Məhkəmə qərarları › İş №1(101)-1397/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1397/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1397/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 5 sentyabr 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Naxçıvan şəhəri N.Hikmət küçəsi, ev 7-də qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 yolu adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,638 qram çəkidə narkotik vasitə heroini 100 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 18:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2s bölməsinə gətirilmiş və orada saat 20:15 radələrində üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi - 2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, cəzasını çəkib azadlığa çıxmışdır. 18 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanda yaşadığı evin həyətində olarkən iki nəfər mülki geyimli polis əməkdaşı həyətinə daxil olub, ona üzərində narkotik vasitə olmasından şübhə edildiyini bildirib, şəxsi axtarış aparılması üçün onu Binəqədi RPİnin 4-cü PB-nə dəvət etmişdir. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə sonuncuların gəldiyi avtomobilə əyləşmişdir. Yolda polislər avtomobil saxlayıb üzərinə baxış keçirmiş, lakin ondan narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra bölməyə getmişlər. Həmin vaxt üzərində idman şalvarı olmuşdur. Daha sonra həyat yoldaşı ilə oğlu onun göy rəngli cins şalvarını və digər geyimlərini polis bölməsinə gətirmiş və o, həmin geyimləri geyinmişdir. Bölmədə ondan narkotik vasitələrdən istifadə edibetmədiyi soruşulmuşdur. Polis əməkdaşına narkotik vasitələrdən istifadə etdiyini, lakin üzərində olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona masanın üzərində olan narkotik vasitəni üzərinə götürməyi təklif edib, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağını və tutulmayacağını bildirmişlər. Özünü pis hiss etdiyindən polis bölməsindən çıxmaq üçün razılaşıb, həmin narkotik vasitənin özünə məxsus olduğu və 100 manata «Əli» adlı İran vətəndaşından aldığı barədə ifadə vermişdir. Həmin ifadəni təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilidir. 18 dekabr 2020-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində gəzdirdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün raportla rəhbərliyə müraciət etmişdir. Bundan sonra bölmənin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 18 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün ünvan 3 ünvanın yaxınlığına gəlib əməliyyat mövqeyi seçmişlər. Orada Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncuya qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, onu bölməyə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmiş və sonuncu dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra mütəxəssisinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoyandan sonra, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu həmin gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolu 4 adlanan ərazidə «Əli» adlı İran vətəndaşından öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticələrinə dair protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik inspektoru vəzifəsində xidmət edir. 18 dekabr 2020-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələri əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə bölmənin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş, sonuncunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün saat 18:30-da Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün ünvan 3 ünvanın yaxınlığına gedərək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra onlar sonuncuya qanunsuz olaraq olaraq narkotik vasitələrin əldə etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, onu 43-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində mütəxəssisin iştirakı ilə, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə baxış keçirilmiş və əhəmiyyət kəsb edən bir şey aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu həmin gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolu 4 adlanan ərazidə yalnız adını bildiyi «Əli» adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 100 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol tərtib edilmiş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bölməsində Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. İşin 32-33-cü vərəqlərindəki «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, 18 dekabr 2020-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükülünü təqdim edib, həmin bükülünün içərisində narkotik vasitə olan «heroin» olduğunu, həmin heroini həmin gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK yolu 4 adlanan ərazidə yalnız adını bildiyi «Əli» adlı İran vətəndaşından öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. İşin 55-ci vərəqindəki cinayət işi üzrə video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı çəkilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 18 dekabr 2020-ci il tarixdə, saat 20:15-də başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Emil Abbaszadənin əyləşdiyi xidməti otaqdır. İştirakçılar: bölmənin əməliyyat müvəkkili Şahid1, həmin PB-nin CA üzrə kiçik inspektoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs baş təhqiqatçı Emil Abbaszadənin əyləşdiyi masanın qarşısında dayanmışlar. Baş təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini həmin gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, DSK 4 yolunda tanımadığı, yalnız adını bildiyi «Əli» adlı İran vətəndaşından öz istifadəsi üçün 100 manata aldığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 18 dekabr 2020-ci il tarixdə saat 21:36-da axtarış yekunlaşdırılır. Məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2020-ci il tarixli, 6/2749 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 2,638 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 yanvar 2021-ci il tarixli, 12 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi mülicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 1 aprel 2021-ci il tarixli, 662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 56-cı vərəqindəki əşyanın maddi sübut hesab edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 57-ci vərəqindəki əşyanın maddi sübut hesab edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2,638 qram heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalan 2,538 qram hissəsi saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 70-ci vərəqindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 dekabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. İşin 90-97-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Xətai rayon məhkəməsinin 20 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 4 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, DSK 4 yolu adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,638 qram çəkidə narkotik vasitə heroini 100 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 18:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4olis bölməsinə gətirilmiş və orada saat 20:15 radələrində üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi-2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK 4 yolu adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,638 qram çəkidə narkotik vasitə heroini 100 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 18:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5olis bölməsinə gətirilmiş və orada saat 20:15 radələrində üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 2,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 18 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-nin NH-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2,638 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,538 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 18 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin NH-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2,638 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,538 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar