Məhkəmə qərarları › İş №1(101)-1406/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1406/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1406/2021 13.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il yanvarın 16-da Ağsu rayonunun 2-ci Arat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 16, mənzil 39 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 4,652 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,711 qram miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il martın 24-də saat 14 radələrində ünvan 1 ünvanının qarşısında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılıb əynindəki yaşıl idman gödəkcəsinin sol yan cibindən sarı rəngli qutunun içərisindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,679 qram, 1,635 qram, 0,206 qram, 0,359 qram, 0,408 qram, 0,298 qram, 0,390 qram, 0,285 qram və 0,115 qram, ümumilikdə təmiz çəkisi 4,652 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,054 qram, 0,047 qram, 0,045 qram, 0,032 qram, 0,094 qram, 0,979 qram və 0,424 qram, ümumilikdə ümumi təmiz çəkisi 1,711 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 5-6 ildir narkotik maddələrdən istifadə edir. Narkotik vasitələri adlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. 2021-ci il martın 24-də səhər saatlarında «İnstagram» sosial şəbəkəsində tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Behrud adlı şəxslə şəbəkə vasitəsi ilə əlaqə saxlamaqla narkotik vasitə almaq istədiyini bildirmiş, sonuncu da ona Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən «Araz» marketinin yaxınlığına sarı rəngli kağız qutunun içərisində doqquz ədəd sellofan bükümdə narkotik vasitə heroin, iki ədəd sellofan bükümdə və yeddi ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin qoyacağını, oradan götürməklə həmin yerə 150 manat qoymağı demişdir. Göstərilən tarixdə saat 14 radələrində qeyd olunan ünvandan sifariş etdiyi narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini götürərək 150 manatı daşın altına qoymuşdur, bir qədər uzaqlaşdıqda polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etməklə hərəkətlərindən şübhələndiklərini deyərək şəxsiyyətini müəyyənləşdirməkdən ötrü birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməyi təklif etmiş, hüquqları izah olunub müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun razılığı ilə şəxsi axtarış və götürmə aparmışlar, üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ cibindən «Rothmans» siqaret qutusunu, alışqanı, şalvarın sol cibindən içərisində 189 manat, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, AC 036551 nömrəli sürücülük vəsiqəsi, Bakımetropoliten gediş kartı, 4244 4873 58 22 1999 nömrəli «Bank Respublika»ya aid kartı olan pul kisəsini, açıq yaşıl idman gödəkcəsinin sol cibindən içərisində doqquz ədəd sellofan büküm, digər iki ədəd sellofan büküm və yeddi ədəd adi ağ rəngli kağız büküm olan bir ədəd sarı rəngli kağız qutunu çıxarıb təqdim etməklə doqquz ədəd bükümdəki narkotik vasitə heroini, iki ədəd sellofan və yeddi ədəd ağ kağız bükümlərdəki isə psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşından 150 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını, satmaq niyyətində olmamasını bildirmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırıb möhürlənməklə götürülmüş, bununla bağlı tərtib edilən müvafiq protokolun doğruluğu onunla yanaşı bütün iştirakçılar tərəfindən imzalar ilə təsdiq olunmuşdur. Ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki zor, psixoloji təzyiq və ya təsirlər göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş serjantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün manqa komandiri işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il martın 24-də saat 14 radələrində ünvan 1 ünvanındakı «Araz» marketinin qarşısında Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ilə növbədə olarkən bir nəfər əvvəllər tanımadıqları, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli aparması ilə diqqətlərini cəlb etmişdir. Sonuncunu 17-ci Polis Şöbəsinə dəvət etdikdən sonra barəsində toplanmış material üzrə araşdırmanın aparılması həvalə edilən təhqiqatçı X19 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə adı çəkilən şəxsin razılığı ilə axtarış və götürmə aparılmış, üzərində hər hansı qadağan edilən predmet varsa, könüllü təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynindəki qara rəngli idman şalvarının sağ cibindən «Rothmans» siqaret qutusunu və alışqanı, şalvarın sol cibindən içərisində 189 manat, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, AC 036551 nömrəli sürücülük vəsiqəsi, Bakımetropolitenə aid gediş kartı, 4244 4873 58 22 1999 nömrəli «Bank Respublika»ya məxsus kartı olan pul kisəsini, açıq yaşıl idman gödəkcəsinin sol cibindən içərisində doqquz ədəd sellofan büküm, digər iki ədəd sellofan büküm və yeddi ədəd adi ağ rəngli kağız büküm olan bir ədəd sarı rəngli kağız qutunu çıxarıb təqdim etməklə doqquz ədəd bükümdəki narkotik vasitə heroini, iki ədəd sellofan və yeddi ədəd ağ kağız bükümlərdəki isə psixotrop maddə metamfetamini əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından 150 manata əldə etməsini və şəxsi istifadəsi üçün üzərində saxlamasını, satmaq niyyətində olmamasını söyləmişdir. Göstərilən bükümlər zərfə qoyulmuş, müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür, hadisə ilə əlaqədar tərtib edilən protokolun düzgünlüyünü iştirakçılarla həmçinin Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Sonuncuya qarşı fiziki zorakılıq və mənəvi təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kiçik serjantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləmiş Şahid2 Şahid1 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş hadisə ərəfəsində polis kiçik serjantı olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləmiş Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 190-191). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün 2021-ci il martın 24-də tərtib etdiyi tarixli raportdan görünür ki, qeyd olunan tarixdə saat 14 radələrində ünvan 1 ünvanındakı «Araz» marketinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşdıqda sonuncu 17-ci Polis Şöbəsinə aparılmış, orada şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması məlum olmuşdur (1-ci cild, iş vərəqi 7). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 20-21). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 mart tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd göy rəngli «Rothmans» markalı siqaret qutusunu, bir ədəd göy rəngli alışqanı və bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, sol cibindən içərisində 189 manat, özünə məxsus AZE seriyalı AA******* saylı şəxsiyyət vəsiqəsi, AC kateqoriyalı 036551 nömrəli sürücülük vəsiqəsi, bir ədəd «Bakı Kart»a və bir ədəd «Bank Respublika» açıq səhmdar cəmiyyətinə məxsus kartlar olan dəri pul kisəsini, əynindəki açıq yaşıl rəngli idman gödəkcəsinin sol yan cibindən sarı rəngli kağız qutunun içərisindən sellofana bükülmüş doqquz ədəd qəhvəyi rəngli narkotik vasitəyə, iki ədəd sellofana bükülən ağ rəngli kristal formalı və yeddi ədəd ağ kağız bükümləri təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları ünvan 1 ünvanında «Araz» marketinin qarşısında 2021-ci il martın 24-də saat 13:00-da tanımadığı İran İslam Respublikasının vətəndaşından 150 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 27-29). İş materiallarında olan 2021-ci il 24 mart tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 189 manatı, özünə məxsus AZE seriyalı AA******* saylı şəxsiyyət vəsiqəsini, AC kateqoriyalı 036551 nömrəli sürücülük vəsiqəsini, bir ədəd «Bakı Kart»a və bir ədəd «Bank Respublika» açıq səhmdar cəmiyyətinə məxsus kartlar olan dəri pul kisəsini, bir ədəd Rothmans» markalı siqaret qutusunu, bir ədəd göy rəngli alışqanı və bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu təhvil almışdır (1-ci cild, iş vərəqi 31). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 25 mart tarixli 6/1179 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində AR DİN «zərflər üçün № 219» möhür əksi, «Şübhəli şəxs …Əskərli E…» və s. yazılar, imzalar olan zərfdəki səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,054 qram, 0,047 qram, 0,045 qram, 0,032 qram, 0,094 qram, 0,979 qram və 0,424 qram olmaqla ümumi təmiz çəkiləri 1,711 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,679 qram, 1,635 qram, 0,206 qram, 0,359 qram, 0,408 qram, 0,298 qram, 0,390 qram, 0,285 qram və 0,115 qram olmaqla ümumi təmiz çəkiləri 4,652 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 4,552 qram və 1,631 qram təşkil etməklə ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (1-ci cild, iş vərəqi 42-45). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 mart tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntünü əks etdirən bir ədəd DVD-R diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd göy rəngli «Rothmans» markalı siqaret qutusunu, bir ədəd göy rəngli alışqanı və bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, sol cibindən içərisində 189 manat, özünə məxsus AZE seriyalı AA******* saylı şəxsiyyət vəsiqəsini, AC kateqoriyalı 036551 nömrəli sürücülük vəsiqəsini, bir ədəd «Bakı Kart»a və bir ədəd «Bank Respublika» açıq səhmdar cəmiyyətinə məxsus kartlar olan dəri pul kisəsini, əynindəki açıq yaşıl rəngli idman gödəkcəsinin sol yan cibindən sarı rəngli kağız qutunun içərisindən doqquz ədəd sellofan bükümdəki qəhvəyi rəngli narkotik heroinə, iki ədəd sellofana bükülən ağ rəngli kristal formalı və yeddi ədəd ağ kağız bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etməklə bunların narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddələri ünvan 1 ünvanında «Araz» marketinin qarşısında 2021-ci il martın 24-də saat 13:00-da tanımadığı İran İslam Respublikasının vətəndaşından 150 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 55-56). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 26 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il martın 24dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 84-89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2021-ci il aprelin 05-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 117-118). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 19 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 16, mənzil 39 ünvanına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 131-136). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin 2009-cu il 07 mart tarixli buraxılış vərəqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə orada müalicədə olmuşdur (1-ci cild, iş vərəqi 144). İş materiallarında olan «EuroMed» özəl tibb mərkəzinin 2006-cı il 25 oktyabr tarixli, «Qızıl Aypara Cəmiyyəti» klinikasının 2007-ci il 18 aprel tarixli çıxarışlarının, Nərimanov Rayonu İcra Hakimiyyətinin 2019-cu il 26 noyabr tarixli Ə-184-068 №-li məktubunun, Bakı Baş Səhiyyə İdarəsinin «X23»nin 2013-cü il 15 iyul tarixli 4635 №-li xəstənin tibb kartasından çıxarışının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 2001-ci il 16 noyabr tarixli 324114 №-li, 85 saylı X24-Sosial Ekspert Komissiyasının 2011-ci il 19 may tarixli 123408 №-li arayışlarının, 2017-ci il 20 dekabr tarixli koronar angioqrafiya protokolunun, M.A.Topçubaşov adına elmi cərrahiyyə mərkəzinin 2020-ci il 30 iyun tarixli çıxarışının, X22 2010-cu il 22 aprel tarixli 2 №-li elektroensefaloqramma müayinəsi protokolunun kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Hepatit C virusu aşkarlanmaqla görmə qabiliyyəti məhduddur, dializ və şəkərli diabet İİ tip xəstəsidir, sonuncunun 1957-ci il təvəllüdlü atası X8 qeyri-stabil stenokardiya diaqnozu qoyulmaqla cərrahiyyə müalicəsi məsləhət edilən ağır ürək xəstəsidir, Təqsirləndirilən şəxs bacıları 1980-ci il təvəllüdlü X16 və 1982-ci il təvəllüdlü X12 gözdən İİ qrup, 1990-cı il təvəllüdlü qardaşı X9 İİİ qrup uşaqlıqdan əlildirlər, 1961-ci il təvəllüdlü anası X2 damar mənşəli dəyişiklik fonunda beynin mediobaral strukturlarının irritasiyası müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 145, 148, 152-154, 156-157 və 160- 167). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2020-ci il 28 sentyabr tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışının kserosurətindən və Bakı şəhəri Nərimanov Rayon MKTB-nin 18 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 30 iyun tarixli 18/760 №-li xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 16, mənzil 39 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 187- 188). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu ilə daxil olan 2021-ci il yanvarın 01-dən 2021-ci il yanvarın 27-dək olan müddət ərzində ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqları, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən dörd ədəd fayldan ibarət bir ədəd CD diskinə baxış zamanı «SMS_Tarixçəsi_**********4919_556741311» adlı qovluqda ***-***-**-** saylı nömrə ilə ***- ***-**-** saylı nömrə arasında 2021-ci il yanvarın 08-də saat 02:56:21-də «Emrah en yaxşısı 5 mam düzelt 1 çetim var bölek çıkılıda patı» məzmunlu, 2021-ci il yanvarın 10-da saat 00:15:24-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Yuska qaqa canı ölürem lomkadan 2 dey ordayam» məzmunlu, 2021-ci il yanvarın 10-da saat 00:23:20-də «Ay brat ölürem lomkadan at götrüm ya düş çekide verim ölürəm» məzmunlu, 2021-ci il yanvarın 10-da saat 15:47:36-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Qaqaş elave 5 manat var yeşo tavar dam krome etot» məzmunlu, 2021ci il yanvarın 10-da saat 16:13:43-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Qaqaş 0.5 götr birde 5 man patıı» məzmunlu, 2021-ci il yanvarın 10-da saat 16:22:42-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Alisa yes 1 qr menyat +5 day» məzmunlu, 2021-ci il yanvarın 13-də saat 17:08:10-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Patı lazımdı ?» məzmunlu, 2021-ci il yanvarın 14-də saat 02:02:10-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Brat sag ol ee Natiq tolka pambıg 1 denesin bişirdim verdim ona vur» məzmunlu, 2021-ci il yanvarın 14-də saat 02:02:11-də «du perodoz getti olmüşdü yıxıldı zornan ayılmışam» məzmunlu, 2021-ci il yanvarın 17-də saat 21:20:45-də ***-***-**-** saylı nömrə ilə ***-***- **-** saylı nömrə arasında «Kola» məzmunlu, 2021-ci il yanvarın 18-də saat 13:56:06-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Rövşen gözle helelik bariqa açmır teli Ramiz de gelmiyib işi var deyir» məzmunlu, 2021-ci il yanvarın 20-də saat 05:24:50-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Get eve heşneyim yoxdu seher olacag saat 12 de onda pul lazım olacag» məzmunlu, 2021-ci il yanvarın 21-də saat 15:36:44-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Balkonun altına gel atır qardaşım birde mene mal deyen şaybadır» məzmunlu, 2021-ci il yanvarın 21-də saat 15:42:59-da «Samir o malı getir sene verdiyim indi qardaşım düşür gözlə» məzmunlu, 2021-ci il yanvarın 23-də saat 12:04:46-da ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Toto 20 man düzeld yarı verim» məzmunlu, 2021-ci il yanvarın 26-da saat 10:44:50-də ***-***-**-** saylı nömrə ilə ***-***- **-** saylı nömrə arasında «Eldar salam qaqaş heşne yoxdur axşam olacag» məzmunlu mesajlar, «SMS_Tarixçəsi_**********4924_556741311» adlı qovluğa baxış keçirildikdə ***- ***-**-** saylı telefon nömrəsinin 2021-ci il yanvarın 01-dən 2021-ci il yanvarın 27-dək olan müddətdə müxtəlif mobil nömrələr arasında SMS yazışmaların aparıldığı müəyyən edilməklə 2021-ci il yanvarın 01-də saat 18:12:30-da ***-***-**-** saylı nömrə ilə ***-***-**- ** saylı nömrə arasında «Qabax deyirdim harda narkaman var rax yaxwisinnan indi yaxwisinin liwni axzinin icine soxum butun narkamanlara de menim adimnan» məzmunlu, 2021-ci il yanvarın 02-də saat 21:47:51-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Qalxda mama oturub yanımda çəkə biımirəm qalx getsin yerinə» məzmunlu, 2021-ci il yanvarın 02-də saat 22:02:17-də «Qalxda day yuxum gəlir çəkmək istəyirəm mam uzanıb yanımda» məzmunlu, 2021-ci il yanvarın 03-də saat 06:20:10-da «Maga patı istəyir 20 manatı var 1 dobrı çet ver ona 20 götür» məzmunlu, 2021-ci il yanvarın 03-də saat 07:12:31-də «Təbii varsa bir balaca götür evdə çəkək» məzmunlu, 2021-ci il yanvarın 05-də saat 01:38:53-də «Patı olsa 1 daş ğötürdüə ,həmdə tez gəl mama soruşdu dedim bankomat» məzmunlu, 2021-ci il yanvarın 07-də saat 01:12:35-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Onda pobratski el tut kola ver axriyiram imkan varsa» məzmunlu, 2021-ci il yanvarın 08-də saat 01:43:10-da ***-***- **-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Salam brat necesen qardawmsan mene sabaha kini borca 10manatq kola birtkede pati vere blersen senol saba senddi pul» məzmunlu, 2021-ci il yanvarın 15-də saat 13:42:49-da ***-***-**-** saylı nömrə ilə ***-***- **-** saylı nömrə arasında «Doğrudan cetdi temizde çəki» məzmunlu, 2021-ci il yanvarın 18-də saat 12:37:55-də ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında «Qaqa Salam qurbansənə axşama kimi onlar əl tutsa ölürəm lomkadan» məzmunlu və 2021-ci il yanvarın 18-də saat 12:42:37-də ********** nömrəsi ilə ********** nömrə arasında «bir tocqa verda qaqa» məzmunlu mesajlar, «Zənglərin_Detallaşması **********5613_556741311» adlı qovluğa baxış keçirildikdə ***-***-**-** saylı nömrənin 2021-ci il yanvarın 01-dən 2021-ci il yanvarın 27-dək olan müddətdə müxtəlif mobil nömrələr arasında, günün müxtəlif saatlarında telefon danışıqların aparıldığı, «Zənglərin_Məxsusluq_ Tarixçələri_**********25652_556741311_BKC» adlı qovluğa baxış keçirdikdə ***-***-**-** mobil nömrənin ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydə alınması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 205-206 və 209-210). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 20 may tarixli AZF/LGL-14139/21 nömrəli məktubu ilə daxil olan iki ədəd fayldan ibarət bir ədəd CD diskinə baxış keçirilərkən «Zənglərin_Detallaşması_ **********1801_706741311» adlı qovluqda iş üzrə əhəmiyyəyt kəsb edən məlumat aşkarlanmamış, «Zənglərin_Məxsusluq_Tarixçələri_**********1826_06741311_NAR» adlı qovluqda ***-***-**-** saylı nömrənin Təqsirləndirilən şəxs adına qeydə alınması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 207-208 və 211). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 2021-ci il 17 iyun tarixli 080-8914-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, sonuncuya həmin maddələri satan şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 224). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 16 aprel tarixli 797 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, habelə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 229-230). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 20 may tarixli 1545 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 231-232). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni və 2021-ci il 21 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə və dəyişikliklər olunmaqla Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.2.-ci maddələrinin əlamətləri müəyyən edilmədiyindən barəsində həmin epizod üzrə cinayət təqibinə xitam verilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,552 qram və 1,631 qram çəkidə qalıqları idarənin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntünü əks etdirən bir ədəd DVD-R diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu ilə daxil olan CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satmış şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (1-ci cild, iş vərəqi 243-253, 257- 258 və 273-275). Məhkəməyə təqdim olunan Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 20__-ci il 04 mart tarixli 62 №-li sərəncamının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs anası X4 1980-ci il 30 avqust təvəllüdlü X10, 1982-ci il il 05 yanvar təvəllüdlü X6 və 1990cı il il 05 yanvar təvəllüdlü X5 patronaj təyin edilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin 2021-ci il 23 sentyabr tarixli çıxarışının kserosurətindən görünür ki, X7 əri X17 2020-ci il sentyabrın 21-dən 2020-ci il dekabrın 28-dək həqiqi hərbi xidmət keçmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon MKTB-nin 18 saylı MKİSinin tərtib etdiyi 2021-ci il 09 sentyabr tarixli 000023 №-li və 2021-ci il 10 sentyabr tarixli 013763 №-li arayışların kserosurətindən görünür ki, X8 Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 16, mənzil 39 ünvanında qeydiyyatda olmaqla yaşayır, həmin ünvanda sonuncunun arvadı X4, övladları X18, X13, Təqsirləndirilən şəxs və X11, nəvələri X21, X20, X14 və X15 qeydiyyatdadırlar, X7 əri X17 qeyd olunan ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da həmin maddələrin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, ağır ailə vəziyyətini və xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,552 qram və 1,631 qram çəkidə qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntünü əks etdirən bir ədəd DVD-R diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu ilə daxil olan CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi tərəfindən 44 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il martın 24-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il martın 24-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülsün. 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,552 qram və 1,631 qram çəkidə qalıqları məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntünü əks etdirən bir ədəd DVD-R diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu ilə daxil olan CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar