Məhkəmə qərarları › İş №1(101)-1407/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1407/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1407/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi1 Vidadi qızının iştirakları ilə, xx xxxx 1986-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,499 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 16:45-də ünvan 2 ünvanında yerləşən X5 həyətində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 20-ci Polis şöbəsinə aparılmış və həmin gün saat 18:10-da orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,499 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2 ildir ki, narkotik vasitə olan “kakos”, yəni heroindən istifadə edir. 18 oktyabr 2023-cü il tarixdə günorta saatlarında “Papanin” adlanan ərazidə olarkən tanımadığı bir nəfər şəxsdən 10 manata bir bükümdə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etmək məqsədilə şalvarının cibində saxlamışdır. Həmin tarixdə təxminən saat 16:45 radələrində narkotik vasitənin təsiri altında yaşadığı Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanında yerləşən X5 həyətində olarkən sonradan polis əməkdaşları olduqlarını bildiyi 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O özü barədə anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt şalvarının cibində bir büküm narkotik vasitə heroin olduğuna görə özünü ələ ala bilməyərək həyəcanlanmağa başlamışdır. Bu zaman həmin polis əməkdaşlarından biri ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O, narkotik vasitə aludəçisi olduğunu, hazırda da üzərində narkotik vasitə saxladığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə dəvət etmişlər. Orada ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edilmiş və o, əynində olan şalvarının sağ yan cibində olan bir büküm narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində polis əməkdaşı şəxsi axtarış aparmış, başqa əşya aşkar edilməmişdir. Ondan şalvarının sağ cibindən çıxarıb təqdim etdiyi şəffaf sellofan büküm barədə soruşulduqda, o, bükümdə narkotik vasitə heroin olmasını, həmin heroini 18 oktyabr 2023-cü il tarixdə “Papanin” adlanan yerdə tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs X5 yaxınlığında özünü şübhəli apardığından, ona yaxınlaşnışlar və özünü təqdim etməsini xahiş etmişlər. Daha sonra onu bölməyə dəvət etmişlər. Bölmədə onun üzərində narkotik vasitə olması məlum olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 şəxsin özünün etiraf etdiyini, şəxsə qarşı hər hansı təzyiq olmadığını, onu saxlayan zaman narkotik vasitə istifadə etdiyini bildirdiyini qeyd etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid2 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə saat 16:45 radələrində əməliyyat müvəkkili Şahid1lə birlikdə X5 həyətində xidmət apararkən bir nəfər şəxsin səndələyərək getdiyini görmüş, ona yaxınlaşaraq özlərini təqdim etməklə şəxsiyyəti və səhhəti ilə maraqlanmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onun səndələməsinə görə səhhəti ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs hazırda qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğunu və üzərində “kakos” kimi tanınan narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs 20-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə şöbə rəhbərliyinə məruzə edilmiş və araşdırma təhqiqatçı Kənan Hüseynova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra xidməti otaqda videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı İlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq masanın üzərinə qoymuşdur, bundan başqa üzərində heç bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək paltarları, ayaqqabıları yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol ayağında elektron nəzarət vasitəsi aşkar edilmiş və bu zaman o, bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə əlaqədar olaraq ona həmin elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm barədə məlumat verməsi xahiş edildikdə o, bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir. Həmin heroini “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılaraq içərisində olan maddə iştirakçılara nümayiş etdirildikdən sonra kağız zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar zərfin üzərinə imza etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin yanında 18 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən və orada olduğu zaman hər hansı bir zorakılığa və ya qanunsuzluğa məruz qalıb-qalmaması barədə sual verildikdə o, bildirmişdir ki, nə saxlanılıb polis şöbəsinə gətirilərkən və nə də ki, orada olduğu müddət ərzində heç bir zorakılığa və ya qanunsuzluğa məruz qalmamışdır. Şəxsi axtarış başa çatdıqdan sonra videoçəkiliş dayandırılaraq iştirakçılara nümayiş etdirilmiş, sonra protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 146-149). İfadəsi elan olunduqdan sonra Şahid2 dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, həmin ifadəsini təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini tam təsdiq etmişdir (cild 1, iş vərəqi 146-149). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:45 radələrində şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə şöbənin inzibati ərazisində xidmət aparılan zaman Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 1 ünvanında yerləşən X5 həyətində bir nəfər şəxsin səndələyərək getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etməklə ondan səhhəti barədə maraqlandıqda, o, hal-hazırda narkotik vasitə qəbul etdiyindən narkotik maddənin təsiri altında olduğu üçün səndələdiyini və üzərində "kakos" kimi tanınan narkotik maddə saxladığını bildirdiyindən onu şöbəyə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur (cild 1, iş vərəqi 3). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun sol ayağında elektron nəzarət vasitəsi aşkar edilmişdir. Həmin elektron nəzarət vasitəsi barədə sorğu edildikdə, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs 01 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını deyərək onu "Papanin" adlanan ərazidən tanımadığı şəxsdən 10 manata adığını qeyd etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "188" nömrəli möhürü ilə möhürlənmişdir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilən və polis şöbəsində olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilən və orada olan zaman ona qarşı heç bir zorakılığın olmadığını bildirmişdir (cild 1, iş vərəqi 43-46). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib maddə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,499 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 50-54). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 69-70). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın gedişatı qeyd edilmiş 1 ədəd DVD-R diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və onun narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 105). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, 14157 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 130). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1/5562 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 131). - Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət üzrə 20-ci Polis şöbəsinə daxil olmuş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2,499 qram narkotik vasitə heroni konkret olaraq nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşgul olması barədə heç bir məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 143). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətiin xx.xx.2023-cü il tarixli, 3-16-21/1-1222 nömrəli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs müraciətinizdə göstərilən tarixdə elektron nəzarət vasitələrini gəzdirmək, onun işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinə əməl etmədiyi müəyyən edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün müvafiq hesabat Sumqayıt şəhər Probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən nəzarət subyekti Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 15:00-dan həmin günün sonunadək hərəkət trayektoriyasını müəyyən etmək texniki cəhətdən imkan xaricindədir (cild 1, iş vərəqi 145). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7552 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). - məhkəmə-psixitarik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3200 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 163-164). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs anası X3 övladı Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq döyülməsi və üzərinə narkotik vasitə qoyulmasına dair şikayəti üzrə aparılmış araşdırma zamanı edilən şikayət təsdiqini tapmamış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 182-185). - cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,499 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 2,399 qram heroin saxlanması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 186-192). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 112-122). Məhkəmənin sorğusuna Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 05 (beş) ay 06 (altı) gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 20 (iyirmi) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl törətdiyi cinayətə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata görə, onun xx.xx.2016-cı il təvəllüdlü Nurlan Bayramlı adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 97-100, 123-127, 150-154, 174-178). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,399 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,399 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar