Məhkəmə qərarları › İş №1(101)-141/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-141/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-141/2022 01.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 2004-cü il mayın 19-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, Xankəndi şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2021-ci il martın 02-də saat 23:30 radələrində iki nəfər tanışı və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Naxçıvan» restoranının yaxınlığındakı nömrəsiz fərdi evlərin qarşısında onlardan yolu soruşan Zərərçəkmiş şəxs qarşısını kəsib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncudan üzərində olan pul və digər qiymətli əşyaları tələb etmiş, verməkdən imtina etdikdə başqa qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq və təpik zərbələri vurmaqla yerə yıxmış, şəxsiyyəti istintaqa məlum olmayan şəxs isə silah qismində istifadə edilən iti kənara malik əşyanı tətbiq edib sonuncunun boğaz nahiyəsinə dirəmiş, əynindəki paltarın ciblərini axtararaq Zərərçəkmiş şəxs alın nahiyəsinin səthi kəsilmiş yarası, sol gözyuvasıaltı və sağ dirsək oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin əynindəki gödəkcənin sol iç döş cibindən qiyməti 320 manat olan «Redmi 9» markalı mobil telefonunu və sol yan cibindən 105 manat pulunu ələ keçirmiş, bununla da o, qabaqcadan əlbir olduğu bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayəti törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, əvvəllər bir dəfə dalaşdığı Elnur və Valeh ilə sonralar barışmış və aralarında normal münasibət yaranmışdır. 2021-ci il martın 02-də saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki evdən küçəyə çıxanda sonuncuları görüb söhbət etməyə başlamış və həmin vaxt orada tanımadığı, Elnurun və Valehin dostu olan şəxs də olmuşdur. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşaraq taksi dayanacağının yerini soruşduqda Elnur əlini Qəribin çiyninə qoymaqla «gəl gedək, sənə yol göstərəcəm» deyib sonuncuya sillə çəkərək badalaq vurmaqla yerə yıxmışdır, Elnurla Valeh, habelə sonuncuların dostu Qəribə təpik vurmuşlar, Elnur sonuncunun üzərindən məbləğini dəqiq bilmədiyi pulu və bir ədəd smartfon telefonu götürmüşdür. Hamı uzaqlaşdıqdan sonra o, Qəribə kömək etmək istəsə də sonuncu onu nalayiq ifadələrlə söyüb təhqir etdiyindən yaşadığı evə qayıtmışdır. O, heç bir cinayət törətməmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci il martın 02-də günorta saatlarında Abşeron rayonunun Fatmayı kəndində iş yoldaşı Şahid ilə birlikdə yemək yeyərək spirtli içki qəbul etmiş və saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki «Naxçıvan» kafesində pivə içməklə sonuncu ilə bir qədər piyada addımlayıb ayrılmışlar. İçkili olduğundan yolu azmış, bir saat piyada gəzərək gördüyü dörd nəfər şəxsə yaxınlaşmışdır, yolu soruşanda adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun sərxoş vəziyyətdə olmasından istifadə edərək yersiz hərəkətlər etməyə və dolamağa, digərləri isə onunla yüksək tonda danışmağa başlamışlar. Göstərilən vaxt kənardan bir nəfər ona yolu göstərmişdir, sonuncu aralandıqda Güloğlangil yenidən qabağına çıxmaqla onu qaranlıq boş sahəyə aparıb «telefonun, pulun, nəyin varsa çıxar» bildirmişlər. O, verməkdən imtina edəndə isə hamısı yumruq və təpik zərbələri ilə onu yerə yıxaraq ciblərini axtarmışdır. O, müqavimət göstərsə də həmin şəxslərdən biri bıçaq çıxarmaqla boğazına dirəmişdir. Bundan sonra oğlanlar əynində olan gödəkcənin cibindən 105 manat pulunu və bir ədəd «Redmi 9» markalı mobil telefonunu götürüb uzaqlaşmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmşdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid ibtidai istintaqda şahid qismində dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə vermiş və əlavə olaraq 2021-ci il martın 03-də səhər tezdən sonuncuya zəng vursa da telefona cavab verilmədiyini, göstərilən tarixdə günorta saatlarında Qəribin ona bir neçə nəfər cavan oğlanın ötən gecə hücum etməklə bıçaqla xəsarət yetirib pulunu və telefonunu əlindən aldıqlarını bildirdiyini göstərmişdir (iş vərəqi 36-38). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 06 mart tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 47-48). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 08 mart tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 57-58). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 mart tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib etmişdir (iş vərəqi 72-75). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 08 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il martın 06-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 80-83). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il aprelin 04-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 88). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki nömrəsiz fərdi evin qarşısını göstərib ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 93-97). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 2021-ci il 17 aprel tarixli ***-**** №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayəti törədən Elnur və Valeh adlı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 98). İş materiallarında olan 2021-ci il 22 aprel tarixli ərizədən görünür ki, dəymiş ziyan ödənildiyi üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur (iş vərəqi 99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 09 mart tarixli 285 nömrəli ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində alın nahiyəsinin səthi kəsilmiş yarası, sol gözyuvasıaltı və sağ dirsək oynağı nahiyələrinin qançırları müəyyən edilməklə alın nahiyəsinin səthi kəsilmiş yarası iti kənara malik əşyanın (alətin), ola bilsin bıçağın, sol gözyuvasıaltı və sağ dirsək oynağı nahiyələrinin qançırları isə bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, müddəti 2021-ci il martın 02-nə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (iş vərəqi 111-112). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 2021-ci il 25 may tarixli 1108 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilərək hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik müəyyən olunmaqla fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 114-116). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə, 2021-ci il 24 iyun tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, sonuncu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq cinayəti törətmiş Elnur və Valeh adlı şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqi 120-125 və 127-128). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki nömrəsiz fərdi evin qarşısını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 143-147). Məhkəməyə təqdim olunan Xocalı Rayonu İcra Hakimiyyəti başçısının Xocalı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 27 iyul tarixli 824 nömrəli arayışdan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Xankəndi şəhərindən məcburi köçkün olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində müvəqqəti məskunlaşmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu Rayon MKİS-nin tərtib etdiyi 2021-ci il 04 avqust tarixli 894 və 895 №-li arayışlardan görünür ki, Xankəndi şəhərindən məcburi köçkün olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınıb sonuncunun ailə üzvləri atası Qanuni nümayəndə, anası X2, bacısı X3 və qardaşı X5 ibarətdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2019-cu il 04 iyun tarixli AA seriyalı 428690 №-li məcburi köçkün vəsiqəsinin kserosurətindən görünür ki, X8 Xankəndi şəhərindən məcburi köçkün olaraq ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2001-ci il 14 iyul tarixli AA seriyalı 23213 №-li məcburi köçkün vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə məcburi köçkündür. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 07 dekabr tarixli ambulator kitabçasından çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə «Araxnodial kist, angiopatiya, şəkərli diabet tip - 2 orta ağır forma, qaraciyərin piy distrofiyası, diabetik neyropatiya» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasının tərtib etdiyi 2014-cü il 26 avqust və 2018-ci il 06 dekabr tarixli MRT müayinənin protokollarından görünür ki, Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə «Sol gicgah pay üzərində araxnodial kist» diaqnozu qoyulmuşdur Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Kliniki Xəstəxanasının tərtib etdiyi 2018-ci il 13 iyun tarixli USM müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə parenximasında bir qədər piy distrofiyası, bağırsaqlarında meteorizm-kolit əlaməti aşkanlanmışdır. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsey 2021-ci il 29 noyabr tarixli ərizəcbydən və sonuncunun notariat qaydasında təsdiq edilmiş eyni tarixli ərizədən görünür ki, o, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni Zərərçəkmiş şəxs qarşı heç bir cinayət törətməməsi barədə dediklərinə tənqidi yanaşmaqla hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin və zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, məcburi köçkün olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilib Təqsirləndirilən şəxs həmin Məcəllənin 181.2.1.-ci və 181.2.5.-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 85.5.1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 90 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il martın 06-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il martın 06-dan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar