Məhkəmə qərarları › İş №1(101)-1402/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1402/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1402/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqla müəyyən olunmayan qeyrisindən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,154 qram, 1,621 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 3,775 qram təşkil edən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 17:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Hövsan kənd qəbiristanlığının yaxınlığında saxlanılaraq 30-cu Polis Şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ cibində saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,154 qram, 1,621 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 3,775 qram təşkil edən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Hövsan qəsəbəsi ərazisində yerləşən “Buta market”in yaxınlığında üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində əməliyyatçılar qabağına narkotik vasitə qoyaraq, həmin narkotik vasitəni öz üstünə götürməyini tələb etmişlər. Əməliyyatçıların qabağına qoyduqları narkotik vasitə ona aid olmadığı üçün onların tələbini rədd etmiş və narkotik vasitəni öz üstünə götürməyəcəyini demişdir. Bunun əvəzində əməliyyatçılar ona fiziki təzyiq göstərərək bir daha narkotik vasitəni öz üstünə götürməyini demişlər. O, əməliyyatçıların təzyiqi nəticəsində huşunu itirmiş, polislərin fiziki təzyiqindən canını qurtarmaq üçün ona aid olmayan narkotik vasitəni üzərinə götürmüşdür. Daha sonra Əsmər adlı şəxs ona yaxınlaşaraq narkotik vasitəni ondan əldə etdiyini deməyini bildirmişdir. Amma o, Əsmər adlı şəxsi tanımamış və ondan narkotik vasitə əldə etməmişdir. Onlar məhkəməyə Əsmərlə birlikdə çıxaracaqları zaman Əsmər məhkəmədə narkotik vasitəni ondan əldə etmədiyini söyləsə, onların ikisini də buraxacaqlarını demişlər. Əsmərin dediyi kimi də olmuş, onları Suraxanı Rayon Məhkəməsində azadlığa buraxmışlar. Daha sonra o, evdə bir ay müalicə almışdır. Bir aydan sonra müstəntiq onu apellyasiya baxışı ilə bağlı idarəyə çağırdığı zaman onu tutmuşlar. O, müstəntiqə Əsmər adlı şəxsi də gətirmələrini deyəndə, müstəntiq ona Əsməri tapa bilmədiklərini demişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onun Əsmər adlı şəxslə ünsiyyəti olmamışdır. Polis Şöbəsində narkotik vasitəni boynuna götürmədiyi üçün əməliyyatçılar tərəfindən ona fiziki təzyiq olmuşdur. O, Hövsan kənd qəbirstanlığı yaxınlığında yox, “Buta market”in qarşısında saxlanılmışdır. Dostu ilə görüşüb ona öz quşunu vermək üçün “Buta market”in qarşısına getmişdir. Onun 30-40 ədəd quşu olmuşdur, hal-hazırda quşlarına qardaşı baxır. Polis əməkdaşları ona yaxınlaşanda o, artıq quşu dostuna vermişdi. Xəsarətlə bağlı heç yerə müraciət etməmişdir. 1 ay 2 gün evdə qalaraq özü-özünü müalicə etmişdir. Onun savadı yoxdur, bölmədə ona hərf-hərf nə deyiblərsə onu yazmışdır. Əməliyyatçıların ona təzyiq etməmələri barədə izahat verməmişdir. Suraxanı Rayon Məhkəməsində ona təzyiq edildiyini bildirmiş, hətta məhkəmədə bədəninə baxış keçirilmişdir. Bədənindəki xəsarətləri vəkili və tanımadığı iki yaşlı kişi görmüşdür. Bıçağın arxa tərəfi ilə başına vurmuşlar, qabırğaları əzilmiş, ayaqları heç yer tutmamışdır. İlk dəfə tutulduğu zaman 3 saylı İstintaq Təcridxanası xəsarətlərə görə onu qəbul etməmiş, bu səbəbdən Bakı İstintaq Təcridxanasına aparılmışdır. Həkim tərəfindən müayinə olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 6 ay müddət olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən və Hövsan qəsəbəsində yaşayan Əsmər adlı şəxsdən alır. 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Hövsan kənd qəbiristanlığı yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin istifadə edilməsində, saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması ilə bağlı 30-cu Polis Şöbəsinə aparmışlar. O da polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O da əynindəki qara rəngli şalvarın sağ cibində saxlayaraq daşıdığı 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 02 ədəd bükümdəki kütlənin nə olduğunu ondan soruşduqda o, 02 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və özünün istifadə etməsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan psixotrop maddəni təqdim etmişdir (cild 1, iş vərəqə 65-67). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə Firdovsi adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 30-cu Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Firdovsi adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və sonuncunun ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün saat təxminən 17:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan kənd qəbiristanlığı yaxınlığında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə dəvət etmişlər, sonuncu da etiraz etmədən onlarla birlikdə getmişdir. Polis Şöbəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibində saxladığı iki ədəd açıq qırmızı rəngli sellofan bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün 17 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşayan Əsmər adlı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq bir daha bildirdi ki, Təqsirləndirilən şəxs saat təxminən 4-5 radələrində Hövsan kəndində Hövsan kənd qəbirstanlığı yaxınlığında tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən özünü normal aparmış, ona qarşı heç bir fiziki güc tətbiq edilməmiş və ya təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Əsmər adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin şəxs də saxlanılaraq bölməyə gətirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videodiskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən 02 ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “patı” kimi adlanan psixotrop maddə olduğunu, həmin maddəni 17 oktyabr 2023cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşayan Əsmər adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-33). Məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5617 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №194” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,154 qram, 1,621 qram, ümumi təmiz çəkisi 3,775 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 02 ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 3,675 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-42). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 dekabr 2023-cü il tarixli 3440 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman edilən əməl törədilən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 143-144). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 dekabr 2023-cü il tarixli 8283 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 145-146). Diskə baxış keçirilməsi haqqında 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə, 24 sentyabr 2023-cü il tarixdə və 29 sentyabr 2023-cü il tarixlərdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə “Ay Qaqaş yekə oğlansan. Mənə torpaq lazımdır patı yox. Ağrıdayam sən öl?”, “Yetim 5 liy patın olar varsa ötürdə onu bizə?”, “Firi, 20 manat var qaqas neynəyə bilərsən?” məzmunlu mesajlar göndərilmişdir (cild 1, iş vərəqə 140). Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 133). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 noyabr 2023-cü il tarixli 18597 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 136). İbtidai istintaq orqanının 15 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 160-161). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 120-121). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidin ifadəsi, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən psixotrop maddənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək zorakılığa məruz qalması, hətta 3 saylı İstintaq Təcridxanasının onu qəbul etməməsi və sairlə bağlı göstərdiyi bütün halların araşdırılması üçün dərhal 3 saylı İstintaq Təcridxanasına, Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Suraxanı rayon prokurorluğuna, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müfəssəl sorğular göndərilmişdir. 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/42/2- 1420/2024 saylı məktubda bildirilmişdir ki, həbs edilmiş şəxs və məhkumların təcridxanaya qəbul edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir və əgər qərarda həbs edilmiş şəxsin saxlanılma yeri 3 saylı İstintaq Təcridxanası müəyyən edilərsə onun həmin təcridxanaya qəbul etməkdən imtina edilməsi qeyri-mümkündür. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2- 1673/2024 saylı məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar olunmamışdır. Tibbi kitabçanın həmin məlumatları təsdiq edən surəti məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1(010)-404/2023 saylı məktubda Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılarkən təqsirləndirilən şəxsin polis əməkdaşlarının qanunazidd davranışları ilə bağlı bildirdikləri əsasında döyülmə faktının araşdırılması üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna xx.xx.2023-cü il tarixdə məktub göndərildiyi göstərilmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli 2- 2-320-315-x-24 saylı məktubla Təqsirləndirilən şəxs ilə bağlı toplanmış 387-C-23 nömrəli material üzrə sənədlərin surətləri təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1078 saylı ekspert rəyinin surətindən müəyyən olunur ki, keçirilmiş məhkəmə-tibbi ekspertiza zamanı Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində hər hansı xəsarət izi aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında toplanmış 387-C-23 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Keçirilmiş şəxsi axtarışın videogörüntüsündə də Təqsirləndirilən şəxs zahiri görünüşündə hər hansı xəsarət izi müşahidə olunmur. O, sərbəst şəkildə psixotrop maddə olan bükümləri çıxarıb təqdim edərək onları Əsmər adlı şəxsdən əldə etdiyini deyir. Şəxsi axtarış zamanı hansı müddətdən bəri istifadə etməsi ilə bağlı şifahi sorğuya cavab olaraq «6 aydır» deyə cavab verir və az fasilədən sonra öz təşəbbüsü ilə «7-ci aydır» deyə dəqiqləşdirir. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi, hədələnməsi və sair xüsusatlarla bağlı heç bir dəlil müəyyən edilmədi. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd davranış göstərilməsi, döyülməsi və sair xüsusatlarla bağlı bildirdiklərinin hər hansı şəkildə təsdiqini tapmadığını, həmin iddiaların əsassız olduğu və özünümüdafiə mövqeyi ilə bağlı olması qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, ibtidai istintaq orqanının 19 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 noyabr 2023-cü il tarixdə isə saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 27, 85- 91,92-93, 112-117, 127). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,675 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39,185). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,675 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar