Məhkəmə qərarları › İş №1(101)-1408/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1408/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1408/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X2 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, ev 37Q-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttihama görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ümumi təhlükəli üsulla (?), xuliqanlıq niyyətilə şəxsi münasibətlər zəminində (?) insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən «Nərminə Store» mağazasının qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən götürüb yeni evə apardığı əmlakın kreditini ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı (?) ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən əli ilə onun boğaz nahiyəsindən tutaraq yerə yıxmış və başını asfalta vuraraq Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi və pnevmosefaliya ilə müşayiət olunan sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah, boyun və sol kürək nahiyəsinin yumşaq toxumaların əzilməsi ilə nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Məhbubə onun keçmiş arvadı olmuş, onlar 2018-ci ildə rəsmi qaydada boşanmışlar. Boşandıqdan sonra onlara məxsus daşınmaz əmlakın bölgüsü ilə aralarında müəyyən razılaşma olmuş, Məhbubə onun evini 45.000 manata satmış, lakin onun anasına evi 30.000 manata satdığını demişdir. O da Məhbubənin onun anasını aldatması, ona məxsus evin satılmasından əldə olunan məbləği düzgün bölüşdürməməsi ilə əlaqədar əsəbləşərək Məhbubəni boğazından tutub itələmiş, Məhbubə yerə yıxılaraq zədə almışdır. O, Məhbubəni vurmamışdır. Məhbubə onu küçə söyüşləri ilə təhqir etdiyi üçün o da məcbur qalıb Məhbubəyə əl qaldırmışdır. Keçmiş arvadı Məhbubə onun evindən 15.000 manat pulunu aparmış, o, bankdan 7500, 2500, 3000 manat kredit götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Məhbubə ilə boşanmalarına baxmayaraq onlar bir yerdə yaşamış, sonradan Məhbubə ona məxsus evi satmışdır. O, hadisə günü onun banka olan borcları ilə bağlı aralarındakı məsələni həll etmək üçün getmiş, Məhbubə ilə görüşmüş, ondan nə üçün krediti ödəmədiyini soruşmuşdur. Belə ki, mənzil satılmamışdan əvvəl o, mənzilə kondisioner və televizoru kreditlə almışdır. Hadisə vaxtı o, atasının evində yaşamış, Məhbubə ilə eyni evdə yaşamamışdır. Onların birgə nikhadan bir qızı və bir oğlu var. Övladları anaları ilə birlikdə yaşayırlar. O, övladlarından imtina etmiş, uşaqlarına anaları baxır. Hadisə günü Məhbubə qarşısına çıxmış, o da Məhbubəyə banka olan borcu ödəməsini demişdir. Buna cavab olaraq Məhbubə onu söymüş, o da özünü saxlaya bilməmiş, iki əli ilə onun boğazından tutub itələmiş, bundan sonra zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, Məhbubəni nə təpiklə, nə də o, yerə yıxandan sonra başından tutub yerə vurmamışdır. Zərərçəkmişi itələməyinin səbəbi Məhbubənin onu təhqir etməsi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, müahisə Ramana qəsəbəsində dalanda baş vermiş, ətrafda bir nəfər şahid olmuş, başqa heç kim olmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxslə nikahda olmuş, 2018-ci ildə isə boşanmışlar. Onlar boşansalar da keçən ilə kimi Adillə bir evdə yaşamışlar. Adil hər gün evə içkili vəziyyətdə gəlmiş, evdə dava–dalaş salmış, özünü düzgün aparmamış, söyüş söymüş, onu təhqir edərək hər gün ona əl qaldırmış, uşaqların yanında ona əxlaqsız təkliflər etmiş, pis sözlər demişdir. Bu vəziyyət dözüləsi olmadığı üçün bir gecə davanın birində o, polis çağırmış, polis gəlib Adili evdən çıxarıb aparmışdır. Bundan sonra Adil gedib atasının evində yaşamağa başlamışdır. Onlar yaşadıqları evi boşanandan sonra almış, evi alınan zaman sadəcə dörd divardan ibarət olmuş, bir az onun qohumları, bir az da Adilin qohumların kömək edərək oranı ev halına salmışlar, evin içindəki əşyaları onların qohumları vermişdir. Adil isə evin sadəcə kondisionerini və kombisini almışdır. Adil onlara yaşamağa imkan vermədiyi üçün o, Adilin valideynlərini çağırıb danışmış, onlarla evi satıb Adilin payına düşəni onlara vermək, uşaqların və özünün payına düşəni isə götürüm özünə başqa yerdən ev almaq barədə razılaşmışdır. Həmin evdə yaşadığı müddətdə Adil hər gün səhər tezdən darvazanın qabağını kəsir, onu itələyə-itələyə, söyüb təhqir edə-edə iş yerinə qədər onu təqib etmişdir. O da məcbur qalıb həmin evi satmış və Adilin ondan əl çəkməsi üçün onun gözündən uzaqda ev almaq qərarına gəlmişdir. Beləliklə o, Adilin anası ilə razılaşmış, Adilin anası ona evi hansı qiymətə satırsa satmasını, lakin ona 15.000 manat pul verməsini, o da pulun üstünü düzəldərək Adilə başqa yerdən ev almasını demişdir. O, evi satmış, Adilin anasına 15.000 manat pul vermiş, qalan məbləğlə isə Binə qəsəbəsində özünə ev almışdır. Həmin 15.000 manat məbləğində pulu Adilin anasına polis idarəsində vermiş, belə ki, gələcəkdə onların aldıqları pulu inkar etmələrindən çəkinmişdir. Adil hər gün bir bəhanə ilə onu narahat etməyə başlamış, gah bankın pulunu, gah da kondisionerin pulunu ödəməsini tələb etmişdir. Adilin məqsədi sadəcə onu narahat etmək olmuşdur. O, hadisə günü iş yoldaşı Leyla ilə birlikdən işdən çıxıb Ramana qəsəbəsinə, onun qardaşıgilə gedən zaman Adil hər gün olduğu kimi onu izləmiş, onlar avtobusdan düşüb bir az irəlilədikdən sonra Adil gəlib arxadan onun köynəyini dartmışdır. O, arxaya baxanda həmin şəxsin Adil olduğunu görmüş, Adil ona pul verməli olduğunu demişdir. O isə pulunun olmadığını, həmçinin ona pul vermək məcburiyyətində də olmadığını demişdir. Bunda sonra Adil əvvəlcə onu boynunun arxasından vurmuş, o, səndələyib qabaqdakı maşının üstünə düşmüş, daha sonra o da Adili itələmiş və getməsini tələb etmişdir. Daha sonra Adil ona pis-pis sözlər deməyə başlamış, deyinə-deyinə üzünü çevirib getmiş, onlar da əsas yoldan 5-10 metr aralanıb məhəllənin içinə doğru hərəkət etmişlər. Bundan sonra Adil yenidən geri qayıdıb onlara çatdı və yenə ədəbsiz sözlər deməyə başlamışdir. O da Adilin sözlərinin qarşılığında “yaxşı edirəm” demiş, bu vaxt Adil onun boğazından tutaraq dəfələrlə başını yerə vurmuş, həmçinin ona təpiklə vurmuşdur. Adil onun başını yerə çırpandan sonra o, ətrafdakı səsləri eşitmiş, lakin nə baş verdiyini dərk etməmişdir. Xəstəxanada olan zaman sinəsində və boğazında təpik izləri olduğunu görmüş, belə ki, Adil onun başını yerə çırpandan sonra ayağını boğazına qoyaraq onu boğub öldürməyə çalışmışdır. İş yoldaşı Leyla gəlib Adili itələyib ondan uzaqlaşdırmış, o, Leylanın Adili itələyib uzaqlaşdırdığını görmüşdür. Ətrafdan keçən adamlar onu yolun kənarına çıxarmış, həmin zaman onu huşu gedibgəlmiş, ətrafda nə baş verdiyini anlamamış, qulaqları guruldamış və heç nə eşidə bilməmişdir. Leyla təcili yardım çağırıb onu xəstəxanaya aparmış, Sabunçu xəstəxanası onu qəbul etməmiş, onu Əhmədli qəsəbəsindəki xəstəxanaya göndərmişlər. O, həmin xəstəxanada təxminən 10 gün stasionar qaydada müalicə almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi dalanda onlardan başqa Leyla adlı iş yoldaşı və ətrafda yaşayan sakinlər olmuşlar. Leylanın qışqırıq səsinə ətrafda olan sakinlər yığılmışlar. O, dəfələrlə Adilin davranışları ilə bağlı polisə müraciət etmiş, bölmələrdə şikayət ərizələri var. Hər dəfə onun şikayətdən sonra polis Adili çağırmış, Adil də bir daha onu narahat etməyəcəyinə söz vermiş, lakin bölmədən çıxan kimi yenə onun qarşısını kəsmişdir. Zərərçəkmiş şəxs həmçinin ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Məhbubənin iş yoldaşıdır. Hadisə günü o, Məhbubə ilə birlikdə işdən qayıdan zaman Adil anidən gəlib arxadan Məhbubənin boğazından tutub maşının üstünə çırpmış və sillə ilə onu vurmuşdur. Adil Məhbubəni maşına çırpanda o, onları ayırmaq istəmiş, Adil onu da itələmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Adil və Məhbubə hər ikisi onun qohumudur. Boşandıqda sonra onların münasibətləri çox pis olmuşdur. Hadisə zamanı Adil arxadan gəlib Məhbubəni maşına çırpmış, sonra boğazından tutub başını asfalta çırpmışdır. Onlar dalana girəndən sonra ancaq üçü olmuş, sonra səs-küyə ətrafdan insanlar yığılmışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında həmişə mübahisə olmuşdur. Məhbubə yerə yıxılandan sonra Adil ona bir dəfə də təpik vurmuşdur. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin qızı Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisə zamanı orada olmamış, hadisədən sonra ona zəng edib hadisə barədə məlumat verib xəstəxanaya çağırmışlar. O, anasını görəndə onun sinəsinin üstündə ayaq izi, boğazında əl izləri olmuş, əllərinin üstündə çoxsaylı cızıqlar və başında şiş olmuşdur. Həmin izlərin hamısını o, görmüş, anasını müayinə edən həkim ona daha bir zərbə dəysə öləcəyini demişdir. Bütün bunlar ailə münaqişəsi deyil, çünki danışdıqları sadəcə atası ilə anası boşandıqdan sonra baş verən hadisələrdir. Atası bir neçə il ərzində anasına çox zülümlər vermiş, 2022-ci ilin iyul və sentyabr aylarında o, öz atasından polisə şikayət etmişdir. Həmin vaxt atası anasını və onu yumruqla vurmuş, babasının xahişi ilə nə anası, nə də o, ekspertizaya gedib müayinədən keçməmişlər. Hər dəfə evdə dava olanda o, qaçıb babasını və nənəsini köməyə çağırmışdır. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, atasının öz çevrəsi olmuş, o, hər gün evə içib gəlmiş və evdə dava salmışdır. Sonuncu hadisə zamanı atası anasından pul istəmiş, anası da vermədiyi üçün bu hadisə baş vermişdir. Anası atasına 15.000 manat pul vermiş, lakin atası bu məbləğlə qane olmamış, ona yenə də pul verməli olduğunu demişdir. Bu hadisədən əvvəl atası Binə qəsəbəsində yaşdıqları evə də gəlib, orada səs-küç salıb, söyüş söyüb anasını təhqir etmiş, səs-küyə qonşular yığılmışdır. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, yaşadıqları mənzil satıldıqdan sonra 15.000 məbləğində pulu nənəsinə vermişlər, belə ki, nənəsi özü evi satandan sonra onlara 15.000 pul vermələrini istəmişdir. Anası sonuncu hadisədən sonra 11 gün xəstəxanada yatmışdır. Boşandıqdan sonra anası ilə atasının mübahisələri davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - «hadisə yerinə baxış keçirilməsi haqqında» 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin ünvan 1 ünvanında yerləşən «Nərminə Store» mağazasının yaxınlığı olması müəyyən olunmuşdur. Bununla bağlı protokol tərtib olunmuş və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. (cild İ, i/v: 37-38) - «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 12 yanvar 2024cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani olaraq göstəmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild İ, i/v: 127-130) - Məhkəmə-tibbi ekspertizası üzrə 04 avqust 2023-cü il tarixli 673 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi və pnevmosefaliya (kəllə boşluğuna hava qabarcığının daxil olması) ilə müşayiət olunan sağ gicgah sümüyün xətti sınığı, sağ gicgah, boyun və sol kürək nahiyəsinin yumşaq toxumaların əzilməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və özünün dediyi şəraitdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınması inkar olunur (cild İ, i/v: 30-32). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X1 Şəxsin 07 yanvar 2024-cü il tarixli, 1404 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild İ, i/v: 121) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarına əsasən hazırki cinayət işi 15 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanmış, istintaq orqanının xx.xx.2024-cü il tarixli «əməlin tövsif edilməsi haqqında» qərarında ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif etmiş, lakin onun əməlinin xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla törədilməsi hissəsində heç bir halla əsaslandırmamışdır. Həmin qərarda təqsirləndirilən şəxsin əməlinin tövsif olunması ilə bağlı aşağıdakı cümlə qeyd olunmuşdur:- «Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən «Nərminə Store» mağazasının qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən götürüb yeni evə apardığı əmlakın kreditini ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı (?) ümumi təhlükəli üsulla (?), xuliqanlıq niyyətilə qəsdən əli ilə onun boğaz nahiyəsindən tutaraq yerə yıxmış və başını asfalta vuraraq Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi və pnevmosefaliya ilə müşayiət olunan sağ gicgah sümüyünün xətti sınığı, sağ gicgah, boyun və sol kürək nahiyəsinin yumşaq toxumaların əzilməsi ilə nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur». (cild İ, i/v 138-139). Yuxarıda qeyd olunan «əməlin tövsif edilməsi haqqında» qərardan da görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsin istinad olunan cinayət əməlini şəxsi münasibətlər zəminində törətməsi ilə bağlı nəticəyə gəlsə də, (...keçmiş arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən götürüb yeni evə apardığı əmlakın kreditini ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı), məhkəməyə məlum olmayan səbəbdən heç bir əsas göstərmədən onun əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə araşdırılması zamanı isə həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin özünün, həm də şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında uzun illər davam edən münaqişəli ailə münasibətləri mövcud olmuş, tərəflər arasındakı həmin münaqişəli münasibət onlar boşandıqdan sonra da davam etmişdir. Hər iki tərəfin ifadəsindən həmçinin aydın olur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs keçmiş ər-arvad olmaqla aralarında ailə münaqişləri ilə yanaşı həm qısqanclıq zəminində münaqişəli münasibət davam etmiş, həm də onlara məxsus daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əldə edilmiş pul məbləğinin tərəflər arasında qeyri-bərabər bölünməsi ilə bağlı, o cümlədən birgə istifadə olunan ev əşyalarının dəyərinin ödənilməsi ilə bağlı kredit borclarının ödənilməsi hissəsində də tərəflər arasında mübahisələr mövcud olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıq-aşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur. Bu zaman təqsirkar güc nümayiş etdirir, əsassız olaraq belə bir fikirin təsiri altında hərəkət edir ki, sanki mövcud vəziyyətdə onadan güclüsü, nüfuzlusu yoxdur. Həmçinin, belə hallarda təqsirkar səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarır, bəzən çüzi bir səbəbi bəhanə edərək şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar” şəxsləri “cəzalandırmağa” çalışır. Bir sözlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsində ifadə olunur. Göründüyü kimi xuliqanlıq niyyətini şəxsi münasibətlər zəminində yaranmış digər cinayətkar niyyətdən fərqləndirən kifayət qədər əlamətlər var və bunların köməkliyi ilə əməlin xuliqanlıq və ya şəxsi motivlə törədilməsini müəyyən etmək o qədər də çətinlik yaratmır. Lakin, buna baxmayaraq, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəflər arasında yaranmış münasibətlərin xarakterini, tərəflər arasındakı münasibətlər, cinayətin törədildiyi anda baş vermiş mübahisənin məzmununu aydınlaşdırmadan şəxsin əməlini heç bir əsas olmadan əsassız olaraq xuliqanlıq niyyəti və ya ümumi təhlükəli üsulla törədilməsi kimi tövsif etmiş, bu zaman nəzərə almamışdır ki, təqsirkarın hərəkətlərində istər zahiri cəhətdən, istərsə də məzmun etibarilə xuliqanlıq niyyətinə dəlalət edən əlamətlər olmamış, o cümlədən xəsarətin yetirilmə mexanizmində heç bir ümumi təhlükəli üsuldan istifadə edilməmişdir. Bundan əlavə istintaq orqanı əvvəlcə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif etmiş, sonradan isə heç bir əlavə sübut əldə edilmədən, heç bir əsas olmadan istintaq orqanın mülahizəsi ilə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etsə də, sonuncunun özünü başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib ictimai qaydalara və ictimai mənafelərə etinasızlıq göstərməsinin nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğunu əsaslandırmamış, həmçinin ümumi təhlükəli üsulun nədən ibarət olması göstərilməmişdir. Halbuki, qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafında olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin “xuliqanlıq niyyəti” olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edərkən həmin maddənin hər iki tövsifedici əlamətini, yəni istinad olunan cinayət əməlinin həm ümumi təhlükəli üsulla, həm də xuliqanlıq niyyəti ilə törətməsi qənaətinə gəlmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, istinad olunan cinayət əməlinin törədilməsində istifadə olunan ümumi təhlükəli üsulun nədən ibarət olması ümumiyyətlə qeyd olunmamış, hansı səbəbdən istintaq orqanının belə nəticəyə gəlməsi heç nə ilə əsaslandırılmamışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan da göründüyü kimi, zərərçəkmiş şəxsə onun başını yerə vurmaqla xəsarət yetirilmiş, başqa sözlə heç bir ümumi təhlükəli üsuldan istifadə edilməmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni qəsdən sağlamlığa ağır zərər vurması özünün ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmasa da, cinayət işinin materiallarına yaddaş qurğusu əlavə edilmiş və həmin yaddaş qurğusunda Təqsirləndirilən şəxs Vəfa adlı şəxsi körpüdən atacağını, onu öldürəcəyini bildirməsi qeyd olunmuşdur (cild İ, i/v: 119) Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, «Vəfa» deyərkən Zərərçəkmiş şəxs nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, sözügedən səs yazısı Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinin deyil, onun əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsinin əsas kimi çıxış edə bilərdi. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin əməlini qəsdən adam öldürməyə cəhd edilməsi kimi qiymətləndirməmiş, onun əməlinin xuliqanlıq niyyəti və ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin tərkib əlamətinin mövcud olması ilə bağlı nə dövlət ittihamçısı, nə də zərərçəkmiş şəxs tərəfindən məhkəməyə hər hansı vəsatət daxil olmamış, buna görə də məhkəmə işə verilmiş ittiham daxilində baxmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (cild İ, i/v 25-26). Həmçinin Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olunması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixil 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütun halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə gorə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar