Məhkəmə qərarları › İş №1(101)-1415/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1415/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1415/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 02 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 6-cı döngədə olan qəbirstanlığın yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə ortaq tanışları olan Şahid3 məxsus "Poco X 3 pro" markalı mobil telefonu lombarda girov qoyub 130 manat pul götürməsinə görə yoldaşlıqda həmin hərəkətlərin yaxşı qarşılanmadığını bildirib onu qınayan zaman haqlı iradını cüzi bəhanə kimi istifadə edib əsaslı səbəb olmadan üzərində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan iti uclu kəsici kənarlı silah qismində istifadə etdiyi bıçaqla ictimai yer olan Yeni Suraxanı qəsəbəsi, 6-cı döngədə qəsdən xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həmin iti uclu kəsici-deşici əşya ilə vurub sol qaş nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin, döş və qarın boşluqlarına nüfuz edərək diafraqmanm zədələnməsi və böyük piyliyin eventerasiuası ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla bir məktəbdə oxumuşdur. İsfəndiyarla münasibəti yaxşı olmuşdur. O, rentekardan avtomobil götürüb 2 gün sürmək istəyirmiş. Buna görə də ona 120 manat pul lazım imiş. 02 ferval 2022-ci il tarixdə o, tanışları Şahid2 və İsmayıl Rzayevlə birlikdə İlhamdan 120 manat borca pul almaq üçün İlhamın evinə getmişlər. O, İlhamdan 120 manat borc pul istəmişdir. İlham ona bildirmişdir ki, pulu yoxdur, lakin, dostları Əli və İsfəndiyara müraciət edib ona bir söz deyəcək. Bundan sonra, onlar birlikdə məscidin yanında olan parka gəlmişlər. İlham Əliyə zəng edib, Əlini parka çağırmışdır. Əlidə parka gəlmiş və pulunun olmadığnı bildirmişdir. Bundan sonra İlham İsfəndiyarı parka dəvət etmiş və İsfəndiyar parkda onlara doğru gələn zaman Əli ilə İlham İsfəndiyara doğru getmiş və onlar öz aralarında nə isə söhbət edib onlara yaxınlaşmışlar. İlham bildirmişdir ki, bəs İsfəndiyarında pulu yoxdur. Bu vaxt İsfəndiyara zəng gəlmişdir. İsfəndiyar Əli ilə parkdan uzaqlaşmışdır. Parkda İlham, o, Nurlan və İsmayıl qalmışlar. Bu zaman İlham ona bildirmişdir ki, özünə məxsus telefonu aparıb Neftçilərdə olan lombarda girov qoyub və 120 manat pul götürüb ona verə bilər. Bundan sonra onlar Yeni Suraxanı qəsəbəsindən Neftçilər metrosunun yaxınlığında olan lombarda gəlmişlər. İlham öz adından telefonunu 1 günlük girov olaraq qoymuşlar və 120 manat pul götürmüşlər. Mağaza tərəfindən girov bileti tərtib olunmuşdur. Əgər İlham vədinə əməl etməsə 1 ay müddətdən sonra lombard həmin telefonu sərbəst olaraq sata bilər. İlham 120 manat pulu götürüb ona vermişdir. İlhamın ona həmin telefonu verməsində hər hansı bir məcburiyyət tələb etməmiş, İlhama hər hansı fiziki və psixi zor etməmişdir. İlham könüllü olaraq həmin telefonu ona vermişdir. Sonra dördü birlikdə taksi ilə Yeni Suraxanıya qayıtmışlar və o, İlhama bildirmişdir ki, səhər onun 120 manat pulunu verəcək gedib telefonunu çıxarar. 02 fevral 2022-ci il tarixdə saat 18-19 radələrində o, Nurlan, İsmayılla birlikdə İsmayılgilə getmişlər. Sonra saat 22 radələri onlardan çıxıb yenə İsmayılgildə olan zaman ona İsfəndiyar zəng edərək harda olmağını soruşmuşdur. O, İsfəndiyara İsmayılgildə olduğunu bildirmişdir. İsfəndiyar ona İsmayılgilin evinin qarşısına çıxmağını bildirmişdir. O, İsmayıl və Nurlan evin qarşısına çıxmışlar. Ev qəbirstanlığa yaxın imiş. Onlar qəbristanlığın qarşısına çıxmışlar. İsfəndiyar həmin yerə Əli və İlhamla gəlmişdir. İsfəndiyar uşaqların yanında ona bildirmişdir ki, telefonu lombarda qoymaqda düz hərəkət etməmişdir. O, İsfəndiyara söhbətin İlhamla onun arasında olmasını bildirmişdir. İsfəndiyar yenə təkrartəkrar ona düz hərəkət etmədiyini bildirmişdir. O, əsəbləşmiş və İsfəndiyara bildirmişdir ki, təkrar-təkrar bunu ona deməsindən əsəbləşir, indi vuracaq, çıxıb getsin. İsfəndiyar isə onunla dirəşib etdiyi hərəkətin düz olmadığını deməkdə davam edirmiş. Bundan sonra, o, İsfəndiyarla üz-üzə gəlmiş və İsfəndiyar ona bildirmişdir ki, onun bıçağı varsa cıxarsın, İsfəndiyarında bıçağı var. O, şalvarının cibində olan düyməli qatlanan 2-3 il əvvəl mağazadan aldığı bıçağı çıxarıb bir dəfə İsfəndiyarın qaşının üzərinə atmışdır. Fikirləşmişdir ki, bundan sonra çıxıb gedər. Bu zaman İsfəndiyar təkrar olaraq onun üzərinə gələn zaman bir dəfədə həmin bıçaqla İsfəndiyarın qarın boşluğuna vurmuşdur. Uşaqlar araya keçib onları ayırmışlar. Oradan o, İsmayıl və Nurlan birlikdə İsmayılgilə getmişlər. Sonra o, İsmayılgildən çıxıb şəhərə getmiş və üzərində olan bıçağı xatırlamadığı ünvana atmışdır. Polis ona zəng etmiş, o da işi oduğu üçün səhər gələcəyini bildirmişdir. Səhər açılandan sonra o, Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Zərərçəkmiş şəxsə müalicə xərcini verməmişdir. Onun İsfəndiyarı öldürmək niyyəti olmamışdır. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımışdır. Təqsirləndirilən şəxslə münasibəti normal olmuşdur. 02 fevral 2022-ci il tarixdə İlham ona zəng etmiş və bildirmişdir ki, parkdadır, ora gəlməyini bildirmişdir. O, parka getmiş və həmin vaxt parkda Nurlan, İsmayıl, Əli, Elnur və İlhamın olmasını görmüşdür. Onlar görüşmüşlər. Sonra İlham onu bir kənara çəkib ondan borca pul istəmişdir. O, pulu olmadığını bildirmiş və İlhama hətta irad bildirmişdir ki, bu sözü ona telefonda deyərmiş. Sonra uşaqlarla sağollaşıb Əli ilə parkı tərk etmişlər. Sonra Əli öz evinə, o da öz evinə getmişdir. 02 fevral 2022-ci ıl tarixdə axşam saat 20 radələrində Əli Nəcəfovla məhəllədə görüşmüşlər və o, İlhama zəng etmiş, lakin, İlhamın nömrəsinə zəng çatmamışdır. İlhamın ailə üzvlərinə zəng etmiş, onlar İlhamın evdə olmadığını bildirmişlər. O, İlham gələndə onlarla əlaqə saxlamasını bildirmişdir. 02 levral 2022-ci il tarixdə artıq saat 20 radələrində İlham Əliyə zəng etmiş və onlar məhəllədə görüşmüşlər. Həmin vaxt İlhamdan telefonun harda olmasını xəbər almışlar. İlham Elnura borclu olduğuna onları inandırmağa çalışmışdır. Lakin, o, və Əli İlhama inanmamışlar və sözün düzünü deməsini bildirmişlər. İlk öncə İlham etiraf etməmiş, sonra isə bir dost olaraq Elnura pul lazım olduğundan telefonunu lombarda girov olaraq qoymaqla pul götürərək Elnura verdiyini bildirmişdir. O, İlhama irad bildirmiş və niyə qorxub telefonunu girov qoymasını və həmin telefonun İlhamın anasının və ya ailə üzvlərinin olmasını bildirmişdir. Sonra isə Elnura zəng etmişdir. Elnur İsmayılgildə olduğunu bildirmişdir. Bundan sonra, Əli, İlham və o, İsmayılgilin evinin qarşısına getmişlər. Elnur, İsmayıl və Nurlanda oraya gəlmişlər. O, Elnura düz hərəkət etmədiyini bildirmişdir. Elnur isə söhbətin İlhamla öz aralarında olmasını bildirmişdir. Həmin vaxt Elnurun əlində Xırdalan pivəsi var imiş. O, bir daha təkrar etmişdir ki, düz hərəkət etməmişdir. Bu vaxt Elnur əsəbləşdiyini və onlara çıxıb getməyini bildirmiş və əks halda onları vuracağını bildirmişdir. O, isə Elnurla dirəşıb yenə etdiyi hərəkətin düz olmadığını demişdir. Aralarında mübahisə başlamışdır. O, cibindən bıçaq çıxarmış və bu zaman Elnurda şalvarının cibindən bıçaq çıxartmış və bir dəfə onun qaşının üzərinə bıçaq fırlatmışdır. O, Elnurun üzərinə getmək istədikdə isə, Elnur onun üzərinə gələrək bır dəfə bıçaqla qarın boşluğuna vurmuşdur. Sonra uşaqlar araya keçmişlər ki, Elnur onu təkrar vurmasın. Nurlan və İsmayıl Elnuru aparmışlar. İlham və Əli isə yol avtomobili ilə onu Əligilə aparmışdır. O, fikirləşmişdir ki, elədə ciddi xəsarəti yoxdur. Əli anasına zəng etmiş, Əlinin anası gələndə onda qanaxmanı görüb ilkin yardım etdikdən sonra TTY zəng etmiş və onu 3 saylı ŞKX-na aparmışlar. Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxsə «Rent Kar»dan avtomobil götürüb sürməsi üçün borc pul lazım olduğundan 02 fevral 2022-ci il tarixdə o, Şahid1 və Təqsirləndirilən şəxslə birlikdə Elnur İlhamdan borc pul alması üçün onlarla birlikdə İlhamın evinə getmişlər. Elnur İlhamdan 120 manat borc pul istəmişdir. Lakin İlham pulu olmadığını bildirmiş, dostları Əli və İsfəndiyara müraciət edərək onlarda pul olub-olmamasını soruşacağını demişdir. Sonra onlar birlikdə İlhamgildən çıxıb məscidin yanında olan parka gəlmişlər. İlham Əliyə zəng edərək onu parka dəvət etmişdir. Əlidə parka gəlmiş və pulunun olmadığını bildirmişdir. Bundan sonra İlham İsfəndiyarı parka dəvət etmiş və İsəfəndiyar parkda onlara doğru gələn zaman Əli ilə İlham İsfəndiyara tərəf gedib nə isə söhbət edəndən sonra onların yanına gələrək İlham İsfəndiyarında pulu olmadığını bildirmişdir. Sonra İsfəndiyar oradan çıxıb getmişdir. Parkda İlham, o, Nurlan və Elnur qalmışlar. Elnur İlhama bildirmişdir ki, onun telefonunu aparıb Neftçilərdə olan lombarda girov qoyb pul götürsünlər. İlham razılaşmış və dördü bir yerdə Neftçilər metrosunun yaxınlığında xatırlmadığı lombarda İlham öz sənədləri ilə telefonunu girov qoyub 120 manat pul götürmüşdür. Sonra dördü də birlikdə Yeni Suraxanıya qayıtmışlar. 02 fevral 2022-ci il tarixdə saat artıq 18-19 radələri olarmış, həmin pulla Elnur «Rent Kar»dan avtomobıl götürə bilməmişdir. Elnur həmin pula pivə, Jaquar içkisi, çipsi, siqaret, tum, şokalad və.s olmaqla 50 manatlıq bazarlıq etmiş və onlar birlikdə İsmayılgilə getmişlər. Saat 22 radələrində İsmayılgildə olan zaman İsfəndiyar Elnura zəng etmiş, bundan sonra onlar evdən çıxmış və evin qarşısına yəni qəbirstanlığın qarşısına getmişlər. İsfəndiyar həmin yerə Əli və İlhamla gəlmişdir. İsfəndiyar Elnura bildirmişdir ki, İlhamın telefonunu lombarda qoymaqda düz hərəkət etməmişdir. Elnur da İsfəndiyara bildirmişdir ki, bu söhbət onunla İlham arasında olmuşdur. İsfəndiyar bir daha Elnura düz hərəkət etmədiyini bildirmişdir. Həmin vaxtı Elnurun əlində Xırdalan pivəsi var imiş. İsfəndiyar isə təkrar-təkrar Elnura düz hərəkət etmədiyini bildirdikdə artıq Elnur əsəbləşmiş və İsfəndiyara çıxıb getməsini bildirmişdir. Əks halda əsəbi olduğundan İsfəndiyarı vuracağını demişdir. İsfəndiyar isə Elnurla dirəşib etdiyi hərəkətin düz olmadığını deməkdə davam edirmiş. Sonra onlar üz-üzə gəlmişlər. Bu zaman Elnur şalvarının cibindən bıçaq çıxarıb bir dəfə İsfəndiyarın qaşının üzərinə atmışdır. İsfəndiyar bundan sonra da çıxıb getməmiş və təkrar olaraq Elnurun üzərinə gələn zaman Elnur bir dəfədə həmin bıçaqla onun qarın boşluğuna vurmuşdur. Sonra uşaqlar araya keçib onları ayırmış və İsmayıl, o və Elnur onlara getmişlər. X8 şəhərə getmişlər. Səhərə yaxın isə Elnur Suraxanı RPİ-nə getmişdir. Cinayət işi materiallarına əlavə edilmiş vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 22 iyul 2022-ci il tarixli elektron arayışlardan və hərbi xidmətə çağırılmaya dair çağırış vərəqəsindən görünür ki, iş üzrə şahidlər Şahid1 20 iyul 2022-ci il tarixdə, Şahid3 07 iyul 2022-ci il tarixdə və Şahid4 11 iyul 2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, X7 Yeni Suraxanı qəsəbəsində məhəllə uşağı olaraq tanımış, Zərərçəkmiş şəxs 5 il müddət olar ki, Yeni Suraxanı kəndindən tanımış və onlar arasında yaxın münasibət olmuşdur. Şahid2 həmçinin onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs təxminən 6 il müddət olar ki, Yeni Suraxanı kənd sakini olaraq tanımış və aralarında səmimi münasibət olmuşdur. Şahid3də təxminən 4 il müddət olar ki, Yeni Suraxanı kənd sakini olaraq tanımış və aralarında səmimi münasibət olmuşdur. 02 ferval 2022-ci il tarixdə o Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə Elnurun İlhamdan borc pul almasını bildirməsindən sonra onun evinə getmişlər. Evin qapısına çatmışlar və Elnur Nurlana bildirmişdir ki, bəs qapını döysün, çünki Elnur hər dəfə İlhamın qapısını döyən zaman onu görüb yatmasını bildirdiyinə görə onun qapını döyməsini bildirmişdir. Elnur ona 120 manat lazım olmasını bildirmişdir. Şahid3 evinin qarşısına çıxmış və Elnur ona bildirmişdir ki, bəs ona 120 manat borc pul tapsın və rentekara avtomobil lazım olmasını bildirmişdir. Belə ki, avtomobilin gündəliyi 60 manat olmuşdur. İlham bildirmişdir ki, bəs onun pulu yoxdur lakin dostları Əli və İsfəndiyara müraciət edib bir söz deyəcəyini bildirmişdir. İlham bildirmişdir ki, bəs onların iştirakı ilə adını çəkdiyi dostlarından pullarının olub-olmaması ilə bağlı maraqlansın və Elnur etiraz etməmişdir. Sonra o onlarla məhəllədən çıxmış və onlar birlikdə məscidin yanında olan parka gəlmişdir. İlham onun və dostarının yanında Əliyə zəng etmiş və parka dəvət etmişdir. Əlidə parka gəlmiş və Əli parka gəlib bildirmişdir ki, bəs onun pulu yoxdur və bundan sonra İlham zəng və ya votsap mesajla İsfəndiyarı parka dəvət etmiş və İsfəndiyar parkda onlara doğru gələn zaman Əli ilə İlham ona doğru getmişlər və onlar öz aralarında söhbət edib onlara yaxınlaşmışlar və İlham bildirmişdir ki, bəs İsfəndiyarında pulu yoxdur. Artıq İsfəndiyara zəng gəlmiş, o və Əli ilə parkdan uzaqlaşmışlar və parkda İlham, o, Nurlan və Elnur qalmışdır. Bu zaman Elnur İlhama bildirmişdir ki, bəs onun telefonunu aparıb Neftçilərdə olan lombarda girov qoysunlar və 120 manat pul götürsünlər və həmin telefonun markasını isə tam olaraq xatırlamamışdır. Həmin vaxtı İlhamın telefonun üzərində olmasını bildirmiş və bundan sonra dördü bolt taksi ilə yol haqqı olaraq 4 manat ödəməklə Yeni Suraxanı qəsəbəsində Neftçilər metrosunun yaxınlığında olan dairə ətranda olan xatırlamadığı lombarda girov olaraq qoymuş xə həmin vaxtı İlham öz sənədləri ilə öz adına olmaq şərti ilə telefonu girov olaraq 1 gün qoyub 120 manat pul götürmüş və bu zaman mağaza tərəfindən girov bileti tərtib olunmuşdur. Əgər İlham vədinə əməl etməsə 1 ay müddətdən sonra lombard həmin telefonu sərbəst olaraq sata bilərmiş. İlham 120 manat pulu götürüb Elnura Neftçilərdə vermişdir. Elnur İlhama həmin telefonu ona verməsi üçün hər hansı bir məcburiyyət etməmiş, ona hər hansı fiziki və psixi zor etməmişdir. O könüllü olaraq həmin telefonu ona vermişdir. Sonra dördü birlikdə bolt taksi ilə Yeni Suraxanıya qayıtmış və o ona bildirmişdir ki, bəs səhər onun 120 manat pulunu verəcək gedib telefonunu çıxarsın. 02 fevral 2022-ci il tarixdə saat artıq 18-19 radələri olmuş və 120 manat pula Elnur rentekara avtomobil götürə bilməmişdir. Kəndə çatmış və Elnur həmin pula pivə, Jaquar içkisi, çipsi, siqaret, tum, şokalad və.s olmaqla 50 manatlıq bazarlıq etmişlər ki, üçü birlikdə onların evə getmişlər. Evlərində yalnız anası olmuş və o onlara çay- çörək vermişdir. Artıq saat 22 radələri olmuşdur və onlar yenə İsmayılgildə olan zaman Elnurun istifadəsində olan ***- ***-**-** nömrəsinin votsap mesenger xidmətinə İsfəndiyar tərəfindən votsap sms göndərilmiş və o ona yazmışdır ki, «brat əlində işin var». Elnur telefon uzaqda olmasına görə ona bir qədər gec görüb cavab yazmışdır. Elnur cavab olaraq «əlində işim olması barədə ona yazmışdır». İsfəndiyar yenə zəng etmiş və Elnurdan telefonun harda olmasını xəbər almış və Elnura onlarda olmasını bildiyini demişdir. Elnur İsfəndiyara bildirmişdir ki, bəs bilir onların evinin qarşısındadır, o çölə çıxma imkanı olub olmadığını xəbər almışdır. Elnur artıq onlarla bir qədər spirtli içki qəbul etmiş və ona görə çıxacağını demişdir. O X6 ilə danışığını eşitmiş və onlarda onun arxasınca çıxmışdır. O və uşaqlar evin qarşısına yəni qəbirstanlığın qarşısına çıxmışdır, İsfəndiyar həmin üvana Əli və İlhamla gəlmiş və o uşaqların yanında Elnura bildirmişdir ki, bəs o düz hərəkət etməmişdir, Elnur ona söhbətin İlhamla onun arasında olmasını bildirmişdir. O yenə and içib bir daha ona düz hərəkət etmədiyini bildirmişdir. Həmin vaxtı Elnurun əlində Xırdalan pivəsi olmuşdur. Ona yenə düz hərəkət etmədiyini bildirmiş və artıq Elnur əsəbləşdivini və ona görə çıxıb getməsini bildirmişdir. Elnur İsfəndiyara demişdir ki, indi hamısını vuracaq çıxın gedin burdan İsfəndiyar isə onunla dirəşib etdiyi hərəkətin düz olmadığını demişdir. O İsfəndiyarla üzüzə gəlmiş və İsfəndiyar ona sənin bıçağında varsa onunda bıçağı var demişdir. Bu zaman Elnur ona bildirmişdir ki, bəs bıçağın varsa görək ondan tez ata biləcəksənmi. Bu zaman Elnur şalvarının sağ cibində saxlamış olduğu həmişə üzərində olan düyməli qatlanan tiyəsi və tutacağı qara olan bıçağı çıxarıb bir dəfə İsfəndiyarın qaşının üzərinə atmışdır, yəni fırlatmışdır. Elnur demişdir ki, o artıq bundan sonra çıxıb gedər bu zaman o təkrar olaraq Elnurun üzərinə gələn zaman bir dəfədə həmin bıçaqla qarın boşluğuna vurmuşdur. Sonra uşaqlar araya keçmiş və Elnur onu yenə vura bilmək imkanı olmuş olsa belə yenə vurmamışdır. Uşaqlar araya keçib onları ayırmış və Nurlan, o Elnur onların evinə keçmişlər. Həmin vaxtı Elnur bıçağı qatlamaqla əynində olan gödəkcənin cibinə qoymuşdur. Onun Elnuru kimisə vurmasını bilməmiş və digər uşaqlarda həmin ünvandan getmişlər. Sonra Elnur onların evindən çıxaraq şəhər getmişdir ki, gələcək. Sonra o Elnurla şəhərə gəzməyə getmiş və saat 03-04 radələrinə kimi olan müddət ərzində onlar şəhərdə gəzmişlər. Səhər açılandan sonra o Elnurla Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Elnurun İsfəndiyarı öldürmək niyyəti olmamışdır. Hadisə zamanı o hər hansı xəsarət almamış və İsfəndiyar Elnura hər hansı xəsarət yetirməmişdir. Hadisə zamanı Elnur yalnız bıçaqla İsfəndiyara xəsarət yetirmiş və digər uşaqlar bir-birinə hər hansı xəsarət yetirməmişlər. Hadisə təxminən 7-8 dəqiqə davam etmişdir. Qeyd etdiyi uşaqlar hadisə şahidi olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 və Şahid4 ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin məsul növbətçi əvəzi, polis leytenantı Tunar Xəlilovun raportundan görünür ki, xx.xx.2022-ci ildə, saat 00:08-də 3 saylı ŞKX-dan Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş, alnının kəsilmiş yarası ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 064503 nömrəli girov biletindən görünür ki, girov verən Təqsirləndirilən şəxs «Poco X3 pro» markalı mobil telefonu 130 manat müqabilində girov qoymuşdur. Cinayət işinin 110-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 26 mart 2022-ci il tarixli 281 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər -döş qəfəsinin, döş və qarın boşluqlarına nüfuz edərək diafraqmanın zədələnməsi və böyük piyliyin eventerasiyası ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sol qaş nahiyəsinin kəsilmiş yarası isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üyün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Xəsarətin lokalizasiyasına əsasən demək olar ki, xəsarətlər yetirilən zaman zərərçəkmiş və zədə yetirən şəxs üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdilər. Xəsarətlərin xarakterik xüsusiyyətlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 128-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 07 aprel 2022-ci il tarixli 152/2022-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/İl/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə A /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, Şahid3 özünə məxsus olan “Xiaomi POCO X3 Pro” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 155-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 164-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 25 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması, müxtəlif xüsusatlar üzrə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində həmin hadisə zamanı xuliqanlıq və ya həyat və sağlamlıq əleyhinə olan hər hansı cinayətin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 31 mart 2022-ci il tarixli, 2597 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin 570№-li göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsinə ambulator müayinəyə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə həkim Psixiatr Komissiyasına təqdib olunub və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 daxil olmuş 19 mart 2022-ci il tarixli, 1/435 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 3 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 saylı X2 müraciət etməmişdir. Cinayət işinin 117-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizanın 10 mart 2022-ci il tarixli 613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsrz tip şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işi materiallarının və hazırkı psixiatrik müayinənin nəticələrinin hər tərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki,. yoxlanılan şəxsdə müəyyən edilən emosional daıamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törətdiyi zaman psixi-emosional vəziyyətində hirslillik yaranmış, fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 20 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 41-ci vərəqəsində olan 03 fevral 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudovun 05 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Suraxanı MSY-dən azad edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Raciv Almazovun 05 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 13 iyul 2022-ci il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar