Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1415/2021 23.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci ildə Şabran rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 21 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hazırkı cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin İstintaq İdarəsindən 12 iyul 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, məhkəmənin hazırlıq iclası 22 iyul 2021-ci il tarixə təyin edilmiş, həmin tarixli məhkəmə iclasında Müdafiəçi iş materialları ilə tanış olmaq üçün vaxt istəməsi səbəbindən məhkəmə iclasında 23 iyul 2021-ci il tarixədək fasilə verilmişdir. Məhkəmə hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət qaldırıb, Azərbaycan Respublikası ərazisində yeni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətə başladığını, qanunla qeyd olunan məhkəmənin ərazi yurisdiksiyasının müəyyənləşdirildiyini, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin Şabran rayonu ərazisində baş verdiyini, Şabran rayonunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu və hazırkı cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını qeyd edib, cinayət işinin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Müdafiə tərəfi vəsatəti əsaslı hesab edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qaldırılan vəsatəti müzakirə edib, bununla bağlı cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında" Azərbaycan Respublikasi Prezidentinin 03 fevral 2021-ci il tarixli 2476 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmiş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi Məhkəmə-Hüquq Şurasına tövsiyə olunmuşdur. Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. Qeyd olunan Sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı Məhkəmə-Hüquq Şurasının 31 may 2021-ci il tarixli 1 nömrəli qərarına əsasən Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişikliklər edilmiş və qərarın 1.7-ci bəndi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri (Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu, Zəngilan rayonu) müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən, müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1, 300.1.4 və 302.3-cü maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Qərarın surəti cinayət prosesinin iştirakçılarına göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov