Məhkəmə qərarları › İş №1(101)-1396/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1396/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1396/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:20-də X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X7, X1 ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhmon Nərgiz Xəlilrəhmon qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşamış, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,748 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 16 fevral 2025-ci il tarixdə, saat 15:00-da ünvan 2 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X3 Nəsimi rayon şöbəsinin inzibati binasının yaxınlığında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,748 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Nəsimi rayonu Məhkəmə X8 inzibati binasının yaxınlığında saxlanmış, yerində üstü yoxlanılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd büküm içərisində təmiz çəkisi 2,748 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə "metamfetamin" aşkar edilərək götürülmüşdür.

4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddəni və əynindəki şalvarın sağ yan 32 AZN pul vəsaitini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncudan heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. 32 AZN pul vəsaiti heç bir sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş maddənin psixotrop maddə "metamfetamin" olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama ünvan 2 ünvanında yerləşən Nəsimi rayon X8 inzibati binasının yaxınlığında keçirilmişdir.

5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:10-dan 16:16-dək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 16 fevral 2025-ci il tarixdə, saat 15:00 dəqiqədə ünvan 2 ünvanında yerləşən Nəsimi rayon Məhkəmə X8 inzibati binasının yaxınlığında saxlanılaraq yerində üstü yoxlanılan zamanı üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə 01 ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD diskdəki videofayla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş maddənin qablaşdırıldığı zərfdən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sonra aşkar olunan maddə qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan ağ rəngli kristal şəkilli narkotik vasitə bənzər maddənin aşkar olunması baradə bildirməsi əksini tapmışdır.

6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 dəqiqədən tutulmuş hesab edilmişdir.

7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 fevral 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.

8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 aprel 2025-ci il tarixli “Axtarışda olan şəxsin yaxalanması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:25 dəqiqədən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə gətirilmişdir.

9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvəsində saxlanılmışdır.

10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/717 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...» yazıları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,748 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyhaı İ) daxildir.

11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin 15 aprel 2025-ci il tarixli 1164 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.

12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 890 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 dekabr 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, 14 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır.

15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 16 fevral 2025ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş, gümüşü rəngli, üzərində «Verbatim» yazılmış DVD-R disk «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 1 ədəd videofayl olması müəyyən edilmişdir. Həmin videofayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 fevral 2025-ci il tarixdə saat 15:00 dəqiqədə ünvan 7 ünvanında yerləşən Nəsimi rayon X8 inzibati binasının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür.

16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,748 qram olan psixotrop maddə metamfetamin və 02 (iki) ədəd DVD disk sübut əhəmiyyətli olduğundan, iş üzrə maddi sübut kimi tanınmışdır.

17. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər də məhkum olunmuş, sonuncu dəfə isə 2021-ci ildə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bir müddət olar ki, narkotik vasitə və psixotrop maddələr qəbul etməyə başlamışdır. 16 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» deyilən ərazidə olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm «patı» kimi tanıdığı psixotrop maddə olan metamfetamin almış və gələcəkdə istifadə etmək məqsədi ilə şalvarının cibində saxlamışdır. 16 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Nəsimi rayonunda 1 saylı X12 arxa tərəfində yerləşən binaların yanı ilə piyada hərəkət etdiyi zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini 20-ci polis şöbəsinin əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Bu zaman onlardan biri əlində olan mobil telefonla videoçəkiliş aparmışdır. Polis əməkdaşları ondan şəxsiyyəti barədə soruşmuş və o, özü barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları bildirmişlər ki, daxil olmuş məlumatla bağlı onun üstünü yoxlayacaqlar. Ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, özü könüllü təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın cibindən bir bükümdə psixotrop maddə metamfetamini və 32 manat pulu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetamini kağız zərfin içərisinə qoyub möhürləmişlər, sonra isə zərfin üzərinə imza etmişlər. 32 manat pul ona qaytarılmışdır. Sonra polis əməkdaşlarının dəvəti ilə onlarla birlikdə avtomobilə əyləşib 20-ci polis şöbəsinə gəlmişdir. Orada polis əməkdaşları tərəfindən protokol tərtib edilərək oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu polis şöbəsinin təhqiqatçısının otağına dəvət etmişlər. Orada da videoçəkiliş aparılmaqla üstünün yoxlanılması zamanı aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfin içərisindən çıxarılaraq baxış keçirilmiş və yenidən zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüş, zərfin üzərinə baxışın iştirakçıları ilə yanaşı o, da imza etmişdir. Sorğu zamanı təhqiqatçıya bildirmişdir ki, həmin bükümdə olan «patı» kimi tanıdığı maddədir, gümrah olmaq üçün qəbul etmək məqsədi ilə bu gün səhər saatlarında tanımadığı şəxsdən alaraq əldə etmişdir. Sonra videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilmişdir. Protokol iştirakçılara oxunmuş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş metamfetamini kiməsə satmaq niyyəti olmamış, həmin maddəni özünün istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə «Xanlar» adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri əldə etməsi, istifadə etməsi, saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı keçirilən əməliyyat tədbiri nəticəsində Xanların şəxsiyyəti müəyyən edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi Şahid1 və cinayət axtarışı üzrə kiçik inspektor X5 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 fevral 2025-ci il tarixdə Nəsimi rayon Məhkəmə X8 inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar, videoçəkilişdən istifadə etməklə özlərini təqdim edib onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra keçirilən əməliyyat-axtarış tədbirinin mahiyyətini, habelə hüquq və vəzifələrini Təqsirləndirilən şəxs izah etmişlər. Sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, həmçinin saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvann cibindən bir ədəd şəffaf bükümdə ağ kristallik maddəni və 32 manat pulu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamindir, özü istifadə etmək üçün əldə etmiş və üzərində saxlayır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə kağız zərfdə qablaşdırılmış, möhürlənərək zərfin üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 32 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 20-ci polis şöbəsinə dəvət edilmiş, orada protokol tərtib edilərək iştirakçılara oxunmuş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən çəkliiş videogörüntü diskə köçrülmüşdür. O, əməliyyat-axtarış tədbirinin nəticəsi barədə şöbə rəisinə raportla məruzə etmiş və araşdırma aparılması şöbənin təhqiqatçı Vüsal Əliyevə həvalə edilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs götrülmüş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı zərfə və əməliyyat-axtarış zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş, baxış protokolu tərtib edilərək iştirakçılara oxunmuş və protokol hamı tərəfindən imzalanmışdır.

19. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 həmin ifadəsində göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə «Xanlar» adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri əldə etməsi, istifadə etməsi, saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı keçirilən əməliyyat tədbiri nəticəsində «Xanlar» adlı şəxsin xx xxxx 1965-ci il təvəllüdlü, Bakı şəhəri Nərimanov rayonu Aşıq Qərib küçəsi ev 133-də yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün polis şöbəsinin rəisinə raportla müraciət etmiş, müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə razılıq verildiyi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və cinayət axtarışı üzrə kiçik inspektor X5 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 fevral 2025-ci il tarixdə saat 15 radələrində əməliyyat qrupu ilə ünvan 9 ünvanında yerləşən Nəsimi rayon Məhkəmə X8 inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar, videoçəkilişdən istifadə etməklə özlərini təqdim edib onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra keçirilən əməliyyat-axtarış tədbirinin mahiyyətini, habelə hüquq və vəzifələrini Təqsirləndirilən şəxs izah etmişlər. Sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, həmçinin saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvann cibindən bir ədəd şəffaf bükümdə ağ kristallik maddəni və 32 manat pulu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamindir, özü istifadə etmək üçün əldə etmiş və üzərində saxlayır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə kağız zərfdə qablaşdırılmış, möhürlənərək zərfin üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, əlavə heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 32 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 20-ci polis şöbəsinə dəvət edilmiş, orada protokol tərtib edilərək iştirakçılara oxunmuş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən çəkilmiş videogörüntü diskə köçrülmüşdür. O, əməliyyat-axtarış tədbirinin nəticəsi barədə şöbə rəisinə raportla məruzə etmiş və araşdırma aparılması şöbənin təhqiqatçı Vüsal Əliyevə həvalə edilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs götrülmüş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı zərfə və əməliyyat-axtarış zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş, baxış protokolu tərtib edilərək iştirakçılara oxunmuş və protokol hamı tərəfindən imzalanmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

20. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Saxlanıldığı gün çay və siqaret almaq üçün Nəsimi rayonunda yerləşən “Rahat” marketə getmişdir. Kassada siqaretin pulunu vermiş, çay isə sellofan paketdə qaldığından, onun ödənişini etmək yadından çıxmışdır. Marketin kassiri ondan çayı soruşduqda, çayın da pulunu verəcəyini bildirmişdir. Lakin, kassir marketin mühafizəsini çağıraraq onun çayı oğurlanmağa cəhd etməsini bildirmişdir. Mühafizəçiyə belə bir niyyətinin olmadığını, sadəcə yadından çıxdığını bildirsə də, mühafizəçi ona inanmamış və polis çağırmışdır. Polislər gəldikdən sonra onu Nəsimi RPİ-nin 20-ci polis bölməsinə aparmışlar. Polislər ona uzağı 50 manat xərcinin çıxacağını, ya da 10 gün həbs olunacağını bildirmişlər. Marketdə cibləri də yoxlanılmış, bu vaxt yanında 3 nəfər mühafizəçi, kassir qadın da olmuşdur. Həmin vaxt cibindəki 25 manat pul da cırılmışdır. Bölmədə əvvəllər narkotik vasitə əldə etməyə görə məhkum olub-olunmadığını soruşduqda, o, məhkum olunduğunu bildirmişdir. Polislər qarşısına bir büküm qoyaraq, videoçəkiliş olacağını bildirərək, çəkiliş zamanı bükümün özünə məxsus olmasını deməsini tapşırmışlar. Əvvəlcə buna razı olmadığı üçün ona fiziki və psixi təsir göstərilmişdir. Bundan sonra videoçəkiliş aparılmış və o, polislərin verdikləri bükümü çıxararaq tədqim etmişdir. Onu 1 gün bölmədə saxladıqdan sonra, səhəri gün prokurorun qəbuluna aparmışlar, lakin, prokuror onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verməmişdir. Təxminən 1 ay yarım, 2 ay sonra polislər onu tutaraq barəsində axtarış olduğunu bildirərək yenidən prokurorun qəbuluna aparmışlar, lakin, prokuror yenə də onun barəsində təqdimat verməmişdir. İbtidai istintaq zamanı ümumiyyətlə sərbəst ifadə verməmişdir. Onu saxlayan polislərdən birinin adı Ülvi olmuşdur. Ülvi ona ya 50 manat cərimə ediləcəyini, ya da inzibati qaydada 10 gün müddətə həbs olunacağını bildirmişdir. O da məcbur qalaraq razılaşmış və Ülvinin verdiyi psixotrop maddənin ona məxsus olması məzmununda etirafedici izahat vermişdir. O, metadon və tiryək istifadə etmiş, lakin, metamfetamin ona məxsus olmamışdır. O, xəstəliyi səbəbindən həmin ərəfələrdə metadon və metadon suyu qəbul etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

21. CM-nin 234.1-1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

23. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

27. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

30. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

32. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

41. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı:

42. Qərarın 5-ci bəndi. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür.

43. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

44. Qərarın 16-cı bəndi. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

45. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

46. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, digər sübutlar psixotrop maddənin məhz satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

48. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

49. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

50. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmamasını, polislər tərəfindən ona göstərilmiş fiziki və psixi təsir nəticəsində məcbur qalaraq polislərin verdiyi psixotrop maddənin ona məxsus olması bildirməsi məzmununda etirafedici izahat verdiyini bildirmişdir.

51. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilən tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-ə təhvil verildikdə üzərində hər hansı xəsarət olması qeydə alınmamış, şikayətinin olmaması qeyd edilmişdir.

52. Məhkəmənin sorğusuna əsasən, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sorğu zamanı xəsarət almadığını qeyd etmiş, bədəninə baxış keçirilən zaman hər iki saidin ön səthində köhnə çapıqlar aşkar edilmişdir.

53. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair göstərdiyi xüsusatlar əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.

54. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

55. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.

56. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.

57. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 16 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» deyilən ərazidə olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxladığını bildirmişdir.

58. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, videogörüntü, xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/717 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 890 nömrəli rəyləri, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli qərar, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin xx.xx.2025-ci il tarixli arayışı, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir.

59. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

60. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

61. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22, 23, 24, 25-ci bəndləri).

62. AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı “Xroniki qastrit”, “Xroniki C virus hepatiti” diaqnozları qoyulmuşdur. Beləliklə, məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs “Xroniki qastrit”, “Xroniki C virus hepatiti” xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 dekabr 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, 14 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır.

65. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələblərinə əsasən hazırki cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.

66. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (hökmün 26-cı bəndi).

67. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, sonradan barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq MSY-ə gətirilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvədə saxlanılmış və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir.

69. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-1396/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir.

70. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdən 18 fevral 2025-ci il tarixədək və 14 aprel 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 5 (gün) müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır.

71. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 11 iyun 2025-ci il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

72. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

73. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,698 qram psizxotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

74. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

75. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

76. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhmon Nərgiz Xəlilrəhmon qızına 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdən 18 fevral 2025-ci il tarixədək və 14 aprel 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 5 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun 3 (üç) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni, 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Nəsimi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,698 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhmon Nərgiz Xəlilrəhmon qızına 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar