Məhkəmə qərarları › İş №1(101)-1409/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1409/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1409/2021 18.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İrəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vəsatətinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində məhkəmə kollegiyası tərəfindən baxılır. Cinayət işinin başlanmasına əsas və səbəb X5 10 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Malik adlı şəxsin və onunla birlikdə 12-13 nəfər tanımadığı şəxslərin yaşadığı həyətinə basqın edərək əllərində olan taxta parçaları və dəmir alətlərlə onu və 3 oğlunu döymələri barədə verdiyi 10 noyabr 2020-ci il tarixli ərizəsi və araşdırma materialı olmuşdur.(cild 1 i.v.7) 09 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi tərəfindən material üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.3cü maddələri ilə cinayət işi başlanılaraq, 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri Səbail RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 Coşqun Vəli oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərmişdir. Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən 03 iyul 2021-ci il tarixdə ittiham aktı təsdiq olunaraq cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, 10 noyabr 2020-ci ildə saat 19:30 radələrində Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və qeyriləri ilə Şahid7 idarə etdiyi «BMW» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi döngə 1-də yerləşən 6 nömrəli evin qarşısına getmiş və orada yaxın qohumları- atası Zərərçəkmiş şəxs3, qardaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 gözləri qarşısında, sonunculara həmin hərəkətləri ilə əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə yəni xüsusi amansızlıqla və özünü qeyri müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən qəsdən zərbə endirib ona baş beyinin əzilməsi, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla kifayətlənməyib cinayətkar hərəkətlərini davam etdirərək Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5la və qeyriləri ilə bir qrup şəxs halında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib Zərərçəkmiş şəxs1 əlavə olaraq bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomalərı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir Məhkəmə kollegiyası məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq, 22 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxsi məhkəməyə vermiş və məhkəmə baxışını təyin etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 şifahi vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma, yəni onun əməlində həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, cinayət hadisəsinin digər şəxslərin iştirakı ilə törədilməsini göstərmişlər. Bu xüsusatlarla onun və digər iştirakçıların əməllərinə yenidən hüquqi qiymət verilməsi, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Vəsatəti onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs və onunla birgə əllərində olan taxta parçaları və dəmir alətlərlə ailə üzvlərinə hücum edən təqribən 10-12 nəfər şəxslərin ictimai təhlükəli əməlləri barədə 10 noyabr 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng etmələri, həmçinin Bakı şəhəri Sabunçu rayon Pİ-nin 14-cü Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmələrinə baxmayaraq, ağır vəziyyətdə olan X9 yalnız məhkəmə tibb-ekspertizaya 2020-ci ilin noyabr ayının sonunda göndərilmiş, fakt üzrə cinayət işi isə hadisədən 29 gün sonra, 09 dekabr 2020-ci il tarixdə başlanılmışdır. Onları bir neçə nəfər döyməsinə baxmayaraq, iş üzrə yalnız bir nəfər Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində cinayət işi məhkəməyə göndərilmiş, əsas cinayətin təşkilatçıları olan Şahid1, Şahid2 və digər şəxslər cinayət məsuliyyətindən yayınmışlar. Onlara basqın edən şəxslərdən olan Şahid2 ilk növbədə X7 dəmir parçası ilə başından zərbələr endirmiş, sonra isə Təqsirləndirilən şəxs əlində olan taxta parçası (bita) ilə yenə də onun başına bir neçə zərbələr endirmişdir. Şahid1 onların üzərinə bıçaq çıxararaq sağa-sola hərəkət etdirmiş, digər şəxslər isə onların ailə üzvlərinə dəmir və taxta paçaları ilə zərbələr endirmişlər. Hesab edirlər ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və onlarla olan digər iştirakçıların hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu - qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma, yəni onların əməllərində həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin tərkib əlamətləri olmuş, ona görə vəsatətlərinin təmin edilməsini xahiş edirlər. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri, şahidləri dinləyərək, ekspert rəylərini, işin digər materiallarını araşdıraraq və vəsatəti müzakirə edərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsndə göstərmişdir ki, o, valideynləri və üç qardaşı Bilgəh qəsəbəsi Zəfəran sovxozu, S.Vurğun küçəsi döngə 1-də yaşayırlar. Həmin döngədə qardaşı Fazil öz ailəsi ilə 1 evdə, digər evdə isə o, öz ailəsi ilə yaşayırlar. 10.11.2020-ci il tarixdə təxminən saat 14 radələrində onu 14-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlara izah etmişlər ki, qonşuları Şahid1 həyətindən taxta məmulatları oğurlanıb, Malik onlardan şübhələnir. Polis bölməsində taxta oğurluğu ilə maraqlananda o, və qardaşı Qabil taxta oğurluğuna heç bir aidiyyətləri olmadıqlarını bildirmişlər. Axşam saat 9 radələrində onları polisdən buraxmışlar. Evə qayıdanda anası, polis evə gəlib Qabili aparandan sonra bir nəfərin həyətə girib nə isə axtarması, hətta evin qapısını açıb girmək istədiyi barədə məlumat vermişdir. Malikin şikayət etdiyi üçün həyətə onun daxil olmasından şübhələnmiş və qonşudan onun mobil telefonunun nömrəsini alıb zəng etmişdir. Malikdən həyətə düşüb-düşməməsini soruşanda, o bildirmişdir ki, qardaşı taxtaları oğurladığına görə həyətə daxil olub axtarmışdır. O, Malikə icazəsiz həyətə daxil olduğuna görə irad tutmuşdur. Malik bir daha ona qardaşının oğru olmasını, həyətdən taxtalarını oğurlamasını demişdir. Bu səbəbdən telefonda mübahisəyə başlamış və Malik onu nalayiq söyüşlərlə təhqir etmişdir. Təxminən 15 dəqiqədən sonra onun telefon nömrəsinə zəng gəlmişdir. Cavab verəndə zəng edən ona «evdəsən» sualı ilə müraciət etmiş, o evdə olduğunu bildirəndə həmin şəxs evin yerini soruşmuşdur. O, evin yerini demişdir. Bir müddətdən sonra həmin şəxs evə çatdığını bildirib, darvazanın qarşısında gözlədiyini söyləmişdir. Əvvəl o, sonra qardaşı Fazil evin qarşısına çıxmışlar. O, evin qarşısına çıxanda təxminən 10-15 nəfərin dayandığını, onların bəzilərinin əlində taxta parçası, bəzilərinin əlində dəmir parçası bir nəfərin əlində isə bıçaq və taxta olmasını görmüşdür. Maliklə gələnlərdən yalnız birini Röyal adlı şəxsi tanımışdır. Röyal qardaşı Fazillə bir məktəbdə oxumuşdur. Röyal onun qardaşını tanımışdır. Bu an atası Qadir maşınla gəlmişdir. Qardaşı Qabil də həyətdən çıxmışdır. Şahid1 iki əli ilə onun yaxasından yapışmış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu an atası yaxınlaşıb mübahisənin sülh yolu ilə həll olunmasını təklif etmişdir. O, yaxasından tutan Maliki itələyib özündən uzaqlaşdırmışdır. Onu özündən itələyəndə Malik təpiklə ayağından zərbə vurmuşdur. Sonra həmin 10-15 nəfər şəxs onu, atası Qadir və qardaşlarını döyməyə başlamışlar. Malikin yanındakı saqqallı, sonradan adını bildiyi Şahid2 əlindəki dəmir parçası ilə onu başından və sağ qolundan zərbələr endirmişdir. Malikin o biri tərəfində dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlindəki taxta parçası, ona elə gəlir ki, «bita» ilə onun başına yenə də zərbələr vurmuşdur. İki nəfərin dəmir və taxta parçası ilə onun başına endirilmiş zərbələrin təsirindən gözləri qaralmış, qulaqları tutulmuş, o başını tutub yerə yıxılmışdır. Huşunu tam itirmədiyindən təxminən 2 nəfərin onu təpiklə vurmalarını görmüşdür. Bundan sonra huşunu itirmişdir. Özünə gələndə atasının avtomobilində xəstəxanaya aparıldığını bilmişdir. Məhkəmə iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ibtidai istintaq orqanı onun ailəsinə basqın edən şəxsləri ona, atasına və qardaşlarına tanınmaya təqdim etməyib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, Murad, Malik və ifadəsində göstərdiyi digər şəxslərin məsuliyyətə cəlb olunmasını, onlara və Coşquna ağır cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 eyni məzmunlu ifadələr vermiş, lakin bildirmişdir ki, Şahid1 dəmir parçası ilə onun qolundan vurmuşdur. (cild 1 i. v. 46- 48:238-242) Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxsinin xəstənin stasionar tibbi kartından 1937 saylı çıxarışdan (epikriz) görünür ki, xəstə X9 11 noyabr 2020-ci il tarixdə kəskin baş ağrıları, ürəkbulanma, qusma şikayətləri ilə xəstəxanaya daxil olmuş, ona açıq kəllə beyin travması, baş beynin əzilməsi və sıxılması. Sol təpə gicgah nahiyəsində epidural hematoma. Sol təpə gicgah sümüklərin kəllə əsasına keçən xətti sınığı. Sağ beyin yarımkürəsində travmatik SAQ. Cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 30 noyabr 2020-ci il tarixli, 1789 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyninin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması, bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları müəyyən edildi. XƏSARƏTLƏR bərk küt əşyanın (ƏŞYALARİN) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 10.11.2020ci il tarixə və şəraitə uyğun gəlir dərəcələrinə görə baş beyin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid, digər xəsarətlər sağlamlığa zərərvurmayan olmuşlar. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. İbtidai araşdırmanı aparan müstəntiq ittiham aktının 2-ci cild 253-cü vərəqəsində olan 30 noyabr 2020-ci il tarixli, 1789 saylı məhkəmə-tibbi ekspertizasının rəyinə istinad edərək Zərərçəkmiş şəxs1 ağır zərərvurmaya aid xəsarətlərin bərk küt ƏŞYALARİN təsirindən törədilməsini naməlum səbəblərdən qeyd etməmişdir. Göründüyü kimi, Şahid2 əlindəki dəmir parçası ilə Təqsirləndirilən şəxs isə əlindəki taxta parçası ilə onun başından zərbələr endirməsi barədə Zərərçəkmiş şəxs1 ifadəsi tam olaraq 30 noyabr 2020-ci il tarixli, 1789 saylı ekspert rəyi ilə öz təsdiqini tapmış, yəni onun başına bərk küt əşyalarla bir neçə xəsarətlər vurulması nəticəsində baş vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmədə dindirilərək Zərərçəkmiş şəxs1 dediklərinə uyğun ifadələr verərək, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən dəmir və taxta parçaları ilə döyülmələrini və müxtəlif xəsarətlər almalarını bildirmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə prosesində uşağlarının döyülməsi nəticəsində müxtəlif xəsarətlər alınmasını təsdiq edən 9 ədəd fotoşəkil təqdim edərək, həmin fotoşəkillərin müstəntiq tərəfindən qəbul edilmədiyini, ibtidai istintaq orqanı tərəfindən cinayətin əsas təşkilatçıları olan Şahid1, Şahid2 və digərlərinin məsuliyyətdən kənarda saxlanılmasını bir daha vurğulamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 isə bildirmişdir ki, basqın zamanı Şahid1 əlində bıçaq olmuşdur. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin 14 noyabr 2020-ci il tarixli, 1725 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cild 23-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin 08 dekabr 2020-ci il tarixli, 1724 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları, sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, hadisədə olan Murad, Malik və ifadəsində göstərdiyi digər şəxslərin məsuliyyətə cəlb olunmasını, Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, hadisə yerində olan Murad, Malik və ifadəsində qeyd etdiyi digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını, Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, Malikin və ifadəsində qeyd etdiyi digər şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişlər. Cinayət işinin 2-ci cild 222-223-cü vərəqələrində olan Sabunçu Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 23 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 və qeyriləri Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 ilə Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 8.0.4-cü maddəsində qeyd edilmişdir ki, cinayət törətmiş şəxslərin ifşası və cinayət məsuliyyətinə cəlb edilməsi cinayət mühakimə icraatının vəzifəsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhdləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, həmin sübutlar və işin faktiki halları istintaq orqanının cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmır. İbtidai araşdırmanı aparan müstəntiq Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma cinayətində onunla əlbir olan digər şəxslərin əməllərini qanuna müvafiq qaydada qiymətləndirməmiş, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs əməllərində digər cinayətin (onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma) əlamətlərinin mövcudluğu ilə bağlı ona başqa ittihamın irəli sürülməsinə, bununla bağlı xüsusatlar üzrə hüquqi qiymət verilməsinə dair vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-1 maddəsində qeyd edilmişdir ki, bu məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalan ev 675-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 (otuz) gün uzadılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar