Məhkəmə qərarları › İş №1(101)-1398/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1398/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1398/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X12, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X16, Zərərçəkmiş şəxs, müdafiəçilər, “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, 01 avqust 1966-cı ildə Füzuli rayonunun Qazaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə özünü İran İslam Respublikasının vətəndaşı X3 xarici ölkələrə külli miqdarda pul vəsaitini qısa zaman ərzində və maneəsiz çatdırılmasını təşkil edən biri kimi təqdim edib ondan alacağı 80.000 ABŞ dolları pulu istintaq orqanına məlum olmayan yollarla Rusiya Federasiyasının Perm şəhərində yaşayan sonuncunun tanışı, İran İslam Respublikasının vətəndaşı X18 vaxtında çatdırılacağını vəd etməklə qeyd edilən miqdarda pul vəsaitinin X2 Bakı şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs vasitəsi ilə ona verilməsi razılığına nail olmuş, beləliklə də 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 136.000 manat təşkil edən 80.000 ABŞ dolları pulu alaraq həmin pulu təyinatı üzrə göndərməyib öz şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, Shahın ona zəng vuraraq Bakıda onun pulunun olduğunu, pulu Moskvada vermək lazım olduğunu demişdir. O, bunu Əzimov Xəqanidən xahiş edərək, həll edə bilmək imkanını soruşmuş, cavabında Xəqani həll edəcəyini bildirmişdir. Pul “20 Yanvar” ərazisində bazarda bir adamda olmuşdur. Xəqani pulu götürmüş, amma pul yolda yoxa çıxmışdır. Xəqani ona zəng edərək bildirmişdir ki, pulu Banditizm idarəsi aparmışdır. O, dəfələrlə getmiş, amma heç nə araşdıra bilməmişdir. O, Shahınlə dəfələrlə danışmış, Shahınə onun alacağının olduğunu, Çindən pul gələcəyini, gələndə pulunu verəcəyini demişdir. 2 aydan sonra Shahın onun yanına Tofiqi göndərmişdir. O, Tofiqə qəbz yazacağını, qəbzdə pulu ondan aldığını və bu pulun məsuliyyətinin onluq olduğunu göstərəcəyini demişdir. Tofiq isə dözməmiş və gedib Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Ora çağırılan zaman o, Tofiqə cavabdeh olmağı ilə bağlı qəbz verdiyini bildirmişdir. Orada 950 ABŞ dollarını Tofiqə, 5050 ABŞ dollarını müstəntiqə vermiş və müstəntiq pulu seyfdə saxlamışdır. Daha sonra 5000 ABŞ dolları yenə vermişdir. Daha sonra onu 2 günlük tutulmuş, ona ya pulu verəcəyi, ya da 6 ay təcridxanada qalacağı bildirilmişdir. O da dost-tanışdan borc edib pulu qaytarmışdır. O, Tofiqdən pul almamış, pulu tamam başqa adamdan götürmüşdür. O, ümumilikdə 80 min ABŞ dolları qaytarmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ona fiziki, psixi təzyiq olunmadığını, pulu özünün köçürmədiyini, Xəqanidən xahiş etdiyini, Xəqaninin pulu necə köçürəcəyini, pulun necə, hansı şəraitdə tutulmasını bilmədiyini, pulun tutulması barədə ona Xəqaninin xəbər verdiyini və bir il qabaq Xəqaninin rəhmətə getdiyini bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda o, özünüzü təqsirli bilir və törətmiş cinayət əməlindən peşmandır. 2021-ci ilin mart ayında İran İslam Respublikasının vətəndaşı X7 onunla “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və söhbət zamanı ona Bakı şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs ilə görüşməsini və Tofiqdən 80.000 ABŞ dolları pulu qəbul edib 0,6 faizini özünə götürməklə yerdə qalan hissəsini Rusiya Federasiyasının Perm şəhərində yaşayan İran İslam Respublikasının vətəndaşı olan X20 çatdırmasını ondan xahiş etmiş, o da bu məqsədlə 2021-ci ilin mart ayının ortalarında ünvan 2 ünvanında Zərərçəkmiş şəxsla görüşüb ondan 80.000 ABŞ dolları pulu götürmüş, lakin Rusiya Federasiyasının Perm şəhərində yaşayan X20 göndərmək əvəzinə həmin pulu öz ehtiyaclarına sərf etmişdir. Qeyd olunan səbəbdən də o, Zərərçəkmiş şəxs borclu olması barədə əlyazma yazaraq vermişdir. O, həmçinin qanunsuz pul köçürməsi ilə məşğul olmadığını, sadəcə olaraq tanışlıq səbəbindən X2 xahişini yerinə yetirmək üçün 80.000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs qəbul etdiyini və həmin pulu da tanışları vasitəsi ilə Rusiya Federasiyasına göndərmək fikrinin olduğunu bildirmiş, lakin nəticədə pulu öz ehtiyaclarına sərf etməsi səbəbindən təyinatı üzrə göndərməmişdir (cild 1 iş vərəqi 66-69). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs protokollardakı imzalar və yazıların ona məxsus olduğunu, yazılan kimi ifadə verməkdən başqa yolunun olmadığını, pulu Tofiqə qaytardığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, iranlı Talaeı Behrouz ona Elçin adlı şəxsə Rusiyaya göndərmək üçün 80.000 dollar pul verməsini demişdir. O, mart ayında gündüz vaxtı Əhməd Rəcəbli küçəsində Elçinlə görüşərək pulu Rusiyaya göndərmək üçün sonuncuya vermiş, amma Elçin pulu köçürməmişdir. O, Elçinə pulu göndərməyəcəksə, ona bir kağız yazıb verməsini demiş, sonra bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Daha sonra Elçin onun pulunu qaytarmışdır. Onun Elçindən heç bir şikayəti yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs pulun Elçinə verilməsi ilə əlaqədar ona zəng olunduğunu, X32 küçəsində görüşdüyünü, pulu şəxsən özünün Təqsirləndirilən şəxs verdiyini, verilən pulun özünə məxsus olduğunu, 3-4 gün sonra iranlı dostu Talaeı Behrouz pulun Rusiyaya göndərilmədiyini ona dediyini, 1 il 6 ay Elçinə pulu göndərməsi üçün gecə-gündüz yalvardığını, Elçinin ona pulun Çində ilişdiyinə görə göndərə bilmədiyini dediyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində X7 göstərmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə İran İslam Respublikasının Astara şəhərində yaşayır, həmin şəhərdə taxta alveri ilə məşğul olur. Belə ki, Rusiya Federasiyasının Perm şəhərindən taxta məhsulları alıb Astara şəhərinə gətirir və orada taxta məhsullarının satışını təşkil edir. O, 2021-ci ilin mart ayında İranın Astara şəhərində olarkən Rusiya Federasiyasının Perm şəhərində olan şəriki İran vətəndaşı X22 ona zəng vuraraq taxta məhsulların alınması üçün Rusiya Federasiyasının Perm şəhərinə 80.000 ABŞ dolları pul göndərməyini ondan xahiş etmiş, o da nağd pulu olmadığı üçün Bakı şəhərində yaşayan ailəvi tanışı Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə görüşüb Rusiya Federasiyasının Perm şəhərinə göndərməsi üçün sonuncuya 80.000 ABŞ dolları pul verməsini xahiş etmiş, bunun üçün də Təqsirləndirilən şəxs əlaqə nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs da onun təklifinə etiraz etməyərək Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonunda görüşmüş, X33 Federasiyasının Perm şəhərində yaşayan X18 çatdırması üçün 80.000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxsla arada olan razılaşmaya görə 80.000 ABŞ dolları pulun Rusiya Federasiyasının Perm şəhərinə çatdırılması müqabilində o, Təqsirləndirilən şəxs göndərdiyi 80.000 ABŞ dollarının 06 faizini verməyi öhdəsinə götürmüş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs 80.000 ABŞ dolları pul almasına baxmayaraq, həmin pulu Rusiya Federasiyasının Perm şəhərində yaşayan X18 çatdırmaq əvəzinə həmin pulu özü mənimsəmiş, daha sonra isə 80.000 ABŞ dolları pulu qısa müddətdə geri qaytaracağı barədə öz xətti ilə əlyazma yazaraq Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs da ondan pulunu tələb etdikdə o da məcbur qalıb Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdir (cild 1, iş vərəqi 67-68). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında yaşayır, Azərbaycan dilini mükəmməl bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Elçini 10 ildir ki, tanıyır, onlar dostdurlar. 16 mart 2021-ci ildə Elçinlə ofisdə oturarkən, Rusiyaya pul köçürməsi etmək lazım olduğu deyilmiş, o, Xəqaniyə zəng etmiş, Xəqani həmin pulu köçürmə edə bilən adamı olduğunu demişdir. Nəsimi onların yanında həmin pulu Xəqaniyə vermişdir. Ofisdən çıxandan sonra Elçinlə zəngləşmiş və Elçinin kefinin olmadığını görmüşdür. Elçin pulu köçürməyə aparanda Xəqaninin adamının tutulduğunu, Banditizm İdarəsinin 80 min dolları götürdüyünü demişdir. Sonradan Tofiq gəlib pulun ona çatacağını demişdir. Pul Shahın adlı İran vətəndaşının olub, Tofiqin olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, tanışı Zərərçəkmiş şəxs zəng vurub Təqsirləndirilən şəxs 80.000 ABŞ dolları pul verməsini xahiş etmiş, 16 mart 2021-ci il tarixdə Tofiq Təqsirləndirilən şəxsla görüşərək sonuncuya 80.000 ABŞ dolları pul vermiş, Elçin pulu aldıqdan sonra, həmin pulu Rusiya Federasiyasına göndərmək əvəzinə mənimsəmişdir (cild 1, iş vərəqi 5-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Talaeı X4 olaraq X20 məxsus sənədin şəkli olan bir ədəd ağ vərəqi istintaq orqanına təhvil vermiş və həmin ağ vərəqə baxış zamanı vərəqin yuxarı hissəsində İslamic Respublic of İran, fars sözləri, aşağıda orta yaşlı bir şəxsin şəkli, sağ yan hissəsində NESHANİ SHAHİN SHAMEL, xx.xx.1990 ASTARA sözləri, ondan aşağıda fars sözləri, aşağıda xx.xx.2022, xx.xx.2027 sözləri qeyd olunmuşdur (cild 1, iş vərəqi 16-18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq içərisində əlyazma və Təqsirləndirilən şəxs məxsus şəxsiyyəti təsdiq edən sənədin şəkli olan bir ədəd ağ vərəqi istintaq orqanına təhvil vermiş və həmin bir ədəd ağ vərəqə baxış zamanı vərəqin sol yan küncündə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ön və arxa hissələrinin şəkli, vərəqin yuxarı orta hissəsində “xx.xx.2022” yazısı, ondan aşağıda “mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 80.000 (səksən min ABŞ dollar) olan borcumu xx.xx.2022-ci il tarixə kimi qaytaracağıma zəmanət verirəm, qaytarmayacağım təqdirdə qanun qarşısında cavab verəcəyimə hazıram”, ondan aşağıda “xx.xx.2022 imza Təqsirləndirilən şəxs” sözləri qeyd olunmuşdur (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, könüllü olaraq İran İslam Respublikasının vətəndaşı X1 almış olduğu 80.000 ABŞ dolları puldan 5050 ABŞ dolları pulu ödəmək istədiyini, əvvəl də ona 950 ABŞ dolları ödədiyini, qalan borcu 10 sentyabr 2022-ci il tarixdə ödəyəcəyini qeyd etmişdir (cild 1, iş vərəqi 35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X3 vurmuş olduğu ümumilikdə 80.000 ABŞ dolları puldan 5050 ABŞ dollarını zərərçəkmiş şəxsə təqdim olunması üçün könüllü olaraq istintaq orqanına təhvil vermişdir (cild 1, iş vərəqi 36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X3 vurmuş olduğu ümumilikdə 80.000 ABŞ dolları puldan 5000 ABŞ dollarını zərərçəkmiş şəxsə təqdim olunması üçün könüllü olaraq istintaq orqanına təhvil vermişdir. (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2006-cı il tarixdən VAZ-21063 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır, eyni zamanda X15 məxsus X34 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (cild 1, iş vərəqi 42-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ ilə Füzuli rayonu, Qazaxlar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 56). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, tanışı X2 xahişi ilə 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşərək ona 80.000 ABŞ dolları pul vermiş, lakin sonradan Təqsirləndirilən şəxs Talaeı Anbaranı aldadıb ona vəd etdiyi işi görmədiyi məlum olmuş, bu səbəbdən Elçindən pulunu tələb etdikdə onun həmin pula ehtiyacı olduğundan xərclədiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 10.050 (on min əlli) ABŞ dolları maddi ziyan Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində 422 nömrəli otaqda Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 1, iş vərəqi 69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin ifadələrini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqi 70-72). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, həmin tarixdə şahid X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı X7 ibtidai istintaqa verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin ifadələrini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə X2 dediklərini təsdiq edərək törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqi 73-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının AZN məzənnələri çıxarışından görünür ki, 2021-ci ilin mart ayında 1 ABŞ dolarının kursu 1.7000 manat olmuşdur (cild 1, iş vərəqi 94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli X11 ərizəsindən görünür ki, o, dayısı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs ödənilməsi üçün 20.000 ABŞ dolları pulun götürülməsinə şərait yaradılmasını istintaq orqanından xahiş etmişdir (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı oğlu X5 olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 20.000 ABŞ dolları maddi ziyanın ödənilməsi üçün Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə təhvil vermişdir (cild 1, iş vərəqi 113). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X11 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, dayısı Təqsirləndirilən şəxs barəsində gedən cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan əlavə olaraq 15.000 ABŞ dolları könüllü olaraq ödəmək isdəyini bildirmişdir (cild 1, iş vərəqi 115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı oğlu X5 olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 15.000 ABŞ dolları zərərçəkmiş şəxsə təqdim olunması üçün istintaq orqanına ödəmişdir (cild 1, iş vərəqi 116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyandan 35.000 ABŞ dolları istintaq orqanından təhvil almışdır (cild 1, iş vərəqi 128). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyandan hissə-hissə olmaqla 46.000 ABŞ dolları pul ödəmiş, 34.000 ABŞ dolları isə borclu qaldığı üçün hazırda könüllü olaraq 34.000 ABŞ dolları pulu ödəmək istədiyini qeyd etmişdir (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilmiş 34.000 ABŞ dolları maddi ziyanı istintaq orqanı zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilməsi üçün təhvil almışdır (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilmiş 34.000 ABŞ dolları maddi ziyan Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 1, iş vərəqi 135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi və mənəvi zərər tam şəkildə ödənilmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 137). İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. O, Rusiya Federasiyası DİN Krasnodar diyarı üzrə Bİ Tsentralnı RDİİ PŞ tərəfindən CM-nin 159-cu maddəsinin 4cü hissəsi ilə dövlətlərarası axtarışdadır (cild 1, iş vərəqi 146-147). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Cinayət Axtarışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyası CM-in 159-cu maddəsi ilə xx.xx.2014-cü il tarixdən dövlətlərarası axtarışa elan edilmiş xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində xx.xx.2015-ci ildə Bakı şəhəri Səbail rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, bundan başqa Təqsirləndirilən şəxs ölkə ərazisində qanunsuz pul köçürməsi ilə məşğul olub-olmaması faktının müəyyən edilməsi məqsədi ilə tərəflərindən müvafiq tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 158- 160). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanı maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş Təqsirləndirilən şəxs yazdığı 01 vərəqədə əlyazma iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 166). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən N.Nərimanov rayonu, M.Əlizadə küçəsi, bina 50, 57 saylı mənzildə yaşayır, yaşadığı müddətdə o özünü nizam-intizamlı aparmış, qonşular arasında hörmət qazanmışdır, yaşadığı müddət ərzində onunla bağlı heç bir narahatçılıq olmamışdır (cild 1, iş vərəqi 175-176). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pul götürmədiyi, pulun başqa şəxsdən Xəqani Əzimov tərəfindən “20 Yanvar” ərazisində götürüldüyü, daha sonra Xəqaninin zəng edərək pulun Banditizm İdarəsi tərəfindən aparıldığını bildirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi qiymətləndirir. Belə ki, bütün ibtidai istintaq boyu Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmiş, ona əvvəlcə təyinat əsasında dəvət edilmiş müdafiəşi, daha sonra onun müqavilə bağladığı müdafiəçi keçirilən istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs bütün ifadələrində pulu şəxsən zərərçəkmiş şəxsdən ünvan 2 ünvanında özünün götürdüyünü və mənimsədiyini etiraf etmişdir. Bu hal məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs ifadəsi ilə təsdiq olunmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 16 mart 2021-ci ildə Elçinlə ofisdə oturarkən, Nəsiminin onların yanında həmin pulu Xəqaniyə verməsi, ofisdən çıxandan sonra Elçinlə zəngləşməsi və Elçinin pulu köçürməyə aparanda Xəqaninin adamının tutulduğunu, Banditizm İdarəsinin 80 min dolları götürdüyünü deməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, şahidin həmin ifadəsi təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi, habelə zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadələri ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki, şahid belə ifadə verməklə uzun müddət dostluq münasibətində olduğu təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmağa kömək etmək məqsədi güdür. Bu səbəbdən məhkəmə şahidin həmin ifadəsini sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, yuxarıda qeyd olunan, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək o, həbsdən azad edilmiş və xx.xx.2022-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 85-86, 123-125, 139-141, 142-145). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs 80.000 ABŞ dolları borclu olması barədə yazdığı 01 vərəqədə xx.xx.2022-ci il tarixli əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut - Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs 80.000 ABŞ dolları borclu olması barədə yazdığı 01 vərəqədə xx.xx.2022-ci il tarixli əlyazma cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar