Məhkəmə qərarları › İş №1(101)-1415/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1415/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1415/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1971-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Naxçıvan MR, Naxçıvan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 44, mənzil 48-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sahə 2, Siyavuş Aslan küçəsi, nömrəsiz evdə yaşamış, 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşları olması ehtimal edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,832 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 10 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 0,832 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxtda İran vətəndaşları olması ehtimal edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,524 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,524 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisi olduğundan polis əməkdaşları tərəfindən 2 dəfə tutulmuş və buraxılmışdır. Ailəlidir, 3 uşağı və 5 nəvəsi vardır. 07 yanvar 2022-ci il tarixdən Bakı şəhərində yaşamağa başlamışdır. Naxçıvanda yaşayarkən sürücü işləmişdir. 30 il müddətində narkotikdən istifadə etmiş, əvvəllər az miqdarda istifadə etsə də, daha sonra miqdarını çoxaltmışdır. Hər dəfə narkotiki müxtəlif adamlardan alıb əldə etmişdir. Gündəlik olaraq 2 qram «kakos», yəni heroindən damarına vurmaqla istifadə etmişdir. Bunu ekspertizada olan zaman da etiraf etmişdir. Artıq 5 aydır ki, narkotikdən istifadə etmir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, birinci epizodda, yəni 10 yanvar 2023-cü il tarixdə 2-3 polis əməkdaşı ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmiş, lakin həmin vaxt onun üzərindən heç nə aşkar olunmamışdır. Üzərinə narkotiklər qoyulmuş və ona CM-nin 234.1-ci maddəsi ittiham elan olunmuşdur. Sanksiya üçün prokurorluğa aparılmış, lakin orada nə söylədiyini hazırda xatırlaya bilməmişdir. Sabunçu rayon Məhkəməsində isə baş verənləyə münasibət bildirməyə imkanı olmadığından orada heç nə bildirməmişdir. Məhkəmə onu buraxdıqdan sonra müstəntiq məhkəmənin qarşısında ona «gör sənə nə edəcəm» demişdir. 10 yanvar 2023-cü il tarixdə tutulması və daha sonra buraxılması ilə bağlı, narkotik vasitələrin istifadəçisi olduğundan, kiməsə şikayət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 07 fevral 2023cü il tarixdə adını çəkmək istəmədiyi tanışıgilə getmiş, onlarda olan zaman polis əməkdaşları onu oradan götürüb 12-ci PB-nə aparmışlar. Polis bölməsində olan zamanı əməliyyatçılar onun cibinə 1 büküm maddə qoymuş, ona videoçəkiliş zamanı təqdim etməyi və 10 manata şəxsi istifadəsi üçün aldığını bildirməsi tapşırılmışdır. Lakin o, həmin bükümü cibindən çıxardarkən bükümün böyük olduğunu görmüşdür. Videoçəkiliş zamanı da şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra vəkil gəlmiş və o, da onun CM-nin 234.1-ci maddəsi ittiham olunacağını bildirmişdir. X4 Yerinə (bundan sonra: MSY) aparmışlar, o, MSY-də olan zaman müstəntiq gəlib sənədləşmə aparmışdır. O, müstəntiqə də narkotikin istifadəçisi olduğunu bildirmişdir. 2-ci dəfə tutulan zaman onun üzərində mobil telefon olmuş, həmin telefonun üzərində ona məxsus ******* saylı mobil nömrə olmuşdur. O, həmin nömrəni uzun zaman istifadə etmişdir. Telefonda olan nömrəyə smslər yazılmış və zənglər edilmişdir. Həmçinin onun özü tərəfindən də kimlərəsə smslər yazılmış və zənglər olunmuşdur. O, zəng edib kimlərdənsə narkotik istəmiş, yaxud kimsə ona zəng edib narkotik istəmiş, o da zəng edənə narkotik satılan yeri demiş, sonuncu da gedib oradan almışdır. Onun özündən də narkotik istəyənlər olmuş, o da vermişdir. Lakin kimə narkotik verdiyini unutmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, özü sərbəst ifadə verməmiş və yazılanları oxumamışdır. Müstəntiq onun ifadəsini almamış, özü bildiyi kimi yazmış və sonda ona imzalatmışdır. İfadələrini təyziqlər nəticəsində vermiş, lakin onu döyən olmamış, ona xəsarətlər yetirilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, növbəti dəfə narkotik vasitə heroini əldə etmək məqsədi ilə o, 09 yanvar 2023-cü il tarixdə Sabunçu rayonunun Ramana qəsəbəsində olarkən orada tanımadığı şəxsdən 10 manata narkotik vasitə heroini almış, aldığı narkotik vasitə selofanda bir bükümdə olmuş, o, həmin narkotik vasitəni şalvarının sağ yan cibinə qoymuşdur. 10 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində o, narkotik vasitəni qəbul etmək məqsədi ilə evdən çıxmış, Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində gəzişib narkotik vasitə heroini qəbul etmək üçün əlverişli şərait axtarmağa başlamışdır. Elə həmin vax ona iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmamış, lakin üzərində narkotik vasitə heroin olduğuna görə o, polislərdən uzaqlaşmaq istəmişdir. Amma onlar onu saxlayıb onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Orada o, narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində tutulmuş, ona dövlət tərəfindən vəkil təyin olunmuş və təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə üzərində olan narkotik vasitə heroin götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni özünün istifadəsi üçün 10 manata Ramana qəsəbəsində Şuşa şəhərciyindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik götürülmüş və ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qablaşdırılmış, imzalanmış və möhürlənmişdir. Yekunda bu barədə protokol tərtib olunmuş, protokolu və zərfi o da imzalamışdır. Sənədləşmə aparılmış və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. O, təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və evə buraxılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, evə buraxıldıqdan sonra bədənində ağrılar olduğu üçün narkotik vasitə heroini istifadə etməyə davam etmişdir. Növbəti dəfə narkotik vasitə heroini əldə etmək üçün o, 06 fevral 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə bir çet, yəni təxminən 0,200-0,250 qram çəkidə olmuşdur. Narkotik vasitəni onun satmağa və ya digər şəxsə verməyə fikri olmamışdır. Aldığı narkotik vasitəni o əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub evinə qayıtmışdır. Evdə ailə üzvləri olduğu üçün o, narkotik vasitəni qəbul edə bilməmiş və 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində o, narkotik vasitəni qəbul etmək məqsədi ilə evdən çıxaraq Ramana qəsəbəsinin Şuşa şəhərciyində gəzişib narkotik vasitə heroini qəbul etmək üçün əlverişli şərait axtarmışdır. Həmin vaxt ona iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək bu dəfə də ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından o, üzərindəki narkotik vasitə heroinə görə onlardan uzaqlaşmaq istəmişdir. Lakin polislər onu tutub Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Orada ona narkotik vasitələrin istifadəsində şübhəli olduğu bildirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona dövlət hesabına təyin olunmuş və vəkili ona təqdim edilmişdir. Üzərinə şəxsi axtarış keçiriləcəyi barədə xəbərdar edilmiş, etiraz etməmiş, üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Suallara cavab olaraq o, aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və onu özünün şəxsi istifadəsi üçün 10 manata Ramana qəsəbəsində Şuşa şəhərciyindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunaraq götürülmış narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, protokol tərtib olunmuş, protokolu və zərfi digər iştirakçılarla bərabər o da imzalamışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sol yan cibindən həm də ona məxsus bir ədəd qırmızı rəngli «Samsung» markalı mobil telefon aparatı da aşkar edilib götürülmüşdür. Həmin mobil telefon aparatı onun arvadı Xalidəyə məxsus olmuş, həmin telefonu Xalidə ilə o, şərik işlətmiş, telefon ***-***-**-** nömrə ilə işləmişdir (iş vərəqə: 245-249). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində iş yoldaşı Şahid4 ilə birlikdə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində küçədə piyada hərəkətdə olan bir nəfər şəxsin, yəni barəsində hazırda cinayət işinə baxılan təqsirləndirilən şəxsin özünü şübhəli apardığı üçün onu saxlayaraq şəxsiyyət vəsiqəsini tələb etmişlər. Lakin şəxsiyyət vəsiqəsi üzərində olmamış, hətta ona şəxsiyyəti ilə bağlı verilən suallardan yayınmaq istəmişdir. Odur ki, onu 12-ci PŞ-nə aparmışlar. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması onlara sonradan məlum olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra üzərinə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün alıb üzərində saxladığını və daşıdığını göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 həmkarı, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 188-189). Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Sabunçu rayonunun Şuşa şəhərciyi ərazisində bir evin qarşısında bir nəfərin, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü şübhəli apardığından saxlamışlar. Belə ki, həmin şəxs zahiri görünüşlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olan şəxsə oxşayırdı. Həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs üzərində sənəd olmadığını bildirdi və iti addımlarla onlardan uzaqlaşmağa başladı. Onun hərəkəitləri şübhə doğurduğundan onu saxlayıb Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmış və faktla bağlı rəhbərliyə məruzə etmişlər. Polisdə olarkən gətirilən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Hazırda adını unutduğu təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə spisifik iyli qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasit vasitə heroin olduğunu və həmin narkotik vasitəni Ramana qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülmüş, zərfin üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmişdir, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs uzun illər narkotik vasitələrin istifadəsi və satışı ilə məşqul olduğu, narkotik vasitələri şəxsiyyətləri məlum olmayan İran vətəndaşlarından əldə etdiyi, Bakı şəhərin ərazisində satışı ilə məşğul olduğu müəyyən olmuşdur. Təqsirləndirilən şəxs istər saxlanılarkən vıə istərsə də Sabunçu RPİ-nin 12-ci PŞ-də olarkən ona qarşı heç bir qanunsuz hərəkət edilməmiş, ona qarşı qeyri-insani rəftar göstərilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 iəhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər - Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, hər iki halda üzləşmə zamanı şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək 07 fevral 2023-cü il tarixdə 12ci PŞ-də keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2,524 qram çəkidə narkotik vasitə heroinin aşkar olunaraq götürüldüyünü və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə alıb əldə etdiyini sonuncunun üzünə qarşı bildirmişlər(iş vərəqə: 68-71, 72-75). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evin qarşısında saxlanılıb Sabunçu rayon RPİ-nin, 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilib götürülmüş, qablaşdırılmış, protokollaşdırılmış, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu və özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir(iş vərəqə: 120-122). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evin qarşısında saxlanılıb Sabunçu rayon RPİ-nin, 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilib götürülmüş, qablaşdırılmış, protokollaşdırılmış, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu və özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir (iş vərəqə: 25-26). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə heroinin narkotik vasitə aşkar olunaraq götürülməsi barədə 10 yanvar 2023-cü il tarixli protokola əlavə olunmuş 01 ədəd «DVD» formatlı diskdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntülərdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Anar Məmmədovun 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsi prosesindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməsi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddənin aşkar olunaraq götürülməsi, qablaşdırılması, Təqsirləndirilən şəxs aşkar olunan həmin maddənin narkotik vasitə heroinin olmasını və özünün istifadəsi üçün alıb əldə etməsini və üzərində saxlamasını etiraf etməsi qeydə alınmışdır(iş vərəqə: 169). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə heroinin narkotik vasitə aşkar olunaraq götürülməsi barədə 07 fevral 2023-cü il tarixli protokola əlavə olunmuş 01 ədəd «DVD» formatlı diskdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə mövcud olan 6 dəqiqə 27 saniyədən ibarət videogörüntülərdən görünür ki, həmin videogörüntülərdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Anar Məmmədovun 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsi prosesindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməsi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddənin aşkar olunaraq götürülməsi, qablaşdırılması, Təqsirləndirilən şəxs aşkar olunan həmin maddənin «kokos», yəni narkotik vasitə heroinin olmasını və özünün istifadəsi üçün alıb əldə etməsini və üzərində saxlamasını etiraf etməsi qeydə alınmışdır (iş vərəqə: 43). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6/760 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ....” sözləri və imzalar qeyd edilmiş kağız paketdə müəyyən olunan 01 ədəd bükümdə təmiz çəkisi 2,524 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 2,474 qram müəyyən olmuşdur. Tədqiq olunan rəyə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olması barədə məlumatlar əlavə edilmişdir (iş vərəqə: 33-37). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 6/154 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə müəyyən edilmiş təmiz çəkisi 0,832 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,782 qram müəyyən olmuşdur. Tədqiq olunan rəyə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olması barədə məlumatlar əlavə edilmişdir (iş vərəqə: 130-138). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 183-184). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülməsi barədə 07 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş «Samsung» markalı bir ədəd mobil telefon aparatına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, baxış keçirilmiş həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi mövcuddur. Mobil telefonun kontaklarında və WhatsApp bölümündə olan çatlarda İran İslam Respublikasına aid cəmi 17 ədəd GSM nömrələrin olduğu müəyyən edilmişdir. Həmin GSM nömrələr «Bəhruz +98*** *** ** **», «Beka Ar +98*** *** ** **», «Coni +98*** *** ** **», «Əziz +98*** *** ** **», «Yaşkaas +98*** *** ** **», +98*** *** ** **, +98*** *** ** **, +98938 157-81-21, +98*** *** ** **, +98*** *** ** **, +98*** *** ** **, +98***-***-**-** , +98*** *** ** **, +98*** *** ** **, +98905-874 -06-08 , +98936 -950 -82-78 , +98937 *** ** ** olmuşdur. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, telefona baxış keçirilən zamanı müəyyən olunan 17 ədəd İran mobil operatorlarına məxsus həmin nömrələrdən istifadə edən şəxslərlə Təqsirləndirilən şəxs arasında WhatsApp vasitəsi ilə zənglər olmuşdur. Çatlar silinmiş, yalnız +98992 ***-**-** saylı nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arvadı X2 arasında 04 dekabr 2022-ci il tarixdə yazışma müəyyən olunmuşdur. Yazışmanın mətni: «- Allah saxlasın gözəl balamızı inşallah böyük kişi ola əmisinin balası başına dönüm. -Amin sağolun, -Ana, azər əmi harda, -evdə yoxdu, -Gələn kimi denən məni yığsın qadan alaram ana, - Yaxşı, - Azər əmi gəlmədi, Nə vaxt gələcək?,- Bilmirəm»-dən ibarət olmuşdur(iş vərəqə: 221-223). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon açıqlamalarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-818 99- 19 saylı nömrəyə 055 804-41-11 saylı nömrədən 05 sentyabr 2022-ci il tarixdə, saat 01:32-də «Emi burdayam qapıda 30 manatda pul var» mətnli sms, ***-***-**-** saylı nömrədən 15 oktyabr 2022-ci il tarixdə, saat 10:23-də «kola alınır yığ meni camaata demişəm bidene aç» mətnli sms, 070 327 55 56 saylı nömrədən 17 oktyabr 2022-ci il tarixdə, saat 18:25-də «gagaş ayıbdı ki, denən kart atsın vurum pulu özüvüze adam burda yanımdadı bu gedib gelmelidir» mətnli sms, 070 327 55 56 saylı nömrədən 17 oktyabr 2022-ci il tarixdə, saat 18:54-də «gardaş narahat olma 100 faiz olacax pulun vermişəm, bu yarı qram getirmişdir 5 nəfəridik atdıx vurdux getdi getirsin gelsin yığıram seni qardaş» mətnli sms, ***-***-**-** saylı nömrədən 20 oktyabr 2022-ci il tarixdə, saat 15:18-də «deyirsən burda deyiləm amma Şahinə indi mal verib yola saldın neysə eybi yox allah köməyində olsun sağol var ol mən sendən ele belə istəmədim ki temanı» məntli sms , ***- ***-**-** saylı nömrədən 23 oktyabr 2022-ci il tarixdə, saat 14:26-da «aç əmi tema lazımdır yarı kola nağdı pula» mətnli sms, 077- ***-**-** saylı nömrədən 22 noyabr 2022-ci il tarixdə, saat 17.21-də «Allaha and olsun vəziyyətim pisdi cavab ver görey neyi neter eliyirəm» mətnli sms, ***-***-**-** saylı nömrədən 22 noyabr 2022-ci il tarixdə, saat 17.35də «Salam aleykum əmi necəsən emi Natiq ağrıyır pis vəziyyətdədir, onun üçün biraz tema düz qoş eliyə bilsəydin vəziyyətdən çıxardı» mətnli sms, ***-***-**-** saylı nömrədən 22 noyabr 2022-ci il tarixdə, saat 17:39-da «emi qadan alım gör nesə eliyə bilirsənsə elə bu bələ qalmasın çox pis vəziyyətdədi» mətnli sms, ***-***-**-** saylı nömrədən 23 noyabr 2022-ci il tarixdə, saat 20:05-də «Əmi yarı lazımdır» mətnli sms, ***-***-**-** saylı nömrədən 24 noyabr 2022-ci il tarixdə, saat 21:46-da «əmi kola yoxundursa halal xoşun yoxsa belədəki istəsəndə sənə atqaz eleməzdim bunu özündə yaxşı bilirsən belə etməyin nə mənası varıydı daşıydı, başqa şeydə ola bizməz çünki 4 dənə oğlan qabağdan mən düşən payı sənə gətirmişəm» mətnli sms, ***-***-**-** saylı nömrədən 05 dekabr 2022-ci il tarixdə, saat 01:59-da «nolar acda qurban olum Natiq malımı fırladıb mənim 12 qram malımı 8 qram kola 4 qram daş» məntli sms, ***-***-**-** saylı nömrədən 11 dekabr 2022ci il tarixdə, saat 01:56-da «vacib 2 dənə set» mətnli sms, ***-***-**-** saylı nömrədən 27 dekabr 2022-ci il tarixdə, saat 00:52-də və 00:55-də «yarı daş alınır, bir söz de görək alınır yarı daş» mətnli sms, 070- ***-**-** saylı nömrədən 03 fevral 2023-cü il tarixdə, saat 01:50-də «mənə 10 luq lazımdır bərk ağrıyıram» mətnli sms, ***-***-**-** saylı nömrədən 04 fevral 2023-cü il tarixdə, saat 18:46-da «əmi tema istəyən var» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur(iş vərəqə: 207-219). İbtidai istintaq orqanının işdə olan müvafiq qərarları ilə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq bir ədəd bükümdə götürülmüş 0,832 qram və 1 bükümdə götürülmüş 2,524 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan müvafiq olaraq 0,782 qram və 2,474 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülməsi barədə müvafiq olaraq 10 yanvar və 07 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş 02 ədəd «DVD» formatlı disk iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: 44, 122, 167, 170, 171, 226 -227, 256, 259-260). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan heroin narkotik vasitəsinin miqdarı 0,832 qram, digər bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin miqdarı isə 2,524 qram təşkil etmişdir ki, bu da «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən ikinci epizod, yəni təkrarən satış məqsədilə qanunsuz olaraq əldə olunub saxlanılan və daşınan heroin narkotik vasitəsinin miqdarı külli miqdar hədlərində olmuşdur. Lakin birinci epizodda aşkar edilib götiürülən heroin narkotik vasitəsinin miqdarı külli miqdar təşkil etməmiş, şəxsi istehlak miqdarı hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 2,524 qram olmaqla külli miqdar təşkil etməsi, təqsirləndirilən şəxsə aid mobil telefon nömrəsi ilə qeyriləri arasında qanunsuz olaraq narkotik vasitələrin satışını özündə ehtiva edən danışıq və sms yazışmalarının aparılması, əməliyyat xidmətinin bu istiqamətdə müvafiq məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin heroin narkotik vasitəsini külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, yəni aşkar edilib götürülən narkotik vasitələrin ona aid olmamasını, polis əməkdaşları tərəfindən ona verilib boynuna götürməsinə məcbur edilməsini, narkotik vasitələrin satışı ilə məşğul olmamasını onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı polis tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilib-verilməməsi məsələsi araşdırılmış və sonuncuya qarşı qanunsuz hərəkətlərə yol verilməsi faktı müəyyənləşdirilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı, müvafiq məhkəmə hökmü və digər müvafiq sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin o, təyin olunan cəzanı çəkməmiş və məhkumluğu ödənilməmiş və ya götürülməmişdir (iş vərəqə: 173-174). Belə ki, məhkəmə baxışı zamanı əldə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/2611073/17 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və məhkum təyin olunan cəzanı çəkməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər (burada: Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi) az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmır və qeyd olunan bu hal cəzanı ağırlaşdıran hal kimi sonuncuya cəza təyin olunarkən nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.4 və 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən və Həmin Məcəllənin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri və cəzaların toplanması zamanı müddətlərin hesablanması qaydası nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci və 68.1.1-1-ci maddəsinin tələblərinə görə isə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın rəyi nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, əməlinin cinayətlərin residivini yaratmamasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisələri ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 12 yanvar 2023-cü il tarixədək həbsdə saxlanılmış və barəsində həbslə və ya ev dustaqlığı ilə bağlı olmayan qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bundan sonra o, ikinci cinayət epizolu üzrə 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 fevral 2023cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 12 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 07 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Sabunçu RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan müvafiq olaraq 0,782 qram və 2,474 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülməsi barədə müvafiq olaraq 10 yanvar və 07 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş 02 ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 135 (yüz otuz beş) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 12 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki bükümdə müvafiq olaraq 0,782 qram və 2,474 qram heroin narkortik vasitəsi məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar