızıdır. Minayə 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, rəsmi nikahdan 3 azyaşlı uşaqları vardır. Minayə ailə üzvləri və qayınatası Zakirlə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yaşamışdır. Onlar həmin yaşayış kompleksindəki evə köçdükdən sonra Minayə evin yaxınlığında uşaq bağçasına dayə kimi işə düzəlmişdir. Əvvəllər metronun Həzi Aslanov stansiyasının yaxınlığında yaşamışlar. Həzi Aslanov metrosunun yaxınlığında yaşadıqları dövrdə Minayənin oğlu Elgün 2016-cı ildə anadan olduqdan sonra Elzamin təxminən 3 il müddətinə evdən çıxıb harasa getmiş və bu barədə Minayəyə heç nə deməmişdir. Onlar dəfələrlə Elzaminin atası və digər ailə üzvlərindən Elzaminin haraya getməsi barədə maraqlanmaqlarına baxmayaraq qohumları onlara konkret bir söz deməmişlər. Buna baxmayaraq başqa yollarla Elzaminin yeri barədə maraqlandıqda onlara elə demişlər ki, Elzamin başqa bir qadınla qeyri-rəsmi yaşayır. Elzaminin bu hərəkətlərinə görə ailədə problemlər yaşanmağa başlamışdır. Belə ki, Minayə 3 azyaşlı uşaqlarına baxmaqda çətinlik çəkmiş, maddi cəhətdən çətinlik yaranmış, hətta uşaqların yeməyini güclə çatdırmışlar. Bu səbəbdən Minayənin dolanması üçün o, Minayəni "xxxx" ASC-nin baş idarəsində xadimə kimi işə düzəltdirmişdir. Bir sözlə Minayə 2016-2018-ci illərdə çox çətin bir dövr yaşamışdır. Elzaminlə nə qədər əlaqə saxlayıb onun ailə həyatı ilə əlaqədar fikrini öyrənməyə çalışsalar da, bu mümkün olmamışdır. Elzamin yalnız öz ailə üzvləri, yəni atası, bacısı, qardaşı ilə əlaqə saxlamış, həmin ailə üzvləri isə bunu onlardan gizlətmişdir. Elzamin uzun müddət evə qayıtmadığından Minayə Xətai Rayon Məhkəməsinə boşanma olmadan Elzamindən aliment tələbi ilə müraciət etmişdir. Məhkəmə gedən müddətdə də Elzamin bir dəfə olsun ki, məhkəmə baxışına gəlməmişdir. Buna baxmayaraq məhkəmə 3 uşağa birlikdə təxminən 400 manat aliment pulu kəsmişdir. Elzamin heç üzə çıxmamış və alimenti də ödəməmişdir. Minayə də 3 azyaşlı uşaqları, qayınatası Zakir, qaynı Əlzamin, sonuncunun arvadı və 2 azyaşlı uşağı ilə birlikdə “Həzi Aslanov” stansiyasının yaxınlığındakı evdə yaşamışdır. Bir müddət sonra Zakirə Lökbatan qəsəbəsəsində “Qobu Park 1” yaşayış kompleksində 4 otaqlı mənzil ayrılmış və Minayə 3 azyaşlı uşaqları ilə birlikdə həmin evə köçmüş və qayınatası Zakirlə birlikdə yaşamağa başlamışlar. O, Minayənin maddi vəziyyətinin çətin olduğunu görüb tez-tez həmin evə ərzaq alıb gətirmiş, hətta nəvələrinə baxmaq üçün arada həmin evdə bir neçə gün gəcələmişdir. Günlərin bir günü Zakir ona həmin evə gəlməyi qadağan etməyə başlamışdır. Zakir onlara Elzaminin evə gəlmədiyi üçün Minayə və nəvələri ilə birlikdə çıxıb getmələrini demişdir. Bu səbəbdən Zakir ilə münasibətləri pozulmuş, hətta bir dəfə o, həyat yoldaşı Fəğani ilə birlikdə ərzaq alıb həmin evə gəldikdə Zakir ǝrinin, Minayənin və azyaşlı nəvələrinin yanında onun boğazından tutub boğaraq evdən qovmuşdur. Bununla bağlı o, 10-cu Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Elə həmin ərəfədə Elzamin üzə çıxmış və atasından şikayət etməməyi ondan xahiş etmişdir. Elzamin artıq evinə qayıdacağına və ailəsinə baxacağına söz vermişdir. O da qızı Minayə və nəvələrinin xətrinə Elzaminin evə qayıdacağı üçün Zakir barədə şikayətini götürmüşdür. Bu hadisələrdən sonra Elzamin həqiqətən də evinə qayıtmış və ailəsi ilə birlikdə yaşamağa başlamış, lakin aliment pulu artıq 5000 manata çatdığı üçün Minayəni hədələyərək aliment iddiasını geri götürməyini tələb etməyə başlamışdır. Minayə də qorxu altında olduğu üçün Elzaminin barəsində aliment iddiasını geri götürmüşdür. Onların yenidən birlikdə yaşadıqları dövrdə Minayə üçün yolu uzaq olduğundan onu "xxxx" ASC-nin baş idarəsindən çıxartmış, lakin əvəzində Elzamini 1 gün işdə növbədə, 2 gün evdə istirahətdə olmaqla ASC-nin 10 saylı istilik sistemləri İstismar sahəsində əməliyyatçı, Minayəni isə yaşadığı evin yaxınlığındakı uşaq baxçasına dayə kimi düzəltdirmişdir. Həmin müddətdə Elzamin yenə də köhnə əməllərindən əl çəkməyərək Minayǝyǝ problemlər yaratmağa başlamış, ailə münasibətləri tam pozulmuşdur. Elzamin Minayənin maaş kartını əlindən alaraq uşaqlara xərc çəkməmiş, yalnız öz tələbatlarına xərcləmişdir. Bu hal Minayə tərəfindən çox pis qarşılanmışdır. Həmin səbəbdən Minayə maaş kartını dəyişdirmiş və yeni kart götürdükdən sonra Elzaminin əlindən saxlamaq üçün müəyyən qədər özünə də xərc çəkməyə başlamış, diş həkiminə gedib gəlmişdir. Bir dəfə, 28 fevral 2022-ci il tarixdə o, Minayə və Elzamin birlikdə diş həkiminə getmişlər. Orada o, özündən 100 manatı Elzaminə verib bildirmişdir ki, kişi olduğu üçün özü ödəsin və Elzamin də pulu ondan götürmüşdür. Minayə dişlərini müalicə etdikdən sonra həkim 180 manat təşkil etdiyini bildirmiş, Elzamin də 100 manatı həkimə vermiş və 80 manat borclu qalaraq çıxıb getmişlər. Belə ki, Minayə müalicəsini hələ davam etməli imiş. Üstündən 3 gün keçdikdən sonra Minayənin dişi hazır olduğu üçün həkim əlaqə saxlamış və 03 mart 2022-ci il tarixdə Minayə Elzaminlə birlikdə həkimə gedib dişini qoydurmuşdur. Həkim qalan 80 manat pulu soruşduqda onlar pulu verə bilməmişlər və yenə də borclu qalaraq çıxıb getmişlər. Həmin gün axşam Elzamin Minayədən həkimin pulunu ödəməyi tələb etməyə başlamış və həkim bir də pula görə ona zəng etsə Minayəni döyəcəyini bildirmişdir. Bununla bağlı Minayə ona zəng etmiş və ondan təcili həkmin pulunu ödəməyini xahiş etmişdir. Minayənin maaş kartına pul oturduğu üçün həkimlə əlaqə saxlayıb 80 manat pulu həkimin hesab kartına köçürtmüşdür. Lakin Elzaminin qızını hədələdiyinə əsəbləşdiyi üçün "whatsapp" vasitəsi ilə Minayənin telefonuna Elzaminin ünvanına xoşagəlməz sözlər deməklə səslər göndərmişdir. “Elzamin öləcəkdir? Özü 80 manatı versə, nə kişidi o!” və sair səsli smslər göndərmişdir. Elzaminin də telefonuna “Elzamin kart məndədi, Minayəni narahat eləmə, imkan ver qızın maaşına dişlərini düzəltdirim!” səsini atmışdır. Elzamin isə cavab olaraq ondan tələb etmişdir ki, Minayənin maaş kartını təcili özlərinə qaytarsın, bir daha onların işinə qarışmasın və evlərinə gəlməsin. 04 mart 2022-ci il tarixdə Minayə ona zəng edərək bildirmişdir ki, Elzamin onu evlərinə çağırır. O da nə baş verdiyini soruşduqda Minayə Elzaminin deyəsən ondan maaş kartını almaq istədiyini bildirmişdir. O da Minayənin sözlərinə əsasən onların evlərinə getmiş və oradan "whatsapp" vasitəsi ilə Elzaminə səs ataraq onlara gəldiyini, nə sozü varsa gəlib deyə biləcəyini bildirmişdir. Həmin gün saat 18:30 radələrində Minayəgildə olduğu zaman Elzamin evə daxil olmuş, qonaq otağında söhbət zamanı Elzaminə onu çağırdığını demiş, Elzamin isə onu evə dəvət etmədiyini bildirmişdir. Minayə də Elzaminə onu çağırdığını bildirsə də, sonuncu bunu təkzib etmiş və bu zaman evdə olan uşaqlarını, Ləman və Elgünü yataq otağına salıb onları çıxmamaq şərti ilə hədələmklə qapılarını bağlamışdır. Bundan sonra onlara yaxınlaşıb onda olan iki mobil telefonu və Minayədə olan bir mobil telefonu əllərindən alaraq cibinə qoymuşdur. Daha sonra isə qolundan tutub dartaraq mənzildəki qonaq otağının giriş qapısına doğru onu aparmışdır. Əl çantasını da yerdən götürüb özünə verdikdən sonra ona “Sən çıx get və bundan sonra da qızını öldürəcəm!” sözlərini demişdir. O, bu sözlərdən sonra Minayəyə görə qorxduğu üçün Elzaminə elədirsə qızı ilə birlikdə bu evdən çıxacağını bildirmişdir. Elə bu anda Elzamin onu itələmiş və o da qonaq otağında olan divanın qarşısına döşəmənin üstünə yıxılmışdır. Nəticədə çanaq hisǝsindən xəsarət almış və ayağa qalxa bilməmişdir. Minayə onu ayağa qaldırmağa kömkəlik göstərdiyi zaman Elzamin mətbəxə keçib oradan əlində mətbəx bıçağı ilə yenidən qonaq otağına daxil olmuş və Minayənin üstünə hücum çəkmişdir. O, Elzaminin Minayəni bıçaqla vuracağını başa düşüb özünü toplayıb ayağa qalxmış və onları ayırmağa çalışmışdır. Lakin Elzamin bir əli ilə bıçağı Minayənin qarın nahiyəsinə dirəyərək digər əli və ayaqları ilə onu vurmağa başlamışdır. Bu anda o, araya girərək Elzamini itələmiş və Minayəni qorumaq üçün arxasında saxlamışdır. Minayə isə qışqıraraq Ləmana qonşuları çağırmağını bildirmşdir. Elzamin isə Ləmana qışqıraraq otaqdan çıxmamağını tələb etmiş və bıçağı onun qarnına dirəyərək zədələməyə başlamışdır. Bu zaman mənzilə bir nəfər orta boylu, ağ saçları olan tanımadığı qonşu kişi daxil olmuşdur. Elzamin qonşu kişini görüb çölə çıxartmış və yenidən əlində bıçaqla qonaq otağına gəlmişdir. Bu dəfə Elzamin Minayəyə yaxınlaşan zaman o, araya girmiş, Elzamin isə onun sol qolundan tutaraq burmuş və onu sola tərəf itələmiş, nəticədə o, sol qolu üstə döşəmənin üstünə yıxılmış, sol qolundan xəsarət almışdır. Daha sonra Elzamin Minayəyə yaxınlaşıb əlindəki bıçaqla bir dəfə onun qarın nahiyəsindən vurmuş və bıçağı Minayənin qarnının içərisindən çıxartmayıb oynatmağa başlamışdır. O yenə də özündə güc toplayıb Elzaminin şalvarının bel kəməri hissəsindən sağ əli ilə tutaraq ayağa qalxmış və daha sonra onun əynindəki köynəyinin sinə hissəsindən dartaraq bıçağı qızın qarnından çıxartmağını tələb etmişdir. Bu anda Elzamin bıçağı çıxartmış və elə həmin anda Minayə qonaq otağında yerə yıxılmışdır. Bundan sonra o, Elzamini arxaya doğru mənzilin giriş qapısına tərəf itələməyə başlamış və Minayəni bir daha vurmamasına yalvarmışdır. Elzamindən mobil telefonunu istəmişdir ki, 103 X10 Stansiyasına zəng etsin. Elzamin telefonu verməmiş və “Minayənin qanı tökülsün ölsün telefonu sonra verəcəm” sözlərini demişdir. Bundan sonra Elzamin onu yenidən qonaq otağına doğru itələməyə başlamış və o, Minayənin böyrünə yıxmışdır. Elzamin bu anda bıçağı yerdə qanı tökülən Minayənin boğazına dirǝmişdir. O da yalvararaq “Elzamin bir də vurma, sən ananın ölmüşünə and olsun birdə vurma onu!” sözlərini demişdir. Bundan sonra Elzamin bıçağı Minayənin boğazından çəkib yerdə təpiklə onun və Minayənin sağ və sol ayaqlarından vurmağa başlamışdır. Həmin vaxt Minayə artıq huşunu itirmişdir. O, Elzaminə yalvarmışdır ki, otaqdan əski gətirsin, sonuncu da keçib digər otaqdan bir göy rəngli kişi köynəyi gətirmişdir. O da köynəyi götürüb Minayənin bıçaqla xəsarət aldığı yerə tutmuşdur ki, qan itirməsin. Dava-dalaş başlayandan bəri bu hadisə təxminən 1 saat davam etmiş, Elzamin hələ də X9 zəng etməyə imkan verməmişdir. Nəhayət Elzamin mobil telefonları qaytarmış və o, dərhal 103 X10 Stansiyasına zəng etmişdir. Təxminən yarım saat sonra X10 Stansiyasının ekipajı gələrək X6 Mərkəzə aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:45-da 15 saylı X10 Stansiyasından həkim Mirəliyev məlumat vermişdir ki, Qaradağ rayonu, “Qobu Park 1”, bina 3, mənzil 60-da yaşayan 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarının ön tərəfinin kəsilmiş-deşilmiş yarası ilə müraciət etmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 əri xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs könüllü gəlib təslim olmuş və cinayəti törətdiyi aləti - 31 sm uzunluğu olan qəhvəyi rəngli taxta materialdan qulpu olan, tiyəsinin uzunluğu 18 sm olan və qulpunda "Buğa" şəkli əks olunmuş bıçağı könüllü olaraq təhvil vermişdir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzildir. Həmin mənzil 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. 2-ci bloka gririşdən sağ tərəfdədir. Həmin mənzil 3 yataq otağı, 1 qonaq otağı və mətbəxdən ibarətdir. Mənzildə otaqlara, o cümlədən mətbəx və sanitar qovşağına baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı əşya və izlər aşkar edilməmiş, götürülməmiş, mənzildə səliqə-səhman pozulmamışdır. X2 bildirmişdir ki, 04 mart 2022-ci i tarixdə oğlu Elzamin arvadı Minayə və qaynanası Zülfiyyə ilə həmin yaşadıqları mənzildə mübahisə etmiş, Elzamin bıçaqla Zülfiyyəni vurmuş, lakin həmin vaxt o, evdə olmadığı üçün hadisənin mənzilin hansı otağında baş verdiyini bilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman əlavə məlumat və şikayət daxil olmamışdır. Baxış zamanı mənzilin qonaq otağında qanabənzər ləkələr aşkar edilmişdir (cild 1, iş vərəqi 31-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılmış Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park 1” yaşayış kompleksində yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən ev 3, mənzil 50 ünvanını göstərərək bildirmişdir ki, 04 mart 2022-ci il tarixdə axşam saatlarında məhz həmin mənzildə arvadı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə baş vermiş, yaranmış münaqişə zamanı mətbəxdən götürdüyü bıçaqla mənzilin qonaq otağında bir dəfə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. İfadənin yerində yoxlanılması zamanı mənzilin qonaq otağına girişdən üzbəüz hissədə, otağın sol hissəssində döşəmənin üzərində qanabənzər ləkələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin yerdə Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən yerə yıxıldığını, ləkələrin sonuncunun qan izləri olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqi 57-62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 154 nömrəli rəyinin nəticə hissəsindən görünür ki:
1. Vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol mil sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, qarın nahiyəsinin, sağ budun və sağ baldırın qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.
2. Zərərçəkmiş şəxs2 adlmış olduğu xəsarətlərin xarakteri və lokalziasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 1, iş vərəqi 92-94). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 159 nömrəli rəyinin nəticə hissəsindən görünür ki: Vət.Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn-çənbər bağırsağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ gözaltı nahiyənin qançırı və boynun sol yan səthinin sıyrığı. Göstərilən xəsarətlərdən daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn-çənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (əşya), ola bilsin bıçaq təsirindən, sağ gözaltı nahiyənin qançırı bərk küt əşya təsirindən, boyunun sol yan səthinin sıyrığı isə iti kənara və ya iti uca malik əşya (alət) (hər hansı küt əşyanın iti kənarı ilə) təsirindən müayinədən 6-8 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn-çənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sağ gözaltı nahiyənin qançırı və boyunun sol yan səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 95-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 157/2022-MTBŞ nömrəli rəyindən görünür ki:
- Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: В (3)/şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən/.
- Eksertizaya təqdim edilmiş bir ədəd qısaqol kofta və bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Bu qan ləkələri Balfa/(3) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 1, iş vərəqi 99-103). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 131-MTBŞ/2022 nömrəli rəyindən görünür ki: - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus koftanın ön səthində sağda bir ədəd, şalvarın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus koftanın ön səthində sağda olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 104-108). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 1441 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs haz-hazırda da öz hərəkətlərinin faktiki xaraketrinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqi 139-141). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 79). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 110). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan və məktubdan görünür ki, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta və bir ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 136-137). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 88). İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Ağayev Elgiz, xx.xx.2014-cı il təvəllüdlü Ağayeva Ləman və xx.xx.2016-cı il təvəllüdlü Ağayev Elgün adlı azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 131). İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, hər iki zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar, onların gələcəkdə təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri, iddia və tələbləri olmayacaqdır (cild 2, iş vərəqi 62-63). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 7-ci və 8-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xüsusi amansızlığın və ictimai borcunu yerinə yetirmənin mahiyyəti eynidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurması və Zərərçəkmiş şəxs2 sağlamlğına ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq, xüsusi amansızlıqla qəsdən az ağır zərər vurması kifayət qədər sübuta yetirilir, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-ci maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azalıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 127.2.1 və 127.2.3-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə[ azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3-ci maddəsi ilə nəzərdə tutulan əməl ağır, CM-in 127.2.1 və 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 06 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 54-56, 200- 202). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş təsərrüfatməişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta və bir ədəd şalvar təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.3-ci maddəsilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 127.2.1 və 127.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş təsərrüfatməişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta və bir ədəd şalvar məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.