Məhkəmə qərarları › İş №1(101)-1405/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1405/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1405/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 05 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 aprel 2021-ci il tarixdə, saat 10 radələrində naməlum mənbədən onlayn (ONLİNE) qaydada 280 manat ödəmək şərti ilə 09 ədəd bükümdə - ayrı-ayrılıqda təmiz çəkisi 0,448 qram, 0,427 qram, 0,119 qram, 0,445 qram, 0,423 qram, 0,420 qram, 0,408 qram və 0,424 qram şəffaf polietilen və 0,182 qram kağız bükümdə ümumi təmiz çəkisi 3,296 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsi və 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,401 qram, 0,293 qram, 0,410 qram, 0,379 qram, 0,416 qram, 0,241 qram, 0,223 qram, 0,241 qram, 0, 247 qram şəffaf polietilen və 0,536 qram kağız bükümdə ümumi təmiz çəkisi 3,387 qram kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli metamfetamin psixotrop maddəsi alaraq əldə edib üzərində saxlamaqla daşımış və 02 aprel 2021-ci il tarixdə, saat 19:30 radəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,448 qram, 0,427 qram, 0,119 qram, 0,445 qram, 0,423 qram, 0,420 qram, 0,408 qram və 0,424 qram şəffaf polietilen və 0,182 qram kağız bükümdə ümumi təmiz çəkisi 3,296 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsi və 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,401 qram, 0,293 qram, 0,410 qram, 0,379 qram, 0,416 qram, 0,241 qram, 0,223 qram, 0,241 qram, 0, 247 qram şəffaf polietilen və 0,536 qram kağız bükümdə ümumi təmiz çəkisi 3,387 qram kustar üsulla hazırlanmış ağ rəngli, kristalşəkilli metamfetamin psixotrop maddəsi və əynindəki cins şalvarının arxa sağ cibindən isə bir ədəd “200g/0.01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, tutulmazdan təxminən 3 ay əvvəl narkotik maddə olan heroin və metamfetamindən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Narkotik maddələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 02 aprel 2021-ci il tarixdə, saat təxminən 10 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin arxasında yaşayan “Dəmirçi Həci” ləqəbli ilə tanınan şəxsə 280 manat ödəyib öz şəxsi istifadəsi üçün 09 büküm kokos, 10 büküm isə şüşə kimi tanıdığı narkotik vasitə və psixotrop maddələr almışdır. O, şüşənin 1 qramını 50 manata, kokosun, yəni heroinin 1 qramını isə 30 manata almışdır. 19 bükümdə aldığı həmin maddələri hissə-hissə özünün istifadəsi üçün alıb əldə etmişdir. Tez-tez narkotik vasitə satan şəxslərə müraciət etməməsi üçün və əlində bir az artıq pulu olduğu üçün həmin maddələri bir az artıq miqdarda almışdır. Aldığı 19 büküm narkotik maddəni bir ədəd kibrit qutusuna yerləşdirmiş və cibinə qoyub saxlamışdır. Bundan sonra yaşadığı məhəlləyə getmiş və məhəllədə olan zaman saat təxminən 19:30 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun narkotik vasitələri gəzdirilməsi, istifadəsi və satışında şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunmuş, sonra dövlət hesabına ona vəkil təyin edilmiş, ona təqdim olunmuş, vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olundu. O, etiraz etməmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb içərisinə yerləşdirdiyi 19 ədəd büküm narkotik tərkibli maddələri və arxa cibindən bir ədəd kiçik ölçülü tərəzi çıxararaq təqdim etmiş, həmin bükümlərdən 10 ədəd bükümün içərisində şüşə kimi tanıdığı, 09 ədəd bükümdə isə heroin kimi tanıdığı narkotik maddələr olduğunu, onu həmin gün tutulmazdan təxminən 2 saat əvvəl 280 manata özünün istifadəsi üçün alıb əldə etdiyini bildirmiş, hətta həmin bükümləri açıb göstərmişdir. Bundan sonra onun təqdim etdiyi 19 ədəd bükümdəki maddələr götürülərək zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən onun təqdim etdiyi narkotik maddələr və tərəzi barədə vəkili ona suallar verərkən o, mahiyyətini anlamadan yanlış olaraq həmin maddələri həm özünün istifadəsi və həm də satması üçün alıb əldə etdiyini bildirmişdir. O, narkotik maddələri yalnız özünün istifadəsi üçün alıb əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik maddələrdən başqa heç bir yerdə, hər hansı bir növdə narkotik maddə və ya psixotrop maddələr saxlamamışdır. Üzərində narkotik maddələr olması və üzərində gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Sonuncu dəfə narkotik maddələr aldıqdan sonra polis əməkdaşları onu saxladıqları üçün həmin narkotik maddələrdən istifadə etməyə imkanı olmamışdır. Saxlanılarkən və ya üzərində baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda tutduğu əməlindən səmimi peşman olduğunu, himayəsində altı nəfər azyaşlı uşaqlarının olmasını məhkəmənin nəzər diqqətinə çatdırıb, cəza təyin olunarkən yüngülləşdirici hal kimi nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət-axtarış xətti üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla rəhbərliyə məruzə olunmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmiş və bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün, saat təxminən 19:30 radəsində əməliyyat qrupu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində Təqsirləndirilən şəxs yerini müəyyənləşdirib onu saxlamış, polis əməkdaşları kimi özlərini təqdim edərək ona narkotik maddələr əldə edib saxlamaqda, satışı və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və əməliyyat tədbirinin davam etdirilməsi məqsədilə o, Suraxanı RPİ-nin 31-ci PB-nə aparılmışdır. 31-ci PB-nin binasında, xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs təqdim olunmuş və daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunda saxladığı 19 ədəd bükümləri və əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümlərdən 10 ədəd bükümün içərisində şüşə, yəni metamfetamin psixotrop maddəsi və qalan 9 ədəd bükümün içərisində isə kokos, yəni heroin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin bükümlərin onun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, aşkar olunan həmin maddələri 02 aprel 2021-ci il tarixdə, saat təxminən 10 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 280 manata tanımadığı şəxsdən özünün istifadəsi və satışı məqsədi ilə alıb əldə edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 19 ədəd bükümdəki narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırılmış, üzəri imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş, hamının eşidə biləcəyi tonda oxunmuş və protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, Suraxanı RPİ-nin bölməsinə aparılarkən və ya bölmədə ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilən digər əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında Polis Bölməsinin təhqiqatçısı X2 rəhbərliyi ilə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçi, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində «Samsunq» markalı mobil telefondan istifadə olunmaqla aparılan videoçəkiliş altında şəxsi axtarış keçirilməsi prosesinə başlanılmış, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində iki ədəd siqaretin ağ kağızında, 17 ədədi isə ağ sellofanda olan bükümlər – cəmi 19 ədəd bükümlər olan bir ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Bükümlərdən 10 ədədinin içərisində metamfetamin psixotrop maddəsinə, 09 ədədinin içərisində heroin narkotik vasitəsinə şübhəli maddələr olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd çəki üçün nəzərdə tutuldan elektron tərəzi çıxarıb təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin müvafiq olaraq metamfetamin psixotrop maddəsi və heroin narkotik vasitəsi olduğunu təsdiq etmiş, həmin maddələri onlayn şəkildə tanımadığı şəxsdən 280 manata özünün istifadəsi üçün alıb əldə etdiyini və saxladığını bildirmişdir. Bundan sonra təqdim olunan içərisində narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr olan 19 ədəd büküm və təqdim olunan 1 ədəd elektron götürülərək prosessual qanunlara uyğun qablaşdırılmış, şəxsi axtarış və götürməyə dair protokol tərtib edilmişdir (iş vərəqə: səh. 26-28). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesini özündə əks etdirən “DVD” formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, videogörüntülərlə şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokolda qeyd olunanlar ümumən uyğun olsa da, şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokol və videogörüntülər arasında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə təsir edə biləcək ziddiyyətlər də mövcuddur. Belə ki, şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin müvafiq olaraq metamfetamin psixotrop maddəsi və heroin narkotik vasitəsi olduğunu təsdiq edib, həmin maddələri onlayn şəkildə 19 ədəd bükümdə tanımadığı şəxsdən 280 manata özünün istifadəsi üçün alıb əldə etdiyini və saxladığını bildirdiyi qeyd olunsa da, videogörüntülərdə bu hissədə Təqsirləndirilən şəxs müdafiəçisi Azər Bünyatov tərəfindən dindirilərkən müdafiəçinin «təqdim etdiyin bunlar nədir, nə üçündür, cibində nə üçün saxlayırsan?» sualına Təqsirləndirilən şəxs masanın üzərindəki bükümlərin bir hissəsini ayırıb «şüşə» olduğunu, bir hissəsinin «heroin» olduğunu, həmin maddələri narkomanların folqanın üzərinə töküb çəkdiklərini, özünün də narkoman olduğunu, həm çəkdiyini və həm də satdığını, təqdim olunan tərəziyə görə müdafiəçinin «bu tərəzi nə üçündür?» sualına cavab olaraq masanın üzərindəki bükümləri göstərib təqdim etdiyi tərəzi ilə özünə də qalması üçün bükümlərin içərisindəki maddənin miqdarını azaltdığını, müdafiəçinin «təqdim olunan maddələrdən satmamısan?» sualına «yeni götürmüşdüm» cavabını verdiyi müəyyən edilmişdir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təhqiqatçı tərəfindən tərtib olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə haqqında 02 aprel 2021-ci il tarixli protokolda təhrifə yol verilmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni özünün istifadəsi ilə yanaşı, həm də satış məqsədilə əldə edib saxlamasını etiraf etməsi barədə göstərdiklərini protokola daxil etməmişdir. Odur ki, protokola münasibətdə daha mötəbər olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesini özündə əks etdirən videogörüntülər elə mötəbər sübut kimi də qəbul edilməlidir (iş materiallarında olan “DVD” formatlı disk). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, “DVD” formatlı diskdə olan videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan 03 may 2021ci il tarixli həmin protokolun məzmunu ilə uyğunsuzluq təşkil etmir (iş vərəqə: səh. 114). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2021-ci il tarixli, 6/1313 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ....” yazısı olan zərfdəki 09 (doqquz) ədəd bükümdə ümumi təmiz çəkisi 3,296 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi 3,387 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqat üçün təqdim olunan həmin zərfdə olan bir ədəd “200g/0.01g” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin və heroinin çəkisini, həmçinin bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (iş vərəqə: səh. 36-42). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2021-ci il tarixli, 1996 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.122- 123). İbtidai istintaq orqanının işdə olan sübutların qiymətləndirilməsi haqqında 26 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 3,296 qram narkotik vasitə heroin, 3,387 qram psixotrop maddə metamfetamin və bir ədəd “200 g/0.01g” markalı elektron tərəzi cinayət işi üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 3,206 qram heroin narkotik vasitəsi və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 3,287 qram metamfetamin psixotrop maddəsi, həmçinin bir ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. 26 iyun 2021-ci il tarixli həmin qərarından daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh. 133-139). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,296 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 3,387 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 3,296 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 3,387 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin 0,448 qram, 0,427 qram, 0,119 qram, 0,445 qram, 0,423 qram, 0,420 qram, 0,408 qram, 0,424 qram 0,182 qram olmaqla 09 ədəd kiçik bükümlərdə, metamfetamin psixotrop maddəsinin isə 0,401 qram, 0,293 qram, 0,410 qram, 0,379 qram, 0,416 qram, 0,241 qram, 0,223 qram, 0,241 qram, 0, 247 və 0,536 qram olmaqla 10 ədəd kiçik bükümlərdə ayrı-ayrı qablaşdırılması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və sair aidiyyati sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi istintaq olunmuş və həmin cinayət işi 21.08.2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. Lakin Bakı şəhər Nizami rayon Məhkəməsini işdə olan 07 iyun 2021-ci il tarixli, 531/2021 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami rayon Məhkəməsində hökm aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vərəqə: səh. 107-109, 132). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir, onun himayəsində ikisi əkiz olmaqla 2012, 2014, 2016, 2018 və 2019-cu il təvəllüdül 6 nəfər azyaşlı qız uşaqları vardır (iş vərəqə: səh. 125- 131). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 6 nəfər azyaşlı uşaqlarının olmasını və tutduğu əməldən peşimanlığını onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2021-ci il tarixli, 1996 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 04 aprel 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,287 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, sübut növü kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,287 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - sübut növü kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar