Məhkəmə qərarları › İş №1(101)-1414/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1414/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1414/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 23 avqust 1988-ci il tarixdə Qazıməmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2-də yaşamış, 23 yanvar 2023-cü il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 25 yanvar 2023-sü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “Maqa” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 35,805 qram təşkil edən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir bükümdə 26,719 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir bükümdə 76,729 qram təşkil edən tünd-qəhvəyi rəngli qətranabənzər (tiryəkəbənzər) maddə - külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, bir bükümdə 90,627 qram təşkil edən bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı “Maqa” adlı həmin şəxsin yerləşdirdiyi yerdən götürüb əldə etməklə, sonradan həmin narkotik vasitənin satışından əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə daşıyıb yaşadığı ünvan 2 ünvanında saxlamış, orada həmin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə hesab edilən heroini bükümlərə ayıraraq 1 ədəd bükümdə təmiz çəkisi 9,349 qram olan narkotik vasitə olan heroini üzərində saxlıyaraq daşımış, 23 yanvar 2023-cü il tarixdə saat 17:25 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 9,349 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı kimi 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilmiş baxış və götürmə zamanı evin zirzəmisində qəhvəyi rəngli çantanın içərisində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 26,456 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 26,719 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 76,729 qram olan tünd qəhvəyi rəngli qətranabənzər (tiryəkəbənzər) maddə - külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 90,627 qram təşkil edən bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini həmçinin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törətməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham elan olunmuş, lakin məhkəmə baxışı zamanı ona həmin maddə ilə verilmiş ittiham üzrə təqsiri öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı müstəntiq onu dindirmişdir və o, istintaqda verdiyi ifadəsini tam təsdiq edir. Həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul etməyi xahiş edir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, onun özü təxminən 3-4 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Əvvəllər tanıdığı, lakin adını dəqiq xatıramadığı bir yerdə narkotik qəbul etdiyi tanışı ona iranlı bir şəxsin nömrəsini vermişdir. O, öz istifadəsində olan “İphone 10” markalı içərisində ***-***-**-** nömrəsi olan telefonu ilə adını ona “Maqa-Mehdi” kimi deyən +**********76 nömrəsinə yazmışdır. Özünü ona “Maqa” kimi təqdim edən şəxs hesabına pul göndərə biləcəyi halda, ona narkotik vasitə heorin, tiryək, narkotik maddələr və psixotrop maddələr göndərə biləcəyini demişdir. Onlar razılaşmışlar. Təxminən 10-11 yanvar 2023-cü il tarixlərində “Maqa”ya məxsus hazırda nömrəsini xatırlamadığı bank kartına 1400 manat pul göndərmişdir. Həmin şəxs ona telefonda Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosu yaxınlığında olan hasarın dibində atılmış bir yeri göstərmişdir. O da, həmin yerə gedib bağlamanı götürmüşdür. Bağlamada olan narkotikləri yaşadığı ünvan 2 ünvanına aparmışdır. Bundan sonra bir qismini, daha doğrusu 10-12 qram çəkidə olan heroini satmaq məqsədi ilə üzərində götürmüşdür. 23 yanvar 2023-cü il tarixdə saat 17:25 dəqiqədə ünvan 3 ünvanının qarşısında olan zaman mülki geyimdə olan 2 nəfər ona yaxınlaşmış, özlərinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmasını demiş və onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotikləri əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirərək birlikdə adı çəkilən idarəyə getmişlər. Orada inzibati binada hüquqlarımı müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuni dövriyyəsi qadağan olunan narkotik vasitə və ya digər maddə olub-olmaması soruşulmuş, o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bükümü masa üzərinə qoymuşdur. Həmin bükümün içərisində el arasında “kokos” deilən narkotik vasitə heroin olmasını bildirmiş, həmin bükümü polislərə təqdim etmişdir. Orada həmin bükümü haradan əldə etdiyini soruşmuşlar. O, həmin bükümü İran vətəndaşı “Maqa” kimi tanıdığı şəxsdən aldığını demişdir. Bundan sonra razılıq əsasında yaşadığı ünvan 6 ünvanına getmişlər. Orada baxış zamanı o, könüllü olaraq zirzəmidə gizlətdiyi qəhvəyi rəngli çantanın içərisində olan 1 bükümdə olan heroini, 1 bükümdə olan metamfetamini, 1 ədəd elektron tərəzini, 1 bükümdə olan tiryəki, 1 bükümdə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər çəkilmiş, 28 qram heroin, 28 qram metamfetamin, 86 qram tiryək və 94 qram marixuananın olması müəyyən edilmişdir. Götürülmüş bükümlər qablaşdırılmış, möhürlənmiş, imzalanmışdır (cild 1, iş vərəqi 71-73). Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etdiyini, narkotik vasitəni əvvəlcədən sifariş verdiyini, sonra isə onları qoyulmuş yerlərdən götürdüyünü, narkotik vasitələri almaq üçün pulu «Maqa»nın ona şəklini göndərdiyi karta köçürdüyünü, tutulmamışdan təxminən 2-3 ay qabaqdan narkotik vasitələr aldığını, «Maqa»nın kartına sonuncu dəfə 1000 manat pul göndərdiyini və həmin pulun müqabilində 20-30 qram narkotik vasitə heroin aldığını, özünün dönərxana işlətdiyini, ittihamda qeyd olunan narkotiklərdən yalnız bir bükümünün onun üstündə olduğunu, qalanlarının isə yaşadığı mənzildən aşkar olunduğunu, baxış zamanı ailə üzvlərinin də evdə olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və istintaq zamanı ona qarşı hər hansı təsir və təzyiq göstərilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 ifadəsində göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə ondan və idarənin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar məlumat əsasında 23 yanvar 2023-cü il tarixdə saat 17 radələrində ünvan 7 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşmış və saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baxış keçirilməsi üçün Baş idarəyə aparmışlar. Orada təhqiqatçı tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunmuş və videoçəkilişdən istifadə edilməklə üzəiində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, həmçinin ondan "İphone” markalı mobil telefon, plastik bank kartı, şəxsiyyət vəsiqəsi və açar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 11 qram oldmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı şübhəli şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran vətəndaşı “Maqa” kimi tanıdığı şəxs vasitəsi ilə 1 həftə Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Maqa” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verməyi boynuna götürdüyünü, “Maqa” adlı şəxsi təxminən 5-6 ay olar ki, tanıdığını, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə də narkotik maddələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid Miryusif Seyidovun ifadəsinə görə, bundan sonra onlar əməliyyat tədbirinin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş və ünvan 9 ünvanına baxış keçirmişlər. Şübhəli şəxsə yaşadığı mənzildə qanunsuz saxlanılan əşyalar və maddələr varsa, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildəki zirzəmidən qəhvəyi rəngli çantanın içərisində saxladığı 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, 1 bükümdə ağ rəngli kristalşəkilli metamfetaminə bənzər kütləni, 1 bükümdə tünd qəhvəyi rəngli tiryəkə bənzər kütləni, 1 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd elektron tərəzini və 1 ədəd plastik bank kartını təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənərək zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran vətəndaşı “Maqa” adlı şəxs vasitəsi ilə 1 həftə əvvəl Nizami rayonu ərazisindəəvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində ona istifadəsi üçün narkotik vasitə veriləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, onun Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi tədbirlərində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Miryusif Seyidovun ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola və həmin protokola əlavə edilmiş şəxsi axtarışı əks etdirən videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı diskə baxış keçirilməsinə dair 05 may 2023-cü il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyması müşahidə edilir. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon, 1 (bir) ədəd üzərində 4098 5844 7117 1213 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd açar aşkar edilərək götürülməsi müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və kütlənin çəkisinin 11 (on bir) qram olması müəyyən edilir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-nin 7 saylı möhürü ilə möhürlənir, zərfin üstü şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “İphone" markalı mobil telefon, 1 (bir) ədəd bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülür, 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılır (cild 1, iş vərəqi 29-31, 133-134). Mənzilə baxış və götürmə aparılmasına dair 23 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin qeydə alındığı DVD formatlı diskə baxış keçirilməsinə dair 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzildə zirzəmidən qəhvəyi rəngli çantanın içərisindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd üzərində 4098 5844 6814 9784 nömrəsi olan plastik bank kartını təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlənin çəkisi 28 (iyirmi səkkiz) qram, metamfetaminə bənzər kütlənin çəkisi 28 (iyirmi səkkiz) qram, tiryəkə bənzər kütlənin çəkisi 86 (səksən altı) qram və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 94 (doxsan dörd) qram təşkil edir. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılır, DİN-nin 7 saylı möhürü ilə möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələrii tanıdığı İran islam Respublikası vətəndaşı olan “Maqa” adlı şəxsin vasitəsi ilə 1 (bir) həftə əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Maqa” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, verilən sualları tşm başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (cild 1, iş vərəqi 34-36, 135-136). Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 6/435 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,349 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 26,456 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 26,719 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 76,729 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər (tiryəkəbənzər) maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 35,805 qramdır. Heroin, tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı № l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı № l) daxildir (cild 1, iş vərəqi 42-49). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/93 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs....Təqsirləndirilən şəxs” yazıları və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış selofan bağlamada təmiz çəkisi 90,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı (cild 1, iş vərəqi 50-54). İbtidai istintaq orqanının 05 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 35,805 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 26,719 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 76,729 qram narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 90,627 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 35,605 qram narkotik vasitə heroin, 26,619 qram psixotrop maddə metamfetamin, 76,629 qram narkotik vasitə tiryək, 90,607 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 100-102). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 11248231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nm 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliaksı CM-nın 22-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 139-140). Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone X” markalı **********67539 imei kodlu mobil telefona baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokola əsasən, telefonun “Whatsap” sosial mesencer bölümündə müxtəlif nömrələrlə mesajlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, “Mehdi.Bilesuvar” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsdən gələn və gedən səsli və yazılı mesajlar olması müşahidə olunur. Həmin şəxslə mesaj bölümünə daxil olduqda “Mehdi.Bilesuvar” adı ilə qeyd olunmuş şəxsin İran vətəndaşı olduğu müəyyən edilir. Belə ki, həmin mesajlara daxil olduqda “Mehti kartı at” mesajlı və ondan sonra onun hesabına 1000 manat pul göndərildiyi görünür. Bundan sonra elektron tərəzidə 61,44 yazısı olan selofan torbaya bükülmüş qəhvəyi maddə olması müşahidə olunan fotoşəkil göndərilmişdir. Onun altında isə “Ba mehti ağzın açmamışam. Yeni qardaş nətər yandırıb bükübsə odu. Amma qaqa o uşaq mal bağlıya bilmir. Onu başa sal ki salafanı uzun eləsin düyümləsin artıq kəsməsin. Bundan başqa “sabaha birsi günə pul toparlayım ondan mənə narmalnı götür ver”, digər şəxs isə cavab olaraq “nəqədər lazımdı hansınan isdirsən”, Təqsirləndirilən şəxs cavab olaraq “Torpaq ancaq qaqa, torpağın zəyif olması mənim işimi öldürdü qaqa”. Bundan başqa “yoo yaxşıdı. Ondan isdəyirəm. Mənim adamım ona görə işdəyə bilmirdə. Hamı ondan satırdı, mənim adamım hələdə o zəyifdən. Axır zamanlar çox cığallıq edirsən haa xalaoğlu vallah. Köhnə borcdan 100 də dünki qaranın pulundan sil. Əcəb köpüyümə kimi aldıne məndən xalaoğlu o boyda zəyif malı verdin mənə baha qiymətə nədəki hörmət də eləmədin” yazıların olması müşahidə olunur. “Vüsal.zi” adı ilə +7 925 *** ** ** saylı mobil nömrə ilə mesaj bölümünə daxil olduqda “Qaqa birazdan çıxım pul atacam sənə. Qaqa başıva dönərəm imkan dərəsində at məçidin qırağına”, Təqsirləndirilən şəxs cavab olaraq" Gəldi. Məsuliyyətli ol vüsal sən canın bunun pulunu vaxtında verəy mənimdə sözüm olsun deməyə konkret borcumuz var hər dəfədə kəsir qalır yalançı çıxırıq sözlərimiz usd üsdə gəlmir oda daveriyadan salırda” mesajların olması müəyyən edilmişdir. İstintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “İphone X” markalı mobil telefon maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 115-123). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və evindən aşkar olunaraq götürülmüş heroinin, metamfetaminin, marixuananın və tiryəkin haradan əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının əməliyyat yolu ilə müəyyən olunması məqsədi ilə Yasamal RPİ-nin 28-ci Polis bölməsinə əməliyyat tapşırığı göndərilmiş, həmin tapşırığa verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin narkotik vasitələri alan şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 114). Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 89-90). Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, X4 evlidir, himayəsində xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 95-96). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 94). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi lazım bilir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı Dövlət ittihamçısı2 məhkəmə çıxışları mərhələsində bildirdi ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması xüsusatı müəyyən edilməmişdir. Cinayət işinin faktiki halları göstərir ki, Təqsirləndirilən şəxs cinayət əməli konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni onların qanunsuz əldə edilməsi, üzərində daşınması və satışının həyata keçirilməsinə yönələn hərəkətlərdən ibarət olmuşdur. Cinayət işinin materiallarında təqsirllndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması cinayətinin obyektiv cəhətinə aid olan, yəni törədilməsi kütləvilik əlamətini ehtiva edən hər hansı bir hərəkəti etməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı2 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı hökmdə sadalanan bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş bütün narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları sosial şəbəkədə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim edən «Maqa» adlı şəxsin təklifi ilə sonradan deyilən yerələrə qoyub yerləşdirmək məqsədilə əldə etdiyini, həmçinin aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərdə hər birinin çəkilib ayrı-ayrı bağlamalara qablaşdırılmasını, yaşadığı ünvandan üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsini və ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin həcminin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2710 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni quüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 35,605 qram çəkidə narkotik vasitə heroin, 26,619 qram çəkidə psixotrop maddə metamfetamin, 76,629 qram çəkidə narkotik vasitə tiryək, 90,607 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilməli; - 2 ədəd plastik bank kartları və "İphone X" markalı 1 ədəd mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış və götürmə keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 153 (yüz əlli üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci təqsirləndirilən şəxs Ənvər Xəililovdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmə baxışının ilkin mərhələsi zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmiş, vəkilə müdafiə xərcləri kimi 90 (doxsan) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 35,605 qram çəkidə narkotik vasitə heroin, 26,619 qram çəkidə psixotrop maddə metamfetamin, 76,629 qram çəkidə narkotik vasitə tiryək, 90,607 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; - 2 ədəd plastik bank kartları və "İphone X" markalı 1 ədəd mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış və götürmə keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Prospekt» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar