Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1416/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi - X3, zərərçəkmiş şəxsin hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi - Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 may 1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 massivi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 aprel 2024-cü il tarixdə, saat 10:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 07:20 radələrində avtomobili idarə etmək üçün sürücülük hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Fiat Doblo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzü Ramana qəsəbəsi istiqamətində Heydər Əliyev prospektinin üzərindən keçən körpüdə 60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, yolu süpürən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, sağ gicgah sümüyünün xətti sınığı, sol baldır sümüklərinin qapalı sınığı, sağ bazunun, hər iki ayaqarxası nahiyənin qançır və sıyrıqları, sol əlin arxa səthinin əzilmiş yarası, döş qəfəsinin sağ yan səthinin, sol qalça darağı nahiyəsinin, sağ kürəkaltı nahiyənin, sağ sağrının, sağ budun sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər kuryer fəaliyyəti ilə məşğul olmuş, hadisədən əvvəl isə taksi sürücüsü işləmişdir. Borcu çox olduğundan icarəyə götürdüyü taksi avtomobilini geri qaytarıb əvəzində moped götürüb kuryerlik fəaliyyəti ilə məşğul olmaq istəmişdir. 2022-ci ildən etibarən nəqliyyat vasitələrinin idarə edilməsinə dair sürücülük hüququ əldə etmiş və həmin vaxtdan etibarən avtomobil və moped idarə edir. Şahid ilə razılaşmaya əsasən təqribən 7 ay əvvəl “Fiat Doblo” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürmüşdür. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Bir qədər əvvəl kirayə moped götürüb kuryer fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. 29 oktyabr 2023-cü il tarixdə mopedi götürüb Elvingilin yaşadığı həyətdə saxlamışdır. Belə ki, Elvinlə münasibəti yaxşı olduğundan sonuncu mopedi onlarda saxlamağına etiraz etməmişdir. Ancaq mopedin təmirə ehiyacı olduğundan sürə bilməmişdir. 30 oktyabr 2023-cü il tarixdə, səhər saat 6 radələrində Elvinə zəng edərək avtomobilə ehtiyacı olduğunu və onların həyətində saxladığı mopedin ehtiyat hissələrini alıb qayıdacağını bildirmişdir. Elvin buna etiraz etməmiş və onun daha əvvəl idarə etdiyi **-MV-*** dövlət nömrə nişanlı avtomobili artıq satışa qoymasını bildirərək, ona məxsus olan digər “Fiat Doblo” markalı **-CK-*** dövlət qeydiyat nişanlı avtomobili götürə biləcəyini demişdir. O, Elvingilə çatdıqda avtomobilin açarı üzərində olduğundan avtomobili idarə edərək ehtiyat hissələri almaq üçün yollanmışdır. Koroğlu metrostansiyasının yaxınlığına gələrək ona ehtiyat hissələrini söz verən şəxsə zəng etmiş, lakin həmin şəxs yalnız axşama alınacağını bildirdiyindən o da avtomobili Elvinə təhvil vermək üçün geri qayıtmışdır. Bu zaman Koroğlu metrostansiyası yaxınlığında Suraxanıya gedən yola dönmək üçün güzgüdən sola baxmış, avtomobili sol zolaqdan biraz kənara çıxarmış, yenidən qarşıya baxdıqda bir nəfər qadın qəfil onun qarşısına çıxmış, həmin qadını idarə etdiyi avtomobillə vurmuşdur. Hadisə bir anda baş vermişdir. Belə ki, səhər erkən saatlarda yuxudan durduğundan yuxulu olmuşdur. X7 prospekti ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində idarə etmişdir. “Buta Palace” restoranı ilə üzbəüz yolun sağından dairəvi şəkildə körpünün üzərinə qalxmışdır. Həmin körpü Yeni Suraxanı qəsəbəsi ilə Ramana qəsəbəsini birləşdirən körpüdür. Körpünün üzəri ilə hərəkətdə olarkən yolun sağında bir nəfər qadının olmasını görmüşdür. Lakin həmin qadına təqribən 2 metr məsafə qaldığından avtomobili qaçırda bilməmiş və qadını vurduğunu hiss etmişdir. Bu zaman ani məqamda avtomobilin salonunda olan təhlükəsizlik yastıqları açılmış və içərini tüstü bürümüşdür. O, dərhal avtomobili saxlayaraq düşmüşdür. Bu zaman bir nəfər təqribən 55 yaşlarında olan qadının yolun sağında olan dəmir qoruyucuların üzərinə düşməsini görmüşdür. Həmin qadına yaxınlaşdıqda qadının yolları təmizləyən işçilərdən olduğunu görmüşdür. Bu zaman yoldan keçən tanımadığı bir nəfər yaşlı kişi yaxınlaşaraq ona kömək etmiş və onlar birlikdə qadını dəmirlərin üzərindən götürüb yolun hərəkət hissəsinin kənarında olan otun üzərinə qoymuşlar. O öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “103” təcili tibbi yardım xidmətinə zəng edərək təcili tibbi yardımın gəlməsini gözləmişdir. Daha sonra əraziyə polis əməkdaşları gəlmişlər. Bir qədər sonra təcili tibbi yardım avtomobili də gəlmiş və həkimlər həmin qadını müayinə edərək onun artıq öldüyünü bildirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə işləri həyata keçirilmişdir. Hadisə 30 oktyabr 2023-cü il tarixdə, təxminən saat 07:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Ramana qəsəbəsi istiqamətinə gedən zaman Heydər Əliyev prospektinin üzərindən keçən körpünün üzərində baş vermişdir. Onun avtomobili idarə etmək hüququ olsa da, “Fiat Doblo” markalı **-CK-*** dövləq qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Həmin avtomobilin sahibi Elvin ona icazə verdiyindən o, yaxınlıqda olan ehtiyat hissələrini götürüb qayıdacağını düşünmüşdür. Lakin qayıdan zaman qeyd olunan hadisə baş vermişdir. Hadisə baş verən zaman həmin yolda az sayda avtomobil olmuş və hər hansı bir avtomobil onun hərəkətinə mane törətməmişdir. Hadisə zamanı avtomobildə başqa heç kim olmamışdır. O, narkotik maddələr və spirtli içkilərdən ümumiyyətlə isifadə etmir. O, toqquşmanı hiss edib avtomobili saxlamış, avtomobildən endikdə qadını vurduğunu başa düşmüşdür. Hadisədən əvvəl avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Hadisə baş verən zaman hava işıqlı olduğundan yol gün işığı ilə işıqlanmışdır. Hava isə yağmursuz olmuş və yerdə sürüşkənlik olmamışdır. İdarə etdiyi “Fiat Doblo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə texniki cəhətdən hadisə baş verməzdən əvvəl hər hansı bir problem olmamış və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs gördükdə təxminən 2 metr uzaqlıqda olmuşdur. Bütün cəhdlərinə baxmayaraq, idarə etdiyi avtomobilin sağ hissəsi ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs yolun kənarında olduğunu görməsi ilə onu avtomobillə vurduğu anadək təxminən 2 metr məsafə qət etmişdir.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, hadisə 30 oktyabr 2023-cü il tarixdə, təxminən səhər saat 7 radələrində baş vermişdir. Belə ki, o, sağ zolaqdan sol zolağa keçmək üçün dönmə siqnalını yandırıb sürətini azaldaraq yolu keçməyə çalışmış, bu zaman sol zolağa biraz keçmiş, avtomobilin dəmir aralığı geniş olduğundan çölə baxdıqda zərərçəkmiş şəxsi görməmiş, güzgüyə baxıb anidən qarşıya baxdıqda zərərçəkmiş şəxsi avtomobillə vurmuşdur. Hadisə baş verdikdən dərhal sonra avtomobildən düşüb həmin qadını, yəni Zərərçəkmiş şəxs yolun kənarına çəkərək təcili tibbi yardım çağırmaqla sonuncuya kömək etmiş, bu zaman ona yoldan keçən tanımadığı bir şəxs də yardım etmişdir. O, sürücülük hüququnun məhdudlaşdırıldığını bilməmiş, ona bu barədə məlumat verilməmişdir. İbtidai istintaq yekunlaşarkən müstəntiq ona sürücülük hüququnun məhdudlaşdırıldığını bildirmişdir. Əvvəllər mopedlə kuryer kimi xəstəxanaya dərman apararkən hadisə törətmiş, həmin hadisə ilə əlaqədar ona təyin edilmiş cəzanı çəkmişdir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarında iştirak etmədiyindən bu barədə məlumatı sonradan müstəntiqdən öyrənmişdir. Belə ki, onun gündəlik icarə ilə idarə etdiyi avtomobil etibarnamə əsasında ona verilmiş, avtomobili təhvil verdikdən sonra yazılan cərimələr həmin etibarnamə əsasında onun adına olan elektron sistemdə yerləşdirilmişdir. Adına yazılmış cərimələrdən məlumatı olsa da, məhkəmə bildirişi və qərarı barədə məlumatı olmamış, ona hər hansı məhkəmə çağırışı verilməmişdir. Sonda Təqsirləndirilən şəxs uşaqlıqdan valideynlərinin himayəsindən məhrum olduğunu, ata babasının himayəsində böyüdüyünü, məktəbdə təhsil alan qardaşlarına özünün baxdığını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin həyatını xilas etməyə çalışsa da buna nail ola bilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ağır cəzaya məhkum olunduğu təqdirdə qardaşlarının yaşayış şəraitinin pisləşəcəyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası onunla birlikdə ünvan 2 ünvanda yaşamışdır. Anası yol idarəsində süpürgəçi kimi işləmiş və hər gün ona təhkim edilmiş yolları təmizləməklə məşğul olmuşdur. Belə ki, anası hər gün səhər tezdən evdən çıxaraq işə getmişdir. O da Səngəçal qəsəbəsində işlədiyinə görə yolu uzaq olduğundan anası ilə birlikdə səhər tezdən evdən çıxıb işə getmişdir. 30 oktyabr 2023-cü il tarixdə hər gün olduğu kimi anası ilə birlikdə səhər saat 5 radələrində yaşadığı evdən çıxmış və hərəsi öz işinə getmişdir. Təxminən saat yarım sonra yolda olan zaman tanımadığı şəxs ona zəng edərək əvvəlcə anası Zərərçəkmiş şəxs təzyiqinin qalxdığını bildirmiş, daha sonra başqa bir şəxs ona zəng edərək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Ramana qəsəbəsinə gedən körpünün üzərində avtomobil ilə vurulduğunu və anasının aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişdir. Ona zəng edib məlumat verən şəxsin şəxsiyyəti barədə hər hansı məlumatı yoxdur. O, dərhal geriyə hadisə yerinə qayıtmağa çalışmış, yolda olarkən ona anasının Suraxanı rayonu ərazisində yerləşən meyitxanaya aparılması barədə məlumat verilmişdir. O, meyitxanaya gəldikdə anasının nəşinin orada olduğunu görmüşdür. Orada bir nəfər şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs olduğunu bildirmiş və idarə etdiyi avtomobil ilə anasını vurduğunu, nəticədə isə anasının vəfat etdiyini bildirmişdir. O da həmin vaxt əsəbi olduğu üçün ona kənara çəkilməsini bildirmişdir. Daha sonra isə anasının nəşini təhvil alıb dəfn etmişdir. İfadəsinin sonunda N.M.Yusifov təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən dəfn xərcləri ilə bağlı ona 4 min manat məbləğində vəsait verildiyini, onun təqsirləndirilən şəxsdən hər hansı şikayəti və ya tələbi olmadığını, təqsirləndirilən şəxsin gənc yaşda olmasını və hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq onunla barışdığını, məhkəmədən ona hər hansı cəza təyin edilməməsini xahiş etdi.
7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ülvini təqribən 7 ay əvvəl tanımışdır. Belə ki, Ülvi ortaq tanışları vasitəsi ilə onunla tanış olmuş və ondan idarə etmək üçün kirayə avtomobil istəmişdir. Onun həmin vaxt “Fiat Doblo” markalı avtomobili olduğundan ona idarə etməsi üçün həmin avtomobili vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxsla razılaşmalarına əsasən ona verdiyi avtomobili etibarnamə əsasında təxminən 6 ay müddətində idarə etmiş, vaxtı-vaxtında ödənişlərini etmişdir. Təqribən 1 ay əvvəl Ülvi ona məxsus olan avtomobili geri qaytarmış və moped alaraq kuryer kimi fəaliyyət göstərəcəyini bildirmişdir. Bununla da Ülvi ilə iş münasibəti bitmiş, lakin artıq münasibət yarandığından onunla tez-tez əlaqə saxlamışdır. 29 oktyabr 2023-cü il tarixdə Ülvi onun icazəsi ilə yaşadığı ünvana aldığı mopedi gətirib saxlamış, ancaq mopedin təmirə ehtiyacı olduğunu bildirmişdir. 30 oktyabr 2023-cü il tarixdə səhər təxminən 6 radələrində Ülvi onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək avtomobilə ehtiyacı olduğunu, həmin avtomobil ilə yeni aldığı mopedin ehtiyat hissələrini alaraq gətirəcəyini bildirmişdir. O isə Ülviyə evinin həyətində olan **-CK-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobilin olduğunu və həmin avtomobili idarə edə biləcəyini bildirmişdir. Daha sonra yatmağa davam etmişdir. Bir qədər sonra təxminən saat 8 radələrində Ülvi yenidən ona zəng edərək avtomobil ilə bir nəfər qadını vurduğunu bildirmişdir. O dərhal hadisə yeri olan Heydər Əliyev prospektinin üzərindən keçən Yeni Suraxanı-Ramana istiqamətində olan körpünün üzərinə gəlmişdir. Orada təxminən 55 yaşlarında bir nəfər qadının Ülvi tərəfindən idarə etdiyi avtomobil ilə vurması nəticəsində ölməsini görmüşdür. Hadisə yerində polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri olmuşdur. Hadisə 30 oktyabr 2023-cü il tarixdə, təxminən saat 07:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Ramana qəsəbəsi istiqamətinə gedən zaman Heydər Əliyev prospektinin üzərindən keçən körpünün üstündə baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-CK-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobili o özü kirayə götürüb idarə edir. X8 adlı şəxs ona idarə etmək üçün etibarnamə ilə vermişdir. Ülvinin ondan 7 ay əvvəl götürdüyü “Fiat Doblo” markalı avtomobil isə onun özünə məxsus olmuş, lakin həmin avtomobili satışa qoyduğundan idarə etməmişdir. Bu səbəbdən Ülviyə digər avtomobili idarə etməsini bildirmişdir. Belə ki, o, Ülvinin Koroğlu metrostansiyasının yaxınlığından ehtiyat hissələrini alıb geri qayıdacağını düşünmüşdür. Etibarnamə olmadan Ülviyə avtomobili idarə etməyə verməsinin səhv olduğunu başa düşür.
8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
9. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ramana qəsəbəsi istiqamətində Heydər Əliyev prospektinin üzərində hərəkətdə olan zaman idarə etdiyi “Fiat Doblo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun kənarında yolu süpürən piyada Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsi və aldığı xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs hadisə yerində vəfat etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi başlanılaraq sonuncu tərəfindən istintaqı davam etdirilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.1).
10. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, sürücü Təqsirləndirilən şəxs və iki nəfər hal şahidinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospektidir. Baxış səhər saatlarında, açıq havada, 10 dərəcə temperaturda, Yeni Suraxanı qəsəbəsindən Ramana qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisənin növü – bir nəfər piyadanın vurulmasıdır. Yolun hərəkət hissəsi döngəli yoldur. Örtüyün növü asfaltdır, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 20 metr, hərəkət zolaqlarının sayı 5, hərəkət hissəsinin eni 4 metrdir. Hərəkət hissəsini hərəkət yoluna bölən qırıq-qırıq və düz nişanlama xətti vardır. Piyada hərəkət istiqamətinə nəzərən yolun sağdan 2,5 metr içəriyə doğru sağdan birinci hərəkət zolağında vurulmuşdur. Hadisədən əvvəl piyada yolun sağında yol boyu yolu süpürmüşdür. Meyit yolun kənarında yerə uzanmış halda aşkar edilmişdir. “Fiat Doblo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Heydər Əliyev prospektində olan körpüdə Yeni Suraxanı qəsəbəsi istiqamətindən Ramana qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun sağında yolu süpürən piyadanı vuraraq xəsarət yetirməsi nəticəsində piyada hadisə yerində ölmüşdür. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 4-14).
11. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin” 30 oktyabr 2023-cü il tarixli, 1/5892 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri yoxdur (Cild 1, i.v.19).
12. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “Fiat Doblo” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxlanıldığı Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində olan cərimə meydançasında baxış keçirilmişdir. Avtomobilin ön kapot, ön sağ fara, ön sol fara, ön alın şüşəsində zədələr və deformasiya izləri müəyyən edilmişdir. Avtomobilin daxilində isə təhlükəsizlik şarlarının açılması ilə ön səthin(şit) dağılması müəyyən edilmişdir. Avtomobilin sükan və idarə sistemi, tormoz sistemi, işıq sistemi, digər aqreqat, mexanizm və hissələri saz vəziyyətdədir. Baxış zamanı “İphone” markalı mobil telefonla fotoşəkillərinin çəkilərək protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Baxış saat 10:42-də başlanılmış, saat 11:10da bitmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 20-23).
13. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ölməsi ilə əlaqədar sonuncunun övladı X9 ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 43).
14. “Meyitin məhkəmə tibbi ekspertizasının” 30 oktyabr 2023-cü il tarixli 141 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, sağ gicgah sümüyünün xətti sınığı, sol baldır sümüklərinin qapalı sınığı, sağ bazunun, hər iki ayaqarxası nahiyənin qançır və sıyrıqları, sol əlin arxa səthinin əzilmiş yarası, döş qəfəsinin sağ yan səthinin, sol qalça darağı nahiyəsinin, sağ kürəkaltı nahiyənin, sağ sağrının, sağ budun sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyati otub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də, qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurulması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beynin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, i.v. 54-58).
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 dekabr 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(011)-369/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(103)-1601/2021 saylı qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin edilmiş cəza müddəti artırılaraq 6 (altı) ay həddində müəyyən edilmiş və Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 7(008)-327/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad olunmuşdur (Cild 1, i.v. 59-60; 74-75).
16. BA037016 nömrəli Azərbaycan Respublikası Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə 16 fevral 2032-ci il tarixədək B1 və B kateqoriyalı sürücülük hüququna malik olmasına dair vəsiqə verilmişdir (Cild 1, i.v. 69).
17. “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 22 dekabr 2023-cü il tarixli, 8/3632 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Fiat Doblo” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, hadisədən əvvəl piyadanın hərəkət hissəsinin sağ kənarında, sağdan 1-ci zolaqda olması və hadisənin sutkanın işıqlı vaxtı baş verməsi nəzərə alınmaqla sürücü Şirinov hərəkət hissəsinin sağ kənarında yolu süpürən piyadanı kifayət qədər böyük məsafədən görməli idi. Ona görə də, qərarda göstərildiyi kimi, sürücü Şirinovun piyadanı ilk dəfə gördüyü andan piyadanı vurana kimi “Fiat Doblo” markalı avtomobilin 2 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Mövcud şəraitdə Təqsirləndirilən şəxs hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarında piyadanın yolu süpürməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi “Fiat Doblo” markalı avtomobilin sürətini azaltmalı və piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli idi. İstintaq tərəfindən müəyyən edildiyi kimi, sürücü Şirinovun idarə etdiyi “Fiat Doblo” markalı avtomobili H.Əliyev prospektində Ramana qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən qarşıda hərəkət hissəsinin sağ kənarında, sağdan 1-ci zolaqda piyadanın yolu süpürməsi, belə vəziyyətdə piyadanın “Fiat Doblo” markalı avtomobilin qabaq sağ hissəsi ilə vurulması və piyadanın vurulma yerinin hərəkət hissəsinin sağ kənarından sola doğru 2,5 metr məsafədə yerləşməsi faktları onu izah edir ki, mövcud hadisənin baş verməsi sürücü Şirinovun hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətləri ilə əlaqədar olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (Cild 1, i.v. 70-73).
18. Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin rəisi, polis mayoru Rəşad Nağıyevin 17 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 məlumatına əsasən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 massivində qeydiyyatda olan 6 may 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olan BA037016 nömrəli sürücülük vəsiqəsi 16 fevral 2022-ci il tarixdən 16 fevral 2032-ci il tarixədək qüvvədədir. Eyni zamanda İXP5526401 saylı protokol əsasında 9 avqust 2023-cü il tarixdən altı ay və İXP5643110 saylı protokol əsasında 25 sentyabr 2023-cü il tarixdən altı ay müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair müvafiq qeydlər aparılmışdır (Cild 1, i.v. 76).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild 1, i.v. 92-93).
20. “Qətimkan tədbiri seçilməsi barədə” 18 yanvar 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 108-109).
21. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq C.H.İskəndərov tərəfindən ibtidai istintaq tamamlanaraq 24 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 26 yanvar 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 114-120).
22. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən təqdim olunmuş 28 fevral 2024-cü il tarixli ərizədən görünür ki, mərhum anası Zərərçəkmiş şəxs dəfn xərclərinin bir hissəsi olan 4000 (dörd min) manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, eləcə də hər hansı iddia tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində hökm çıxararkən məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edir (Cild 2).
23. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 3(008)- 3982/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır (Cild 2).
24. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(008)- 5390/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır (Cild 2).
25. Müdafiə tərəfindən təqdim edilmiş N nömrəli hərbi hissənin komandiri və həmin hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini tərəfindən tərtib edilmiş “Təşəkkür” məktublarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu müddətdə müsbət xarakterizə olunmuşdur (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:
26. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
29. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
30. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
31. CM-in 263-1.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
32. CM-in 263-1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.
35. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
36. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263-1.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Şərh olunan maddə cinayətin subyekti qismində iki kateqoriya şəxsi nəzərdə tutur: 1) nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsi; 2) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddəlrədən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsi.
37. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir.
38. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
39. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
40. Hökmün 34-cü bəndində qeyd edilmiş qərarın 4-cü bəndində isə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarına görə CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi və həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.
42. Nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər dedikdə inzibati xəta törətdiyinə görə, habelə “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hallarda bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər də başa düşülür.
43. Təqsirləndirilən şəxs ifadəsində təkidlə nəqliyyat vasitələrini idarə etmək hüququnun mədudlaşdırılması barədə məlumatının olmaması, ona ümumiyyətlə hər hansı məhkəmə çağırışı və bildirişinin verilməməsi, o cümlədən barəsində aparılmış inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarı barədə məlumatının olmaması barədə göstərdikləri işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymətləndirir.
44. Halbuki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 3(008)-3982/2023 saylı qərarından və bu barədə inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, bu barədə qərar həmin tarixdə məlumat üçün Təqsirləndirilən şəxs göndərilmişdir. Eyni zamanda, qeyd olunan qərar 21 avqust 2023-cü il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə göndərilmişdir.
45. Həmçinin, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(008)-5390/2023 saylı qərarından və bu barədə inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, bu barədə qərar 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs göndərilmişdir. Eyni zamanda, qeyd olunan qərar 6 oktyabr 2023-cü il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə göndərilmişdir.
46. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
47. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
48. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
50. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
51. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
52. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
53. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etməsini, CM-in 59.1.14-cü maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X6 cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini (4000 manat dəfn xərcini qarşılaması), habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən 26 yaşında olmaqla cavan olmasını, törətdiyi əməldən peşmanlıq çəkməsini bildirməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə kömək göstərməklə həyatını xilas etməyə cəhd etməsini, həqiqi hərbi xidmət zamanı müsbət xarakterizə olunmasını, erkən yaşlarından hər iki valideyninin himayəsindən məhrum olmaqla nənə və babasının himayəsində böyüməsini, məktəbli qardaşlarının onun himayəsində olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
54. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
55. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
56. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.
57. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.
58. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
59. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 18 yanvar 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 108; Cild 2).
60. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır.
61. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
62. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
63. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
64. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
65. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur, mülki iddia verilməmişdir.
66. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
67. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
68. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.